Məhkəmə qərarları › İş №2-2(104)-291/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-291/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-291/2025 03.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, Cavabdeh5 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-2(115)-819/2025 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kreditor İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-cü il tarixli 10-MCR-1- 1224-21 saylı kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, ona 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 faiz olmaqla 200000 manat kredit limiti ayrılmışdır.

2. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-MCR-1-1224-21/2 saylı kredit müqaviləsindən görünür ki, borcalana biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.50 faiz olmaqla 21000 manat kredit verilmişdir.

3. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-MCR-1-1224-21/3 saylı kredit müqaviləsindən görünür ki, borcalana biznes məqsədilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla 6500 manat kredit verilmişdir.

4. xx.xx.2022-ci tarixli Z/15120/22 saylı, xx.xx.2021-ci il tarixli Z/07976/21 saylı, xx.xx.2021-ci il tarixli Z/08589/21 saylı və xx.xx.2022-ci il tarixli Z/11195/22 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 borclunun kredit limiti müqaviləsinə əsasən öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.

5. Kreditor İddiaçı ASC tərəfindən borclu və zaminlərə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, kreditor borclu və zaminlərə bütün borc məbləğini tam olaraq 5 gün müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyul 2025-ci il tarixli 9/2624 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh5 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9565,34 manat əsas, 2711,78 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3692,59 manat əsas, 1432,42 manat faiz borcu vardır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9522,96 manat əsas, 1721,30 manat faiz və 485,60 manat cərimə borcu olmaqla, cəmi 11729,86 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3753,34 manat əsas, 776,54 manat faiz və 258,01 manat cərimə borcu olmaqla, cəmi 4787,39 manat borcun və 139,55 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra İddiaçı ASC iddianın həcminin artırılması barədə ərizə verərək xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9565,34 manat əsas, 2711,78 manat faiz və 485,6 manat cərimə borcu olmaqla, cəmi 12762,72 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3753,34 manat əsas, 1432,42 manat faiz və 258,01 manat cərimə borcu olmaqla, cəmi 5443,77 manat borcun və 139,55 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh5 120 ay müddətinə 200000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh2 və Cavabdeh3 ilə, xx.xx.2022-ci il tarixdə Cavabdeh4 ilə, xx.xx.2022-ci il tarixdə isə Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh5 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faiz olmaqla 36 ay müddətinə 21000 manat kredit götürmüşdür. 2025-ci il yanvarın 9-dək Cavabdeh5 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9522,96 manat əsas, 1721,30 manat faiz və 1942,41 manat cərimə borcu olmaqla cəmi 13186,67 manat borcu vardır. Cavabdeh5 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1942,41 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 485,60 manat məbləğində tələb olunur. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh5 İddiaçı ASC-dən illik 21 faizlə 36 ay müddətinə 6500 manat kredit götürmüşdür. 2025-ci il yanvarın 9-dək Cavabdeh5 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3753,34 manat əsas, 776,54 manat faiz, 516,10 manat cərimə borcu olmaqla cəmi 5045,89 manat borcu vardır. Cavabdeh5 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 516,10 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 faizi miqdarında olmaqla, yəni 258,10 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

10. Gəncə Kommersiya Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-2(115)-819/2025 nömrəli qətnaməsi ilə (hakim Gülnaz Quliyeva) iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-MCR-1- 1224-21/2 saylı kredit müqaviləsi üzrə 9565 manat 34 qəpik əsas borc, 2711 manat 78 qəpik faiz borcu və 485 manat 60 qəpik cərimə borcu olmaqla, cəmi 12762 manat 72 qəpik borc, İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10-MCR- 1-1224-21/3 saylı kredit müqaviləsi üzrə 3692 manat 59 qəpik əsas borc, 1432 manat 42 qəpik faiz və 150 manat cərimə borcu olmaqla, cəmi 5275 manat 01 qəpik borc, hər iki müqavilə üzrə 18037 (on səkkiz min otuz yeddi) manat 73 (yetmiş üç) qəpik borc və 139 (bir yüz otuz doqquz) manat 55 (əlli beş) qəpik dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 4 manat 56 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 739.1 və 739.2-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 119.2, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, zamin X2 ilə xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlandığı halda, müqavilədən əvvəl, yəni xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9522,96 manat əsas borc, 2711,78 manat faiz borcu, 485,60 manat cərimə borcu olmaqla, cəmi 12762,72 manat borc üzrə necə ola bilər ki, o da həmin qərarda göstərilən məbləğ üzrə də müştərək qaydada ödəməli olan şəxs kimi göstərilmişdir.Kredit limiti bankla mənim aramda razılaşmaya əsasənolduğu halda, Cavabdeh1, eləcə də digər zaminlərin bundan xəbərləi olmadığı halda, onlara nə dəxli var. İkincisi, mən ikinci dəfə, yənixx.xx.2022-ci il tarixli kredit üqaviləsinə əsasən bankdan 6500 manat kredit götürərkən, Cavabdeh1 başqa qənamədə adları qeyd olunan digər zaminlərin bundan xəbəri olmamış, onlarla əlavə zaminlik müqaviləsi bağlanmamışdır. Yəni, Mülki Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminin vəziyyətini ağırlaşdıran hal olduğu üçün həmin şəxslər ona görə məsuliyyət daşımamalıdırlar. Üçüncüsü, məhkəmə iddiaçının iddianın həcminin artırılması ilə bağlı iddia tələbinə qiymət verərkən, tək Məhkəmə Eksertiza Məkəzinin 17 iyul 2025-ci il taixli 9/2624 sayı rəyinə əsasən həmin qərara gəlməsi də düz deyil. Belə ki, məhkəmə posesində rəyin nəticələri ilə razı olmadığını və bunun üçün əsasları göstərərək, təkrar ekspertiza təyin edilməsini tələb etsə də, məhkəmə onun dediklərinə məhəl qoymamış, hətta qətnamədə bununla bağlı heç bir qeydlər də yoxdur. Zamin Cavabdeh1 yalnız xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan aldığı 6500 manat kredit borcu ilə əlaqədar onunla birlikdə subsidiar məsuliyyət daşıya bilər. Digər zaminlər isə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əlaqədar qalan 9522,96 manat borcla bağlı onunla birlikdə subsidiar məsuliyyət daşıya bilərlər.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakılarının izahatları

15. Məhkəmə iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 2021-ci ildə bankla aralarında bağlanmış müqavilə ilə ona 200000 manat kredit limiti ayrılmışdır. Zaminlər kredit limitinin ayrılmasına dair müqavilədən xəbərdar olmuşlar. Lakin, sonradan kredit limiti çərçivəsidə ona verilmiş kredit vəsaitlərindən nə zaminlərin məlumatı olmuş, nə də ki, zaminlər buna razı olmamışlar. Bundan başqa, kredit müqavilələri üzrə borc məbləği düzgün hesablanmamışdır. İş üzrə təkrarən mühasibatlıq ekspertizası keçirilməlidir. Cavabdeh5 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

23. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

24. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

25. Maddə (əvvəlki redaksiya) 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

26. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

37. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

38. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

39. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı bank və cavabdehlər (zaminlər) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Bununla belə, Cavabdeh5 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin şikayətin dəlillərindən müəyyən edilir ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir.

40. Həmçinin, nəzərə alınmalıdır ki, qətnamədən zaminlər apellyasiya şikayəti vermədiyindən qətnamə onlara aid hissədə yoxlanılmır (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla). Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun verdiyi apellyasiya şikayətinə əsasən qətnamənin bütünlüklə və digər cavabdehlərə (zaminlərə) münasibətdə yoxlanılması onların hüquqlarına toxunan hal kimi qiymətləndirilir.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdeh (əsas borclu) Cavabdeh5 kredit borcunun tutulması hissəsi üzrə qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki qətnaməni zaminlər mübahisələndirməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC ilə Cavabdeh5 arasında xx.xx.2021-cü il tarixli 10-MCR-1-1224-21 saylı kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və borcalana 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50 faiz olmaqla 200000 manat kredit limiti ayrılmışdır. Daha sonra kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh5 arasında xx.xx.2022-ci il tarixli 10-MCR-1-1224-21/2 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ona biznes məqsədilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.50 faiz olmaqla 21000 manat kredit verilmişdir. xx.xx.2022-ci il tarixli 10-MCR-1-1224-21/3 saylı kredit müqaviləsi üzrə də borcalana biznes məqsədilə 36 ay müddətinə aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla 6500 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış və zaminlər borclunun kredit limiti müqaviləsinə əsasən öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana və zaminlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

44. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır; belə ki, hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası olan kreditor və borcalan arasında bağlanmış kredit müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalan da kredit borcunu inkar etməyərək sadəcə borc məbləğinin düzgün hesablanmamasını mübahisələndirmişdir.

45. Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

46. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

47. Borcalana kredit müqavilələri üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilələr ləğv edilmişdir.

48. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

49. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank cavabdehdən kredit müqavilələrinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2025-ci il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur.

50. Kredit müqavilələrinin qüvvədə olduğu tarixə (xx.xx.2025-ci il) hansı məbləğdə borcun hesablanmasının aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9565,34 manat əsas, 2711,78 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə də 3692,59 manat əsas, 1432,42 manat faiz borcu vardır. Birinci instansiya məhkəməsi də həmin rəyi əsas götürməklə kredit müqavilələri üzrə əsas ə faiz borc məbləğini müəyyən etmişdir.

51. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

52. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur. Bu qənaətinə uyğun olaraq kollegiya apellyatorun borcun düzgün hesablanmaması barədə dəlili ilə bağlı göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Mülki Prosessual Məcəllənin 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.

53. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə isə, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.

54. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Ona görə də məsələnin həlli baxımından təkrarən hər hansı xüsusi biliyin tətbiqinə (mühasibatlıq ekspertizası təyin olunmasına) zərurət yoxdur.

55. Zaminlərin kredit müqaviləri üzrə kredit vəsaiti verilməsinə razılıqları olmaması barədə apellyasiya şikayətinin dəlilinnə gəldikdə isə qeyd edilir ki, kollegiyanın qənaətinə görə bu dəlilə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Ona görə ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı əsas borclunun apellyasiya şikayəti üzrə ona münasibətdə yoxlanılır. Qətnaməni zaminlər mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışı çərçivəsində qətnamənin onlara aid hissəsi (müştərək borcluluqdan irəli gələn hədd istisna olmaqla) yoxlanıla bilməz.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-2(115)-819/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar