Məhkəmə qərarları › İş №2-2(104)-245/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-245/2025

10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-245/2025 10.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)- 686/2025 saylı qətnaməsindən iddiaçı Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi arasında bağlanmış 15 fevral 2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsi üzrə 96206 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində 15 fevral 2010-cu il tarixdən 26 aprel 2011-ci il tarixdək və 02 avqust 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq 612 (altı yüz on iki) manat 36 (otuz altı) qəpik faiz borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh2ndən tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı ərizə ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 saylı qətnaməsinin qət etdi hissəsində yaranmış yalnışlığı aradan qaldıraraq qeyd olunan “612 (altı yüz on iki) manat 36 (otuz altı) qəpik” sözlərinin, “8.002 (səkkiz min iki) manat, 64 (altmış dörd) qəpik” sözləri ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 14 avqust 2025ci il tarixli e-2-2(115)-686/2025 saylı qətnaməsinin əsaslandırıcı və nəticə hissəsində yol verilən yanlışlığın aradan qaldırılaraq “612 (altı yüz on iki) manat 36 (otuz altı) qəpik” sözlərinin “8002 (səkkiz min iki) manat 64 (altmış dörd) qəpik” sözləri kimi oxunması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-686/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 müştərək qaydada xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2025-ci il tarixinə qədər əsas borca görə illik 5 faiz məbləğində hesablanan 72878,80 manat məbləğində yaranmış borcun, həmçinin 308,64 manat dövlət rüsümunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 Mənzil Tikinti Kooperativi, onun icraçı direktoru Cavabdeh1 Aaydın oğlu arasında xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinə əsasən 125000 manat məbləğində 24 ay müddətinə illik 22% odəmək şərti ilə kredit verilmişdir. Kreditin təminatı olaraq xx.xx.2008-ci il tarixli MH № ******* saylı çıxarış əsasında Cavabdeh2 MTK-nın təsisçisi X4 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı ipoteka müqaviləsi əsasında iddiaçıda yüklü edilmişdir və qeydə alınmışdır. Cavabdeh2 MTK kredit müqaviləsi əsasında üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyi üçün QSC “Bank Standard” KB iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 nömrəli qətnaməsi ilə QSC “Bank Standard” KB-nın iddia tələbi təmin edilərək 96206 manat əsas, 69014 manat faiz, 3527 manat cərimə olmaqla ümumilikdə 168747 manat məbləğində borcun Cavabdeh2 MTK-dan tutulması, tutmanın X4 şəxsi mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0.2824 ha torpaq sahəsində yerləşən 368.9 kv m. ümumi, 318 kv.m əsas, 50.9 kv m. köməkçi sahədən ibarət olan əmlak kompleksinə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin QSC “Bank Standard” KB olan borcuna yönəlməsi qət edilmişdir. Hal-hazırda hələ də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)- 1999/2010 nömrəli qətnaməsi üzrə olan borc məbləği ödənilməmiş və bunun nəticəsində cavabdehlərin kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2025-ci il tarixinə 96206 manat əsas borc üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 72878,80 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)- 1999/2010 saylı qətnaməsi əsasında borcun tutulması ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmiş. Qətnamə icra mərhələsində olarkən QSC “Bank Standard” KB-nin “Gəncə” filialı ilə cavabdehlər arasında razılıq əldə edilmişdir ki, əmlak girovda qalmaq şərti ilə satılsın, satıldıqdan sonra əldə edilmiş vəsait hesabına banka olan borc ödənilsin. QSC “Bank Standard” KB xx.xx.2013-cü il tarixdə ipoteka ilə yüklü edilmiş X4 şəxsi mülkiyyətində olan əmlakın girovda qalmaq şərti ilə alqı-satqısına icazə vermişdir. Əmlak kompleksi söküldüyü üçün onun yerləşdiyi 0.02825 ha torpaq sahəsini xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında (girovda qalması şərti ilə) X1. Əmlakın satılmasına baxmayaraq banka olan borc ödənilməmişdir. Cavabdehlər borcun ödənilməsində müəyyən vədlər verərək müddət istəmişdirlər. Bu zaman ləğv prosesində olan QSC “Bank Standard” KB ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsi üzərinə qoyulmuş qadağanın götürülməsinə dair xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Ərazi İdarəsinə müraciət etmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Ərazi İdarəsi X6 xx.xx.2013-cü il tarixdə **********96 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” vermiş, qanuni əsaslarla əmlakın şəxsi mülkiyyətçisi X9 olduqdan sonra QSC “Bank Standard” KB ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinə əsasən X5 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsixx.xx.2016-cı il tarixli **********-1 saylı ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” Kommersiya Bankı qarşısında yenidən yüklü edilmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 3 saylı Ərazi İdarəsi xx.xx.2016-cı il tarixdə yüklü olduğu barədə RX № ******* saylı Çıxarış verilmişdir. Sonradan Bankın xəbəri olmadan 2017-ci ildə borclu Cavabdeh2 MMC iddiaçı qismində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, İlahə ilə Aftandil arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Bankın məlumatı olmadan iddia tələbi Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e- 2(044)-2974/2017 saylı qətnaməsi ilə təmin edilmişdir. Bu zaman fürsətdən istifadə edən Cavabdeh2 MMC-nin təsisçisi X10 (əmlakın keçmiş mülkiyyətçisi) ipoteka ilə yükü edilmiş əmlakı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)-2974/2017 saylı qətnaməsi əsasında bankın xəbəri olmadan ipotekadan azad etmiş, sonra əmlak əldən çıxmasın deyə əmlakı tez bir zamanda dolayı yolla Cavabdeh2 MMC-də 80% payı olan digər təsisçisi X3 birgə nigahda olan arvadı Hüseynova Hicran Sərdar qızının adına rəsmiləşdirilməsi üçün əmlakı xx.xx.2019-cu il tarixdə X2. O isə, təxminən bir ildən sonra xx.xx.2020-ci il tarixdə əmlakı Hüseynova Hicran Sərdar qızına satılmış və ona xx.xx.2020-ci il tarixli, **********96 reyestr nömrəli (********** qeydiyyat nömrəli) hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Beləliklə cavabdehlər yalan vədlər verərək Bankın etibarından sui-istifadə etmiş, ipoteka ilə yüklü edilmiş əmlakı ipotekadan azad edərək ona dolayı yollarla sahiblənmişlər. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(044)-2974/2017 saylı qətnaməsindən Bankın məlumatı olan kimi, həmin qətnaməni əldə edərək dərhal apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-384/2024 saylı qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, e-2(044)-2974/2017 saylı qətnaməsi ləğv edilmişdir. Bank ilə cavabdehlər arasında şifahi razılaşma olarkən (əmlakın girovda qalmaq şərti ilə alqısatqısına icazə verilməsi) “icra sənədinin məhkəməyə geri qaytarılması” barədə Bank tərəfindən İcra şöbəsinə müraciəti olunmamışdır. Gəncə şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli “icra sənədinin məhkəməyə geri qaytarılması haqqında qərarı” Gəncə şəhər Nizami Rayon Məhkəməsində olan iş materiallarında aşkar edilməmiş və bu barədə heç bir qərardad çıxarılmamışdır. Beləliklə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB müqavilədə nəzərdə tutulan müddət bitdiyi xx.xx.2010-cu il tarixdən, hazırki iddia tələbində qeyd olunan xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə qalıq 96.206 manat təşkil edən əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcunu tələb etməkdə haqlıdır və qətnamənin icra olunmamasının buna heç bir adiyyətı yoxdur. Belə ki, Azərbaycan Resublikası Mülki Məcəllənin 445.7-ci maddəsində qeyd edilmişdir ki, “Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər”. Qanunda qətnamənin icrasının müvəqqəti dayandırılması zamanı borclunun əsas borca görə hesablanan illik beş faiz ödəməsindən azad olması kimi halları nəzərdə tutulmayıb. Əgər qətnamənin icrasının dayandırıldığı müddətdə, yəni tərəflərin razılaşdığı müddət ərzində borclu kredit borcunu ödəmiş olsa idi, o zaman kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlı ola bilməzdi. Beləliklə hesab edirlər ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 nömrəli qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Prosessual məsələlər və tərəflərin izahatları: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin cavabdehlərə elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh1n məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosessində olan Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan QSC “Bank Standart” KB ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsindən görünür ki, borcalana illik faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə 125000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh2 MTK-ya ödənişlərin tarixləri, ödənişlərin məbləğləri göstərilməklə ödəniş cədvəli təqdim olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 dekabr 2010cu il tarixli 2(044)-1999/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və "xxxx" MTK ilə QSC “Bank Standart” KB arasında bağlanmış 15 fevral 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 96206 manat məbləğində əsas borc, 69014 manat məbləğində faiz borcu, 3527 manat məbləğində cərimənin, ümumilikdə 168747 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X8 tam müliyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri Nizami rayonu Mikayıl Müşviq küçəsi 13 ünvanında istifadədə olan 0.28248 ha torpaq sahəsində yerləşən 368,9 kv.m ümumi, 318 kv.m əsas, 50.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnamə üzrə verilmiş icra vərəqəsindən görünür ki, icra vərəqəsi xx.xx.2011-ci il tarixdə icraya göndərilmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra şöbəsinin 334 nömrəli məktubundan və xx.xx.2011-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli icra edilməyən və qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərarından görünür ki, həmin tarixə cavabdehlər və tələbkar QSC “Bank Standart” KB qarşılıqlı razılığa gəldiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan ləğv prosesində olan olan QSC ”Bank Standard” KB-nin Gəncə Şəhər Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli icra sənədinin icraya yönəldilməsi ilə bağlı ərizəsindən görünür ki, ərizəçi Gəncə şəhər Nizami rayon İcra şöbəsinin xx.xx.2011-ci il tarixli qərarının ləğv edilməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə uyğun verilmiş icra vərəqəsinin Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilməsini məhkəmdən xahiş etmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və icraata başlamaq haqqında qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, icraatda olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi Gəncə Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə yenidən icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı icra sənədi bundan öncəki tarixlərdə göndərdiyi icra vərəqəsi və icra sənədində olan sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)384/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 MMC cavabdehlər X8, X6 və DƏDRX-nin 3 saylı ərazi idarəsinə qarşı iddia tələbi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X10 tərəfindən ünvan 3 ünvanda yerləşən 0.2824 ha torpaq sahəsinin cavabdeh X6 özgəninkiləşdirilməsinin qanunsuz hesab edilərək etibarsız sayılması, torpaq sahəsində dair X5 adına verilmiş dövlət reyestrindən ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(044)-2974/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qətnamədən maraqlı şəxs ləğv prosesində olan olan QSC ”Bank Standard” KB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(044)-2974/2017 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(104)-1061/2025 saylı qətnaməsindən görünür ki, ləğv prosesində olan olan QSC ”Bank Standard” KB cavabdehlər Hüseynova Hicran Sətdar qızına, X7 və X8 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər X10 ilə X11 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2019-cu il atrixli çıxarışın ləğv edilməsi, X11 ilə Hüseynova Hicran Sətdar qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)929/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-929/2025 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. İş materiallarında olan xəbardarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı ilə xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsi bağlamış, borcalana illik faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə kredit verilmiş, borclu kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə banka ödənilməmiş kredit borcu yaranmış, ona görə də iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, həmin qətnamə xx.xx.2011-ci il tarixdə icraya yönəldilmiş, Gəncə şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2011-ci il tarixdə icraata başlanılmışdır. Tələbkarla borclular arasında razılıq əldə olunduğuna görə icra məmurunun qərarı ilə icra sənədi icra edilmədən xx.xx.2011-ci il tarixdə məhkəməyə qaytarılmış, tələbkar xx.xx.2024-cü il tarixdə yenidən məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmiş və icra sənədi yenidən icraya yönəldilmişdir. Tələbkar daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2025ci il tarixinə qədər əsas borca görə illik 5 faiz məbləğində hesablanan 72878, 80 manat məbləğində yaranmış borcun və həmçinin ödənilmiş dövlət rüsumunun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2008-ci il tarixli olmaqla 24 ay müddətinə bağlanmış və xx.xx.2010-cu ildə müddəti bitmişdir. Əsas borcun tutulmasına dair qətnamə üzrə icra vərəqəsi xx.xx.2011-ci il tarixdə icraya göndərilmiş, xx.xx.2011-ci il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən xx.xx.2011-ci il tarixdə həmin tarixə cavabdehlər və tələbkar qarşılıqlı razılığa gəldiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yenidən tələbkarın xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə yenidən icraata başlanılmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müaviləsinin müddəti bitdiyi xx.xx.2010-cu il tarixdən icra sənədini geri qaytarıldığı xx.xx.2011-ci il tarixə 429 gün və yenidən icra sənədinin icraya yönəldildiyi xx.xx.2024-cü il tarixdən iddiaçının iddia tələbində göstərdiyi xx.xx.2025-ci il tarixə 170 gün, cəmi 599 gün üçün bir gün 13,36 manat olmaqla əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2011-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcunun tutulmasını məhkəmə qanuni və əsaslı hesab etmir. Çünki icra vərəqəsinin məhkəməyə qaytarılması məhz tələbkar bankla borcluların razılıq əldə etməsi səbəbindən icra edilmişdir. Həmçinin iddiaçının nümayəndəsi də məhkəmə iclasında icra sənədi üzrə icraatın tələbkarın ərizəsi əsasında dayandırıldığını qeyd etmişdir. Keçən bu müddət ərzində tələbkar bank qətnamənin icrası ilə bağlı hər hansı hərəkət etməmiş, qətnamənin icrasını tələb etməmişdir. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o kredit müqaviləsini hüquqi şəxsin icra orqanının rəhbəri kimi, hüquqi şəxsin səlahiyyətli nümayəndəsi qismində imzalamışdır. Cavabdeh1 ilə bank arasında mülki məsuliyyəti müəyyən edən hər hansı sənəd yoxdur. İddiaçı hüquqi şəxsin icra orqanının rəhbərinin hüquqi şəxsin borcları üçün məsuliyyət daşımasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Ona görə də QSC ”Bank Standard” KB ilə Cavabdeh2 MTK arasında bağlanmış 15 fevral 2008-ci il tarixli KMHŞ ********** saylı kredit müqaviləsi üzrə 96206 manatın ödənilməsinin gecikdirilməsi nəticəsində 15 fevral 2010-cu il tarixdən 26 aprel 2011-ci il tarixədək və 02 avqust 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq 8002,64 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 MMC-dən tutularaq ləğv prosesində olan QSC ”Bank Standard” KB-na ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəyicə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Kredit müddəti ilə bağlı isə nəzərə alınmalıdır ki, bu müddət müvafiq öhdəliyin əmələ gəlməsi, zərurət olduqda ona xitam verilməsi və öhdəliyin icrasının gecikdirilməsi baxımından əhəmiyyət kəsb edir. Kredit müqaviləsi üzrə tərəflər arasında hüquq və vəzifələrin müəyyən bir anda əmələ gəlməsinə dair əldə olunan razılaşma borc alanın və borc verənin hansı andan etibarən, yaxud hansı ana qədər müəyyən hərəkətləri etməli olmaları, yaxud edə bilmələri ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyinə görə MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Həmçinin həmin Qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)- 1999/2010 nömrəli qətnaməsindən görünür ki, ilə QSC “Bank Standard” KB-nın iddia tələbi təmin edilərək 96206 manat əsas, 69014 manat faiz, 3527 manat cərimə olmaqla ümumilikdə 168747 manat məbləğində borcun Cavabdeh2 MTK-dan tutulması, tutmanın X4 şəxsi mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 0.2824 ha torpaq sahəsində yerləşən 368.9 kv m. ümumi, 318 kv.m əsas, 50.9 kv m. köməkçi sahədən ibarət olan əmlak kompleksinə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin QSC “Bank Standard” KB olan borcuna yönəlməsi qət edilmişdir. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2008-ci il tarixli olmaqla 24 ay müddətinə bağlanmış və xx.xx.2010-cu ildə müddəti bitmişdir. Əsas borcun tutulmasına dair qətnamə üzrə icra vərəqəsi xx.xx.2011-ci il tarixdə icraya göndərilmiş, xx.xx.2011-ci il tarixdə icraata başlanılmışdır. İcra məmuru tərəfindən xx.xx.2011-ci il tarixdə həmin tarixə cavabdehlər və tələbkar qarşılıqlı razılığa gəldiklərindən icra sənədi məhkəməyə geri qaytarılmışdır. Yenidən tələbkarın xx.xx.2024cü il tarixli ərizəsinə əsasən qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə yenidən icraata başlanılmışdır. Hal-hazırda hələ də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(044)-1999/2010 nömrəli qətnaməsi üzrə olan borc məbləği ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2010-cu il tarixdən icra sənədini geri qaytarıldığı xx.xx.2011-ci il tarixə 429 gün və yenidən icra sənədinin icraya yönəldildiyi xx.xx.2024-cü il tarixdən iddiaçının iddia tələbində göstərdiyi xx.xx.2025-ci il tarixə 170 gün, cəmi 599 gün üçün bir gün 13,36 manat olmaqla əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış fayda olaraq faiz borcu 8002,64 manat təşkil etdiyindən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 bank ilə mülki məsuliyyəti müəyyən edən hər hansı sənəd olmadığından birinci instansiya məhkəmə iddia tələbini ona münasibətdə də təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı xx.xx.2008-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulan müddət bitdiyi xx.xx.2010-cu il tarixdən, hazırki iddia tələbində qeyd olunan xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə qalıq 96.206 manat təşkil edən əsas borcun ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5%-lə hesablanmış əldən çıxmış faydanın bütövlükdə həmin dövr üçün tutulmamasından, həm də hesablanmış borcun müştərək qaydada, yəni həm Cavabdeh2 MTK-dan, həm də Cavabdeh1 tutulmamasından narazıdır. Kollegiya əvvəlcə şikayətin birinci dəlilinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, ümumilikdə 168747 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması, tutulacaq məbləğin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş X8 tam müliyyət hüququ əsasında məxsus olan Gəncə şəhəri Nizami rayonu Mikayıl Müşviq küçəsi 13 ünvanında istifadədə olan 0.28248 ha torpaq sahəsində yerləşən 368,9 kv.m ümumi, 318 kv.m əsas, 50.9 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması qət edilmiş, icra vərəqəsi verilərək məhkəmənin qətnaməsi icraya yönəldilmiş, lakin tələbkar ilə borclu müəyyən razılığa gəldiyinə görə icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. Hazırda iddiaçı borclu ilə razılığa gəməsinə dair müraciətinin olmadığını bildirsə də kollegiya kollegiya iddiaçının həmin dəlilini əsaslı saymır. Ona görə ki, şikayətin məzmunundan açıq-aydın görünür ki, məhkəmə qətnaməsi icra mərhələsində olduğu halda tələbkar ipoteka predmetinin yüklülükdən azad olunmasına və onun satılmasına razılıq vermiş, bununla da məcburi icra tədbirlərinin davam etdirilməsinə mane olmuşdur. Hesablanmış faizin həm də Cavabdeh1 tutulmalı olması dəlili ilə bağlı kollegiya qeyd edir ki, kredit müqaviləsi bağlananda Cavabdeh1 müqaviləni Cavabdeh2 MTK-nın təmsilçisi kimi imzalamış, o, müstəqil şəkildə, yəni borc alan və ya da zamin qismində müqavilə tərəfi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 110-3.1-ci maddəsinə əsasən kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ”Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-686/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar