Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-270/2025 04.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2366/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixli, MT2410 serialı, 10212964 nömrəli və xx.xx.2025-ci il tarixli, MT2501 serialı, 10758141 nömrəli (elektron qaiməfakturalar verilmişdir.
2. Cavabdeh iddiaçıya qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı QTSC-dən 18946 manat pulun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 nömrəli qətnaməsi ilə, iddiaçının cavabdehə qarşı pulun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehdən 16946 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən İddiaçı QTSC-yə Dövlət Vergi Xidmətinin https://www.e-taxes.gov.az saytı vasitəsi ilə göndərilmiş işlərin görülməsi barədə xx.xx.2025-ci il tarixli, MT2410 serialı, 10212964 nömrəli (13 869,23 manat dəyərində) və xx.xx.2025-ci il tarixli, MT2501 serialı, 10758141 nömrəli (5076.92 manat dəyərində ) elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən cəmiyyətlərinə işlərin görülməsi barədə xx.xx.2025-ci il tarixində MT2410 serialı 10212964 nömrəi 13 869,23 manat dəyərində və MT2501 serialı 10758141nömrəli 5076.92 manat dəyərində əssasız elektron qaimələr göndərilmişdir. Qaimələr guya cavabdeh tərəfindən cəmiyyətlərinin sifarişi əsasında 2024-cü ilin iyul avqust aylarında su və yükləin daşınması işlərinin aparıldığı iddiası əsasında tərtib edilmişdir. Cavabdeh dəfələrlə eyni mövzuda elektron qaimələr göndərsə də həmin qaimələr tərəflərindən geri qaytarılmışdır. Sonradan istirahət günləri ərəfəsində göndəriliyi üçün sistenm tərəfindən təsdiqlənmişdir. Dəfələrlə həmin qaiməni elektron qaydada cavabdeh ləğv üçün göndərməklərinə baxmayaraq bu günə qədər ləğvi təsdiq etməmişdir. Həmin qaimənin 5 gün müddətində ləğvini təsdiqlənməsi ilə bağlı pretenziyası (AVİS **********156716) cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh həmin qaimələrə əsaslanaraq cəmiyyətlərinə qarş pul tələbi ilə bağlı iddia ilə çıxış edir. Bildirirlər ki, cavabdehlə heç bir müqaviləsi mövcud deyil. Hüquq şəxs olaraq cavabdehə heç bir sifariş verməmişdir. Cavabdehin tərtib etdiyi qaimələr onun təxəyyülünün məhsuludur. Hesab edirlər ki, qeyd edilən elektron qaimələr ləğv edilməlidir. Cavabdeh tərəfindən ləğvin təsdiqi könüllü icra edilmədiyi üçün bu vəzifə ona məhkəmə qaydasında həvalə edilməlidir.
6. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında müqavilə öhdəliklərindən irəli gələn mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmışdır. İddiaçı X1 Cəmiyyəti Cavabdeh qarşı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3594/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hal hazırda iş Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatındadır. İş üzrə icraata xitam verilməsi barədə məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
7. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək hazırlıq iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.
8. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2366/2025 nömrəli qərardadı ilə, İddiaçı X1 Cəmiyyətinin Cavabdeh qarşı elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı X1 Cəmiyyətinə qaytarılması qərara alınmışdır.
9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsasındırmışdır ki, elektron qaimə-fakturalar özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə elektron qaimələrin özlərinin mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız həmin sənədlərin əsassızlığına dair dəlillərini təqdim edə bilər. Qaimələrin özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun.
10. Eyni zamanda, məhkəmə əlavə etmişdir ki, hazırki iş üzrə Cavabdeh İddiaçı X1 Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı QTSC-dən 18946 manat pulun tutularaq ona ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3594/2025 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı QTSC-yə qarşı pulun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş və cavabdehdən 16946 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən görünür ki, iddiaçı öz ərizəsində özünə məxsus nəqliyyat vasitələri və işçilərlə cavabdeh üçün müəyyən işlərin görüldüyünü bildirmiş, lakin cavabdeh tərəfindən görülmüş işlərin müqabilində hər hansı ödənişin olunmadığını bildirərək, xx.xx.2025-ci il tarixli, MT2501 seriyalı, 10758141 nömrəli və MT2410 seriyalı, 10212964 nömrəli elektron qaimə-fakturalara əsasən görülmüş işlərin dəyəri olan 18946 manat pulun tutulmasını xahiş etmişdir. Göründüyü kimi sözügedən iş üzrə iddiaçı cavabdehlə aralarında olan münasibətlərə və eyni zamanda cavabdehin özü tərəfindən təsdiq edilmiş elektron qaimə-fakturalara istinad etməklə iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı QTSC-nin nümayəndəsi də məhkəmə iclaslarında iştirak edərək həmin elektron qaimə-fakturaların səhvən təsdiqləndiyini bildirmişdir. Məhkəmə isə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaları digər sübutlarla əlaqəli şəkildə qiymətləndirirərək iddianın qismən təmin olunması nəticəsinə gəlmişdir. Göründüyü kimi sözügedən iş üzrə “AzMaş” QTSC-nin nümayəndəsi tərəfindən həmin elektron qaiməfakturaya münasibət bildirilmiş və indiki halda həmin elektron qaimə-fakturaların özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmeti təşkil edə bilməz. Odur ki, hazır ki ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir.
11. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1, 262.4, 262.5 və 268.1-ci maddələrinə istinadən əsaslandırmışdır.
12. Qərardaddan narazı qalan iddiaçı qərardaddan şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
13. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2366/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Qərardaddan şikayətinin dəlilləri
14. Elektron qaimə-fakturalar səhvən deyil, sistem tərəfindən təsdiqlənmişdir. Qaimələr dəfələrlə cavabdehə geri qaytarılmış, ancaq sonuncu dəfə 5 gün keçdiyi üçün sistem tərəfindən təsdiqlənmişdir. Həmin təsdiqləmə cəmiyyətin rəhbərliyin iradəsindən kənar təsdiq edilmişdir. Məhkəmədə cavabdeh tərəfindən pul tələbinə dair işə gəldikdə isə, həmin mübahisə üzrə iş hal hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadaır. Həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyildir. O səbəbdən qeyd edilən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 nömrəli qətnaməsinin preyudisiallığından söhbət gedə bilməz. Hazırkı iş üzrə iddia tələbi ilə bağlı bildirirlər ki, tələb qaimələrin sistemdən silinməsindən gedir (ləğvin tədiq edilməsi). Hesab edirlər ki, qaimələr məhkəmə qaydasında təsdiqi cavabdehə həvalə edilməzsə həmin qaimələr qüvvədə qalacaq, cəmiyyətlərin uçotunda mövcud olacaqdır. Cari ilin mənfəət vergi bəyanaməsi verildikdə, cəmiyyətləri tərəfindən hesablama metodu tətbiq olunduğu üçün həmin qaimələri üzrə əməliyyatları hesablamaq mükəlləfiyyətləri yaranacadır. Digər əsas isə həmin qaimələrin cəmiyyətə aid elektron uçotdan başqa üsulla silinməsi mümkün deyildir. Bu mənada məhkəmənin yanaşmasına tamamilə absurddur. Belə ki, Elektron vergi hesab-fakturasının ləğv edilməsi zərurəti yaranarsa və ya Alıcı onun səhifəsinə gələn e-VHF razılaşmadıqda vergi hesab-fakturasını alan vergi ödəyicisi (alıcı) vergi hesabfakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim edilmiş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir. Əks halda e-VHF ləğv edilmir. (Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilətəsdiq edilmiş Elektron qaimə-fakturanın forması,tətbiqi, uçotu və istifadəsi Qaydalarının 3.9-cu bəndi) Hesab edirlər ki, məhkəmə yanlış nəticəyə gəlmişdir. Qeyd ediləlnlərə əsasən aydın olunur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1 maddəsini düzgün tətbiq etməmişdir. Nəticə etibarı ilə cəmiyyətlərinin məhkəməyə müraciət hüquq qeyri-qanuni əsaslarla məhdudlaşdırılmışdır.
b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri
15. Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; ...
21. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
22. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
23. Maddə 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.
24. Maddə 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir.
25. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: ... 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; ...
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. MPM-in 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.
29. Konstitusiyanın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur.
30. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
32. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
33. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və müəyyən prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Bu cür prosessual şərtlərdən biri, işə məhkəmə baxılmalı olmamasıdır.
34. Birinci instansiya məhkəməsinin istinad etdiyi 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
35. Qeyd edilən maddədə iş üzrə icraata xitam verilməsi əsası kimi iki hal nəzərdə tutulmuşdur.
36. Birincisi işə ümumiyyətlə məhkəmə qaydasında baxılmalı deyildir. Bu o hallara aiddir ki, qanunla və ya digər normativ hüquqi akta əsasən tərəflər arasında olan mübahisənin məhkəmədə deyil, başqa dövlət orqanı və ya digər təşkilatda baxılması nəzərdə tutulmuşdur.
37. İkinci halda işə məhkəmə qaydasında, lakin mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir.
38. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsinin cavabdehə həvalə edilməsi barədə qoyulan tələb müstəqil məhkəmə mübahisəsinin predmeti ola biləcək hüquqi xarakter daşımır. Elektron qaiməfakturalar hüquqi nəticə yaradan, dəyişdirən və ya xitam verən inzibati və ya mülki hüquqi aktlar olmayıb, onların mövcudluğu iddiaçının hüquq və vəzifələrinə bilavasitə təsir etmir və yalnız sübut növü kimi çıxış edir.
39. Bu baxımdan, məhkəmə tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, qaimələrin təsdiqlənməsi və ya təsdiq edilməməsi iddiaçının subyektiv hüquqlarının pozulması və ya müdafiə olunması zərurətini yaratmır.
40. İş materiallarından görünür ki, iddiaçı həmin qaimələrin özünün deyil, qaimələrdə əks olunan əməliyyatların əsassızlığına dair dəlillər təqdim edə bilmək imkanına malikdir və bu dəlillər digər mübahisələr çərçivəsində qiymətləndirilə bilər. Lakin, qaimənin özünün ləğv etdirilməsi iddiaçının hüquqi marağını təmin edən vasitə hesab edilə bilməz.
41. Məhkəmə hesab edir ki, hüquqi marağın mövcudluğu MPM-in 4 və 5-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəməyə müraciət hüququnun əsas şərtidir və birinci instansiya məhkəməsi hüquqi marağın mövcud olmaması ilə bağlı nəticəyə əsaslı şəkildə gəlmişdir.
42. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı görülmüş işlərin dəyərinin tutulması barədə Bakı Kommersiya Məhkəməsində icraat aparılmış və həmin iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3594/2025 saylı qətnamədə iddiaçı ilə cavabdeh arasında faktiki münasibətlərin, o cümlədən elektron qaiməfakturaların məzmununun qiymətləndirilməsi artıq aparılmışdır. Qəbul edilmiş məhkəmə aktı aktı qanuni qüvvəsini almamış və tərəflərin bildirdiklərinə görə Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktının əsaslılığına apellyasiya mərhələsində baxılır.
43. Bu isə göstərir ki, elektron qaimələrin özü ayrıca mübahisələndirmə mövzusu deyil, başqa bir mübahisənin sübutu qismində qiymətləndirilməli olan sənəddir.
44. Apellyasiya instansiyası qeyd edir ki, iddiaçı tərəfindən göstərilən vergi uçotu ilə bağlı narahatlıqlar, qaimələrin sistemdən silinməsi və ya ləğv edilməsi ilə bağlı texniki zərurətin mövcudluğu, MPM-in tələblərinə görə mülki məhkəmə icraatında ayrıca iddia predmetinə çevrilə bilməz. Qanunvericilik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar) elektron qaimələrin ləğv olunmasının yalnız satıcı tərəfindən həyata keçirilməli olduğunu müəyyən etsə də, bu prosedur hüquqi mübahisənin yaranmasına əsas vermir və məhkəmə müdaxiləsi tələb edən hüquqi məsələ hesab edilmir.
45. Bununla yanaşı, MPM-in 261.0.1-ci maddəsinə əsasən, məhkəmədə baxılması mümkün olmayan tələblər üzrə işin icraatına xitam verilməsi məcburidir. Birinci instansiya məhkəməsi bu normanı düzgün tətbiq etməklə, iddianın mülki məhkəmə icraatının predmeti olmadığını müəyyən etmiş və icraata xitam vermişdir.
46. Şikayətdə göstərilən arqumentlər mahiyyət etibarilə birinci instansiya məhkəməsi tərəfindən artıq təhlil edilmiş hüquqi vəziyyəti dəyişdirən yeni hal və ya hüquqi əsas ortaya qoymur. İddiaçının mübahisələndirdiyi hallar iradə pozuntusunun deyil, elektron sistemin iş prinsiplərinin nəticəsi olaraq qiymətləndirilə bilər və bu, müstəqil iddia hüququ yaratmır.
47. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülmüş dəlillər birinci instansiya məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli qərardadının ləğv edilməsini zəruri edən əsas kimi qəbulən deyil.
48. Yuxarıda göstərilənləri nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları hərtərəfli araşdırmış, tətbiq edilən hüquq normalarını düzgün müəyyən etmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun qərardad qəbul etmişdir.
49. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
50. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir.
51. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2366/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 402.4-cü maddəsinə, iş üzrə icraata xitam verilməsi barədə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər.
53. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 10-1, 261.0.1, 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı X1 Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2366/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.