Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-235/2025 22.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkil) Vəkil, cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 38/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 26200 manat maddi ziyan, 1000 manat məbləğində mənəvi ziyan olmaqla, ümumilikdə 27200 manat məbləğində pul və 171,60 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 23,40 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 300 manat məbləğində ekspertiza xərcinin tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-38/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “Mersedes- Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 25590 manat və dövlət rüsümuna görə ödədiyi 165 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx-2022-ci il tarixli hökmündə göstərilir ki, “o 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X7” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C “ markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür”. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsininn 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmış və işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 341/2022 saylı, xx.xx-2022ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilininb 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-193/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvəsində saxlanmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1969/2023 saylı, xx.xx-2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsnin qərarı dövlət ittihamçısı tərəfindən verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Cavabdehin təqsiri ekspert rəyi, qanuni qüvvəyə minmiş qərarla və digər iş materialları ilə sübuta yetirilmişdir. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Baş vermiş yol-qəza hadisəsi ilə bağlı cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Baş vermiş hadisə ilə bağlı yüksək təhlükə mənbəyinin mülkiyyətçisi olan “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialı məsuliyyət daşıyır. Qeyd edilən cinayət hadisəsi nəticəsində ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat maddi ziyan dəymişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ittiham aktında (9-cu səhifəsində) göstərilir ki, “cinayət işinə əlavə edilmiş zərər aktında “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 (otuz min beş yüz doxsan) manat zərər dəydiyi göstərilmişdir”. Habelə, iddia ərizəsinə əlavə edilımiş ziyan aktından görünür ki, ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 (otuz min beş yüz doxsan) manat zərər dəymişdir. Bildirməlidir ki, sığorta şirkəti tərəfindən 5000 (beş min) manat sığorta haqqı ödənildiyi üçün həmin məbləğ ümumi ziyandan çıxılmalı və 25590 (iyirmi beş min beş yüz doxsan) manat cavabdehdən alınaraq ona ödənilməlidir. Goranboy Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli e-2(045)-685/2024 nömrəli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh “X11 Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filalına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa vurulan zərərə görə 41272 manat, vurulmuş mənəvi ziyana görə 10000 manat, cəmi 51272 manat və dövlət rüsmuna görə ödədiyi 195 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuz olaraq qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə qanunu tətbiq etmiş olsa da, yanlış təfsirə yol vermiş, gəlmiş olduğu nəticə işin faktiki halları ilə uzlaşmır. İlkin olaraq, məhkəmə qəbul etmiş olduğu qətnamədə Fərrux Həsənovun qəzanı törədərkən xidməti vəzifəsinin icrası ilə məşğul olub olmadığına münasibət bildirməmişdir. Mülki iddiaçı kimi tanınmış və maddi zərərə məruz qalmış olduqları qəzada, həm də maddi zərəri kompensasiya edən tərəf olurlar. Bu hal qanunun aliliyi prinsipinə və ədalət mühakiməsinin məqsəd və mahiyyətinə tamamilə zidd olan yanaşmadır. Məhkəmə, eyni zamanda, cavabdehin əsassız varlanmasına gətirib çıxaran qərar qəbul etmişdir. Qəza işin görüldüyü sahədən kənarda, işin predmetiilə heç bir bağlılığı olmayan şəraitdə, istənilən digər yol hərəkəti iştirakçısı kimi Fərrux Hüseynovun ehtiyatsızlığı nəticəsində baş vermişdir. İşlə qəza arasında heç bir funksional bağlılıq, səbəbli-nəticə görülməməkdədir. Əlavə olaraq, iddiaçının tələbini təqsirli bilinən şəxsə deyil, onlara ünvanlaması ədalətli deyil. İddiaçı sürücünün ödəmə qabiliyyəti olmadığını düşünərək məqsədli şəkildə tələbini hüquqi şəxsə yönəltmişdir. Məhkəmə isə bu halı görməzdən gəlmişdir. İddiaçı qanunvericilikdə olan boşluqdan sui-istifadə edərək mövcud vəziyyəti fürsətə çevirməyə çalışmışdır. Hüquqi şəxsi cavabdeh qismində bu işə cəlb edib zərəri kompensasiya etməyini istəmək haqlı tələb sayıla bilməz. Nəticə etibarı ilə,“X11Sanayi və Ticaret A.Ş.”–nin Azərbaycan Respublikasındakı Filialı məhkumluğu olan və ya spirtli içki və ya narkotik maddə alışqanlığı olan şəxsi işə cəlb etməmişdir. Məhkəmə isə iddiaçının əsassız tələbini təmin etməklə, nəinki ədaləti bərqərar etməmiş, hətta onları ikitərəfli maddi ziyana məruz qalmağına səbəb olan qərar qəbul etmişdir. Qeyd olunduğu kimi, hadisənin işin (tapşırığın) icrası zamanı törədilib-törədilməməsi, hadisənin qaçınılmaz hallar baş verib-verməməsi aydınlaşdırılmamışdır. Halbuki, yuxarıda daistinad olunan Plenum Qərarında da əks olunmuş mövqeyə əsasən, qaçınılmaz hal nəticəsində hadisə baş veribsə, hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Şirkət ümumiyyətlə məsuliyyət daşımamalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayitin təmin olumasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 341/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X3 29 mart 2022-ci il tarixdə saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Ağstafa rayonu, Köçəsgər kəndi ərazindən keçən 450-ci kilometrliyində “X7” Azərbaycan Respublikası Qanunun 42ci maddəsinin 1-ci və 6-cı hissəsinin tələblərini pozaraq, yəni hərəkətə başlama, yerdəyişmə, dönmə zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, dairəvi hərəkət təşkil edilmiş yolayrıcına dönmək (daxil olma) istisna olmaqla sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyəti tutmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək idarə etdiyi “Volvo FM 2MRC3C “ markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax rayonu istiqamətində hərəkət etdirərkən geriyə qayıtmaq məqsədi ilə sola doğru manevr edən zaman arxasınca eyni istiqamətində ona nisbətdə sol tərəfə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi “Mersedens-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusun qarşısına çıxmaqla toqquşması nəticəsində avtobusda olan 3 nəfər ölmüşdür”. Həmin hökmlə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş ziyan aktından görünür ki, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 30590 manat ziyan dəydiyi müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 30 avqust 2024-cü il tarixli UNİ/A 88- 513/2024 nömrəli rəyində göstərilmişdir ki, “X11 Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, 99- JZ335 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşma nəticəsində “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 46272 manat təşkil edir. Tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2025-ci il tarixli 9/9982 saylı rəyində göstərilmişdir ki, “Mersedes-Benz Sprinter” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəyəri 31200 manat təşkil edir. Tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 “X9 və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində X1 təqsiri Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx-2022-ci il tarixli hökmü ilə təsdiqini tapmışdır. Həmin hökmlə, həmçinin iş materialları ilə X1 “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialının işçisi olmaqla yolnəqliyyat hadisəsini həmin müəssisəyə məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ- *** dövlət qeydiyyat nişanlı yük avtomobili törətməsi və iddiaçıya məxsus avtomobilə maddi ziyan dəyməsi sübut olunur. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 mart 2025-ci il tarixli 9/9982 saylı rəyini mötəbər sübut kimi qəbul edərək, həmçinin iddiaçıya 5000 manat sığorta ödənişi alındığını nəzərə alaraq, dəymiş ziyanla bağlı 26200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Ona görə avtomobilin bərpası üçün çəkilmiş 26200 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-341/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ diz qapağı sümüyünün qəlpəli qapalı sınığı, diz oynağının hemartrozu, ön səthinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir. xx.xx.2022-ci il tarixdə hərəkətdə olan mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Göründüyü kimi baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı xəsarət almış və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Ona görə iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, şəxsə vurulmuş mənəvi zərərin dəyəri dəqiq qiymətləndirilə bilinmədiyindən, vurulmuş mənəvi zərərin məbləği ağlabatan həcmdə götürülməli, həm, iddiaçının və həm də cavabdehin tələbə qarşı olan münasibəti nəzərə alınmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin məbləğinin 1000 manat həddində olması ağlabatan və ədalətlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, X3 “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialına məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol hərəkəti qaydalarını pozub 3 nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs iş üzrə X3 olmuşdur. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində iddiaçıya məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan vurulmuşdur. İddiaçı iddia tələbində 41272 manat məbləğində dəymiş maddi ziyanın əvəzini tələb etsə də iş materiallarında olan ziyan aktından görünür ki, ona məxsus “Mersedes-Benz Sprinter” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtobusa 30590 (otuz min beş yüz doxsan) manat zərər dəymişdir. Həmin məbləğdən 5000 manat sığorta ödənişi aldığından, iddiaçının qalan məbləği almaq hüququ vardır. Birinci instansiya məhkəməsi isə hadisənin 2022-ci ildə baş verməsi və iş materialında həmin dövrə aid zərər aktının olmasını nəzərə almadan iş üzrə məhkəmə ekspertizası keçirərək iddianı yuxarıda göstərilən qaydada təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, maddi ziyanın əvəzi kimi 25590 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddianın dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə həyatının toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiya qeyd edir ki, istər iddia ərizəsindən, istərsə də apellyasiya şikayətinin dəlillərindən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirindən baş verməsi təsdiqini tapmır. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, məhkəmə qəbul etmiş olduğu qətnamədə Fərrux Həsənovun qəzanı törədərkən xidməti vəzifəsinin icrası ilə məşğul olub olmadığına münasibət bildirməmişdir. Halbuki iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 341/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən də göründüyü kimi, yol-nəqliyyat hadisəsi baş verərkən X3 “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialının işçisi olmaqla yol-nəqliyyat hadisəsi sürücü tərəfindən əmək vəzifələri icra edilərkən, yəni iş üzrə cavabdehə məxsus olan “Volvo FM 2MRC3C” markalı, **-JZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıması həyata keçirilərkən baş vermişdir. Odur ki, kollegiya şikayətin həmin dəlili ilə razılaşmır və həmin dəlili əsassız sayır. Apellyasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, qəza işin görüldüyü sahədən kənarda, işin predmetiilə heç bir bağlılığı olmayan şəraitdə, istənilən digər yol hərəkəti iştirakçısı kimi Fərrux Hüseynovun ehtiyatsızlığı nəticəsində baş vermişdir. İşlə qəza arasında heç bir funksional bağlılıq, səbəbli-nəticə görülməməkdədir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verərkən X1 əmək funksiyasını yerinə yetirməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdəki hökmdən görünür ki, cavabdeh “X9 və Ticaret A.Ş”-nin Azərbaycan Respublikasındakı filialı sürücü X3 barəsində müsbət xasiyyətnamə verməklə onu yaxşı işçi kimi xarakterizə etmişdir. İddiaçının əmlakına isə ziyan sürücü X1 təqsirli hərəkətinin nəticəsi olaraq baş vermişdir. Apellyasiya şikayətinin tələbin düzgün olmayaraq hüquqi şəxsə yönəldilməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, hazırkı halda tələbin hüquqi şəxsə yönəldilməsinin hüquqi əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1 və 1108.1-ci maddələrinin tələblərindən irəli gəlir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətini qismən təmin edib birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş olsa da, cavabdehin apellyasiya şikayətində qeyd olunmuş yuxarıda göstərilən dəlillərini əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 09 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılılmalı, iddia qismən təmin edilməli, cavabdeh “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 25590 manat pul və 166,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmi edilməməli və ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-ni 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-38/2025 09 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 25590 manat pul və 166,77 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh “X11 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialından 300 manat məbləğində ekspertiza xərci tutularaq "xxxx" MMC-nin hesabına, 50 manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-235/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-235/2025
22.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver