Məhkəmə qərarları › İş №2-2(104)-236/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-236/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-236/2025 22.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı torpaq icarə müqaviləsi üzrə borcun alınması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(115)-1689/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1689/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 560 saylı müqavilə üzrə yaranmış 388 (üç yüz səksən səkkiz) manat 88 (səksən səkkiz) qəpik məbləğində pulun Cavabdeh tutularaq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 388,88 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X5 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan 544,5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 560 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 388,88 manat icarə haqqı borcu vardır. Cavabdehə xx.xx.2025-ci il tarixli 3-21-3/2-8973/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, xx.xx.2010-cu ildə Tərtər rayonu, Sarıcalı kəndi ərazisində yerləşən yanacaq doldurma məntəqəsini X2 notarial qaydada almışdır. Qeyd olunan ərazi xx.xx.2008-ci ildə Tərtər rayon İcra Hakimiyyəti başçısı tərəfindən 135 saylı sərəncamı ilə müqavilə əsasında X1 məqsədi üçün verilmişdir və illik icarə haqqı 100 AZN müəyyən edilmişdir. O, 2014-cü ilədək bu pulu torpaq vergisi kimi dövlət büdcəsinə ödəyirdi. Sonradan bir neçə il unutduğu üçün bu pulu ödəmədi və 2021ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları obyektdə gələrək bundan sonra torpağın icarəsi üçün ödənilən pulun onlara ödəyəcəyini bildirdilər və aralarında xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilədək müddətdə 560№-li müqavilə imzalamışlar. O, 2 il müddətində hər ay müqavilədə göstərilən pulu ödəmişdir. Lakin 2023-cü ildə Dövlət Vergi Xidmətindən həmin torpaq ərazisinin icarə haqqının ödənmədiyi üçün məcburi ödəmə qərarı çıxarılaraq Tərtər rayon məhkəmə qərarlarının icra və probasiya şöbəsinə göndərilmişdir. Bundan sonra o, dəfələrlə Əmlak Məsələləri Xidmətinə və Tərtər rayon icra hakimiyyətinə müraciət edərək bu məsələyə aydınlıq gətirmələrini xahiş etsə də heç nəticə alınmadı. Hər qurum bu pulun onlara ödənilməli olduğunu bildirdilər. O, da Əmlak Məsələləri Dövlət Xidməti ilə olan müqavilənin vaxtı bitdiyi üçün onlara pul ödəməmişdir. Sonradan öyrənmişdir ki, bu müqaviləyə əsasən ödədiyi pul dövlət büdcəsinə ödənməyib və təyinatını Əmlak Xidmətindən öyrənmək istəsə də ona cavab vermədilər. Həmin ərazi üzrə Tərtər rayon İcra Hakimiyyəti ilə bağlanmış müqavilə X3 adında qalmaqdadır və onun adına ödənişlər Dövlət Vergi Xidməti tərəfindən dövlət büdcəsinə ödənilir. xx.xx.2024-cü ildə Tərtər rayon İcra Hakimiyyətina torpağın icarəsinin onun adına keçirilməsi ilə bağlı müraciəti isə cavabsız qalıb. Qətnamədə yazılan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2021-ci il tarixli 560 saylı müqavilənin müddəti bitmişdir. Müqaviləyə əsasən olan pulu Əmlak Məsələləri Dövlət Komitəsinə ödəmişdir. Ödəmə çekləri durur. 388 manat 88 qəpik yaranan borc isə müqavilə müddəti bitəndən sonra hesablanmış və qanundan kənardır. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1689/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 560 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, ünvan 1ində yerləşən 544,5 kv.m torpaq sahəsi icarəyə verən tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə verilmişdir. Həmin müqaviləyə əsasən qeyri-yaşayış sahəsinin illik icarə haqqı 246 manat, aylıq icarə haqqı 20.5 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixində alınmış şəxsi hesab vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixinə Cavabdehnun 388,88 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi barədə” məktubdan görünür ki, borc məbləğinin ödənilməsi barədə borcluya xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Cavabdeh arasında ünvan 1i ünvanında yerləşən dövlət mülkiyyətində olan 544,5 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 560 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, icarə müqaviləsi üzrə cavabdehin dövlət büdcəsinə ödənilməli olan 388,88 manat icarə haqqı borcu vardır. Cavabdehə xx.xx.2025-ci il tarixli 3-21-3/2-8973/2025 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən ünvan 1ində qeyri-yaşayış binasının yerləşdiyi 544,5 kv.m torpaq sahəsi icarəçiyə icarə şərtləri əsasında istifadəyə verilmiş, illik icarə haqqı 246 manat, aylıq icarə haqqı 20,50 manat müəyyən olunmuşdur. İcarəçi müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, onun icarəyə verənə 388,88 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Həmin Məcəllənin 706.4-ci maddəsinə əsasən torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir. Həmin Məcəllənin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 710.2-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin Məcəllənin 710.3-ci maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Həmin Məcəllənin 719.2-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən icarə müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliyini vaxtında yerinə yetirmədiyindən iddiaçı icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 388 manat 88 qəpik yaranan borcun müqavilə müddəti bitəndən sonra hesablanmış borc olduğunu bildirsə də, iddiaçı ilə icarə münasibətlərinin davam etdirildiyini, yəni icarə predmeti olan torpaq sahəsindən istifadə etməkdə davam etdiyini, iddiaçının icarə müqaviləsinə xitam verilməsi ilə bağlı ona bildirişin verilmədiyini nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1689/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar