Məhkəmə qərarları › İş №2-2(104)-252/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-252/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-252/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-908/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3066,32 ABŞ dolları əsas borc, 745,47 ABŞ dolları faiz borcu, 2371,51 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 450,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6633,94 ABŞ dolları borcun və ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 18 ay müddətinə illik 21,2 faiz olmaqla 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 410007572/ZM nömrəli 02 dekabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə 11 aprel 2017- ci il tarixdə 01 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5827,58 ABŞ dolları təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış və illik 8 faiz ödənilməsi nəzərdə tutulmuşdur. Əlavə sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-908/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filalı ilə Cavabdeh2 arasında bağlanmış 02 dekabr 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 5212 (beş min iki yüz on iki) manat 74 (yetmiş dörd) qəpik kredit borcu, ödənilmiş 210 (iki yüz on) manat mediasiya xərcinin Cavabdeh2 tutularaq, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh2 72 (yetmiş iki) manat 13 (on üç) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, ona dövriyyə vəsaitinin artırılması məqsədilə illik faiz dərəcəsi 21.2 faiz оlmaqla 18 ay müddətinə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 42,4% dəbbə pulu hesablanması müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli, 410007572/ZM saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 11 aprel 2017-ci il tarixli, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit qalıq məbləği olan 5827,58 ABŞ dolları restrukturizasiya edilmiş və kreditin əsas borc üzrə qalıq məbləği 4090,89 ABŞ dolları müəyyən edilməklə, kredit müqaviləsi üzrə öhəliyin icrası müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, xx.xx.2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 01 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci ilədək uzadılmışdır. xx.xx.2023-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından çıxarışdan görünür ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-yə 01 mart 2019-cu il tarixinə olan borcu 5212,74 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-908/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2-2(115)-908/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən narazıdır. Hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, həmçinin də iş üzrə əhəmiyyətli halların aydınlaşdırılmaması ilə qəbul edilmiş əsassız və qanunsuz qətnamədir. Məhkəmənin iş üzrə məhkəmə mühasibat eskpertizası təyin etməməsi, nümayəndənin məhkəmə iclasında bildirdiklərinə qətnamədə hüquqi qiymət verilməməsi, onun bildirdiklərinin qəbul edilməməsinin səbəblərinin qətnamədə şərh edilməməsi və s. qənaətə gəlməyə əsas verir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələbləri pozulmuşdur. Həmin Fərmana əsasən: 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlımanatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan RespublikasıMərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. 2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıməqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; Lakin, Gəncə Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən belə məlum oilur ki, Fərmanın tələblərinin fiziki şəxs-borcalan Cavabdeh2 İddiaçı ASC tərəfindən tətbiq edilməməsinin səbəbləri, ona həmin Fərmana əsasən hansı məbləğdə kompensasiya hesablanması və bu bu kompensasiya məbləğinin onun əsas borcundan çıxılıb-çıxılmadığı, ona 1 %-lə güzəştli kredit verilməməsinin səbəbləri və s. aydınlaşdırılmamışdır. Məhkəmə borcalan Cavabdeh2 02 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə qətnamə çıxarılan günədək 5212,74 manat borcunun olması nəticəsinə gəlməsini iş üzrə müvafiq məhkəmə-mühasibat ekspertizası təyin edib keçirmədən, beləliklə də onun xx.xx.2017-ci il tarixədək etdiyi ödənişlərin bank tərəfindən əsas borca, faiz borcuna, cərimələrə və əlavə faiz borcuna hesablanmasının düzgün aparılıb-aparılmadığını, kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə saziş bağlanarkən qalıq kredit borcunun hansı meyarları əsasən restrukturizasiya edilərək 5827,58 ABŞ dolları olmasının müəyyənləşdirildiyini və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan RespublikasıPrezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın onun kredit borcuna münasibətdə düzgün tətbiq edilib-edilməməsi müəyyənləşdirilməmiş qalmışdır. Qeyd olunanlar müəyyənləşdirilmədən isə hazırkı iş üzrə həqiqət də müəyyənləşdirilə bilməzdi. Təəssüf ki, birinci instansiya məhkəməsi heç bir əsaslı səbəb olmadan məhkəmə-mühasibat ekspertizası təyin etməməklə sübutların təmini qaydasını da pozmuş olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin hazırkı iş üzrə qətnaməsi forma və məzmun etibarı ilə prosessual qanunvericiliyin bu tələblərindən çox uzaqdır. Məsələn, qətnamədə cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında bildirdiyi dəlillərin qəbul edilməməsinin səbəblərinə dair bir cümlə də yoxdur. Eləcə də Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli Fərmanının borcalan Cavabdeh2 münasibətdə İddiaçı ASC-nin düzgün tətbiq edib-etməməsi şərh edilməmişdir və s. Buna görə də apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və digər cavadbeh məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı iddiaçının nüamyəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş mateirallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin tərkib hissəsi olan 11 aprel 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişin 1.1-ci bəndindən görünür ki, cavabdehin kredit müqaviləsi üzrə qalıq borc məbləği olan 5827,58 ABŞ dolları (əsas borc, faiz və cərimə məbləği) restrukturizasiya edilmiş və kreditin əsas borc üzrə qalıq məbləği 4090,89 ABŞ dolları müəyyən edilməklə, kredit müqaviləsi üzrə öhəliyin icrası müddəti xx.xx.2020-ci ilədək uzadılmış, o cümlədən əsas qalıq borc məbləğinə dair ödəniş cədvəli tərtib edilmişdir. Cavabdeh həmin sazişi və ödəniş cədvəlini imzalamaqla, həmin tarixə qalıq əsas borcunun 4090,89 ABŞ dolları məbləğində olmasını qəbul etmişdir. İş materiallarına əlavə edilmiş ödənişə dair hesabdan çıxarış məlumatlarından isə görünür ki, cavabdeh 11 aprel 2017-ci il tarixdən 2019-cu ilin mart ayına kimi gecikmə ilə faiz və əsas məbləğ birlikdə cəmi 2175 manat (1279,41 ABŞ dolları) ödəniş etmiş, həmin tarixdən sonra isə ödəniş etməmişdir. Halbuki, ödəniş cədvəlinə əsasən həmin tarixədək cavabdeh tərəfindən 2820,18 ABŞ dolları ödəniş öhdəliyi olmuşdur. 11 mart 2019-cu il tarixdən isə 21 aprel 2020-ci il tarxədək isə cavabdeh tərəfindən ödəniş cədvəlinə əsasən ödənilməli olan məbləğ isə 1794,66 ABŞ dolları təşkil etmişdir ki, bununla da tələb olunan 3066,32 ABŞ dolları (3066,32x1,7manat=5212,74) əsas borc məbləğinin, o cümlədən birinci instansiya məhkəməsi tərəfindən tutulan 5212,74 borc məbləğinin əsassız olmasına dair hər hansı bir şübhə olmamışdır. xx.xx.2023-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron çıxarışdan isə görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən hazırkı kredti müqaviləsi üzrə konpensasiya məbləği hesablanmayaraq, Fərmanın 6.2 və 8.9-cu bəndlərinə əsasən faiz və cərimə məbləğləri silinmiş və əsas qalıq borc məbləği isə 5212,74 manat məbləğində müəyyən edilmişdir. Kompensasiya məbləğinin hesablanmalı olub-olmaması isə hazırkı mübahisənin predmetinə aid olan məsələ olmamışdır. Belə ki, konpensasiya məbləğləri aidiyyəti dövlət orqanı tərəfindən müəyyən edilməklə, iştirakçı banklara və ya kredit müqaviləsi üzrə borcalanlara ödənilmiş məbləğlər olmuşdur. İş materiallarına əlavə edilmiş ödənişə dair hesabdan çıxarış məlumatlarından isə görünür ki, cavabdehin iddiaçı bankda olan kredit hesabına hər hansı bir kompensasiya məbləği köçürülməmişdir. Məhkəmə kollegiyası borcun düzgün hesablanınb-hesablanmamasının yoxlanılması üçün ekspertiza təyin edilməli olması ilə bağlı cavadbehin şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa və buna dair müvafiq sübutlarını məhkəməyə təqdim etməyə borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyri-müəyyən dəlillər irəli sürmüşdür. Buna görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i: Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 908/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2-2(115)- 908/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar