Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-240/2023 17.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(115)-1033/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 197443 manat 17 qəpik əsas borc, 15350 manat 36 qəpik faiz borcu, 2295 manat 66 qəpik cərimə borcu olmaqla, cəmi 215089 manat 19 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 106 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, Cavabdeh DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 197443 manat 17 qəpik əsas borc, 18986 manat 62 qəpik faiz borcu, 3375 manat 85 qəpik cərimə borcu olmaqla, cəmi 219805 manat 64 qəpik məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 110 manat dövlət rüsumunun utularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/15371 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X2 çərçivəsində xx.xx.2022-ci il tarixli DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin Borcalan qeyd edilən DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 197 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 197443 manat 17 qəpik əsas borc, 15350 manat 36 qəpik faiz borcu, 2295 manat 66 qəpik cərimə borcu olmaqla, cəmi 215089 manat 19 qəpik təşkil edir. Bundan başqa tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X1 4cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X2nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X1 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1033/2023 saylı, 28 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli DC00441556-02 saylı kredit razılaşması üzrə 197443 manat 17 qəpik əsas borc, 18986 manat 62 qəpik faiz borcu, 2000 manat cərimə borcu olmaqla, cəmi 218429 manat 79 qəpik məbləğində borc, ödənilmiş 400 manat mediasiya xərci və 110 manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ödənilməli olan 398 manat 43 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2022-ci il tarixli OnGTC/SE/15371 saylı Bank xidmətlərinin göstərilməsinə dair X2nun xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə razılaşmadan görünür ki, borclu həmin razılıq ərizəsini imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X2nda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizədən görünür ki, bank tərəfindən borcalana xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə birdəfəlik kredit verilmişdir. 24 iyul 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh DC00441556-02 saylı kredit müqaviləsinə əsasən 197443 manat 17 qəpik əsas borc, 18986 manat 62 qəpik faiz borcu, 3375 manat 85 qəpik cərimə borcu olmaqla, cəmi 219805 manat 64 qəpik məbləğində borcu vardır. Gecikmə günü 238 gün təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1033/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1033/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə borcunun təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X2nda qeyd edilir ki, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Yuxarıda qeyd edildiyi kimi hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış cərimə borcu məbləğinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan cərimə məbləği əsassız surətdə azaldılmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən DC00441556-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 238 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 2000 (iki min) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, evində yanğın olduğundan evdə olan pulları da yanmışdır. Bununla belə ödənişlərini hazırda da davam etdirməkdədir. Apellyasiya şikayətini isə qəbul etmir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(115)-1033/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni dəbbə pulunun azaldılması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə (dəbbə pulu) məbləği hissəsində ləğv edilməli, həmin hussədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə tam təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq edərək, 3375 manat 85 qəpik cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, 2000 manat məbləğində müəyyən etmişdir ki, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən və iclas protokolundan görünür ki, məhkəmədə iştirak etmiş cavabdeh borc məbləğini qəbul etdiyini, borcun düzgün hesablanmasına dair izahat vermiş, dəbbə pulunun yüksək olmasına dair hər hansı bir iradı və dəbbə pulunun azaldılmasına dair xahişi olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, kredit razılaşması üzrə cavabdehdən tələb edilən 197443 manat 17 qəpik əsas borc məbləğinə münasibətdə tələb olunan 3375 manat 85 qəpik dəbbə pulu (cərimə) məbləği tənasübsüz surətdə yüksək olmamışdır. Belə ki, cərimə məbləği əsas borc məbləğinin təxminən 1,7 faizi həddində olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləği üzrə Mülki Məcəllənin 467-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2- 2(115)-1033/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cərimə, buna müvafiq olaraq isə cəmi məbləğ hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1033/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1033/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni cərimə və cəmi məbləğ hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia təmin edilsin. Cavabdeh DC00441556-02 saylı kredit razılaşması üzrə 197443,17 manat əsas borc, 18986,62 manat faiz borcu və 3375,85 qəpik cərimə məbləği olmaqla, cəmi 219805 manat (iki yüz on doqquz min səkkiz yüz beş manat, 64 qəpik) məbləğində borc məbləği tutularaq, İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 255 (iki yüz əlli beş) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.