Məhkəmə qərarları › İş №2-2(104)-29/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-29/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-29/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-38/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-38/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 əsas borc üzrə 14 500 (on dörd min beş yüz) manat əsas, 1469,08 (bir min dörd yüz altmış doqquz manat, səkkiz qəpik) manat faiz, 203,50 (iki yüz üç manat əlli qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2106,48 (iki min yüz altı manat, qırx səkkiz qəpik) manat faiz borcu, ümumilikdə 18279,06 (on səkkiz min iki yüz yetmiş doqquz manat altı qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan likvid dəyəri 60000 (altmış min) manat olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılması, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB400 **********7272114 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-38/2022 saylı qətnaməsinin ləğv edilməsini, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini və rəyə uyğun yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Мəhkəməsinə müraciət edərək cəmi borc 19279,06 manat, bundan 14500 manat əsas, 1469,08 manat faiz, 1203,50 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2106,48 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 442 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 6 faiz dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli 453 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********197 saylı xx.xx.2021-ci il tarixli və **********417 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 19279,06 manat təşkil edir. Bundan 14500 manat əsas, 1469,08 manat faiz, 1203,50 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2106,48 manat faiz borcu təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor tərəfindən ona kredit verilməmişdən öncə fəaliyyəti ətraflı öyrənilmişdir və LPO İddiaçı ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kreditin vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində sosial vəziyyətində və ailəsində gözləmədiyi geriləmələr olmuşdur. Belə ki, bu halın tək onun yox, Respublika üzrə bütün sahələrdə geriləmə olduğu və dolların məzənnəsinin kəskin artması hamıya məlumdur. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, bu səbəbdən Bank məhkəməyə müraciət etmişdir. Gəlirlərinin azalması və səhhətində olan problemlər onun ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da, bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır, həmçinin məhkəmə qətnamə qəbul edərkən faiz və cərimənin məbləğini çox yüksək yazmışdır. Ona görə də qətnamənin faiz və cərimə hissəsi ilə razı deyildir. Prosessual məsələlər: Məhkəmə iclasınmın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verdi və şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayəti təmin edlməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə dəyişdirilməlidir. Məhkmə kollegiyası apellyasiya araşdırmasının hədləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi iddia tələbi qismən təmin edilmiş olsa da. iddiaçı həmin qətnaməni mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin əsaslılığını cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 442 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 14 500 manat məbləğində illik 6 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 442 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********197 nömrəli və xx.xx.2021-ci il tarixli, **********417 nömrəli bildirişlərdən görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan 02 mart 2021-ci il tarixli, **********129 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə 14500 manat əsas borc, 1469,08 manat faiz borcu, 1203,50 manat cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2106,48 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 19279,06 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsinə dair ekpertiza rəyində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar dəyəri 65 000 manat, likvid dəyəri isə 60 000 manat kimi qeyd edilmişdir Məhkəmə kollegiyasının qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/512 saylı rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 29 aprel 2015-ci il tarixli 442 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu - əsas borc üzrə 14.367,84 manat, faiz borcu üzrə 786,92 manat, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 1501,52 manat faiz borcu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanaraq həmin müqavilə əsasında İddiaçı ASC tərəfindən cavabdehə 36 ay müddətinə 14 500 manat məbləğində kredit verilmiş, iddiaçı bununla da üzərinə düşən öhdəliyi yerinə yetirmiş olsa da, cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, nəticədə yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə ödənilmək şətri ilə 14 500 manat kredit verilmiş, cavabdeh kredit borcu üzrə ödənişləri lazımi qaydada etməmiş, yaranmış borcunu xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmə iddia tələbini ümumilikdə təmin etməkdə haqlı olsa da, əsas borc və faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə üstüstə düşmədiyindən məhkəmə kollegiyası ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ona görə də hesab edir ki, qətnamə həmin hissələrdə, həmçinin cavabdehdən tutulan məblğin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissələrində dəyişdirilməlidir. Çünki iddia ərizəsindən də göründüyü kimi iddiaçı həmin məbləğin ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə yox, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, Bakı 1 saylı İnzibati- İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC ləğv edilmişdir. Artıq o adda hüquqi şəxs mövcud deyildir. Belə olduğu halda evin iddiaçıya deyil, onu hərracdan alan şəxsə verilməsindən söhbət gedə bilər. Həmin şəxs isə hələ bəlli deyildir. Hazırda Cavabdeh2 həmin əmlakın mülkiyyətçisidir. Əmlak üzrə sahiblik, istifadə və sərəncam hüquqları hərracın nəticələrinə əsasən başqa şəxsə keçməmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsi ilə həmin hissədə də razılaşır. Beləliklə də apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc, faiz borcu, ümumilikdə borcun məbləği və tutulan borcun ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissələrində dəyişdirilməli, bunla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.3, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayətləri qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-38/2022 saylı qətnaməsi qismən - Cavabdeh1 əsas borc üzrə 14 500 (on dörd min beş yüz) manat əsas, 1469,08 (bir min dörd yüz altmış doqquz manat, səkkiz qəpik) manat faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2106,48 (iki min yüz altı manat, qırx səkkiz qəpik) manat faiz borcu, ümumilikdə 18279,06 (on səkkiz min iki yüz yetmiş doqquz manat altı qəpik) manat və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 əsas borc üzrə 14367,84 (on dörd min üç yüz altmış yeddi manat 84 qəpik) manat, faiz borcu 786,92 (yeddi yüz səksən altı manat 92 qəpik) manat, cərimə üzrə 203,50 (iki yüz üç manat əlli qəpik) manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1501,52 (bir min bir manat, 52 qəpik) manat faiz borcu, ümumilikdə 16859,28 (on altı min səkkiz yüz əlli doqquz manat 28 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə- borc tələbinin ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan likvid dəyəri 60000 (altmış min) manat olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, 89,9 kv.m. ümumi, 45,8 kv.m. yaşayış, 44,1 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılması, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC, VÖEN **********, AZ15GUNA********************,“GÜNAY BANK“ ASC, VÖEN **********, KOD 505594 müxbir hesab AZ 25 NABZ********************, SWİFT GUNAAZ22 saylı hesaba ödənilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB********** ********** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar