Məhkəmə qərarları › İş №2-2(104)-28/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-28/2025

08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-28/2025 08.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əli Toğrul Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, cavabdeh Göygöl rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1004/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Göygöl rayon İcra Hakimiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və “X2” Açıq Səhmdar Cəmiyyətindən dəyən mənəvi ziyan olan 10,000 manat pulun və vurulan 180,000 manat maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl rayon İcra Hakimiyyəti Başçısının 50 və 40 ha torpaq sahələrinin ona icarəyə verilməsinə dair 12 sentyabr 2002-ci il tarixli 85 nömrəli və 05 iyun 2023-cü il tarixli 83 nömrəli sərəncamları əsasında X3 Kombinatı ilə (hazırkı “X2” ASC) 17 avqust 2002-ci və 14 aprel 2003-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır. Onun adına həmin torpaq sahələrindən müvəqqəti istifadə hüququna dair JN-2347 və JN-32098 nömrəli şəhadətnamələr verilmişdir. Göygöl Rayon Məhkəməsinin 07 dekabr 2006-cı il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin ona qarşı icarəsində olan torpaq sahələri üzrə hüquqverici sənədlərin etibarsız hesab edilməsində dair iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi isə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə ona ziyan dəyməsi müəyyən edilmişdir. Belə ki, icarəyə verilmiş torpaq sahələrində 3-4 il müddətində ümumi sahəsi 500 kv.m olan tövlə, içərisində işçilərin istirahəti üçün 1 otaq, körpə mal-qaranın saxlanması üçün 1 otaq inşa edilmiş, fermaya xeyli kənardan su, elektrik xətti, kanal və kanalzasiya qurğusu çəkilmişdir. 85 metrlik dəmir kalota quraşdırılmış, beton döşəmə saldırmış, torpağı yararsız tullantılardan təmizləmiş, dəyəri 70,000 manat olan 112 baş iri buynuzlu malqara almış, icarə müddəti ərzində fermaya 161,800 manat sərmaya qoymuşdur. Hazırda təsərrüfatının dəyəri azı 600,000 manatdır. İcarəsində olmuş torpaq sahələrini ipoteka müqaviləsi ilə yüklü edib aldığı 21,000 manatı da təsərrüfatına sərf etmişdir. Həmçinin icarəyə götürdüyü torpaq sahəsində apardığı inşaat işlərinə görə (ferma tikdirmək və.s) ona istər rayon icra rəhbərliyi tərəfindən, istər bələdiyyə tərəfindən, istərsə də hüquq mühafizə orqanı və icarəyə verən "xxxx" MMC-nin rəhbərliyi tərəfindən heç bir məhdudiyyət, etiraz və irad olmamışdır. Belə olan halda onun min bir zəhmətlə xərc çəkib tikdiyi fermanın sökülməsi ona maddi-mənəvi ziyan vurmaq deməkdir. Smetadan da görünür ki, ona həqiqətən "Vinaqro” MMC tərəfindən maddimənəvi ziyan dəymişdir. Hətta min bir zəhmətlə əziyyət çəkib tikdirdiyi fermanın sökülməsi ona psixoloji təsir etmiş və səhhətində ciddi fəsadlar yaranmışdır. İcra hakimiyyəti orqanlarının sərəncamları əsasında torpaq sahəsi onların daimi və müddəsiz qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Əgər bu sərəncamlar qanunsuz idisə niyə verilirdi və o, həmin sərəncamlar əsasında tikinti işləri aparıb əmlaka xərclər çəkmişdir və həmin xərclər ona tam şəkildə ödənilməlidir. Ona 10,000 manat mənəvi ziyan və 180,000 manat maddi ziyan dəymişdir. Göygöl Rayon Məhləməsinin 26 aprel 2024-cü il tarixli 2(066)-395/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Göygöl rayon İcra Hakimiyyətinə "xxxx" MMC-yə və “X2” ASC-yə qarşı dəymiş maddi-mənəvi zərərin ödənilməsi tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “X2” ASC-nin və "xxxx" MMC-nin cavabdehlər siyahısından çıxarılmasını və iddia tələbində cavabdeh olaraq Göygöl rayon İcra Hakimiyyətinin qalmasını xahiş etmişdir. Həmin ərizə əsasında xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında onların işdə cavabdeh qismində iştirakına xitam verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 04 oktyabr tarixli e-2-2(115)-1004/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı cavabdeh Göygöl rayon İcra Hakimiyyətinə qarşı maddi və mənavi zərərin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsaslı olmasına və kifayət qədər sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq və eyni zamanda dəymiş ziyan, yəni sökülmüş mülkün qiymətləndirilməsinə dair rəy birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, işə baxan Gəncə Kommersiya Məhkəməsi heç bir hüquqi və qanuni əsas olmadan və heç bir maddi hüquq normasına əsaslanmadan iddianın təmin edilməməsi barədə qətnamə qət etməklə iddiaçının onsuz da pozulmuş hüquqları və əlindən alınmış mülkiyyət hüquqlarının yenidən əldən alınması və həmin hüquqların bir daha pozulmasına xidmət edən qətnamə qət etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş uçurulmuş və dağıdılmış əmlaka dair qiymətləndirilmə rəyindən görünür ki, həqiqətən iddiaçıya külli miqdarda Göygöl rayon İcra Hakimiyyətinin verdiyi sərəncamlar əsasında maddi ziyan dəymişdir və Göygöl rayon İcra Hakimiyyəti özünə aid olmayan torpaq sahəsinə dair verdiyi sərəncama görə həmin torpaq sahəsində iddiaçı tikinti işləri aparmış və təsərrüfat yaratmışdır. Nəticə etibarı ilə həmin Göygöl Rayon İcra Hakimiyyətinin sərəncamları əsasında verilmiş torpq sahəsində apardığı tikinti işləri və kənt təsərrüfatına dair gördüyü işlər məhkəmə qətnaməsi əsasında keçmiş X1 iddiasına görə sökülməsi və həmin torpaq sahəsinin həmin iddiaçıya qaytarılması müəyyən edilmişdir. Göygöl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və işə əlavə edilmiş qətnamələrindən də görünür ki, həqiqətən Göygöl Rayon İcra Hakimiyyətinin sərəncamları qanunsuz olmuş və həmin qətnamədən iddiaçının yuxarı instansiya məhkəmələrinə şikayəti təmin edilməmiş və burada birbaşa həmin sərəncamları verən Göygöl rayon İcra Hakimiyyəti məsuliyyət daşıdığına görə iddiaçı haqlı olaraq, iddianı Göygöl Rayon İcra Hakimiyyətinə qarşı qaldırmalı olur. Ancaq birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin tələblərini də nəzərə almadan iddiaçının iddiasını təmin etməməkdə haqsız olmuşdur və bu səbəbdən də o, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır və apellyasiya şikayəti verməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı şikayətin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-1004/2024 saylı iş üzrə 04 oktyabr 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: İddiaçı vəkili Vəkil məhkəmə kollegiyasının iclasında iddia ərizəsini və apellyasiya şikayətinin dəlillərinə uyğun mövqedən çıxış etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, hazırkı tələblə bağlı Göygöl Rayon İcra Hakimiyyəti cavabdeh olmalı deyil. Belə ki, icarə müqavilələri bağlanarkən torpaq sahələri iddiaçıya kənd təsərrüfatı məhsulları və birillik bitkilərin əkintisi məqsədilə verilmişdir. İddiaçının tələbi isə torpaq sahəsi üzərində tikilmiş və sonradan sökülmüş tikililərə dəymiş ziyanla bağlı olmuşdur. Həmin tikililərə dair Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməsi ilə heç bir sərəncam verilməmişdir. Yəni tikililərin heç biri qanuni tikili olmamışdır, başqa sözlə sərəncam əsasında inşa edilən tikili olmamışdır. Məhkəmə qaydasında icarə müqaviləsi ləğv olunarkən icarə müqaviləsi etibarsız sayılmış və tikililərin cavabdehin öz hesabına sökülməsi qərara alınmışdır. Bundan başqa iddiaçı iddia edir ki, həmin torpaqlar dövlət mülkiyyətində olmayıb, lakin Göygöl Rayon İcra Hakimiyyəti həmin torpaqlara dair sərəncam vermişdir. Bununla bağlı qeyd edir ki, həmin torpaqlar o dövrdə də sonra da 2023-cü ilədək dövlət mülkiyyətində olmuşdur. 2023-cü ildə X2na icarə qaydasında həmin torpaqlar verilmişdir. Ekspertizanın keçirilməsinə münasibətdə isə bildirmişdir ki, ortada olmayan tikiliyə əvvəlki sənədlərlə yenidən ekspertiza keçirilməsi doğru deyil. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mövcud sübutlar əsasında düzgün olaraq müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının icarəsində olan torpaq sahələri ilə bağlı hüquqverici sənədlər etibarsız hesab edilmiş və iddiaçının torpaq sahələrində tikdiyi tikililər sökülmüşdür. Göygöl Rayon Məhkəməsində tikililərin sökülməsi və zərərin ödənilməsi ilə bağlı iddia tələblərinə baxılarkən ekspertiza rəyi ilə İddiaçı icarəsində olan sahədə aparılmış tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 51,387.60 manat məbləğində müəyyən olunmuşdur. Xanlar rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı və birillik bitkilərin yetişdirilməsi şərtilə torpaq sahəsinin istifadəyə verilməsi qərara alınsa da, həmin sərəncamlarda iddiaçının istifadəsinə verilməsi qərara alınmış torpaq sahələrində tikinti işlərinin aparılması ilə bağlı hər hansı bir müddəa yoxdur. Həmçinin iddiaçı onun istifadəsinə verilmiş torpaq sahələrində tikinti işlərinin aparması üçün Xanlar rayon İcra Hakimiyyətinin icazə verməsinə, habelə torpaq sahələrində qanunvericiliklə müəyyən edilmiş qaydada tikinti aparmaq hüququnun olmasına dair hər hansı bir sənəd təqdim etməmişdir. İddiaçı sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia etdiyi tikililəri heç bir icazə almadan inşa etmişdir. Bu hal həmçinin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə də təsdiq edilir. İddiaçı 51,387.60 manat tikintiyə xərc çəkməsi ilə bağlı məhkəməyə sənəd təqdim etsə də, tam olaraq 180,000 manat zərərin mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iş üzrə cavabdehin hər hansı qanunazidd davranışının olması, təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurması öz təsdiqini tapmamışdır. Həmçinin iddianın 10,000 manat mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı iddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının səbəbi kimi tikdirdiyi tikililərin sökülməsini göstərmişdir ki, bu hissədə də iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı qanunazidd davranış olması, təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulması iş materialları ilə təsdiq edilmədiyindən mənəvi ziyanın ödənilməsi ilə bağlı tələb də təmin edilə bilməz. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisənin həlli baxımından düz olaraq Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 1096, 1097, 1100, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3 maddələrinə istinad etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1004/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar