Məhkəmə qərarları › İş №2-2(104)-233/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-233/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-233/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1707/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1707/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli e-2-2(115)- 1707 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə 8323,29 manat, faiz borcu 2525,79 manat, cəmi 10849,08 manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, borc tələbinin Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə yönəltməklə, həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun, habelə ödənilmiş mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 10000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh əsas borcu 8323,29 manat, faiz borcu 2525,79 manat, cəmi 10849,08 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, tərəflərdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı QSC BOKT ona qarşı irəli sürdüyü tələbdə qeyd etdiyi müqavilə üzrə iddia müddətini ötürmüşdür. Belə ki, həmin müqavilə 05 iyun 2015-ci il tarxidə 36 ay müddətinə bağlanmışdır. Ona görə də məhkəmədən ərizəni nəzərə alıb iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı QSC BOKT məhkəməyə ərizə ilə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı QSC-nin Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə verilmiş 6%-lə 10000 manat kreditin təminatı olaraq Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin bu yaxınlarda cavabdehə məxsus ipoteka predmeti olan fərdi yaşayış evinin İddiaçı QSC-nin məlumatı və razılığı olmadan cavabdeh tərəfindən söküldüyü məlum olmuşdur. Bununla da cavabdeh tərəfindən “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3.1 və 25.3.2-ci maddələrinə əsasən ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək, ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək ipoteka qoyanın vəzifəsidir. Cavabdehə verilmiş kredit illik 6% olmaqla Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti (dövlət vəsaiti) hesabına güzəştli şərtlərlə verilmiş kreditdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 287-ci maddəsinə əsasən girov predmeti məhv olduqda və ya zədələndikdə və ya ona mülkiyyət hüuququna xitam verildikdə girov qoyan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov predmetini ağlabatan müddətdə bərpa etməli və ya eyni dəyərli başqa əmlakla əvəz etməlidir. Bütün bunlar isə Cavabdeh öhdəliyinin təminatı ilə bağlı olduğu üçün, ipoteka əmlakının faktiki mövcud olmadığı və məhkəməyə təqdim olunmuş ipoteka predmetinə aid sənədlərin hüquqi əhəmiyyətinin itirildiyini nəzərə alaraq, cavabdeh tərəfindən ipoteka predmetinin bərpası və ya əvəz olunması, bunların sənədləşdirilməsinin aparılması, bunlar yerinə yetirilmədiyi təqdirdə isə cavabdehə qarşı göstərilən əsaslarla ayrıca icraatda iddia tələbinin qaldırılmasının mümkünlüyünü nəzərə alaraq iddia ərizəsi hazırkı mərhələdə baxılmamış saxlanmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı QSC BOKT apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün təbiq etməmişdir. Belə ki, məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi ərizəyə istinad edib, iddia müddətini tətbiq edərək iddiaçı tərəfindən məhkəməyə verilmiş iddianı əsassız olaraq rədd etmişdir. İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsinin baxılmamış saxlanması barədə verilmişdir. Əsas da ondan ibarət olmuşdur ki, iddia ərizəsində tələbin yönəldiləcəyi ipoteka predmeti mövcud deyildir. Belə olan halda, iddia tələbinin təmin ediləcəyi təqdirdə tələbin ipoteka predmetinə yönəldilməsi və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi qeyri-mümkün idi. Məhkəmə qərəzli mövqe tutaraq, işə baxılmasını davam etdirmiş, ipoteka əmlakının mövcud olub-olmaması hissəsi ilə bağlı mövqe bildirməmişdir. Məhkəmə cavabdehin kreditin təminatı kimi ipoteka qoyulmuş əmlakı tamamilə sökməsi ilə bağlı cavabdeh barədə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsi barədə vəsatətətini də təmin etməmişdir. Bununla da birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarını kobud şəkildə pozaraq qanunsuz bir qətnamənin qəbul edilməsinə nail olmuşdur. Bu isə məhkəmə məhkəmənin işin nəticəsində maraqlı olduğuna, qərzəli və qeyri-obyektivliyinə dəlalət edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı QSC BOKT-un nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. İş materiallarında olan 05 iyun 2015-ci il tarixli, 83 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə borclana 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 08 iyun 2015-cü 83 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyan tərəfindən kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarış vərəqindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcundan sonuncu dəfə xx.xx.2017-ci il tarixinində ödəniş etmişdir. İş materiallarında olan məlumat cədvəlində qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 8323,29 manat əsas 2525,79, faiz bоrcu olmaqla, cəmi 10849,08 manat məbləğində borcu var. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(062)- 27/2020 saylı qərardadından görünür ki, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması tələbinə dair iddia ərizəsi tərəflər məhkəmə iclasına gəlmədiyinə görə Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərardadı baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC BOKT-un Qazax filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istixana şəraitində əkinçiliyin inkişafı məqsədi ilə 36 ay müddətinə illik 6%-lə 10000 manat məbləğində kredit verilmiş, öhdəliyin icrasının təminatı kimi Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş sonuncu dəfə xx.xx.2017-ci il tarixdə edilmiş, cavabdhin yuxarıda göstərilən məbləğdə borcu ödənilməmiş qalmış, edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcun qalan hissəsini ödəmədiyinə görə iddiaçı xx.xx.2018-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən Tovuz Rayon Məhkəməsinin 20 fevral 2020-ci il tarixli 2(062)-27/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, İddiaçı QSC BOKT xx.xx.2024-cü il tarixdə yenidən Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə borcun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçı tərəfindən müvafiq iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddia müddətini buraxması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, cavabdehin iddiaçıya yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçıdan 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra etməyərək borclu qalması işin mübahisəsiz halıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MMin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 83 saylı kredit müqaviləsinə əsasən Cavabdeh sahibkarlıqla məşğul olması üçün 36 ay müddətinə illik 6%-lə 10000 manat məbləğində kredit verilmişdir. Öhdəliklərin icrasının təminatı kimi Cavabdeh məxsus Tovuz rayonu, Aşağı Öysüzlü kəndində mülkiyyətində olan 0,21 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuş və bununla bağlı Bankla ipoteka qoyan arasında 08 iyun 2015-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 18000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və dövlət qeydiyyatına alınmışdır. Həmin müqavilə üzrə cavabdeh tərəfindən müəyyən müddət ödənişlər edilmiş, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə olmuşdur. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 2018-ci ilin iyun aylnda bitmişdir. Odur ki, iddia müddətinin axımı 2018-ci ilin iyun ayında başlanmış hesab edilir və 2021-ci ilin iyun ayında bitmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC BOKT 05 iyun 2015-ci il tarixli, 83 saylı “Kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu 2017-ci ilin aprel ayında, ən geci isə müqavilənin bitdiyi 2018-ci ilin iyun ayında bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlillərində göstərilir ki, borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə sayılır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi plenumunun yuxarıda istinad olunan qərarında da göstərildiyi kimi kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, müqavilədən irəli gələn tələblərə iddia müddətinin tətbiqi qanunvericiliyin normalarından irəli gəlir. Apellyasiya şikayətinin ipoteka əmlakının mövcud olub-olmaması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda kredit borcuna iddia müddəti tətbiq edildiyindən ipoteka ilə yüklü edilmiş əmlakın mövcud olub-olmaması əhəmiyyət kəsb etmir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə də razılaşmır. Digər tərəfdən iş üzrə iddia ərizəsinin baxılmamış saxlanma halları Azərbaycan Respublikası MPM-in 259-cu maddəsi ilə müəyyən olunmuşdur. İddiaçının apellyasiya şikayətində göstərdiyi hal MPM-in 259-cu maddəsində iddia ərizəsinin baxılmamış saxlanması üçün müəyyən olunmuş hal kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi İddiaçı QSC BOKT-un apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1707/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar