Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-229/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı “59672,07 manat borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1314/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları “X1” MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli QSZX 53/0522 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. Əlavəyə əsasən ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün 13000 manat xidmət haqqı müəyyən edilmişdir. Tərəflər arasında 20 fevral 2024-cü il tarixli üzləşmə haqqında akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh MMC-nin İddiaçı xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı borcun tutulmasına dair iddia vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, vergi ödəyicisi olan fiziki şəxsdir, öz vəsaiti hesabına aldığı, hazırda mülkiyyətində olan ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi vardır. Hüquqi şəxs olan Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə əsasən hər ay üçün 13000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-yə xidmət göstərmişdir. Xidmət müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən texnikanın iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona hər ay üçün 13000 manat xidmət haqqı ödəniləcək. Xidmət müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC müqavilədə göstərilən müddətdə və qaydada göstərdiyi xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş və ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilən xidmət haqqı tam olaraq ödənilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə və Cavabdeh MMC-dən alınmış üzləşmə haqqında akta əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona 59672,07 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh MMC-yə dəfələrlə müraciət etmiş, lakin müraciətinə baxmayaraq ona olan borcu ödəməkdən imtina etmişlər. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və birinci instansiyası məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə icasında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-1314/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “59672,07 manat borcun, ödənilmiş 270 manat dövlət rüsumunun və 320 manat vəkilə ödənilən xidmət haqqının iddiaçının xeyrinə tutulması” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürmüşdür. Ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün xidmət haqqı 13000 manat müəyyən edilmişdir. İcraçı xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sifarişçi isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun iddiaçıya 59672,07 manat borcu qalmışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçı həmin məbləğdə borcu cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1314/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə görə, icraçı, müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən texnika(lar) vasitəsilə sifariş günlərinə uyğun olaraq, sifarişçiyə məxsus iş yerində xidmət göstərir, sifarişçi isə göstərdiyi xidmətin müqabilində İcraçıya razılaşdrılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Göründüyü kimi, sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhvil-təslim aktları məhkəməyə təqdim olunmayıb). Lakin müqavilə üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə İddiaçıya ödəmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Odur ki, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM)
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər araslında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X1” MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli QSZX 53/0522 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli QSZX 53/0522 saylı xidmət müqaviləsinə 1 saylı əlavə imzalanmışdır. Əlavəyə əsasən ekskovator (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnikanın bir ay üçün 13000 manat xidmət haqqı müəyyən edilmişdir. Tərəflər arasında 20 fevral 2024-cü il tarixli üzləşmə haqqında akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh MMC-nin İddiaçı xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2.2-ci bəndinə istinad edərək görülmüş işlərin təhvil-təsliminin həyata keçirilmədiyini və iddiaçıya borcunun olmadığını iddia edir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, tərəflər araında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin 2.2-ci bəndinin tələbləri baxımından xidmətin icra olunması barədə təhvil-təslim aktı tərtib edilməsə də cavabdeh 20 fevral 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat borcunun olmasını üzləşmə aktı ilə etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat dəyərində görülmüş işləri qəbul etmişdir. Belə olan halda xidmətin yerinə yetirilməsinə dair təhvil-təslim aktının olmaması işlərin yerinə yetirilməməsi kimi qiymətləndirilmir. Cavabdehin xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 59672,07 manat borcunun olmasını etiraf etməsi bir daha təsdiq edir ki, iddiaçı tərəfindən özünə məxsus (Daewoo Solar 420LC-V) markalı, **-BA-*** dövlət nömrə nişanlı texnika vasitəsi ilə razılaşdırılmış işləri yetinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfdən üzləşmə aktı müəsisənin direktoru Murat Çağlayan və müəssisənin Baş mühasibi tərəfindən təsdiq edilmiş, qətnamədən apellyasiya şikayəti isə cavabdeh müəssisənin rəhbəri Murat Çağlayan tərəfindən verilmişdir. Göründüyü kimi cavabdehin direktoru müəssisənin borcunun olmasını etiraf etmiş və həmin üzləşmə aktının mötəbərliyini mübahisələndirmədən qətnamədən formal əsaslarla apellyasiya şikayəti vermişdir ki, cavabdehin rəhbərinin hərəkətləri bir-birinə ziddir. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır. Göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansıyası məhkəməsinin mövqeyi isə əsaslıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1314/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.