Məhkəmə qərarları › İş №2-2(104)-223/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-223/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-223/2023 06.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh6 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada iddiaçının xeyrinə 30 sentyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə 15638,58 manat əsas, 2416,74 manat faiz və 5764,06 manat cərimə borcu olmaqla, cəmi 23819,38 manat borcun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətindəki Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X1 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh6 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025L**********51 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 025R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh6 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Götürdüyü krеdit bоrcundan 14361,42 manat ödəmiş, onun 15638,58 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 396 gün üçün hesablanmış faiz borcu 2416,74 manat, cərimə 5764.06 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh5, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər – ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında onların mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 30 sentyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə 15638,58 manat əsas borc, 2416,74 manat faiz borcun və 5764,06 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 23819 manat 38 qəpik məbləğində borcun, 200 manat ödənilmiş mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətindəki Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh6 iddia ərizəsinə etiraz vermiş, etirazında göstərmişdir ki, öhdəsində azyaşlı övladı, yaşlı valideynləri vardır və heç bir yerdə işləmir. 2018-ci il tarixində 36 ay müddətinə ödəmək şərti ilə 30000 manat istehlak krediti götürmüş, pandemiya olduğundan istehlakda heç bir irəliləyiş olmamışdır. Buna baxmayaraq 19 ay 1132 manat kredit ödəmişdir. Yəni, 21508 manat nağd olaraq pul ödəmişdir. Ümumi ödəniləcək məbləğin miqdarı 15638,58 manat təşkil edir. Qalan borcu ödəməkdə çətinlik çəkir. Lakin bank onu yükləyib, 11 nəfərdən ibarət ailə üzvünə məxsus fərdi yaşayış evini əllərindən almaq istəyir. Ona görə də ona qarşı qaldırılmış iddianı əsassız hesab edir Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh6 arasında bağlanmış 30 sentyabr 2019cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə 15638 manat 58 qəpik əsas borcu, 2416 manat 74 qəpik faiz borcu və 300 manat cərimə borcu olmaqla, cəmi 18355 (on səkkiz min üç yüz əlli beş) manat 32 (otuz iki) qəpik məbləğində pul, 200 (iki yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və əmlakların ilkin satış qiyməti 22000 (iyirmi iki min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilmasi, həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 (üç yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq, "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilməsi, cavabdehlər Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada 145 (bir yüz qırx beş) manat 06 (altı) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh6 ilə İddiaçı QSC-nin Bərdə filialı arasında bağlanan 30 sentyabr 2019-cu il tarixli 025L**********31 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh6 ilə İddiaçı QSC-nin Bərdə filialı arasında bağlanan 30 sentyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşmasından görünür ki, ona 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% olmaqla 30000 manat məbləğində fərdi mikro kredit verilməsi nəzərdə tutulmuşdur. 30 sentyabr 2019-cu il tarixində Cavabdeh2, X3, Cavabdeh5 ilə Bank arasında bağlanılmış ipoteka müqaviləsindən görünür ki, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 16200 manat müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətlərindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarının surətlərindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Maliyyə arayışlarından görünür ki, Cavabdeh6 30 sentyabr 2019-cu il tarixli 025R********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixinə banka 15638,58 manat əsas borcu, 2416,74 manat faiz borcu və 5764,06 manat cərimə borcu olmaqla, ümumilikdə 23819,38 manat borcu vardır. "xxxx" MMC-nin 29 may 2023-cü il tarixli 02-67/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu, Zümürxan kəndində 0.1632 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 148.30 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri 30000 manat, likvid dəyəri 22000 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsindən Cavabdeh6 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan hakim tərəfindən edilmiş ödənişləri nəzərə almamış və bir tərəfli qaydada işi araşdıraraq iddia tələbini təmin etmişdir. İş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli, artıq hesablanmış əsas və faiz borcu silinməlidir. Onların evinin dəyəri, yerləşdiyi torpaq sahəsi ilə birlikdə ən azı 40.000-45.000 manat təşkil etdiyi halda, ipoteka predmetetinin likvid dəyəri cəmi 22.000 manat dəyərləndirilmişdir. Halbuki evin yerləşdiyi torpaq sahəsinin dəyəri ən azı 10.000 manatdır. Bu səbəbdən də ipoteka predmetini təşkil edən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi üçün təkrar tikinti-texniki ekspertizasının keçirilməsi zəruridir. Buna görə də hesab edir ki, iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası keçirilməsi təmin edilməli, yalnız bundan sonra banka olan həqiqi borclarının məbləği və ipoteka predmetinin dəyərini müəyyən etmək olar. Sadalanan xüsusatlardan və istinad olunan hüquq normalarından göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Həmçinin, işə baxan məhkəmə mübahisəyə “İpoteka haqqında” Qanununun 59-cu maddəsini tətbiq etmiş və tətbiq etdiyi maddəni yanlış təfsir etmişdir. Cavabdehlərin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evi könüllü tərk etməsələr oradan çıxarılması barədə qərar qəbul etmiş məhkəmə hazırda mövcud olmayan, gələcəkdə baş verə biləcəyi ehtimal olunan mübahisə ilə əlaqədar qərar qəbul etmişdir ki, bunu da qanuni hesab etmək olmaz. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddia ərizəsinin xahişi hissəsində 1-ci bəndin sonunda texniki yanlışlığa yol verilmişdir. Belə ki, əslində borcun cavabdehlar X10 oglundan, X9 oglundan, Cavabdeh2, X2, Cavabdeh5, Cavabdeh4 müştərək qaydada tutulması xahiş olunmuşdur. Lakin, sonda borcun səhvən əmlakın harracdan satışından əldə olunan vasait hesabına iddiaçıya ödənilməsi kimi qeyd edilmişdir. Qeyd olunan yalnışlığı aradan qaldırmaq barədə ərizə təqdim ediləcəyini və nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni kredit müqaviləsi üzrə əsas borc, faiz ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti hərracdan satıldıqdan sonra evdə yaşayan şəxslərin çıxarılması və evin boşaldılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişlər. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Hərçənd ki, cavabdeh iddiaya qarşı yazılı etirazında 19 ay müddətində hər ay 1132 manat kredit ödənişi etdiyini bildirmişdir ki, iş materiallarına əlavə edilmiş ödəniş cədvəlinə əsasən 19 aylıq ödənişdən sonra 25 may 2021-ci il tarixinə qalıq əsas borc məbləği 15638,58 manat təşkil etməli idi ki, iddiaçı tərəfindən də həmin məbləğ tələb olunmuşdur. Bununla da əsas borc məbləğinin düzgün hesablanmaması ilə bağlı iddiaçının qeyri-müəyyən dəlili əsassız olmuşdur. Eyni zamanda ödəniş cədvəlinə əsasən 15638,58 manat əsas borc məbləğinə hesablanmalı olan aylıq faiz məbləği nəzərə alındıqda, 25 may 2021-ci il tarixdən borcun tələb edildiyi 26 iyul 2022-ci il tarixinə kimi hesablanmış 2416,74 manat faiz məbləğinin də əsaslı olması müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası cavabdehlərdən tutulan borc məbləğləri hissəsində şikayətin dəlillərini əsassız hesab etmişdir. İpotek predmetinin ilkin satış qiymtəinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, tərəflər arasında bağlanmış 30 sentyabr 2019-cu il tarixli ipoteka müqaviləsinin 2.5-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 16200 manat dəyərində qiymətləndirilsə də Gəncə Kommersiya Məhkəməsi öz təşəbbüsü ilə əmlakın qiymətləndirilməsini yenidən həyata keçirmiş və "xxxx" MMC-nin 29 may 2023-cü il tarixli mütəxəssis rəyi ilə ipoteka predmetinin hazırkı bazar (likvid dəyəri) dəyərinin 22000 manat məbləğində olması müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavadbeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmeti olan yaşayış evi satıldıqdan sonra evdə yaşayanların və qeydiyyatda olanların evdən çıxarılması ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən ilk iddia ərizəsi verilərkən belə bir tələb irəli sürülsə də sonradan iddia tələbinin həcmi həmin hissədə azaldılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən isə belə bir tələbin təmin edilməsi qət edilməmişdir. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddia tələbinin 1-ci bəndinin əvvəli ilə sonu arasında uyğunsuzluq olmuşdur ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən həmin yalnışlıq aradan qalıdırılmışdır. Məhkəmə kollegiyası tərəfindən həmin uyğunsuzluq texniki yanlışlıq kimi qəbul edilmişdir ki, bununla da qeyd olunan uyğunzuluq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsindən Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, e-2-2(115)-448/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar