Məhkəmə qərarları › İş №2-2(104)-30/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-30/2025

12.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-30/2025 12.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-1322/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1322/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, İddiaçı məxus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac üzrə (abonent kodu: **********3) hesablanmış 9669,22 manat məbləğində borcun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməsi qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1322/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 manat məbləğində borcun X3 adına olan **********3 nörməli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Slavyanka kəndində Narzan bulağının yaxınlığında xüsusi mülkiyyətində 3.94 ha torpaq sahəsində əmlak kompleksi var. Həmin əmlak kompleksi “X8” mərkəzi kimi fəaliyyət köstərməkdədir. 2023-cü ilin avqust ayında cavabdeh idarənin əməkdaşları tərəfindən istrahət mərkəzinə gələn elektrik sayğacına baxış keçirilmişdir. Həmin vaxt onlara sayğacda nasazlıq olduğunu və həmin nasazlığın aradan qalıdırldığını bildirilmişdir. Bir müddət sonra məlumat əldə etdi ki, cavabdeh idarə tərəfindən hesabına 10900 manat borc yazılmışdır. Cavabdeh idarəyə borcun yazılma səbəbi barədə məlumat əldə etmək istəsələr də, lakin cavabdeh idarə ona heç bir məlumat veməmiş, həmin borcun nə səbəbə hansı əsasa yazıldığı bildirilməmişdir. Dəfələrlə cavabdeh idarəyə qanunsuz yazılmış borcun silinməsi barədə müraciət etmişlər, lakin heç bir nəticəsi olmamışdır. Onların elektrik sayğacına heç bir müdaxiləsi və heç bir qanuna zidd hərəkətləri olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət tərəfindən sahibkarların hüququnun qorunduğu, onlara qayğı göstərildiyi bir vaxtda, "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq belə bir borcun hesablarına yazılması ədalətsizdir və qəbul edilməzdir. Qeyd olunanlar görə hesab edir ki, "xxxx" ASCnin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 manat məbləğində borc hesabdan silinməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli R 054120 nömrəli akt əsasında qanunsuz hesablanmış 9669,22 manat məbləğində borcun X3 (Gədəbəy rayonu Slavyanka kəndində yerləşən obyektdə - yeməkxanada) adına olan **********91001 nömrəli abonet hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 (on min doqquz yüz) manat məbləğində borcun X3 adına olan borcun silinməsinə dair iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" ASC əməkdaşları tərəfindən qanunsuz hesablanmış 10900 (on min doqquz yüz) manat məbləğində borcun X3 adına olan **********3 nömrəli abonent hesabından silinməsi tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Gədəbəy rayonu, Slavyanka kəndində Narzan bulağının yaxınlığında xüsusi mülkiyyətində 3,94 ha torpaq sahəsində əmlak kompleksi var. Həmin əmlak kompleksi “Narzan İstirahət” mərkəzi kimi fəaliyyət göstərməkdədir. 2023-cü ilin avqust ayında cavabdeh idarənin əməkdaşları tərəfindən istirahət mərkəzinə gələn elektrik sayğacına baxış keçirilmişdir. Həmin vaxt ona sayğacda nasazlıq olduğunu və həmin nasazlıq aradan qaldırıldığı bildirildi. Bir müddət sonra məlumat əldə etmişdir ki, cavabdeh idarə tərəfindən abonent hesabına 10900 manat borc yazılmışdır. Cavabdeh idarəyə borcun yazılma barədə məlumat əldə etmək istəsə də lakin cavabdeh idarə ona heç bir məlumat verməmiş, həmin borcun nə səbəbə hansı əsasla yazıldığı bildirilməmişdir. Dəfələrlə cavabdeh idarəyə qanunsuz yazılmış borcun silinməsi barədə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. İlk növbədə qeyd etməyi zəruri hesab edirlər ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin X11 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 rəhbərliyinin Qərb RETSİ-nin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 1106 nömrəli xidməti məlumatdan görünür ki, İddiaçı adlı şəxs "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında istehlakçı kimi qeydiyyatda yoxdur və həmin şəxslə enerjinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Tərəflər arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmadığından tərəflər arasında öhdəlik hüququ yaranmamışdır. Ümumiyyətlə İddiaçı borcun silinməsi barədə iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsin qanunsuz və ədalətsizdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi işi tam, hərtərəfli, obyektiv araşdırmamış, tərəflərindən təqdim edilən iş üçün mühüm əhəmiyyət kəsb edən sənədlərə heç bir münasibət bildirməmişdir. İş üzrə toplanılmış sənədlərdən görünür ki, 2023-cü ilin avqust ayının 4-də "xxxx" ASC-nin əməkdaşları tərəfindən "xxxx" ASC-nin ORACLE informasiya məlumat satış bazasında “qeyri-əhali” istehlakçı qrupu üzrə **********3 saylı istehlakçı kodu ilə qeydə alınmış X5 məxsus sayğac uçot dəstinə baxış keçirmişlər. Baxış zamanı “sayğacın “A” fazasında quraşdırılmış cərəyan transformatorlarında 2-ci tərəfi L1.L2 cərəyan naqilləri sayğacın “A” faza cərəyan sıxaclarına çarpaz qoşulmuşdur. Sayğac 66,3 xəta ilə işləməsinə səbəb olmuşdur” qüsuru faktı aşkar olunmuşdur. Aşkar olunmuş enerji pozuntularına dair abonent X7 haqqında “X1 Qaydaları”nın (bundan sonra “EEİQ”) tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, AKT R 054120 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş həmin akt əsasında abonent R.Hüseynov barəsində X11 Təchizatı və Satışı İdarəsinin (bundan sonra Qərb RETSİ) nəzdində fəaliyyət göstərən Aktlar üzrə komissiya tərəfindən abonent R.Hüseynova dəyəri 9669,22 (doqquz min altı yüz altmış doqquz manat 22 qəpik) manat təşkil edən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. İş materiallarına əlavə edilmiş İstehlakçının sərf etdiyi aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, abonent R.Hüseynov haqqında “EEİQ”-nın tələbinə uyğun tərtib olunmuş AKT R № 054120 nömrəli akt və akt əsasında hesablanmış məbləğ istehlakçının abonent koduna işlənmişdir. İş materiallarına əlavə edilmiş X4 rəhbərliyinin Qərb RETSİnin rəhbərliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli,1166 saylı xidməti məlumatdan görünür ki, İddiaçı adlı şəxs "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında istehlakçı kimi qeydiyyatda yoxdur. Həmin şəxslə elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Tərəflər arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmadığından tərəflər arasında öhdəlik hüququ yaranmamışdır. Ona görə də, göstərilənlərlə bağlı işə baxan Gəncə Kommersiya məhkəməsinə zəruri sənədlər əlavə edilməklə etiraz təqdim olunmuşdur. İddiaçı "xxxx" ASC-nin ORACLE informasiya məlumat mərkəzində abonent kimi qeydə alınmadığı və onunla enerji təchizatı müəssisəsi arasında enerjinin alqı-satqısına dair müqavilə bağlanmadığından tərəflər arasında öhdəlik hüququ yaranmamış və onun "xxxx" ASC-yə qarşı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlır. Lakin məhkəmə göstərilənləri nəzərə almayıb iş üzrə "xxxx" ASC-yə nisbətdə ikili standartlara yol verərək birtərəfli qətnamə çıxarmışdır. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bu barədə məlum Qərarı olduğunu, həmin Qərara əsasən bütün məhkəmələrə ilk növbədə şəxsin məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ olub-olmamasını aydınlaşdırmaq barədə göstəriş verildiyi də məhkəmənin nəzərinə çatdırılmışdır. Belə ki, bu il bir neçə ay əvvəl iddiaçılar T.Mirzəliyeva və qeyriləri cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC tərəfindən onların faktiki istifadələrində olan fərdi yaşayış evində quraşdırılmış sayğaca əsassız olaraq hesablanmış 3400 manat məbləğində borcun silinməsi” tələbinə dair Kəlbəcər rayon məhkəməsinə müraciət etmişlər. (iş № 2(040)-594/2024) İşin məhkəmə hazırlıq prosesinə qədər araşdırılma aparılmış və toplanılmış sənədlərlə müəyyən edilmişdir ki, iddiaçılar T.Mirzəliyeva və digərləri "xxxx" ASC-nin ORACLE məlumat satış proqram bazasında abonent kimi qeydiyyatda yoxdurlar və onlarla enerjinin alqı-satqısına dair müqavilə bağlanmamışdır. Bu barədə iş üzrə zəruri sənədlər məhkəməyə təqdim olunmuş və bildirilmişdir ki, iddiaçıların subyektiv hüquqları olmadığından onların məhkəmədə "xxxx" ASC-yə qarşı iddia qaldırmaq hüquqları yoxdur. Kəlbəcər rayon məhkəməsi iş materiallarını araşdırmış və işin nəticəsinə dair iddiaçıların iddia tələblərinin təmin edilməməsinə dair xx.xx.2024-cü il tarixli, 2(040)-594/2024 saylı qətnamə çıxarmışdır. Göründüyü kimi Gəncə Kommersiya Məhkəməsi subyektiv hüququ olmayan şəxsin iddia tələbini təmin etmiş, lakin Kəlbəcər rayon məhkəməsi subyektiv hüquqları olmayan şəxslərin iddia tələblərini qanunauyğun olaraq təmin etməmişdir. Bütün bu yuxarıda göstərilənlər barədə işə baxan birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa da qeyd olunanlar məhkəmə tərəfindən işin nəticəsinə dair qətnamə çıxarılan zaman onlara məlum olmayan səbəbdən nəzərə alınmamışdır. Məhkəmə tərəfimizdən təqdim olunan sübutlara heç bir hüquqi qiymət verməmiş, iddianı təmin etməklə hazırkı iş üzrə tərəflərə nisbətdə ikili standartlara yol verdiyini göstərir. Hazırda Respublikamızın işğaldan azad edilmiş ərazilərində gecə-gündüz durmadan, yorulmadan müxtəlif təhlükələrdən çəkinmədən əzmlə çalışan "xxxx" ASC-yə qarşı haqsız və ədalətsiz qətnamə qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-1322/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh və iddiaçı tərəfin nümayəndələrini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-cü il tarixli R № 054120 saylı aktdan görünür ki, istehlakçı Hüseynov Rafiqə məxsus obyektdə elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın A fazasında quraşdırılmış cərəyan transformatorunda 2-ci tərəfi L1L2 cərəyan naqilləri sayğacın A faza cərəyan sıxaclarına çarpaz qoşulmuşdur. Sayğac 66,3 faiz xətayla işləməsinə səbəb olmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, iddiaçıya məxsus olan obyektdə aşkar edilmiş pozuntu nəticəsində 87902 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 9669,22 manat məbləğində cərimə hesablanmışdır. Qeyri-əhali qrupuna aid abunə haqqında vərəqindən görünür ki, 13091,96 manat məbləğində pul vəsaiti akt əsasında borc kimi abunə haqqında sənədə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş qeydiyyat tarixi xx.xx.2011-ci il olan MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Gədəbəy rayonu, Slavyanka kəndində 1241 m2 ümumi sahəsi olan əmlak kompleksi kimi müəssisə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus sahibkarlıq obyektində “X1 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 qaydaları”nın 1.2-ci bəndinə əsasən, bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. “X1 qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 3.1-ci maddəsində göstərilir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 394 nömrəli Qərarının 2.14-cü bəndinə əsasən dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Həmin Qərarın 2.18-ci bəndinə əsasən ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarından göründüyü kimi sahibkarlıq sahəsində aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalı olduğu halda cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş həmin qaydalara riayət edilməmiş, bu da yuxarıda istinad olunan qanunvericilik aktlarına ziddir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. İş materialları müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış binasında aparılan yoxlama yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 9669,22 manat məbləğ istehlakçının hesabından silinməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının bu kimi iddia ilə müraciət etməyə subyektiv hüququnun olmadığını vurğulamışdır. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, qeyd olunan ünvandakı sahibkarlıq obyektinin 2011-ci ildə iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Həmçinin işdəki abonent saldosundan görünür ki, həmin obyekdə xx.xx.2017-ci il və xx.xx.2023-cü il tarixlərdə sayğac dəyişməsi, yəni yeni sayğac quraşdırılmışdır. Cavabdeh obyektin Rafiq Hüseynov adlı şəxsə məxsus olmadığını bildiyi halda (və ya da bunu bilməli olduğu halda) abonent kimi Rafiq Hüseynovu göstərmişdir. Tərtib olunmuş aktla hesablanmış borcdan zərərçəkən şəxs Rafiq Hüseynov yox, obyektin sahibi olan iddiaçıdır. Ona görə ki, aylıq sərfiyyat pulu ödənildikcə ödənilən məbləğin müəyyən hissəsi aktla müəyyən olunmuş borca silinir. Sərfiyyat pulu obyektin sahibi kimi iddiaçı tərəfindən ödənildiyinə görə tərtib olunmuş aktla hüququnu pozulmuş hesab edən şəxs də iddiaçıdır. Bu baxımdan kollegiya iddiaçını bu kimi iddia ilə məhkəməyə müraciət etməkdə haqlı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsiniin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1322/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:/imza/ Hakimlər:/imzalar/ Əsli ilə düzdür: Hakim: Şamil Rzaquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar