Məhkəmə qərarları › İş №2-2(104)-31/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-31/2025

27.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-31/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdehnə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı X1 (bundan sonra- iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı “38523,83 manat borcun tutulması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları “X5” MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Əlavəyə əsasən Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnikanın hər birinə görə 8000 manat olmaqla ümumilikdə bir ay üçün 16000 manat xidmət haqqı müəyyən edilmişdir. Tərəflər arasında 20 fevral 2024-cü il tarixli üzləşmə haqqında akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh MMC-nin X2 xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 38523,83 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə pretenziya ilə cavabdehə müraciət etmiş, tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı borcun tutulmasına dair iddia vasitəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, ona məxsus vəsait hesabına aldığı, hazırda mülkiyyətində olan Frontal Yükləyici “Foton FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitələrim vardır. Hüquqi şəxs olan Cavabdeh MMC-nin direktoru Niyazi Palaslı oğlu ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli Xidmət müqaviləsinə əsasən hər ay üçün ümumilikdə 16.000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-nə xidmət göstərmişdir. Xidmət müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən mülkiyyətində olan 2007-ci il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “FOTON FL-958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona hər ay üçün 8000 manat, 2013-cü il buraxılışlı, sarı rəngli, Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F- 399 dövlət nömrə nişanlı texnikanın isə iş saatı 12 saat olmuş və sifarişçi tərəfindən ona həmin texnikaya görə hər ay üçün 8000 manat xidmət haqqı ödənilmişdir. Xidmət müqaviləsinin şərtlərinə əsasən Cavabdeh MMC müqavilədə göstərilən müddətdə və qaydada göstərdiyim xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüş və ödənişlər 2023-cü ilədək ödənilmiş, lakin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Xidmət müqaviləsinin şərtlərinə uyğun olaraq göstərilən xidmət haqqı tam olaraq mənə ödənilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli Xidmət müqaviləsinə və Cavabdeh MMCdən alınmış üzləşmə haqqında akta əsasən Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində göstərdiyi xidmətlərə görə ona ümumilikdə 38523,83 manat borcu yaranmışdır. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və birinci instansiyası məhkəməsi işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçının nümayəndəsi və vəkili məhkəmə icasında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “38523,83 manat borcun iddiaçının xeyrinə tutulması” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli Xidmət müqaviləsinə əsasən hər ay üçün ümumilikdə 16000 manat xidmət haqqı ödənilmək şərti ilə mülkiyyətində olan Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə sifarişçi Cavabdeh MMC-nə xidmət göstərmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş xidmət göstərilmiş, cavabdeh isə müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 38523,83 manat borcu yaranmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, üzləşmə aktı, elekron qaimələr ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 38523,83 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Elektron qaimə fakturalara münasibətdə məhkəmə onu qeyd etmişdir ki, həmin elektron qaimələr borcun olmasını birbaşa təsdiq etməsə də, iş materiallarında olan üzləşdirmə aktı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, cavabdehin qeyd olunan borcu mövcuddur. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 753.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqaviləsinin 1.1-ci bəndinə görə, icraçı, müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə göstərilən texnika(lar) vasitəsilə sifariş günlərinə uyğun olaraq, sifarişçiyə məxsus iş yerində xidmət göstərir, sifarişçi isə göstərdiyi xidmətin müqabilində İcraçıya razılaşdrılmış haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Göründüyü kimi, sözügedən müqavilənin məqsədinə bütünlüklə nail olmaq o halda mümkün ola bilərdi ki, hər bir tərəf öz üzərinə düşən öhdəliyi tam icra etmiş olsun. Buna baxmayaraq, İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, xidmətləri tam şəkildə icra etməmiş və təhvil verməmişdir (təhvil-təslim aktları məhkəməyə təqdim olunmayıb). Lakin müqavilə üzrə hansı həcmdə xidmətlər göstərilmişdirsə, həmin xidmətlərin dəyərini cavabdeh tam şəkildə İddiaçıya ödəmişdir. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmiş, bununla da hüquq normasının pozuntusuna yol vermişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara tam və ətraflı baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Odur ki, birinci instansiya məhkəməsi maddi hüquq normasından əlavə, həmçinin prosessual hüquq normasının pozuntusuna yol vermiş, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. İddiaçının vəkili xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və tərəflər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında podratdan irəli gələn hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə etibarlı olmuş və həqiqi hüquqi nəticələr yaratmağa yönəlmişdir. Müqavilə tərəflərin imzaları ilə təsdiq edilmiş və hazırda müqavilənin etibarlılığı tərəflər tərəfindən mübahisələndirilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında podratdan irəli gələn müqavilə münasibətləri etibarlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X5” MMC ilə X3 arasında xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən texnikalar vasitəsilə sifariş günlərinə uyğun olaraq sifarişçiyə məxsus iş yerində xidmət göstərməyi, sifarişçi isə göstərdiyi xidmətin müqabilində icraçıya razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli QSZX 52/0522 nömrəli xidmət müqaviləsinə 1 nömrəli əlavə imzalanmışdır. Əlavəyə əsasən Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnikanın və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnikanın hər birinə görə 8000 manat olmaqla ümumilikdə bir ay üçün 16000 manat xidmət haqqı müəyyən edilmişdir. Tərəflər arasında 20 fevral 2024-cü il tarixli üzləşmə haqqında akt tərtib edilmişdir. Akta əsasən Cavabdeh MMC-nin X2 xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 38523,83 manat borcunun olması hər iki tərəfin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh müqavilənin 2.2-ci bəndinə istinad edərək görülmüş işlərin təhvil-təsliminin həyata keçirilmədiyini və iddiaçıya borcunun olmadığını iddia edir. Apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edilməlidir ki, tərəflər araında bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən, göstərilən xidmətin icra olunması barədə tərəflər arasında təhvil-təslim aktı imzalanır. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilənin 2.2-ci bəndinin tələbləri baxımından xidmətin icra olunması barədə təhvil-təslim aktı tərtib edilməsə də cavabdeh 20 fevral 2024-cü il tarixdə xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 38523,83 manat borcunun olmasını üzləşmə aktı ilə etiraf etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 38523,83 manat dəyərində görülmüş işləri qəbul etmişdir. Belə olan halda xidmətin yerinə yetirilməsinə dair təhvil-təslim aktının olmaması işlərin yerinə yetirilməməsi kimi qiymətləndirilmir. Cavabdehin xx.xx.2023-cü il tarixinə əsas məbləğdən 38523,83 manat borcunun olmasını etiraf etməsi bir daha təsdiq edir ki, iddiaçı tərəfindən özünə məxsus Frontal Yükləyici “FOTON FL958G” markalı, 05-T-565 dövlət nömrə nişanlı texnika və Frontal Yükləyici “XCMG ZL50G” markalı, 90-F-399 dövlət nömrə nişanlı texnika vasitəsi ilə razılaşdırılmış işləri yetinə yetirmiş, cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfdən üzləşmə aktı müəsisənin direktoru Murat Çağlayan və müəssisənin Baş mühasibi tərəfindən təsdiq edilmiş, qətnamədən apellyasiya şikayəti isə cavabdeh müəssisənin rəhbəri Murat Çağlayan tərəfindən verilmişdir. Göründüyü kimi cavabdehin direktoru müəssisənin borcunun olmasını etiraf etmiş və həmin üzləşmə aktının mötəbərliyini mübahisələndirmədən qətnamədən formal əsaslarla apellyasiya şikayəti vermişdir ki, cavabdehin rəhbərinin hərəkətləri bir-birinə ziddir. Bundan başqa cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələblərinin də pozulduğunu iddia etsə də bu pozuntunun nədən ibarət olmasını əsaslandırmamışdır. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi işin nəticəsinə təsir edəcək prosessual pozuntuya yol verməmiş və qəbul etdiyi qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun əsaslandırmışdır. Göründüyü kimi, iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansıyası məhkəməsinin mövqeyi isə əsaslıdır. Sonda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqdim edilmiş qaimələrin hazırki mübahisənin həllinə təsiri yoxdur. Belə ki, elektron qaimələrdə qaiməni təqdim edən iddiaçı deyil cavabdehdir və elektron qaimələrdə əsas kimi “beton və sement satışı” göstərilmişdir. Elektron qaimələr tərəflər arasında yaranmış sement satişi ilə bağlı cavabdeh tərəfindən verilmişdir ki, hazırki mübahisənin həllinə təsir edəcək sübut kimi qəbul edilə bilməz. Birinci instansiyası məhkəməsi hazırki mübahisənin həllində elektron qailmələri sübut qismində qəbul etməkdə haqlı olmasa da işin digər sübutlarına düzgün qiymət verməklə doğru nəticəyə gəlmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1313/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar