Məhkəmə qərarları › İş №2-2(104)-283/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-283/2025

18.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-283/2025 18.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X2 və Cavabdeh ASC-nin nümayəndələri X1 və (vəkil) Vəkil1 iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “debitor borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2003/2025 saylı qətnaməsindən Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2003/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən (abonent kodu 801830) tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 19216,69 (on doqquz min iki yüz on altı manat altmış doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 147,65 (bir yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində pulun Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ASC-nin nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək Gəncə Komersiya Məhkəməsinin e-2-2(115)-2003/2025 saylı, xx.xx.2025-ci i ltarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 Cavabdeh ASC-nə qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 19216,69 manat borcun (abonent kodu: 801830) və 147,65 manat dövlət rüsumunun tutularaq ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh ASC-nə (abonent kodu: 801830) tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı şəxsi subartezian quyusudur. Kanalizasiya xidmətlərinin dəyəri həmin subartezian quyusunun üzərində quraşdırılmış sayğacın göstəricisinə əsasən hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh qeyri əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 19216.69 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin hüquqi ünvanına hər ay, sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin edən birinci instansiya məhkəməsi aralarında olan müqavilə üzrə öhdəliklərin pozulması və sayğac üzrə yaranmış borcun olması ilə əsaslanmışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da adı çəkilən prossesual hüquq normalarını pozmuşdur. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında su artezianı vardır. Həmin artezian Cəmiyyətin sayğacına bağlıdır. Cəmiyyətin qonşuluğunda yerləşən ərazidə çox saylı əhalinin yaşadığı ərazi vardır. Həmin ərazidə su qıtlığı vardır. 2018-ci ilin iyun ayında cavabdeh təşkilat, həmçinin şəhər İcra Hakimiyyəti Cəmiyyətə müraciət edərərk, əhaliyə su verilməsini rəsmi qaydada xahiş etmiş və özləri tərəfindən əhalidən su pulu yığıb borcu ödəyəcəklərinə vəd verdilər. Bununla bağlı onlar Cəmiyyətə rəsmi müraciətlər etmişlər. Onlar da razılaşıb əhaliyə su vermişlər. Bu müddət ərzində onlar özləri tərəfindən istifadə olunan suyun pulunu ödəmiş, lakin cavabdeh tərəf baxmayaraq ki, əhalidən pul yığırdı borcun qalan hissəsini ödəməmişlər. 2018-ci ildən bəri onlar pul istəməmişlər. Artıq orda yaşayan əhaliyə başqa yerdən su çəkilmiş və onlardan pul tələb etməyə başlamışlar. Həmçinin iddiaçı həmin borcun hansı illər üzrə yığılması barədə araşdırma aparmamışdır. Hesab edir ki, bu məsələnin araşdırılmaması əhəmiyyət daşıyır. Belə ki, borc son 3 il üçün tələb edilə bilər. Digər bir məsələ borcun məbləği ilə bağlıdı. Bu da məhkəmə tərəfindən araşdırılmalı olan məsələlərdən biridir. Həmçinin qeyd edilməlidir ki, Cəmiyyətə məhkəmənin yeri və vaxtı barədə rəsmi məlumat verilməmiş, buda çəkişmə prinsipinin pozulması anlamına gəlir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndələri X3 və (vəkil) Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi əlavə olaraq göstərdi ki, cavabdeh hazırkı vaxtadək qonşu binaların sakinlərini içməli su ilə təmin etməkdə davam edir. Lakin bununla belə məhkəməyə həmin arqumenti təsdiq edən sübut təqdim edə bilmədi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etdi. Əlavə olaraq izah etdi ki, 2018-ci ildə cavabdeh balansında olan artezian vasitəsi ilə qoşuluqda yerləşən bina sakinlərini razılaşdırılmış qaydada su ilə təmin etmiş olsa da, 2019-cu ildən həmin binaların sakinlərini iddiaçının özü su ilə təmin edir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli “su təchizatı və tullantı sualarının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan” müqavilədən görünür ki, müəssisə istehlakçısının tələbatına uyğun məişət (təsərrüfat)– içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim edilmiş hesab fakturaya əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə müəssisə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X8 tərəfindən imzalansa da, istehlakçı Cavabdeh ASC tərəfindən müqavilənin imzalanmasından imtina edilmişdir. İş materiallarında olan abonent haqqında saldodan görünür ki, abonent kodu 801830 olan Cavabdeh ASC-nin quyu suyuna görə 19216,69 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh ASC-yə 3 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı ”İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs tərəfindən Cavabdeh ASC-nə (abonent kodu: 801830) tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı şəxsi subartezian quyusudur. Kanalizasiya xidmətlərinin dəyəri həmin subartezian quyusunun üzərində quraşdırılmış sayğacın göstəricisinə əsasən hesablama yolu ilə müəyyən edilmişdir. Cavabdeh qeyri əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2025-ci il tarixinə 19216.69 manat borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin hüquqi ünvanına hər ay, sonuncu dəfə isə xx.xx.2025-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə tullantı sularının axıdılması ilə bağlı xidmətlər göstərilir. İddiaçının cavabdehi tullantı sularının axıdılmasını təmin etməklə bağlı xidməti qarşı tərəfin bu xidmətin əvəzini ödəmək vəzifəsinə uyğundur. Abonent saldosundan da göründüyü kimi cavabdeh tullantı sularının axıdılması xidmətlərinə görə müəyyən edilmiş ödənişləri vaxtında həyata keçirmədiyi üçün iddiaçı qarşısında pul öhdəliyi yaranmışdır. Hazırda iddiaçı debitor borc olaraq 19216,69 manat pulun ödənilməsini tələb edir. Hazırki iş üzrə tərəflər arasında tullantı sualarının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilə olmasa da (istehlakçı tərəfindən imzalanmasa da), su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn tələb etmək hüququnu realizə edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı debitor borcun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməli, 19216,69 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 58-ci maddəsinə əsasən suyun götürülməsi və tullantı sularının axıdılmasına görə ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir: a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə; b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Həmin Qanunun 59-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı hüquqlara malikdir: b) su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək; c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq; ç) su təchizatı və tullantı sularının axıdılması obyektlərinin ilkin və ya təkrar qoşulmasına qanunvericiliklə müəyyən edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 61-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Göründüyü kimi tərflər arşında müqavilə olmasa da, Cavabdeh ASC yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan qanunun tələblərini pozaraq istifadə etdiyi xidmətlərin dəyəri olan 19216,69 manat debitor borcu ödəməmişdir. Kollegiya cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzləri ilə bağlı qeyd edir ki, həmin ödəniş sənədləri cavabdehin 2018, 2019 və 2012-ci ilin ilk iki ayı üçün edilmiş ödənişləri təsdiq edir ki, iddiaçı cavabdeh tərəfindən çirkab suyun axıdılmasına görə həmin dövr üçün yox. 2020-ci ilin fevral ayından sonrakı dövr üçün yaranmış borcun ödənilməsini təıləb edir. Apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, 2018-ci ildən sonrakı dövr üçün də qonşu binaların sakinləri cavabdehə məxsus subartezian quyusu vasitəsi ilə su ilə təmin olunmuşlar. Lakin iddianı təmin etmiş məhkəmə həmin xüsusatı nəzərə almamışdır. Halbuki cavabdehin özünün məhkəməyə təqdim etdiyi iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 38 A saylı məktubundan görünür ki, iddiaçı 2018-ci ilin əvvəlindən elektrik enerjisinin sərfiyyatının dəyəri iddiaçı tərəfindən ödənilmədiyinə görə əhaliyə verilən suyun dayandırılmasına qərar verilmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə onların iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipi pozulmuşdur. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-2003/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar