Məhkəmə qərarları › İş №2-2(104)-271/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-271/2025

21.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-271/2025 21.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə və cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1102/2025 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1102/2025 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinə qarşı borcun silinməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birşləmiş Su Təchizatı Xidmət”i publik hüquqi şəxsi tərəfindən əsassız hesablanmış 7445,70 manat borcun 801482 saylı abunə hesabından silinməsinə, məhkəməyə ödədiyi 95 manat dövlət rüsumu və vəkilə hüquqi xidmət üçün ödədiyi 500 ( beş yüz) manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi yerləşən 152.80 kv.m qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmiş və həmin sahədən avtomoyuma məntəqəsi kimi istifadə edir. xx.xx.2025ci il tarixdə qeyri-yaşayış sahəsində olan plomb nömrəsi C736418 saylı olan istehsal tarixi 2015 olan sayğac cavabdeh orqanın nümayəndələri tərəfindən sökülərək götürülmüşdür. xx.xx.2025-ci il tarixdə su ölçən cihazın dövri laboratoriyasına təqdim edilmişdir. xx.xx.2025-ci tarixli, 36429/0395329 saylı rəydə suölçən cihazın yararsız olması müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə 603229 saylı akt tərtib edərək qeyd etmişlər ki, araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan ünvan sudan sayğacdan kənar d=25 mm boru vasitəsilə qeyri-qanuni olaraq istifadə edir. Nəticədə 801482 saylı abunə hesabına 7445,70 manat borc hesablanmışdır. Cavabdeh orqanın qanunsuz cəriməsi əsasında sahibkarlıq fəaliyyətini həyat keçirə bilmir. Belə ki, sudan istifadə üçün sayğaca vəsait yükləyir. Mədaxil edilmiş vəsait dərhal borca silinir. Bu isə sudan istifadəni qeyri-mümkün edir. xx.xx.2025-ci il tarixdə 603229 saylı aktla müəyyən edilmiş pozuntunun baş verməsində onun təqsir yoxdur. Pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən əsassız hesablanmış 7482,70 manat pulun 801482 saylı abunə hesabından silinməsi, məhkəməyə ödənilmiş 95 manat dövlət rüsumu və vəkilə hüquqi xidmət üçün ödənilmiş 500 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi akt əsasında hesablanmış cərimənin məbləğinin 6984 manat müəyyən edilməsinin hansı meyarlar əsasında hesablanmasını nəinki araşdırmamış, formal olaraq 1 illik hesablanmanın qanuni olması qənaətinə gəlmişdir. İş materiallarından görmək olar ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cavabdehin nümayəndələri qeyriyaşayış sahəsinə sərbəst daxil olublar. Onların qeyri-yaşayış sahəsinə daxil olmaları ilə bağlı hər hansı məhdudiyyət olmamışdır. Kənar xəttin aşkar edilməsi və bunun onlara məlum olmaması əsası ilə 1 illik hesablama aparması istehlakçının mənafeyinin ağırlaşdırılmasıdır. Cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X2 məxsus qeyri-yaşayış sahəsində sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə xx.xx.2025-xx.xx.2025-ci il yoxlama müddətində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq üçün yoxlama aparılmışdır. Əslində isə faktiki olaraq yoxlama mülkiyyət hüququ ilə İddiaçı mülkiyyət hüququ ilə məxsus olan qeyri-yaşayış sahəsində aparılmışdır. Cavabdehin nümayəndələrinin İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsində quraşdırılmış sayğacda nöqsan tapmaları, yoxlamaların da, vahid məlumat reyestrində İddiaçı adının rəsmi qeydiyyata alınmaqla aparılmasını zəruri etməli olduğu halda bunu etməmişlər. X1 mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahəsinə hər hansı hüquqi bağlılığı yoxdur. Ona görə də, X1 adından aparılan yoxlamalar İddiaçı Xanverdı qızı üçün hər hansı hüquqi nəticə və öhdəlik yarada bilməz. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində olan avtoyuma məntəqəsinin su təchizatı yoxlanılarkən həmin avtoyuma məntəqəsinin sayğacdan kənar d-25 mm diametrli boru vasitəsi ilə su ilə təchiz olunduğu müəyyən edilmiş, ona görə də müvafiq akt tərtib olunmuşdur. Aşkar olunmuş nöqsanla bağlı videoçəkiliş aparılmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin etibarnamə üzrə nümayəndələrini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1102/2025 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı məhkəmə kollegiya qeyd edir ki, şikayətlə qətnamənin tamamilə ləğv edilməsi xahiş edildiyindən həmin qətnamənin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılır. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə obyektiv qərarın qəbul edilməsi üçün tərəflər arasındakı mübahisənin maddi hüquqi əsası müəyyən edilməlidir. İşdən göründüyü kimi iddiaçı ona cavabdeh tərəfindən əsassız olraq hesablanmış borcun silinməsini xahiş edir ki, bu kimi tələbin maddi hüquqi əsasını “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları təşkil edir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 19 fevral 2025-ci il tarixli smart-kart tipli su sayğacının laborator yoxlamadan keçirilməsi məlumatından görünür ki, su sayğacı tərəflərindən sökülərək laboratoriyaya göndərilməsi üçün abonentə təhvil verilmişdir. Laborator yoxlama zamanı sayğac istismara yararsız olduğundan yeni smart sayğac quraşdırılaraq plomblanmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X2 məxsus qeyri-yaşayış sahəsində (çayxanada) sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə xx.xx.2025-xx.xx.2025-ci il yoxlama müddətində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq üçün yoxlama aparılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 603229 nömrəli aktdan görünür ki, qeyd olunan ünvanda sudan sayğacdan kənar d-25 mm boru vasitəsilə qeyri-qanuni olaraq istifadə edilir. Məhkəmə kollegiyasının iclasında işdəki sənədlər və tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Yeni Gəncə qəsəbəsi ünvanında yerləşən qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin qeyri-yaşayış sahəsi avtoyuma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Həmin avtoyuma məntəqəsində fəaliyyət göstərən X3 xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək obyektdə olan smart sayğacın dövri yoxlamadan keçirilməsini xahiş etmiş, cavabdehin əməkdaşları tərəfindən sayğac həmin gün çıxarılaraq laboratoriyaya təqdim edilməsi üçün abonentə təqdim edilmiş, su xətti isə birbaşa qoşulmuşdur. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli 603229 nömrəli akt tərtib edilərək abonentin abonentin sudan sayğacdan kənar d-25 mm boru vasitəsi ilə qeyriqanuni olaraq istifadə etdiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş video görüntüyə baxış keçirilərkən abonentin sudan sayğacdan kənar boru vasitəsi ilə istifadə etdiyi təsdiqini tapmamışdır. Belə ki, cavabdehin nümayəndəsi video görüntüdə qeyd olunan və iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yerləşən avtoyuma məntəqəsindən cavabdehin nümayəndəsinin bildirdiyinə görə təxminən 500 metr aralıda yerləşən borunun iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə bağlılığı, yəni həmin avtoyuma məntəqəsinin həm də qeyd olunan boru xətti vasitəsi ilə qidalanması – su ilə təchiz olunması təsdiqini tapmamış, bundan başqa video çəkilişdən yoxlamnın 2025-ci il tarixdə keçirildiyi qeyd olunmaqla yoxlamanın hansı ayın hansı günündə keçirildiyi qeyd olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aparılmış yoxlama əsasında xx.xx.2025-ci il tarixli, 603229 nömrəli akt tərtib olunmuş və həmin akta əsasən qeyd olunan ünvanda sudan sayğacdan kənar d-25 mm boru vasitəsilə qeyri-qanuni olaraq istifadə edildiyi müəyyən olunmuşdur. Həmin yoxlama zamanı iddiaçının nümayəndəsi də iştirak etmiş və aktı imzalamaqdan imtina etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş diskdən görünür ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilmişdir. Qanunvericiliyin tələbinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı müəyyən olunduğundan cavabdeh tərəfindən hesablanmış 6984 manat borc məbləği əsaslıdır. Ona görə də iddia tələbi 6984 manat məbləğində hesablanmış borcun silinməsi hissəsində təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia tələbinin 498,70 manat borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, sözügedən borc məbləği qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisinə su sərfiyyatına görə və akt əsasında yazılmış borcdur. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış borcun qanunsuz və əsassız olmasını sübuta yetirə bilmədiyindən iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eyni zamanda iddiaçı iddia tələbində Gəncə Asan Vəkil Bürosuna ödədiyi 500 manat vəkil xidmət haqqının ödənilməsini tələb etsə də, iddia tələbi rədd edildiyindən vəkilə göstərilən yardıma görə cavabdehdən hər hansı xərc tutula bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin: 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. 2-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 12-ci maddəsində göstərilir ki, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələridir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 6.18-ci bəəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Həmin Qaydaların 4 saylı Əlavəsindən görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlinə əsasən borunun iç diametri 25 mm, saatlıq su sərfi 1,94 m3 olmaqla kommersiyayönlü təşkilatlar üzrə günlük 5 saat, iş günlərinin sayı 30 gün olmaqla, aylıq sərfiyyat 291 m3 müəyyən olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra- qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə xx.xx.2025-xx.xx.2025-ci il yoxlama müddətində müqavilə şərtlərinə əməl olunmasını yoxlamaq üçün yoxlama təyin olunsa da “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən həmin tarixdə yoxlamanın aparılması, digər tərəfdən avtoyuma məntəqəsindən təxminən 500 metr aralıda yerləşən boru xəttinin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində yerləşən avtoyuma məntəqəsinə aidiyyətinin – bağlılığının müəyyən edilməsi təqdim olunmuş sənədlərlə müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, bu kimi yoxlamanın (monitorinqin) hüquqi nəticəsi olmadığına görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 603229 saylı, xx.xx.2025-ci il tarixli akta əsasən 801482 saylı abunə hesabına əsassız olaraq yazılmış 6984 manat borc silinməlidir. Məhkəmə kollegiyası iddiaçının silinməsini tələb etdiyi 461,70 manat borcla bağlı qeyd edir ki, 801482 saylı abunə hesabından göründüyü kimi həmin məbləğ sudan istifadəyə görə hesablanmış borcdur və ona görə də həmin hissədə iddiaçının tələbi əsassızdır. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin 500 manat vəkil xidmət haqqının ödənilməsi hissəsində qeyd edir ki, iddiaçı həmin məbləğin vəkilə ödənilməsini təsidiq edən sənədi təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-1102/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən hesablanmış 6984 manat borc 801482 saylı abunə hesabından (Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi) silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar