Məhkəmə qərarları › İş №2-2(104)-23/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-23/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-23/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-109/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-109/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqaviləyə dair 27 may 2015-ci il tarixli 1 nömrəli kredit sazişinə əsasən 553068 ABŞ dolları 14 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 87569 ABŞ dolları 12 sent, 494244 ABŞ dolları 61 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 10296 ABŞ dolları 76 sent, 317774 ABŞ dolları 02 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 13990 ABŞ dolları 88 sent, ümumilikdə 111856 (bir yüz on bir min səkkiz yüz əlli altı) ABŞ dolları 76 (yetmiş altı) sent ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə borcun, 410 (dörd yüz on) manat mediasiya xərci, 70 (yetmiş) manat 16 (on altı) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 410 (dörd yüz on) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 553068,14 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 131353,68 ABŞ dolları, 494244,61 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 10502,70 ABŞ dolları, 317774,02 ABŞ dolları ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 14211,56 ABŞ dolları, ümumilikdə 156067,94 ABŞ dollarının, mediasiya xərci əvəzi 410 manatın və 145,32 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 2015-ci il tarixində “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında 41531/01 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə) bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562352,90 USD məbləğində kredit xətti ayrılmışdır. 27 may 2015-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh2 arasında 41531/01 kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən (kredit xəttinin açılması barədə) irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə həmçinin Cavabdeh1 ilə Bank arasında 20 may 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zamin borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi Bоrcalanın öhdəliklərinin lazımınca icra еdilməsinə görə оnunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(104)-9/2023 saylı qətnaməsi ilə cavabdehlərdən cəmi 380399,48 ABŞ dolları və 106,50 manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 317774,55 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər xx.xx.2023-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsiniun qətnaməsi əsassızdır. Belə ki, o, 1996-cı ildən 2020-ci ilədək Gəncə şəhərində tikinti materiallarının topdan və pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuşdur. Dəfələrlə “X4 Azərbaycan” QSC-dən biznes kreditləri götürmüş və vaxtı-vaxtında ödəniş eləmişdir. Son olaraq 2015-ci ildə “X4 Azərbaycan” QSC-dən 430.000 (dörd yüz otuz min) manat məbləğində kredit götürmüşdür. Sonradan ona məlum olmayan səbəblərdən həmin krediti 562352,90 USD məbləğində kredit olaraq yazmışdılar. Həmin məbləğdən 700.000 (yeddi yüz min) manat ödəniş elədiyi halda, iddiaçı “X4 Azərbaycan” QSC-nin barəsində yenidən məhkəməyə müraciət etməsi və ondan dəymiş maddi ziyan, dəymiş zərərin əvəzi, gecikdirilmiş günlərə görə faiz tələb etməsi yolverilməzdir. Onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş, "xxxx" MMC-nin yerləşdiyi, 1 hektar torpaq sahəsi olan, üzərində 300 (üç yüz) kv.m ölçüdə qeyri yaşayış binası (mebel sexi, dəmir sexi, dülgər sexi, satış anbarı) olan bu günkü günə bazar qiyməti 1.200.000 (bir milyon iki yüz min) manat təşkil edən əmlakı onun təcrübəsizliyindən sui-istifadə edən iddiaçı tərəf ailə üzvləri ilə birlikdə yaşadığı yeganə evi girovdan çıxarmağı sözünü verərək onda özlərinə inam qazanmaq yolu ilə 2022-ci ildə 400.000 (dörd yüz min) manata satıblar və həmin məbləğ Namiq adlı alıcı tərəfindən iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilmişdir. Amma bu günə qədər həmin məbləğ 400.000 (dörd yüz min) manat onun “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcundan silinməmişdir. Onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12-də yerləşən 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 111,5 m2 yaşayış və 71,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evini onun icazəsi, məlumatı olmadan bu gün bazar qiyməti 300.000 (üç yüz min) manat olan evi “X4 Azərbaycan” QSC-nin əməkdaşları 68.000 (altmış səkkiz min) manata satmışdır. Həmin məbləğ də onun borcundan silinməmişdir. Bu gün iddiaçı “X4 Azərbaycan” QSC ona verdiyi vədlərə əməl etməmiş, əksinə onun barəsində şişirdilmiş borc məbləği, fazilər, cərimələr hesablamışdır. “X4 Azərbaycan” QSC-nin məqsədi evi və ona məxsus qeyri yaşayış sahəsini bazar dəyərindən olduqca ucuz qiymətə qiymətləndirməklə, saxta hərrac vasitəsi ilə ələ keçirmək olmuşdur. Odur ki, “X4 Azərbaycan” QSC-nin nümayəndələri onu aldatma yolu ilə Bank sənədlərinə imza etdirdikləri üçün aralarında olan müqavilə və ona hesablanmış faiz, cərimə və.s borclar silinərək, barəsində qaldırqıqları iddiadan imtina etməlidir. Azərbaycan Respublikasmm Mülki Məcəlləsinin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Hesab edir ki, iddiaçı “X4 Azərbaycan” QSC ilə aralarında bağlanılmış kredit müqaviləsi aldatma yolu ilə bağlanıldığı üçün etibarsız hesab edilməlidir. İddiaçı“X4 Azərbaycan” QSC-nin onun əmlaklarını satmağı ilə bağlı hərrac və digər sənədləri heç bir şəkildə əldə edə bilmir. İddiaçı“X4 Azərbaycan” QSC-nin məqsədi qanunsuz və özbaşına varlanmaqdır, onun əmlaklarını ələ keçirməkdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilədən görünür ki, Cavabdeh2 20 iyun 2019-cu il tarixinədək, 49 ay müddətinə 562352,90 USD məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan 27 may 2015-ci il tarixli 1 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.51 % olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan 20 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan arayışda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcdan qalan 553068,14 ABŞ dolları ödənilməsinin 1710 gün gecikdirilməsinə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş zərər məbləği 131353,68 ABŞ dolları, 494244,61 ABŞ dolları ödənilməsinin 153 gün gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dəymiş zərər məbləği 10502,70 ABŞ dolları, 317774,02 ABŞ dolları ödənilməsinin 322 gün gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dəymiş zərər məbləği 14211,56 ABŞ dolları məbləği təşkil edir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(044)-61/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 553068.14 ABŞ dolları əsas kredit borcu, 68306.74 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 621474.88 ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2023-cü il tarixli 2(104)-9/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı “X4 Azərbaycan” QSC-nin və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-61/2017 saylı qətnaməsi tamamilə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 317,774.55 ABŞ dolları, faiz borcu üzrə 62.324,93 ABŞ dolları, cərimə borcu üzrə 300 ABŞ dolları, cəmi 380399.48 (üç yüz səksən min üç yüz doxsan doqquz dollar qırx səkkiz sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 60 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı “X4 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2024-cü il tarixli 3-16-16/2-9/2489/2024 saylı məhkəməmühasibatlıq rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X4 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********99914 saylı kredit müqaviləsi üzrə banka olan, ekspert qarşısında qoyulmuş suallarda göstərilən əsas borc, yəni 553068,14 ABŞ dollarına xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 129586,94 ABŞ dolları məbləğində, 553068,14 ABŞ dollarına xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədə illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 87569,12 ABŞ dolları məbləğində, 494244,61 ABŞ dollarına xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 10296,76 ABŞ dolları məbləğində və 317774,02 ABŞ dollarına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 %-lə hesablanmış əldən çıxmış fayda borcu 13990,88 ABŞ dolları məbləğində müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 20 may 2015-ci il tarixində “X4 Azərbaycan” QSC ilə Cavabdeh2 arasında 41531/01 saylı kredit müqaviləsi (kredit xəttinin açlması barədə müqavilə), 27 may 2015-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh2 arasında 41531/01 kredit müqaviləsinə (kredit xəttinin açlması barədə müqavilə) dair 1 nömrəli kredit sazişi bağlanmışdır. Kredit sazişinin şərtlərinə görə Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.50% olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə Cavabdeh1 ilə Bank arasında 20 may 2015-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləğdə krediti Cavabdeh2 vermiş olsa da, cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar Bank məhkəməyə müraciət etmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(104)-9/2023 saylı qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə cəmi 380399,48 ABŞ dolları və 106,50 manatın tutulması qət etmişdir. Göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixə əsas borc üzrə 317774,55 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdehlər xx.xx.2023-cü ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Birinci istansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh2 arasında 27 may 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən Cavabdeh2 27 may 2019-cu il tarixədək, kreditdən istifadəyə görə illik 12.51 % olmaqla 562352,90 USD məbləğində kredit verilmişdir. Əsas kredit borcu, faiz borcu və cərimə borcundan ibarət borcu kreditora qaytarmadığı üçün məhkəmədə iddia qaldırılmış, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə əsas kredit borcu, faiz borcu və cərimə borcundan ibarət borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Əsas kredit borcunun ödənilməsinin gecikdirilməsi nəticəsində iddiaçı əldən çıxmış faydanın ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq tərəflər arasında bağlanmış kredit sazişinə əsasən 553068 ABŞ dolları 14 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 87569 ABŞ dolları 12 sentin, 494244 ABŞ dolları 61 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 10296 ABŞ dolları 76 sent, 317774 ABŞ dolları 02 sentin ödənilməsinin gecikdirilməsi nəticəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu 13990 ABŞ dolları 88 sent, ümumilikdə 111856 ABŞ dolları 76 sentin tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı illik 5%-lə hesablanmış əldən çıxmış faydanın kredit mübahisəsi üzrə işə baxılıb yekun məhkəmə aktı çıxarıldığı vaxtdan, yəni 20 noyabr 2017-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, kredit sazişi 27 may 2015-ci il tarixdən bağlanmış və 27 may 2019-cu il tarixədək qüvvədə olmuşdur. Kreditor sazişin qüvvədə olduğu müddətdə daha böyük məbləğ tələb edə bilərdi. Ona görə də əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda borcu məhz kredit sazişinin müddətinin bitməsindən hesablanmalı və tutulmalıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit sazişi üzrə alınmış kreditə görə zamin olduğundan, əldən çıxmış fayda üçün də məsuliyyət daşıyır. Ona görə də ümumilikdə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5%-lə hesablanmış 111856 ABŞ dolları 76 sent əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə cavabdehlərin kredit müqaviləsi üzrə borclu olduğu və həmin borcu edilmiş xəbərdarlıqlara baxmayaraq lazımi qaydada icra etmədiyi, beləliklə də iddiaçının pul vəsaitini özündə əsassız olaraq saxladığı müəyyən olunduğuna görə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçı hazırkı iddia ilə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbi 20 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması tələbi deyil, həmin müqavilə üzrə gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmış məbləğin ödənilməsi olduğundan birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə öhdəliyin icra mərhələsində icra edildiyini və borclunun təqsiri nəticəsində gecikmə baş verdiyindən birinci instansiya məhkəməsi ekpert rəyini nəzərə almaqla iddianı yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qəranında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edir ki, beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər iddiaçıdan müəyyən məbləğdə kredit vəsaiti almış və həmin vəsaiti müqavilədə nəzərdə tutulmuş müddətdə qaytarmaq öhdəliyi götürmüş, lakin cavabdehlər götürdükləri öhdəliyin şərtlərini pozaraq kredit borcunu vaxtında qaytarmamış, beləliklə də iddiaçı öz vəsaiti üzərində sərancam vermək, vəsaitindən gəlir gəlir əldə etmək imkanından məhrum olmuşdur. Halbuki normal dövriyyə mövcud olsaydı, yəni cavabdehlər kredit borcunu vaxtında qaytarmış olsaydı, iddiaçı həmin vəsaiti daha yüksək faizlə kreditə verib qazanc əldə etmiş olardı. Hazırkı halda müqavilə müddəti bitdiyindən iddiaçı digər əsaslardan çıxış edib daha yüksək məbləğ tələb edə bilmədiyinə görə ona illik beş faiz ödənilməsini xahiş etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, onun mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, 28 may küçəsində yerləşən ticarət üçün nəzərdə tutulmuş, "xxxx" MMC-nin yerləşdiyi, 1 hektar torpaq sahəsi olan, üzərində 300 (üç yüz) kv.m ölçüdə qeyri yaşayış binası (mebel sexi, dəmir sexi, dülgər sexi, satış anbarı) 2022-ci ildə 400.000 (dörd yüz min) manata, mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Əriklik yaşayış ərazisi sahə B-12-də yerləşən 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 111,5 m2 yaşayış və 71,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evini 68.000 (altmış səkkiz min) manata satılmış, həmin məbləğlər onun borcundan silinməmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin həmin dəlilinin hazırkı mübahisəyə aidiyyəti yoxdur. Ona görə ki, iddiaçı müqavilə üzrə ödənilməmiş borcu yox, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Cavabdehlərin ödənilməmiş əsas borcunun qalıq məbləği isə qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məccəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələnin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-109/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar