Məhkəmə qərarları › İş №2-2(104)-32/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-32/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-32/2024 19.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1, onun və Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada iddiaçının хеyrinə 006R********** saylı krеdit razılaşması üzrə 66634,63 manat krеdit bоrcu, 7873,07 manat faiz bоrcu və 26387,3 manat cərimə borcu olmaqla, cəmi 100895 manat bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılması və bоrcun satışından əldə olunan vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumi müştərək qaydada tutulması, Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 006L**********56 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 006R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 manat krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 33365,37 manat ödəmiş, onun 66634,63 manat məbləğində əsas kredit borcu, xx.xx.2022-ci il tarixə 396 gün üçün hesablanmış 7873,07 manat faiz borcu, 26387,3 manat cərimə borcu qalmışdır. Öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 016M**********01 saylı və xx.xx.2018-ci il tarixli 006M**********02 saylı ipoteka müqavilələri əsasında ona məxsus Göygöl şəhəri, X5 küçəsində yerləşən 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil və Göygöl şəhəri, Bülbül küçəsində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş və qeydiyyata alınmışdır. İddiaçı QSC iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 oglundan, Cavabdeh3 oglundan, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 006R********** saylı kredit razılaşması üzrə 66634,63 manat məbləğində kredit borcu, 7873,07 manat faiz borcu və 26387,3 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 100895 manat borcun, ödənilmiş 400 manat mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində miilkiyyatda olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə və Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin torpaq sahəsinin, fərdi yaşayış evinin və mənzilin açıq hərracdan satılması və ümumilikdə 100895 manat məbləğində borcun, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 25 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının, ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh3 oglundan, Cavabdeh1, Cavabdeh4 müştərək qaydada tutulması, Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh6 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi qismən təmin edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli 006R********** saylı kredit razılaşma üzrə 66538 manat 62 qəpik əsas borcun, 7873 manat 07 qəpik faiz borcu və 1200 manat cərimə borcu olmaqla, cəmi 75611 (yetmiş beş min altı yüz on bir) manat 69 (altmış doqquz) qəpik kredit borcu, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərci, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil və fərdi yaşayış evinin açıq hərracdan satılması, Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ilkin satış qiymətinin 35000 (otuz beş min) manat, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin isə 110000 (bir yüz on min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, mənzilin və fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh2 qaytarılması, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər Cavabdeh2, Cavabdeh6 və Cavabdeh5 Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 500 (beş yüz) manat ekspertiza xərcinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 (altı yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə məhkəmə-tikintitexniki ekspertizasının keçirilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 316 (üç yüz on altı) manat 84 (səksən dörd) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 10 sentyabr 2018-ci il tarixli, 006L**********56 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, ona 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli, 006R********** saylı kredit razılaşmasından görünür ki, ona fərdi mikro kredit məqsədilə, aylıq faiz dərəcəsi 1,4167 faiz olmaqla, 24 ay müddətinə 100000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. 11 sentyabr 2018-ci il tarixli 006S**********01 saylı, 006S**********01 saylı və 02 oktyabr 2020-ci il tarixli 006S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. 02 oktyabr 2020-ci il tarixli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 006R**********S saylı sazişdən görünür ki, kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilərək, kredit müqaviləsi üzrə öhdəliyin israsının müddəti 01 mart 2022-ci il tarixədək müəyyən edilmişdir. 18 sentyabr 2018-ci il tarixli 006M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 uzunmüddətli kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 14000 manat məbləğində müəyyən edilmişdir. 23 avqust 2019-cu il tarixli 016M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit razılaşması üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 2.5-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin ilkin satış qiyməti 55800 manat məbləğində müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilə Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh2 26 noyabr 2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə xx.xx.2023-cü il tarixinə banka 66634,63 manat əsas, 7873,07 manat faiz, 26387,30 manat cərimə borcu olmaqla, ümumilikdə 100895 manat bоrcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/6573 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının və xx.xx.2020-ci il tarixli 006R**********S saylı sazişin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 13415,56 manat olmaqla, cəmi 79954,18 manat, xx.xx.2022 ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 14169,67 manat olmaqla, cəmi 80708,29 manat, xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas borc üzrə 66538,62 manat, faiz borcu üzrə 18505,77 manat olmaqla, cəmi 85044,39 manat məbləğində borc hesablanmışdır. Həmiçinin İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə təqdim edilmiş sənədlərə əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır. Hazırki tədqiqatla da cərimə müəyyən edilməmişdir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 noyabr 2022-ci il tarixli 254/AB/22 saylı və 253/AB/22 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar dəyəri 178000 manat, likvid dəyəri 155000 manat, Göygöl şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən 1 nömrəli mənzilin isə bazar dəyəri 45000 manat, likvid dəyəri 35000 manat təşkil edir. Tədqiqatın dəyəri 600 manat təşkil edir. "xxxx" MMC-nin 03 mart 2023-cü il tarixli 02-07/23 nömrəli rəyindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158,1 kv.metr ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinin 03 mart 2023-cü il tarixinə bazar dəyəri 82000 manat, likvid dəyəri 70000 manat, Göygöl şəhəri, X5 küçəsi, 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin isə bazar dəyəri 24000 manat, likvid dəyəri 20500 manat təşkil edir. Tədqiqatın dəyəri 500 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli 10/3931-9/4143 nömrəli rəyindən görünür ki, Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 45 nömrəli mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 118000 manat məbləğində, likvid dəyəri isə təqribən 110000 manat məbləğində müəyyən edilmişdir. Həmiçinin Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.metr ümumi sahədən ibarət 1 nömrəli mənzilin qapısı bağlı olduğundan həmin mənzilin mövcud olan orta bazar və likvid qiyməti müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mənzilin və fərdi yaşayış evinin satış qiymətini müəyyən edərkən, faktiki olaraq mənzilin hazırkı real bazar qiymətini dəqiqləşdirmək üçün təkrar ekspertiza keçirilməmiş və nəticədə mənzillər dəyərindən olduqca aşağı qiymətə hərraca çıxarılmışdır. Bundan başqa baxmayaraq ki, onlar banka olan borclarından xeyli miqdar ödəmişlər. Fərdi yaşayış evinin hərraca çıxarılması qalan borcun ödənilməsi üçün yetərli olmasına baxmayaraq məhkəmə həm mənzilin və həm də fərdi yaşayış evinin açıq hərracdan satılmasına qərar vermişdir. Bundan başqa qətnamənin evin açıq hərracdan satışından 1 ay sonra evdə yaşayanların evdən çıxardılması barədə qərar verilərkən Cavabdeh2 ağır iflic xəstəsi olması onun nə danışa, nə hərəkət edə bilməməsi nəzərə alınmamışdır. Məhkəmə bütün bu halları düzgün araşdırmamışdır. Məhkəmə işə baxan zaman mövcud hər bir şübhənin aradan qaldırılması üçün bütün mümkün olan vasitələrdən istifadə etmək, ədalətə və həqiqətə nail olmaq naminə işdə mövcud olan və müxtəlif prizmadan yanaşmaya yol verən sübutları ayrı-ayrılıqda və məcmu halında araşdırıb qiymətləndirmək üçün təkrar ekspertiza keçirməli idi. Ekspert rəyinin düzgünlüyü şübhə yaratdıqda məhkəmə təkrar ekspertiza təyin etmək hüququna malik olduğuna görə zəruri hallarda təkrar ekspertizanın keçirilməsini təmin etməlidir. Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Hazırkı işdə bir neçə bir-birinə ziddiyyətli ekspertiza rəyləri olmuş, mənzil və fərdi yaşayış evinə müxtəlif qiymətlər qoyulmuşdur. "xxxx" MMC-nin qiymətləndirmə rəyinə əsasən Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin bazar dəyərinin 178000 manat, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində 28 ünvanda yerləşən 1 nömrəli mənzilin bazar dəyəri 45000 manat, likvid dəyəri 35000 manat, "xxxx" MMC-nin rəyinə əsasən Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06 ha torpaq sahəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 82000 manat, Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində 28 ünvanda yerləşən 1 nömrəli mənzilin bazar dəyəri 24000 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizasıMərkəzinin 07 sentyabr 2023-cü il tarixli rəyinə əsasənGöygöl şəhəri, Bülbül küçəsində yerləşən 0,06ha torpaq sahəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 118000 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, ona məxsus evin və mənzilin hazırkı bazar dəyəri "xxxx" MMC-nin verdiyi rəyə daha uyğundur. Belə olan təqdirdə təkrar ekspertiza keçirilməsi zərurəti yaranmasına baxmayaraq məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməmiş, bununla da prosessual hüquq norması pozulmuşdur. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və digər Cavabdeh2 vəkili Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 birinci instansiya məhkəməsinin əmlakların qiymtələndirməsi ilə bağlı ətraflı araşdırma apardığını və əmlakın real dəyərini müəyyən etdiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni tutmanının ipoteka predmetlərinə yönəldilməsinin təmin edilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi və ipoteka predmeti açıq hərracda realizə edildikdən 1 ay sonra cavabdehlərin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Hazırkı mübahisə üzrə 18 sentyabr 2018-ci il tarixli, 006M**********02 saylı və 23 avqust 2019-cu il tarixli, 016M**********01 saylı ipoteka müqavilələrinə əsasən Cavabdeh2 müvafiq olaraq mülkiyyətində olan Göygöl şəhəri, X5 küçəsində 28 nömrəli evdə yerləşən 64.6 kv.m ümumi sahədən ibarət 1 nömrəli mənzil və Göygöl şəhəri, Bülbül küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 158.1 kv.m ümumi sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir ki, iddiaçının da əsas öhdəliyin icra edilməməsi səbəbindən tələbinin ipoteka ptedmetlərinə tutmanın yönəldilməsi ilə təmin edilməsini tələb etmək hüququ mövcud olmuşdur. Cavbdehlərdən tutulmalı olan borc məbləğinin cəmi 75611 manat təşkil etməsi isə tələbin ipoteka predmetlərinin hər ikisinə yönəldilməsini istisna etməməklə, bu hüquq iddiaçıya məxsus olmuşdur. Məhkəmə kollegiyası cavabdehin ipoteka predmeti açıq hərracda realizə edildikdən 1 ay sonra cavabdehlərin ipoteka predmetindən çıxarılması və ipoteka predmetinin boşaldılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda istinad olunan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduğu halda yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər ki, mülkiyyətçinin və ya onun ailə üzvünün xəstəliyi həmin tələbin təmin edilməsini istisna etməməkdədir. Məhkəmə kollegiyası ipoteka predmetlərnin ilkin satış qiymətlərinin düzgün müəyyən olunmaması ilə bağlı dəlilə münasibətdə isə qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmış, iki mütəxəsis və ekspert rəyi əldə edilmişdir ki, mütəxəssis rəyləri arasında ilkin satış qiyməti ilə əlaqədar kəskin fərq olmuşdur. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən daha mötəbər hesab olunmuşdur. Belə ki, ekspert rəyinin verilməsi ilə bağlı qanunvericiliklə məsuliyyətin müəyyən edilməsi həmin rəyin daha mötəbər olmasını deməyə əsas verməkdədir. Digər tərəfdən cavadbeh ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(115)-36/2023 saylı qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar