Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-263/2025 01.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiası, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddiası iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra – cavabdeh(lər)) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı “kredit razılaşmasına əlavələrin etibarsız hesab edilməsi, faizlərin və cərimələrin ləğv edilməsi, ödənilən məbləğin borca silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-78/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Cavabdeh1 (həmçinin – borcalan) ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən, illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək 250000 manat məbləğində krеdit хətti açılmışdır.
2. xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh3 və Cavabdeh2 030L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.
3. xx.xx.2019-cu il tarixli 030M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi 030L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən borclunun öhdəliklərinin icrası məqsədi ilə iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və tərəflərin razılığına əsasən ipoteka predmetinin dəyəri-ilkin satış qiyməti 37600 manat müəyyən edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evi üzərində iddiaçının ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır.
5. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə iddiaçı ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** nömrəli krеdit razılaşmasına əsasən, borcalana 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit verilmişdir.
6. xx.xx.2020-ci il tarixli 030R**********S nömrəli sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 14 yanvar 2020-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 32224,33 manat aylıq faiz dərəcəsi 0.8333% olaraq banka ödəməlidir.
7. xx.xx.2020-ci il tarixli 030R**********SA nömrəli sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 25 noyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 30700,67 manat aylıq faiz dərəcəsi 1.75% olaraq banka ödəməlidir.
8. xx.xx.2022-ci il tarixli 030R**********SB nömrəli sazişdən və ödəniş planından görünür ki, bank ilə kredit alan arasında 11 mart 2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə 29 iyul 2019-cu il tarixdə bağlanmış kredit razılaşması üzrə kredit alan kreditin qalığını, hesablanmış faizləri 25 avqust 2022-ci il tarixli ödəniş planına uyğun olaraq, restrukturizasiya məbləği 16017,81 manat aylıq faiz dərəcəsi 1.75% olaraq banka ödəməlidir. Ödəniş planına əsasən sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir.
9. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/9632 nömrəli rəyinə əsasən, xx.xx.2019-cu il tarixli 030R********** nömrəli kredit razılaşması üzrə müqavilə müddəti bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11423,86 manat, faiz borcu üzrə 1006,25 manat təşkil edir. Xidmətin qiyməti 100 manat müəyyən edilmişdir.
10. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 180/AB/24 nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80000 manat, likvid qiyməti 70000 manat təşkil edir. Xidmət haqqı ümumilidə 350 manat qeyd edilmişdir.
11. İddiaçı xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə cavabdehlərə müraciət edərək borcun ödənilməsini tələb etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 030R********** nömrəli krеdit razılaşması üzrə 10999,95 manat krеdit bоrcu, 3040,45 manat faiz bоrcu və 768,46 manat cərimə borcu olmaqla ümumilikdə 14908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən borcun Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarasınını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030L**********41 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 250000 manat məbləğində krеdit хətti açılmışdır. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030R********** nömrəli krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 030R**********S saylı, xx.xx.2020-ci il tarixli 030R**********SA nömrəli və xx.xx.2022-ci il tarixli 030R**********SB nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 24000,05 manat ödəmiş, onun 10999,95 manat məbləğində kredit borcu qalmışdır. Kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 396 gün üçün hesablanmış faiz borcu 3040,45 manat, hеsablanmış cərimə borcu 768,46 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 030M**********01 nömrəli ipoteka müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 0.0105 ha torpaq sahəsi və üzərində yerləşən 82.9 m ümumisahədən ibarət fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
14. Bundan sonra Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** nömrəli kredit razılaşmasına edilmiş xx.xx.2020-ci il tarixli 030R**********9S saylı, xx.xx.2019-cu il tarixli 030R**********SA nömrəli və xx.xx.2022-ci il tarixli 030R**********SB nömrəli əlavələrin etibarsız hesab edilməsi, fors-major baş verdiyi xx.xx.2019-cu il tarixdən sonra hesablanmış (müqavilənin müddəti bitənədək və eləcə də bitdikdən sonra) bütün faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş pul məbləğlərinin xx.xx.2019-cu il tarixli 030R********** nömrəli razılaşması üzrə əsas borca və fors-majorun baş verdiyi xx.xx.2019-cu il tarixədək hesablanmış faizlərə aid edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, götürülmüş kredit üzrə ümumilikdə 24000,05 manat ödəniş edilmiş, 10999,93 manat borc qalmışdır. Bundan əlavə faiz borcu gecikdirilmiş 396 günə görə hesablanmaqla 3040,45 manat təşkil edir. Daha sonra iddiaçı zaminlik və ipoteka müqavilələrinin müvafiq bəndlərinə istinad edərək tələbini əsaslandırmağa çalışmışdır. İddia ərizəsində istinad etdiyi halların heç bir hüquqi və faktiki əsası yoxdur. Çünki bank ədalətsiz yanaşma sərgiləməklə yanaşı, ondan şişirdilmiş borc məbləği tələb etmiş, forsmajorla (qarşısıalınmaz qüvvə) bağlı hallara heç bir əhəmiyyət verməmiş, faizlərin hesablanmasını dayandırmamış, əksinə mövcud krediti restrukturizasiya etməklə ondan daha da artıq faizlər tələb etmiş, bununla da qanunvericiliyin və müqavilənin müvafiq şərtlərini pozmuşdur. Belə ki, kredit xx.xx.2019-cu il tarixli uzunmüddətli kredit müqaviləsinin əsasında verilmişdir. xx.xx.2019-cu il tarixli müqavilə, eləcə də onun əlavələri isə həmin müqavilənin tərkib hissəsi hesab olunur. Çünki bütün zaminlik və girov müqavilələri onu aldatmaqla məhz 120 ay müddətinə bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə şamil edilir. Həmin uzunmüddətli kredit müqaviləsi bağlanarkən eyni zamanda kredit razılaşması da bağlamış, həmin razılaşmaya əsasən 15000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit tam şəkildə ödənildiyi üçün iddiaçı iddiada heç bir məlumat qeyd etməmişdir. xx.xx.2019-cu il tarixli kredit razılaşmasına əsasən götürdüyü 35000 manat kredit üzrə tərəfindən ümumilikdə 39763,94 manat ödəniş olunduğuna baxmayaraq bank ərizəsinə əsasən hələ də 10999,95 manat əsas, 3040,45 manat faiz borcu qalmaqdadır. Tələb olunan məbləğləri də ödəyərsə o zaman 35000 manat kreditə görə banka 53804,34 manat ödəməli olacaqdır ki, bu nə ədalətli, nə də qanunidir. Qarşılıqlı iddia üzrə cavabdehin qeyd etdiyi kimi ödədiyi 39763,94 manat puldan 24000,05 manat əsas borca silinsə də qalan 15763,89 manat isə faiz borcuna silinmişdir. Bu yetmədiyi kimi cavabdeh ondan yenə də 3040,05 manat tələb edir. Qeyd edilənlərdən əlavə olaraq iddia tələbinin qanunsuz və əsassız olmasının başqa bir dəlili xx.xx.2019-cu il tarixdə kredit götürdükdən cəmi 4 ay sonra xx.xx.2019-cu ildə fors major baş verməsinə baxmayaraq, bank tərəfindən həmin dövrlər üzrə faiz hesablanmasının dayandırılmaması və krediti ödəmək öhdəliyindən azad edilməməyindən ibarətdir. Əksinə iddia ərizəsində də qeyd edildiyi kimi 3 dəfə ödəniş qrafikinə dəyişiklik edilməklə əsas borcun ödənişinə möhlət verilmişdir ki, bununla da əsas borcun ödənişi təxirə salındığı üçün əsas borca görə daha çox faiz hesablanmışdır. Belə ki, iddiaçının da bildirdiyi kimi sahibkarlıq fəaliyyəti göstərmişdir və fəaliyyəti əsasən elektrik malları satışından ibarət olmuşdur. Bir neçə il əvvəl baş vermiş yanğın olaylarında adı hallanan “Euro Home” ticarət mərkəzində yerləşən 79 nömrəli ticarət obyekti ona məxsus olmuş və həmin mağazada "Uğur Elektrik’' adı ilə yanğın baş verənədək fəaliyyət göstərmişdir. "Euro Home” ticarət mərkəzində 10 dekabr 2019-cu il tarixdə baş vermiş dəhşətli yanğın bir çox sahibkar kimi onu da həm mənəvi, həm maddi cəhətdən sarsıtmış, bütün maddi aktivlərini, qazancını illərlə işləyib topladığı və mal-materiallara verdiyi pulunu kül eləməklə yanaşı, ümidlərini də puç etmişdir. Hadisə baş verdikdən sonra FHN-nin Əməliyyat İstintaq idarəsi tərəfindən xeyli müddət istintaq aparılmış, “Euro Home” mərkəzinin bir neçə əməkdaşı həbs olunaraq barələrində cinayət hökmü çıxarılmışdır. Təbii ki, bunlar bütün sahibkarların və eləcə də onun zərərinin ödənilməsinə heç bir xeyri olmamışdır. Hadisə baş verdikdən sonra xeyli müddət bu hadisənin şokunu yaşamış və bunun ağır nəticələrini sonradan hiss etmişdir. AR FHN-nin Əməliyyat İstintaq İdarəsi tərəfindən xx.xx.2019-cu it tarixdə ona arayış təqdim edilmişdir və arayışda qeyd edilmişdir ki, “...arayış Cavabdeh1 ona görə verilir ki, həqiqətən də xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi İ ünvanında yerləşən “Euro Home” ticarət mərkəzində vermiş yanğın nəticəsində ona məxsus olan 79 nömrəli "Uğur Elektrik” adlı mağaza içərisindəki mallarla birlikdə yanaraq məhv olmuşdur. Arayış “Access Bank”-ın Binəqədi rayon filialına təqdim edilmək üçün verilir...” Göründüyü kimi yanğın FHN-nin Əməliyyat İstintaq İdarəsinin verdiyi arayışda 2 fakt öz təsdiqini tapmışdır: "Euro-Home” ticarət mərkəzində yanğının baş verməsi faktı. Həmin yanğın hadisəsi zamanı “Euro-Home” ticarət mərkəzində yerləşən "Uğur Elektrik” adlı 79 nömrəli mağazanının içərisində mallarla birlikdə yanması faktı. İş materiallarına əlavə etdiyi arayışdan görünür ki, həqiqətən yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə və həmin hadisədə onun mağazasındakı malların yanması barədə səlahiyyətli dövlət orqanının rəsmi mövqeyi var. Belə ağır məşəqqətli bir ərəfədə bəs bank nə etmişdir? Bank isə bütün məsələləri, hadisələri, hadisə barədə onlara verdiyi arayışı görməzdən gələrək, fors majorla bağlı nə qanunvericiliyin, nə də işgüzar praktikanın tələblərinə əməl etməmiş, xx.xx.2020-ci il tarixli əlavədə (030R**********S nömrəli dəyişiklik) əsas borcun ödənişinə 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq edilmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla daha çox faiz hesablanmışdır. Yəni əgər əsas borcun ödənişi aybay azalsa idi o zaman azalan əsas borca görə daha az faiz ödəməli olacaqdır. Bank əməkdaşları isə guya özünü humanist kimi göstərərək ona yardım etmiş və əslində isə onu maddi cəhətdən daha ağır və daha əlverişsiz vəziyyətə salmışdır. Bundan əlavə bank onun gecikən faizlərini əsas borcunun qalığı ilə toplamaqla 32224,33 manat restrukturizasiya məbləği müəyyən etmiş və həmin məbləğə xx.xx.2020-ci il tarixədək aylıq 0,8333 faiz hesablamışdır. Sonrakı iki dəyişikliklər də (xx.xx.2020-ci il tarixli 030R**********SA nömrəli və xx.xx.2022-ci il tarix 030R**********SB nömrəli əlavələr) yalnız bankın mənafeyinə xidmət etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli dəyişiklikdə həmin tarixdə gecikmədə olan faizlər əsas borcun qalığı ilə toplanmaqla 30700,67 manat məbləğində restrukturizasiya məbləği müəyyən edilmiş və həmin məbləğə aylıq 1,75 faiz dərrəcəsi (illik 21 faiz) ilə xx.xx.2022-ci il tarixədək faiz hesablamışdır. Daha sonra xx.xx.2022-ci il dəyişikliyə əsasən həmin kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla krediti restrukturizasiya etmiş, 16017,81 manat məbləğ müəyyən edərək aylıq 1,75 faiz (illik 21 faiz) ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablanmışdır. Belə ki, bank ilk restrukturizasiyada əsas borcun ödənişinə 5 ay möhlət verməklə və gecikən faizləri əsas borcun qalığı ilə toplamaqla, sonrakı restrukturizasiyalarda isə gecikən faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onu əlverişsiz ağır vəziyyətə salmışdır. Onun hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə krediti götürdüyü tarixdən (xx.xx.2019-cu il) təxminən dörd ay sonra baş vermiş yanğın (xx.xx.2019-cu il) səbəbindən bütün idarəetməni itirməyindən istifadə edərək onu açıqaçığına soymuş və bu əməli hələ də davam etdirmək niyyətindədir. Baş vermiş yanğın hadisəsi qarşısı alınmaz qüvvənin nəticəsində baş vermiş hadisə hesab edilməklə, onun nəticələrini aradan qaldırılmasınadək borclunu öhdəliklərin icrasından azad edir. Mülki Məcəllədə konkret olaraq fors-majorla bağlı tənzimləmə olmasa da ayrı-ayrı normativ aktlarda bununla bağlı analoji hesab edilən normalar vardır.
16. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminliyə xitam verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2019-cu il tarixli 030R********** nömrəli kredit razılaşması üzrə 10999,95 manat kredit borcu, 3040,45 manat faiz borcu və 768,46 manat cərimə borcu omaqla, cəmi 14908,87 manat borcun, 134,73 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilmsəi üçün ödənilmiş 15 manat rüsumun və 36 manat xidmət haqqının onlardan tutulması hissəsində iddiaya müddət təbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, onlar iş üzrə zamindir və xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlamışlar. Hazırda iş məhkəmənin icraatında olduğu dövrdə ona məlum olmuşdur ki, borcalanla bank kredit razılaşmasına xx.xx.2020-ci il tarixdə (030R**********S nömrəli dəyişiklik) edərək əsas borcun 5 ay möhlət verməklə, həmin ərəfədə yalnız faizlərin ödənişini nəzərdə tutan ödəniş planı təsdiq etmişdir. Bununla da 5 ay ərzində əsas borc dəyişməz olaraq qalmaqla yanaşı daha çox faiz hesablamış, onları əlverişsiz vəziyyətə salaraq, vəziyyətlərini ağırlaşdırmışdır. Başqa sözlə əsas borca möhlət verilməsə, ödənilən ödənişlər əsas borcdan silinər və həmin ödənilmiş əsas borcun hissəsi faiz hesablamazdı. Bank tərəfindən isə ədalətsiz şəkildə addım atılmaqla onsuz da ödənişdə çətinliyin olduğu kreditin əsas borcuna möhlət verməklə bağlı qrafik təsdiq etmiş, bununla da onlardan artıq faiz almışdır. Bundan sonra Bank xx.xx.2020-ci il tarixdə (030R**********SA nömrəli dəyişiklik) həmçinin xx.xx.2022-ci il tarixdə etdiyi dəyişikliyə əsasən gecikmədə olan faizləri əsas borcun qalığı ilə toplamış, 30700,67 manat məbləğində restrukturizasıya məbləği müəyyən edilmiş, bu məbləği əsas məbləğ kimi göstərməklə, həmin məbləğə görə növbəti dəyişikliyin edildiyi tarixədək aylıq 1,75 faiz dərəcəsi ilə faiz hesablamışdır. Növbəti dəyişikliyin edildiyi, xx.xx.2022-ci il tarixdə yenə də kredit üzrə faizləri əsas borcun qalığı ilə toplamaqla, onu restrukturizasiya etmiş, borcun qalığını süni şəkildə şişirtməklə 16017,81 manat məbləğ müəyyən etmiş, bu məbləğə aylıq 1,75 faiz ilə məhkəməyə müraciət edildiyi tarixədək faiz hesablamışdır. Buna görə də iddiaçı birinci dəyişiklik zamanı əsas borcun ödənişinə 5 ay möhlət verməklə, eləcə də əsas borcun qalığı ilə gecikən faizləri toplamaqla, sonrakı restrukturizasiya isə gecikən, faizi əsas borcun qalığı ilə toplayaraq həmin məbləğdə faizlər hesablamaqla, onları ağır və əlverişsiz vəziyyətə salmışdır. Bütün bunlar borcalanın hüquqi və iqtisadi savadının olmamasından, həmin ərəfədə baş vermiş yanğın səbəbindən borcalanın psixoloji vəziyyətinin pis olması ilə əlaqədar Bankın sui-istifadə etməsi ilə bağlı olmuşdur. Zamin olaraq bu dəyişikliklər onun üçün əlverişsiz vəziyyət yaratdığına, vəziyyətlərini ağırlaşdırdığına görə hər ikisinin 26 sentyabr 2022-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməlidir.
18. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
19. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
20. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-78/2025 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyeva) ilə, ilk iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 iyul 2019-cu il tarixli 030R********** nömrəli krеdit razılaşması üzrə 10999 manat 95 qəpik krеdit bоrcu, 1006 manat 25 qəpik faiz bоrcu və 400 manat cərimə borcu olmaqla ümumilikdə 12406 (on iki min dörd yüz altı) manat 20 (iyirmi) qəpik borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat rüsum və 36 (otuz altı) manat xidmət haqqı müştərək qaydada cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evi açıq hərracdan satılması və fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 (üç yüz əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ013501**********2944, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə cərimə azaldılaraq 400 manat müəyyən edilməlidir.
22. Məhkəmə eyni zamanda digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, onlar uzunmüddətli kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğini və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyırlar.
23. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi üçün isə işdə hər hansı əsas yoxdur.
24. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit razılaşmaları üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında onunla birlikdə məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi üçün isə işdə hər hansı əsas yoxdur. Belə ki, zaminlər bankla uzunmüddətli kredit müqaviləsi çərçivəsində, məbləğ, faiz dərəcəsi və müddətlə bağlı razılaşmış və borclunun həmin uzunmüddətli kredit müqaviləsi üzrə götürəcəyi kreditlərin ödənilməsinə görə kredit alanla birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit razılaşması və ona əlavələr də həmin uzunmüddətli kredit müqaviləsi əsasında və həmin çərçivədə bağlanmışdır.
25. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, tələb üzrə tutma ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçıya ödənilməli, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdеhlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır.
26. Həmçinin, iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030R********** nömrəli kredit razılaşmasına edilmiş xx.xx.2020-ci il tarixli 030R**********9S saylı, xx.xx.2019-cu il tarixli 030R**********SA nömrəli və xx.xx.2022-ci il tarixli 030R**********SB nömrəli əlavələrin etibarsız hesab edilməsi, forsmajor baş verdiyi xx.xx.2019-cu il tarixdən sonra hesablanmış (müqavilənin müddəti bitənədək və eləcə də bitdikdən sonra) bütün faizlərin və cərimələrin ləğv edilməsi, ödənilmiş pul məbləğlərinin xx.xx.2019-cu il tarixli 030R********** nömrəli razılaşması üzrə əsas borca və fors-majorun baş verdiyi xx.xx.2019-cu il tarixədək hesablanmış faizlərə aid edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Belə ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması və kredit razılaşmalarına bağlanmış əlavələr qanunvericiliyin tələblərinə uyğun şəkildə, tərəflərin iradəsi əsasında bağlanıb və həmin əqdlərin etibarsız hesab edilməsini şərtləndirən hallar mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331-336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün müqavilənin məcburi qaydada bağlanması, aldatma, zor tətbiqi, hüquqi şəxsin və ya vətəndaşın iradə azadlığının pozulması, yaxud qanunla qadağan edilmiş məqsədlər üçün bağlanması kimi hallar olmalıdır.
28. İş materiallarından və tərəflərin izahatlarından belə nəticəyə gəlinir ki, qarşılıqlı iddia üzrə iddiaçının irəli sürdüyü arqumentlər bu hallardan heç birinə əsaslanmır və müqavilənin etibarsızlığı üçün hüquqi əsas yaratmır.
29. Nəticə etibarilə, iddianın təmin edilməməsi və müqavilənin qüvvədə saxlanması mülki dövriyyənin sabitliyi, müqavilə azadlığı və hüquqi münasibətlərin qorunması prinsiplərinə tam uyğun hesab olunur. Beləliklə, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
30. Bundan başqa tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində və ya kredit razılaşmasında fors-major halları ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddiaçı əmlakının yanğın nəticəsində məhv olduğunu, bu halın bank tərəfindən fors-major halı kimi qiymətləndirilməli olması, ona güzəşt olunmasını qeyd etsə də cavabdehin əmlakında yanğının baş verməsi nəticəsində əmlakın məhv olması götürülmüş kreditin və ya faizlərin ödənilməməsi üçün əsas ola bilməz.
31. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 4, 6, 269.1, 269.4, 319.1, 324.1, 337.1, 337.2, 385.1, 386.1, 389.1, 390.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 462.1, 467, 470.1 və 472.2-ci maddələrinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu 34.1.1-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
32. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-78/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
33. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, kredit razılaşmasına edilmiş əlavələrdə müddətin uzadılmasının nəzərdə tutulmamasını, həmin əlavələrə qoşulmuş ödəniş qrafikində isə ödənişlərin 2023-cü ilədək uzandığının nəzərdə tutulduğunu, bununla da iddiaçı bankın onu aldadaraq, faiz və əsas borcu toplayaraq restrukturizasiya etməklə yanaşı eyni zamanda kreditin müddətini də onun məlumatı olmadan uzatdığını qarşılıqlı iddia ərizəsində qeyd etmişdir. Dəlilini bu cür əsaslandırmış ki, iddiaçı bank kredit müqaviləsinə edilmiş əlavədə müddətin uzadılmasını göstərməməklə, onun diqqətini yayındırmış, onsuz da yanğın səbəbindən çox ağır psixoloji vəziyyətdə olmağından sui-istifadə edərək qrafiki öz istədiyi formada düzəldərək müqavilənin müddətini uzatmışdır. Bununla da əsassız olaraq, daha çox faiz tələb etməsinə hüquqi zəmin yaratmağa çalışmışdır. Çünki, AR Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə borc verən yalnız müqavilənin qüvvədə olduğu dövrdə hesablanmış faizləri tələb edə bilər, müqavilə müddəti bitdikdən sonra isə faizlər tələb edilə bilməzdi. Bank da bunu bildiyi üçün baş vermiş yanğın səbəbindən onsuz da ödəniş edə bilməyəcəyimi bildiyi üçün bu addımı atmışdır. Birinci instansiya məhkəməsi isə bu dəlilə əhəmiyyət verməmiş və heç bi araşdırma aparmamışdır. Bu cür böyük faciəvi və respublikaya səs salmış bir yanğın hadisəsi baş verib, digər sahibkarlarla yanaşı onun da mağazası yanaraq kül olub, o psixoloji olaraq necə sağlam qala bilərəm? Hər şeyi bir tərəfə qoyub, real olaraq bu vəziyyəti təsəvvür etsək, onun o andakı psixoloji vəziyyətimi başa düşmək çətin deyil. Məhkəmə qətnamənin 6-cı səhifəsində 1-ci və 8-ci abzasında kredit müqaviləsi üzrə faizlərə də dəbbə pulu ilə bağlı məsələyə toxunaraq, faizlərin tam dəbbə pulunun isə qismən tutulmasını əsaslı hesab etmişdir. Məhkəmə qanunsuz və əsassız olaraq, təqdim etdiyi sübutlara qiymət verməmişdir. Fors-majorla bağlı məsələyə toxunmamış, həmin vəziyyətin mövcud olubolmaması, mövcud olduğu təqdirdə faizlərə və dəbbə pulunun hesablanmalı olması, həmçinin fors-major mövcud olduğu, həmin fors-majorla bağlı olaraq faktiki olaraq biznesimin məhv olduğu açıq aşkar ortada olduğu və kredit öhdəliklərimi icra etmək iqtidarım olmadığı halda kredit limiti müqaviləsinə xx.xx.2020-ci il tarixli 030R**********SA nömrəli və xx.xx.2022-ci il tarixli, 030R**********SB nömrəli əlavələrin (dəyişikliklər) edilməsi hüquqi və faktiki cəhətdən düzgün olub-olmamasına qiymət verilməmişdir. O krediti məhz bu biznesin inkişafı, mal alıb mağazada satılması üçün götürmüşdür. “EuroHome” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində mağazasının yanaraq tamamilə məhv olması onun ödəniş qabiliyyətini tamamilə sıradan çıxartmışdır. Çünki onun başqa gəlir yeri, qazancı yoxdur. Bildirmək istəyir ki, mağazanın yanması ilə bağlı ona sığorta pulu da verilməmişdir. Hesab edir ki, məhkəmə qətnaməni qanuni və əsaslı dəlillərə kifayət qədər əsaslandıra, sübutları düzgün qiymətləndirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddianı sübut edəcək heç bir sənəd yoxdur. Eyni zamanda məhkəmə təqdim etdiyimiz sübutlara düzgün hüquqi qiymət verməməklə, prosessual pozuntuya yol vermişdir. Məhkəmə qətnamənin 9-cu səhifəsində 2-ci abzasında qeyd etmişdir ki, “İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə idddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir”. Daha sonra Məhkəmə MPM-nin bir sıra maddələrinə istinad etsə də niyə görə bu qənaətə gəlməsini açıqlamamışdır. Həm fors-major faktoru, həm yanğınla bağlı həminki andakı pxisoloji gərginliyinin olması, bankın isə bundan istifadə edərəkən əlverişsiz şərtlərlə (müddəti uzatmaqla daha çox faiz hesablaması) müqavilə bağlamasına dair dəlillər tələbimi əsaslandırmaq üçün yetərli olduğu halda, məhkəmənin əks qənaətə gəlməsinə dair təhlili demək olar ki yoxdur. Məhkəmə qanunun maddələrinə və KM-nin qərarlarına istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da həmin normaların onun dəlillərimi təkzib etməsi ilə nə kimi əlaqəsinin olmasını tövsifedə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərdi ki, iddiaçı olan bankla iki kredit müqaviləsi bağlanmışdır. 15.000 manat və 35.000 manat məbləğində kreditlər olmuşdur. 15.000 manat məbləğində olan borcdan ödənişlər edərək bağlamış, 35.000 manat məbləğində kreditə münasibətdə isə 40.000 manatdan artıq pul ödəmişlər. Buna görə də onların hazırda banka borcu qalmamışdır. Həmçinin, kredit götürdükdən sonra “EuroHome” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində mağazası yanaraq tamamilə məhv olmuş, buna görə də fors-major hal olaraq ödənişləri ödəyə bilməmişdir. Belə ki, kredit razılaşmasına edilmiş əlavələrdə müddətin uzadılmasının nəzərdə tutulmamasını, həmin əlavələrə qoşulmuş ödəniş qrafikində isə ödənişlərin 2023-cü ilədək uzandığının nəzərdə tutulduğunu, bununla da iddiaçı bankın onları aldadaraq, faiz və əsas borcu toplayaraq restrukturizasiya etməklə yanaşı eyni zamanda kreditin müddətini də onun məlumatı olmadan uzatmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində keçirilmiş qiylmətləndirmə ekspertizası zamanı ipoteka predmeti olan əmlaka aşağı qiymət qoyulmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
36. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.
37. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
38. Maddə 60, hissə İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
İnsan Hüquqlarının və X4 X3
39. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
42. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
43. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
44. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.
45. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
46. Maddə 317. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
47. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
52. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
53. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
54. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
55. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
56. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
57. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
58. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
59. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
60. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
61. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
62. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
63. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır.
64. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
65. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
66. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
67. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
68. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
69. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur.
70. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
71. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
72. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi. 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
73. Maddə 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı
74. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
75. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
76. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018ci il tarixli Qərarı
77. ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı
78. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
79. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
82. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
84. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
85. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
86. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
87. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
88. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
89. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
90. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
91. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
92. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
93. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
94. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
95. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh1 qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, qətnamənin ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissələrində mübahisələndirir. İlk iddianın təmin edilməmiş hissəsi isə onun mənafeyinə toxunmur. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını ilk iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın rədd edilmiş hissələrində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
96. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
97. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
98. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-206/2025 nömrəli qətnaməsi – ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır.
99. Belə ki, işin halları ondan ibarətdir ki, kreditor olan iddiaçı ilə borcalan Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış uzunmüddətli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək 250000 manat məbləğində kredit xətti açılmış, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış krеdit razılaşması əsasında borcalan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35000 manat məbləğində krеdit verilməsi nəzərdə tutulmuş, tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli sazişlərlə restrukturizasiya məbləği və faiz məbləği razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və tərəflər arasında müqavilə münasibətlərinin son tarixi olaraq ödənişin sonuncu tarixi olan xx.xx.2023-cü il tarix müəyyən edilmişdir.
100. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəllərini pozmuşdur. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2019-cu il tarixli krеdit razılaşması üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə ekspert rəyinə əsasən əsas borc üzrə 11423,86 manat, faiz borcu üzrə 1006,25 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
101. Məhkəmənin qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit, zaminlik və ipoteka ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borcla və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.
102. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
103. İddia tələbinin kökündə tələb etmənin əsası kredit, zaminlik və ipoteka müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan və zaminlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.
104. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır.
105. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
106. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
107. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər.
108. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
109. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
110. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
111. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır.
112. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
113. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
114. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (müqavilə bağlanan zaman qüvvədə olan redaksiya).
115. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan xx.xx.2019-cu il tarixli 030L**********41 nömrəli uzunmüddətli “kredit” müqaviləsi Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlanmış və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, Cavabdeh1 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.
116. Bundan sonra xx.xx.2019-cu il tarixli 030L**********41 nömrəli uzunmüddətli “kredit” müqaviləsi üzrə kredit razılaşması və müqavilənin müddəti və ödəniş qaydasına dəyişikliklər edilmişdir.
117. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.
118. Məhkəmə qeyd edir ki, borc məbləğinin düzgün müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin xx.xx.2025-ci il tarixli 9/9632 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2019cu il tarixli 030R********** nömrəli kredit razılaşması üzrə kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə əsas borc üzrə 11423,86 manat, faiz borcu üzrə 1006,25 manat təşkil edir.
119. Məhkəmə Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.
120. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.
121. Məhkəmə rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də birinci instansiya məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə olan faiz borcunu ekspert rəyinə uyğun olaraq müəyyən etmişdir.
122. Eyni zamanda məhkəmə ekspert rəyində əsas borc məbləğləğinin tələb olunan həddən çox göstərilməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan əsas borcun məbləği iddia tələbində qeyd olunan həcmdə müəyyən edilməlməklə düzgün nəticəyə gəlinmişdir. Çünki, MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
123. Beləliklə birinci instansiyası məhkəməsinin ekspert rəyində göstərilən 11423,86 manat əsas borcun deyil, iddia həddində 10999,95 manat məbləğində olan əsas borcun tutulmasında haqlı olmuşdur.
124. Cavabdehlərdən faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
125. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
126. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
127. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
128. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
129. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
130. Məhkəm qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş və həmin tarixə ekspert rəyinə əsasən borcalanın 1006,25 manat faiz borcu olmuşdur. Müqavilə müddəti bitdikdən sonra isə müqaviləyə istinadən faiz borcunun hesablanmasının qanuni əsası olmadığından birinci instansiyası məhkəməsinin faiz borcunu rəydə göstərilən məbləğdə tutulmasında olan mövqeyi qanuni olmuşdur.
131. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissəsində də gəldiyi nəticəni əsaslıdır.
132. Belə ki, cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
133. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
134. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
135. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
136. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
137. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
138. Həmçinin, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir və iddiaçı kredit borcunun ödənilməməsinə baxmayaraq borcun tutulması üçün tədbirlər görməmiş dəbbə pulunun artmasına şərait yaratmışdır. İddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə dəbbə pulunun artmasına olan iddiaçının təqsirini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlməkdə və cərimə borcunun 400 manat həddində müəyyən etməkdə haqlı olmuşdur.
139. Bunlardan başqa müəyyən edildiyi kimi, borcalanın öhdəliyinin təminatı olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.
140. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
141. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
142. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır.
143. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
144. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamin olan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tutulması da əsaslıdır.
145. Zaminlər birinci instansiyası məhkəməsinə zaminliyə xitam verilməsi ilə bağlı ərizələr vermişlər. Lakin qeyd olunmalıdır ki, zaminlik müddəti iddia müddəti deyil kəsiçi müddətdir ki, kəsiçi müddətin tətbiq edilməsi ilə bağlı ərizənin verilməsinə zərurət yoxdur.
146. Belə ki, hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edildiyi kimi, kəsiçi müddətlərin ötməsi nəticəsində iddiaçı tələb irəli sürmək hüququnu itirir və belə olan halda tələb hüququ mövcud olmur.
147. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı ilə borcalan arasında xx.xx.2019-cu il tarixdə illik faiz dərəcəsi 28% olmaqla 120 ay müddətinə, xx.xx.2029-cu il tarixədək 250000 manat məbləğinə dair 030L**********41 nömrəli uzunmüddətli krеdit хətti müqaviləsi bağlanmış və sonrakı kredit razılaşması məhz uzunmüddətli kredit xətti müqaviləsi əsasında bağlanmışdır.
148. Zaminlər uzunmüddətli kredit xətti müqaviləsi üzrə zaminliyi üzərlərinə götürmüş və hazırda həmin müqavilənin müddəti bitməmişdir.
149. Zaminliyə xitam verilməsinin əsasları isə Mülki Məcəllənin 477-ci madddəsində nəzərdə tutulmuş və hazırki vəziyyətdə 477-ci maddədə sadalanan əsaslar mövcud olmamaqla zaminə qarşı tələbin irəli sürülməsi üçün müəyyən edilmiş müddətlər də ötürülməmişdir.
150. Bu səbəbdən də birinci instansiyası məhkəməsinin borcun zaminlərdən də tutulmalı olmasına dair mövqeyi qanuni olmuşdur.
151. Bundan başqa məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, işin bu halları tutmanın borcalana məxsus ipoteka predmetinə yönəldilməsi üçün də əsasdır.
152. Çünki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 1.0.6-cı maddəsinə görə ipoteka hüququ borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
153. Həmin Qanunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi anlarıdır.
154. Yuxarıda göstərildiyi kimi, məhkəmədə müəyyən edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmişdir.
155. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
156. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsində göstərilmişdir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər.
157. 39.3.2-ci və 39.3.3-cü maddələrinin tələbinə əsasən, məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir.
158. Qanunun bu göstərişi imperativ xarakterlidir və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qərar çıxararkən hər bir halda məhkəmə qətnamədə ipotekanın ilkin satış qiymətini qətnamədə göstərməyə borcludur.
159. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 180/AB/24 nömrəli rəyə əsasən, ünvan 1 ünvanında istifadədə olan 0.0105 ha torpaq sahəsində yerləşən Cavabdeh1 mülkiyyətində olan 82.9 m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar qiyməti 80000 manat, likvid qiyməti 70000 manat təşkil etmişdir.
160. Birinci instansiya məhkəməsi qeyd edilən mütəxəssis rəyinə əsaslanaraq, mübahisəli ipoteka predmetinin ilkin satış qiymətini 70.000 manat məbləğində müəyyən etmişdir.
161. Qarşılıqlı iddia üzrə apellyasiya şikayətində iddiaçı tərəfindən əsasən aşağıdakı hallar irəli sürülmüşdür: – kredit razılaşmasına edilmiş əlavələrdə müddətin uzadılmasının açıq şəkildə göstərilməməsi, lakin ödəniş qrafikində ödənişlərin 2023-cü ilədək davam etməsinin nəzərdə tutulması; – bank tərəfindən kreditin restrukturizasiya edilməsi zamanı borcalanın psixoloji vəziyyətindən və fors-major şəraitindən sui-istifadə edilməsi; – baş vermiş yanğın hadisəsinin fors-major halı kimi qiymətləndirilməməsi; – müqavilə müddəti bitdikdən sonra faizlərin hesablanmasının Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə zidd olması; – birinci instansiya məhkəməsinin sübutlara lazımi hüquqi qiymət verməməsi.
162. Apellyasiya instansiya məhkəməsi göstərilən dəlilləri hərtərəfli araşdıraraq hesab edir ki, onlar qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır.
163. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasına sonradan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli yazılı əlavələr edilmiş, həmin əlavələr borcalan tərəfindən imzalanmış və icra olunmuşdur.
164. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1 və 390.1-ci maddələrinə əsasən, müqavilələr tərəflərin qarşılıqlı və azad iradə ifadəsi nəticəsində bağlanır və tərəflər müqavilə şərtlərini sərbəst müəyyən etmək hüququna malikdirlər.
165. Apellyasiya şikayətində göstərilən “müddətin gizli şəkildə uzadılması” iddiası iş materialları ilə təsdiqini tapmır. Belə ki, kredit razılaşmalarına edilmiş əlavələrə qoşulmuş ödəniş qrafikləri borcalana təqdim edilmiş, borcalan həmin qrafiklər üzrə ödənişlər həyata keçirmişdir. Bu isə onun müqavilə şərtləri ilə tanış olduğunu və razılaşdığını təsdiq edir.
166. Eyni zmaanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
167. Göründüyü kimi, tərəflər müqaviləyə yazılı şənədin tərtib edilməsi yolu dəyişikliklər etmiş və bu hal qanuna zidd olmamışdır.
168. Eyni zmanda qeyd edilməlidir ki, Mülki Məcəllənin 331–336-cı maddələrinə əsasən, müqavilənin etibarsız hesab edilməsi üçün aldatma, zor tətbiqi, hədə-qorxu və ya iradə azadlığını istisna edən digər hallar sübuta yetirilməlidir.
169. Qarşılıqlı iddiaçı, bank tərəfindən aldatmaya məruz qalmasını iddia etsə də, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Subyektiv psixoloji vəziyyətin mövcudluğu özü-özlüyündə müqavilənin etibarsızlığı üçün hüquqi əsas təşkil etmir.
170. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, əqdin etibarsızlığı yalnız iradə ifadəsinin formalaşmasına birbaşa təsir edən və sübut edilən hüquqa zidd halların mövcudluğu ilə mümkündür. Hazırkı iş üzrə belə hallar müəyyən edilməmişdir.
171. Məhkəmə hesab edir ki, yanğın hadisəsinin baş verməsi faktı özü-özlüyündə kredit öhdəliyinin icrasından azadolma və ya faizlərin avtomatik ləğvi üçün əsas deyildir.
172. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddələrinə əsasən, borclu risk dairəsinə daxil olan öhdəliklərin icra edilməməsinə görə cavabdehdir, əgər qanun və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa.
173. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış uzunmüddətli kredit müqaviləsində və ya kredit razılaşmasında fors-major halları ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Qarşılıqlı iddiaçı əmlakının yanğın nəticəsində məhv olduğunu, bu halın bank tərəfindən fors-major halı kimi qiymətləndirilməli olması, ona güzəşt olunmasını qeyd etsə də cavabdehin əmlakında yanğının baş verməsi nəticəsində əmlakın məhv olması götürülmüş kreditin və ya faizlərin ödənilməməsi üçün əsas deyildir və hər bir hüquqi və ya fiziki şəxs bu hallarla bağlı əmlakını sığorta etdirməkdə sərbəstdir.
174. Apellyasiya şikayətində Konstitusiya Məhkəməsinin faizlərin yalnız müqavilənin qüvvədə olduğu müddətdə tələb oluna bilməsinə dair hüquqi mövqeyinə istinad edilmişdir.
175. Lakin iş üzrə müəyyən edilmişdir ki, tərəflər arasında kredit münasibətləri sonradan bağlanmış əlavələrlə davam etmiş, kredit müqaviləsinin müddəti razılaşdırılmış qaydada uzadılmış və müqavilə qüvvədə olmuşdur. Bu səbəbdən faizlərin hesablanması müqavilənin qüvvədə olduğu dövrə aid olmuşdur və birinci instansiyası məhkəməsi tərəfindən borcun məbləğinə dair araşdırması məhz müqavilənin bitdiyi xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir.
176. Eyni zamanda iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin vaxtından əvvəl xitamına dair tərəflərin iradə ifadəsini əks etdirən yazışmalar da mövcud deyildir.
177. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən müqavilələrin etibarsızlığını, aldatma faktını, bankın sui-istifadəsini və faizlərin qanunsuz hesablanmasını təsdiq edən yetərli və mötəbər sübutlar təqdim edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab olunur. Habuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
178. Apellyator apellyasiya şikayətində iş üzrə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsini xahiş etmişdir.
179. Azərbaycan Respublikası MPM-in 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPMnin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi).
180. Baxılan işdə ekspert və qiymətləndirmə rəyləri kifayət qədər aydın və tamdır. Rəylərin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə tələbi formal və əsassızdır.
181. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.
182. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
183. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəslərdə dəyişdirilmədən saxlanılmalıdır.
184. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər.
185. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-78/2025 nömrəli qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.