Məhkəmə qərarları › İş №2-2(104)-261/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-261/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-261/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 2012- ci il tarixli, 032002/0242/12/09 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 95.6 kv.m ümumi, 56 kv.m yaşayış, 39.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 25 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 06 sentyabr 2012-ci il tarixli **********12 nömrəli kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8 % dərəcəsi ilə hesablanmış 11748,49 manat məbləğində əldən çıxmış faydanın əvəzi və xx.xx.2022-ci il tarixinə qədər kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 12770,10 manat məbləğində penya üzrə borc olmaqla, cəmi 24518,60 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat məbləğində çəkilmiş xərcin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 163,56 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra həmin evdə yaşayan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 daxil olmaqla ailə üzvləri və digər şəxslər yaşayış sahəsini 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh2 arasında bağlanmış 06 sentyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 % ödənilməsi şərtilə 64000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh3 arasında, sonuncuya məxsus Bərdə şəhəri, Ş.İsmayılov küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 95.6 kv.m ümumi, 56 kv.m yaşayış, 39.6 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 25 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0242/12/09 №-li ipoteka müqaviləsi, Cavabdeh2 arasında, sonuncuya məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96.44 kv.m ümumi, 60.39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0244/12/09 nömrəli ipoteka müqaviləsi, X5 arasında, sonuncuya məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30.68 kv.m yaşayış, 12.61 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29 kv.m təşkil edən 2 otaqlı 84 nömrəli mənzilin ipoteka qoyulması barədə 06 sentyabr 2012-ci il tarixli 032002/0243/12/09 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün 2-ci və 3-cü İpoteka müqavilələri üzrə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsi ilə qeyd edilən ipoteka predmetlərinin hərracda satılması, satışdan əldə olunan vəsait hesabına xx.xx.2012-ci il tarixli, **********12 nömrəli Kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ASC "xxxx" Bankı qarşısında 30598,14 manat məbləğində əsas borcun, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə qədər hesablanmış 7502,52 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən iddia tələbinin həcminin artırılması haqqında ərizənin verildiyi xx.xx.2019-cu il tarixə qədər hesablanmış 2820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 40920,79 manat məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan iddiaçı ASC "xxxx" Bankı və həmin iş üzrə cavabdeh qismində çıxış etmiş X5 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayətləri verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-314/2021 №-li qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilərək Bərdə Rayon Məhkəməsinin sözügedən qətnaməsi 7502,52 manat məbləğində faiz borcunun tutulması hissəsində ləğv edilərək faiz borcu 3594,20 manat məbləğində, iddianın təmin edilməmiş penya hissəsində isə ləğv edilərək penya 3005 manat məbləğində təmin edilmişdir. Həmin qətnamə ilə 30598,14 manat məbləğində əsas borcun, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixə qədər hesablanmış 3594,20 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər hesablanmış 2820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 3005 manat məbləğində penyanın, cəmi 40017,47 manat məbləğində borcun ASC "xxxx" Bankının xeyrinə tutulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin bəhs olunan qətnaməsi ilə müəyyən olunmuş 40017,47 manat məbləğində borc xx.xx.2022-ci il tarixdə cavabdehlər tərəfindən tam şəkildə ödənilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh2 kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (32%-17%=15%) dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixə qədər hesablanmış bu məbləğ 12770,10 (on iki min yeddi yüz yetmiş manat 10 qəpik) manat təşkil etmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi xx.xx.2022-ci il tarixədək olan dövr üçün Bank tərəfindən 11748,49 (on bir min yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində əldən çıxmış fayda formasında zərər hesablanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bu zaman Konstitusiya məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman sözügedən qayda kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən Kredit müqaviləsi üzrə kreditin qaytarılması müddətinin bitdiyi tarixdən əvvəlki 36 (otuz altı) ayı əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə iddiaçı tərəfindən verilmiş kreditlər barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, bank (iddiaçı) tərəfindən daşınmaz əmlakın girovu ilə istehlak məqsədləri üçün verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 13,8 % (on üç tam onda səkkiz faiz) təşkil edir. Qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixdən əsas borc məbləğinin ödənildiyi xx.xx.2022-ci il tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra xx.xx.2019-cu il tarixdən əsas borcun ödənildiyi tarixədək (xx.xx.2022-ci il) olan dövr üçün müvafiq məbləğ 11748,49 (on bir min yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat təşkil edir. Beləliklə, yuxarıda göstərilən cərimə və əldən cıxmış fayda qismində (zərər) faizləri nəzərə alaraq Bankın xx.xx.2022-ci il tarixinə tələblərinin ümumi məbləği 24518,60 (iyirmi dörd min beş yüz on səkkiz manat 60 qəpik) manat təşkiledir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir. İşdə olan sübutlar: 06 sentyabr 2012-ci il tarixli **********12 №-li kredit müqaviləsindən görünür ki, iddiaçı ASC "xxxx" Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 17 % ödənilməsi şərtilə 64000 manat məbləğində kredit verilmişdir. 06 sentyabr 2012-ci il tarixli, 032002/0244/12/09 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh3 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi-yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh2 06 sentyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə 30.598,14 manat əsas, 7502,52 manat faiz borcu, əldən çıxmış faydanın əvəzi 2820,13 manat, 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 62 manat dövlət rüsumu, sənədlərin notariat qaydasında təsdiqlənməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ASC "xxxx" Bankına ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96,44 kv.m ümumi, 60,39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzilə və cavabdeh X5 arasında X3 məxsus olan Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30,68 kv.m. yaşayış, 12.61 kv.m. yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsiu 43.29 kv.m. təşkil edən 2 otaqlı, 84 nömrəli mənzilə yönəldilməklə həmin evlərin açıq hərracda satılması, Cavabdeh2 məxsus olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45.600 manat dəyərində, X3 məxsus ev 26.400 manat dəyərində qiymətləndirilməklə, tutmanın yönəldilməsinə və onların satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxdıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 06 sentyabr 2012-ci il tarixli, **********12 nömrəli kredit müqaviləsi üzrə ASC "xxxx" Bankına olan borcuna ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitdən artıq qalarsa, qalan hissəsinin payların nisbətində Cavabdeh2 və X3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-314/2021 nömrəli, 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh X2 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsinin 7502.20 manat məbləğində faiz borcunun Cavabdeh2 tutulub, ASC "xxxx" Bankına ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxararaq, Cavabdeh2 tutularaq ASC "xxxx" Bankına ödənilməli olan faizlər üzrə yaranan kredit borcu 3594,20 manat məbləğində müəyyən edilməsi, qətnamənin iddianın təmin edilməmiş dəbbə pulu tələbi hissəsində ləğv edilməsi, həmin hissədə irəli sürülən iddia qismən təmin edilməsi, 3005 (üç min beş) manat məbləğində dəbbə pulunun Cavabdeh2 tutularaq ASC "xxxx" Bankının hesabına ödənilməsi, qətnamənin Cavabdeh2 ASC "xxxx" Bankına olan cəmi kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, 30598,14 manat məbləğində əsas kredit borcunun, 3594,20 manat məbləğində faizlər üzrə yaranan kredit borcu, 2820,13 manat məbləğində əldən çıxmış faydanın əvəzi və 3005 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 40017,47 manat məbləğində pulun Cavabdeh2 tutularaq, ASC "xxxx" Bankın hesabına ödənilməsi, qətnamənin ipoteka predmeti olan mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 44, 58 nömrəli mənzilin orta bazar qiymətinin 45600 manat və X3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin orta bazar qiymətinin 26400 manat məbləğlərində müəyyən edilmiş hissələrində dəyişdirilməsi, mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 44, 58 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 54000 manat, X3 məxsus Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, ev 30, 84 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 31000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1128/22 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-314/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli, e-2-2(115)- 68/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və Bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 81,78 (səksən bir manat 78 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Bankın iddia tələblərinin əsassız olmasını Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş hüquqi möveyinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin, məhkəmə yuxarıda göstərilən qənaətə gələrkən nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 44 nömrəli evin 2-ci mərtəbəsində yerləşən 96.44 kv.m ümumi, 60.39 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı, 58 nömrəli mənzil və Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi, 30 nömrəli evin 3-cü mərtəbəsində yerləşən 30.68 kv.m yaşayış, 12.61 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 43.29kv.m təşkil edən 2 otaqlı 84 nömrəli mənzil, həmin mənzillərin mülkiyyətçiləri və onların ailə üzvləri tərəfindən Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra boşaldılmamış və könüllü olaraq Banka təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarının müddəaları və bununla əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi hazırkı işə tətbiq edilməli olmadığı üçün məhkəmənin mövqeyinin hər hansı hüquqi əsasının olmadığını, buna görə subyektiv mülahizə xarakteri daşıdığını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələblərini pozduğunu hesab edirlər. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan RespublikasıMülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə“öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda bəhs olunan 09 iyul 2009-cu il tarixli Qərarında həmçinin göstərilmişdir ki,«Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014- cü il tarixli Qərarında göstərilmişdir ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Yuxarıda da qeyd olunduğu kimi Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğvi anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərərvə əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi Məhkəmə Bankın tələb etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 13,8% (on üç tam onda səkkiz faiz) dərəcəsi ilə hesablanmış 11748,49 (on bir min yeddi yüz qırx səkkiz manat 49 qəpik) manat məbləğində əldən çıxmış faydanın əvəzini təmin etməməklə yuxarıda göstərilən hüquqi aktların tələblərini pozmuşdur. Məhkəmə zərərə (əldən çıxmış faydaya) münasibətdə Bankın iddiasının rədd edilməli olması qənaətinə gələrkən dolayısı ilə hesab etmişdir ki, Bankın həmin tələbi Kredit müqaviləsinə əsaslanır. Beləki, Qətnamənin 5-ci səhifəsinin 1-ci abzasında Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 48-ci maddəsinə əsasən qeyd etmişdir ki, əsas öhdəliyə xitam verildikdə ipotekaya da xitam verilir. Halbuki, Bankın sözügedən tələbi yuxarıda qeyd olunanlardan aydın olduğu kimi Kredit müqaviləsinə deyil, qanuna əsaslanır. Belə ki, MM-nin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə də Bankın zərərlə (əldən çıxmış fayda ilə) bağlı tələbi əsas öhdəliyə xitam verilib-verilməməsindən asılı olmayaraq təmin edilməli idi. Qətnamənin 6-ci səhifəsinin 3-cü abzasında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi şəxs, məhkəmə qərarının icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqavilə münasibətlərinə xitam verildiyindən həmin şəxs pul öhdəliyinin icrasına görə MM-in 449.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti daşımır.” Məhkəmə gəldiyi bu nəticəni əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449cu maddəsinin bəzi müddəalarının şərholunmasına dair» 09 iyul 2009-cu il tarixli qərarında ifadə edilmiş yuxarıda bəhs olunan mövqeyinə istinad etmiş, lakin bunun üçün mühüm əhəmiyyət kəsb edən halı, yəni Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)- 5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra mənzillərin onların mülkiyyətçiləri və sonuncuların ailə üzvləri tərəfindən könüllü olaraq Banka təhvil verilibverilmədiyini aydınlaşdırmamışdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında ifadə edilmiş hüquqi mövqeyə görə borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icra edilmiş hesab olunması və buna görə tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verilməsi üçün ipoteka ilə yüklü edilmiş əmlak öhdəliyin icra olunması məqsədilə ipoteka qoyan və onun ailə üzvləri tərəfindən könüllü olaraq banka təhvil verilməlidir. Hazırkı halda isə ipoteka predmeti qismində çıxış etmiş mənzillər Banka təhvil verilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verib bildirmişdir ki, iddiaçı bankdan krediti onun qardaşı Cavabdeh2 götürsə də, o kredit götürdükdən bir müddət sonra ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bununla yanaşı ödənişləri o davam etdirmiş, lakin öhdəliyi lazımı qaydada icra edə bilməmişdir. Bundan sonra bank onlara qarşı məhkəmədə iddia qaldırmış və qətnmə çıxmışdır. Lakin, həmin qətnamə ilə razılaşmadıqlarından apellyasiya şikayəti vermişlər. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra isə qətnamə ilə müəyyən edilmiş borc məbləğini tam olaraq ödəmişdir. Bundan sonra iddiaçı bank ipoteka predmetlərindən ikisini ipotekadan azad etsə də əlavə faiz ödənilməli əsası ilə hazırkı iş üzrə olan ipoteka predemtini ipotekadan azad etməmişdir. Şikayətin dəlillərini əsassız hesab edir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 09 iyul 2009-cu il tarixli qərarı:

Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)- 5/2019 nömrəli qətnaməsindən göründüyü kimi həmin tələbə Bərdə Rayon Məhkəməsində baxılarkən iddiaçı prossesual hüququndan istifadə edərək iddia tələbinin həcminin bir neçə artırılması barədə ərizə vermişdir. Birinci instansiya məhkəməsində icraat 07 noyabr 2019cu il tarixdə qətnamə çıxarılmaqla başa çatmışdır. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair son ərizənin verdiyi tarixdən, yəni xx.xx.2019-cu il tarixdən başlayaraq qətnamədə göstərilən pul məbləği tam ödənildiyi və bununla da qətnamənin icra olunduğu xx.xx.2022-ci il tarixədək olan dövrə aid faiz, əldən çıxmış fayda və cərimə hesablayaraq cəmi 24518.60 manat borc müəyyən etmişdir. Əvvəlki tələbindən fərqli olaraq iddiaçı hazırkı tələbdə pul tələb etmir və hesablanmış məbləğin ipoteka predmeti olan Bərdə şəhərində yerləşən yaşayış evinə yönəldildilməsini və həmin əmlakın açıq hərracda satılmasını tələb edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48ci maddəsinə əsasən isə əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı məhkəmədə iddia tələbini irəli sürdüyü xx.xx.2019-cu il tarixdən həmin iş üzrə qətnamənin icra olunduğu xx.xx.2022-ci il tarixə qədər olan müddəti öhdəliyin borclu tərəfindən gecikdirilmiş dövrü sayır. İddia tələbinin əsaslandırılmasından belə görünür ki, ərizənin məhkəməyə təqdim edildiyi gündən sonra cavabdeh ərizədə göstərilən tələbi dərhal yerinə yetirmiş olsa idi, hazırkı tələb də yaranmazdı. Məhkəmə bununla qeyd edir ki, iddiaçının gecikdirimiş hesab etdiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan zaman kəsiyində olan prosseslərdən məlum olduğu kimi öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsindən həm "xxxx" ASC, həm də cavabdeh tərəf prossesual hüquqlarından istifadə edərək apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən isə "xxxx" ASC kassasiya şikayəti vermişdir. Həmin şikayətə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2022-ci il tarixdə baxılaraq şikayət əsassız sayılmışdır. Bundan sonra qətnamə icra olunmuşdur. Belə olan vəziyyətdə borclunun təqsiri istisna olunur. Təqsir olmadığı halda isə məsuliyyət yaranmır. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə münasibətlərə xitam verildiyindən, əsas öhdəliyin xitamı ipoteka müqaviləsinin də xitamına səbəb olduğundan, həmçinin iddiaçının tələbi əsasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin ödənilməsindən boyun qaçırıması və onun gecikdirilməsi halları olmadığından tələb əsaslı sayılmır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçının cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinin Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsi qəbul edildikdən sonra boşaldılmaması və könüllü olaraq Banka təhvil verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)- 5/2019 nömrəli qətnaməsindən cavabdehlə yanaşı, iddiaçı qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən də apellyasiya şikayəti verilmişdir ki, icraya yönəlməmiş məhkəmə qətnaməsi üzrə cavabdehlərin ipoteka predmetlərini boşaldaraq iddiaçıya təhvil verməli olması ilə bağlı iddiaçının dəlili əsassız olmaqla, anlaşılan da olmamışdır. Hərçənd ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449–cu maddələrinin bəzi müddəalarının şərh edilməsi”nə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilən hüquqi mövqe də məhz «Məhkəmə qərarlarının icrası haqqında» (hazırda “İcra haqqında”) Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmayan borclu şəxsin Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsini istisna etmişdir. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələblərininin pozulması ilə bağlı apellyasiya şikayətinin dəlililinə münaibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhədliyin icrası müddəti 06 sentyabr 2016-cı il tarixədək şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən iddiaçının kredit müqaviləsi üzrə cavabdehlərə qarşı iddia irəli sürməsi ilə və Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli, 2(021)-5/2019 nömrəli qətnaməsinin çıxarılması nəticəsində tərəflər arasında bağlanmış kredit müqaviləsinə xitam verilmişdir ki, həmin müqavilənin 2.3-cü bəndinə istinad etməklə, iddiaçının ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) (32%-17%=15%) dərəcəsi ilə hesablanan penya tələb etməsi də əsassız olmuşdur. Həmçinin, hazırkı penya tələbi müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb olmamışdır. Məhkəmə kollegiyası qətnamə ilə qət edilmiş pul məbləğinin ödənilməsinin gecikdirilməsi və buna müvafiq olaraq da əldən çıxmış fayda qismində zərər tələbinə münasibətdə isə birinci instansiya məhkəməsinin əsaslandırması il tam razılaşaraq qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən, ən əsası isə "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmiş, daha sonra isə Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qətnaməsindən isə "xxxx" ASC kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, yalnız bundan sonra qətnamə icraya yönəlmişdir ki, icraya yönədlikdən qısa müddət ərzində isə cavabdeh tərəfindən qətnamə tam olaraq icra olunmuşdur. Buna görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan müddət ərzində pul öhdəliyin borclunun təqsiri nəticəsində gecikməsi halı baş verməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-68/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar