Məhkəmə qərarları › İş №2-2(104)-237/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-237/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-237/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(115)-873/2023 saylı qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkil) X1 verdiyi apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(115)-873/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 15.000 (on beş) manat əsas borc, 200,74 (iki yüz manat yetmiş dörd qəpik) manat faiz borcu, 263,29 (iki yüz altmış üç manat iyirmi doqquz qəpik) manat cərimə olmaqla, cəmi 15464,03 (on beş min dörd yüz altmış dörd manat üç qəpik) manat borc və 200 (iki yüz) manat mediasiya xərcinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 136,39 (bir yüz otuz altı manat otuz doqquz qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh3 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(115)-873/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın yalnız ona aid hissəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 15000 manat əsas borc, 200.74 manat faiz borcu, 1763.29 manat cərimə və 200 manat mediasiya xərcinin müştərək qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli razılaşmaya əsasən borcalan Cavabdeh3 illik 22 % ödəmək və xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 10000 manat, xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən illik 17 % ödəmək və xx.xx.2021ci ilədək qaytarmaq şərtilə 5000 manat kredit verilmişdir. Hər iki kredit xx.xx.2022-ci il ildə restrukturizasiya olunaraq kreditin qaytarılmasının son müddəti xx.xx.2022-ci il müəyyən olunub. Borcalan krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Müqavilə müddətinin sonuna banka olan borcun məbləği əsas borc üzrə 15000 (10000 + 5000) manat, faizlər üzrə 200,74 (146.67 + 54.07) manat, cərimə üzrə 1763.29 (1417.78 + 686.90) manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh3 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, krediti kənd təsərrüfatı məhsullarının istehsalı üçün götürmüşdür. Şəkər çuğunduru əkdiyi ərazidə su olmadığından vaxtlı-vaxtında əkini sulaya bilmədiyi üçün məhsul məhv olmuşdur. Çəkdiyi xərc və zəhməti itmişdir, xeyli ziyana düşmüşdür. Nə bank, nə də məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı Bank qanuna görə əsas borclu kimi əvvəlcə ona qarşı tələb irəli sürə bilərdi. O, heç vaxt kreditorun tələbini ödəməkdən imtina etməmişdir. Banka düşdüyü vəziyyət barədə xəbər vermiş və imkan olan kimi borcu ödəyəcəyini bildirmişdir. Hazırda da bildirir ki, 3 ay müddətində borcu ödəyəcəkdir. Onun başqa şəxsdən alacağı var, ola bilsin ki, onu alıb borcu bütünlüklə ödəsin. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılımasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, borcun yalnız ondan tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsindən görünür ki, kreditverən - İddiaçı ASC borcalana 100 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində bu müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmanı imzalamaqla kredit verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində borcalan - Cavabdeh3 ona kredit verilməsi barədə kreditverənə müraciət etmək hüququna malikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmadan görünür ki, kreditverən - İddiaçı ASC kredit limiti çərçivəsində illik 22 faiz dərəcəsi ilə xx.xx.2022-ci il tarixinədək 3 ay güzəşt olmaqla 10 000 manat məbləğdə borc pul vəsaitini borcalanın mülkiyyətinə verməyi, borcalan isə 50 manat xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan razılaşmadan görünür ki, kreditverən - İddiaçı ASC kredit limiti çərçivəsində illik 17 faiz dərəcəsi ilə xx.xx.2021-ci il tarixinədək 2 ay güzəşt olmaqla 5 000 manat məbləğdə borc pul vəsaitini borcalanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmaların 8-ci bəndindən görünür ki, borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə tam olaraq qaytarılmalı olduğu tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % məbləğində cərimə ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-cii il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit limiti müqaviləsinin və müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşmaların təminatı kimi Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma üzrə xx.xx.2022-ci il tarixli 5250***-*******02R nömrəli restrukturizasiya razılaşmasından görünür ki, kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 22 faiz dərəcəsi ilə 4 ay müddətinə xx.xx.2022-ci il tarixinədək 10 000 manat məbləğində kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 10 000 manat əsas borc və 0 manat faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit üzrə faiz dərəcəsi 22 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma üzrə xx.xx.2022-ci il tarixli 5250***-*******02R nömrəli restrukturizasiya razılaşmasından görünür ki, kredit limiti müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmaya əsasən borcalana illik 17 faiz dərəcəsi ilə 3 ay müddətinə xx.xx.2021-ci il tarixinədək 5000 manat məbləğində kredit vermişdir və bu restrukturizasiya razılaşmasının imzalanması tarixinə borcalanın həmin kredit üzrə 5000 manat əsas borc və 0 manat faiz borcu mövcuddur. Həmin razılaşmanın 3-cü bəndinə əsasən bu razılaşmanın 2-ci bəndində qeyd edilmiş kredit üzrə faiz dərəcəsi 17 faiz və kreditin son icra müddəti xx.xx.2022-ci il müəyyən edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma üzrə 10 000 manat əsas borc, 146,67 manat faiz borcu, əsas borc üzrə hesablanmış 1076,39 manat cərimə borcu, faiz borcu üzrə hesablanmış 1417,78 manat cərimə borcu olmaqla, cəmi borc 12640,84 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma üzrə 5000 manat, 54,07 manat faiz borcu, əsas borc üzrə hesablanmış 686,9 manat cərimə, faiz borcu üzrə hesablanmış 547,78 manat cərimə olmaqla, cəmi borc 6288,75 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-01622 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 200 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021 il tarixli kredit limiti müqaviləsi çərçivəsində imzalanmış xx.xx.2021 il tarixli razılaşmaya əsasən borcalan Cavabdeh3 illik 22 % ödəmək və xx.xx.2022-ci ilədək qaytarmaq şərtilə 10000 manat, xx.xx.2021-ci il tarixli razılaşmaya əsasən illik 17 % ödəmək və xx.xx.2021-ci ilədək qaytarmaq şərtilə 5000 manat kredit verilmişdir, borcun təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə, istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Yenə də həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu hissəsində tam, cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur İddiaçı tərəfindən tələb olunan dəbbə puluna münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunu azaltmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin kredit borcunun yalnız ondan tutulması dəlili ilə bağlı kollegiya qeyd edir ki, zaminlik öhdəliyin icrasının təmini üsullarından biridir və zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-873/2023 saylı qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar