Məhkəmə qərarları › İş №2-2(104)-32/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-32/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-32/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, iddiaçı X1 Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra - cavabdehlər) qarşı “cavabdehlərdən 2045.22 ABŞ dolları əsas, 118.21 ABŞ dolları faiz, 1872.74 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 287.84 ABŞ dolları faiz borcunun tutulması” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 825/2024 nömrəli qətnaməsindən iddiçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı illik faiz dərəcəsi 33% оlmaqla 24 ay müddətinə, “Dövriyyə və əsas vəsaitlər” məqsədilə sonuncuya 5100 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh2 isə kredit müqaviləsi ilə müəyyən оlunmuş ödəniş planı üzrə borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2014-cü il tarixli 460004205/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi və xx.xx.2014-cü il tarixli 460004205/ZM nömrəli nömrəli zaminlik müqaviləsi üzrə kreditor, əsas borcu və zamin arasında xx.xx.2015-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmışdır. Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin 4521,04 ABŞ dolları təşkil etdiyi göstərilmiş və kreditin müddəti xx.xx.2017-ci ilədək uzadılmışdır. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə üzrə xx.xx.2017-ci il tarixdə kreditor, əsas borcu və zamin arasında arasında 02 nömrəli əlavə sazişlər bağlanmışdır. Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin 5421,65 ABŞ təşkil etdiyi göstərilmiş və kreditin müddəti xx.xx.2021-ci ilədək uzadılmışdır. 04 mart 2023-cü il tarixli **********557 nömrəli maliyyə arayışında borclunun xx.xx.2024-cü il tarixə banka 2045,22 ABŞ dolları krеdit bоrcu, 118,21 ABŞ dolları faiz bоrcu, 1872,74 ABŞ dolları cərimə borcu və 287 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 4324 ABŞ dolları bоrcunun olması göstərilmişdir. xx.xx.2024-cü il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron portalından əldə olunmuş çıxarışa əsasən 21 dekabr 2015-ci il tarixinə Cavabdeh2nun ləğv prosesində olan İddiaçı ASC-yə kredit boru 3645,49 ABŞ dolları, hesablanmış kompensasiya 2187,29 manat təşkil etdiyi və sərəncamda qalan hissəsi 3254,58 manat olduğu göstərilmişdir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən Cavabdeh2 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi (4521,04 ABŞ dolları məbləğində) “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri çərçivəsinə düşmüşdür. Belə ki, həmin müqavilə üzrə cavabdehə 3254,58 manat kompensasiya məbləği hesablanmış və onun sərəncamına verilmişdir. Müqavilə üzrə qalıq borc məbləğinin restrukturizasiyası ilə əlaqədar qeyd olunur ki, həmin müqavilə həmin Fərmanın təsir dairəsinə düşməmişdir (Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli məktubu). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2024-cü il tarixli 9/5141 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən kredit müqaviləsi üzrə borcalanın banka ödəməli olan kredit borcu kredit müddətinin bitdiyi xx.xx.2021-ci il tarixə 1169,18 ABŞ dolları əsas, 2551,51 ABŞ dolları faiz borcu və maliyyə arayışının tərtib olunduğu xx.xx.2024-ci il tarixə 1169,18 ABŞ dolları əsas, 2551,51 ABŞ dolları faiz, illik 5% dərəcəsilə faiz borcu isə 164,34 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə və əsas vəsaitlər” məqsədi ilə 24 ay müddətinə illik 33 faiz dərəcəsi ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli 460004205/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən kreditorun borclana verdiyi kreditin qalıq məbləği 4521,04 USD təşkil etmişdir Kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunmuşdur. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5421,65 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi məhkəmə icasında iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keşçirilməsini mümkün hesab etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-825/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək “1169 ABŞ dolları 18 sent kredit borcu, 118 ABŞ dolları 21 sent faiz borcu, 50 ABŞ dolları cərimə borcu, müqavilə müddəti bitəndən sonra hesablanmış 164 ABŞ dolları 34 sent faiz borcu olmaqla cəmi 1501 (bir min beş yüz bir) ABŞ dolları 73 (yetmiş üç) sent pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə borcun və ödənilmiş 45 (qırx beş) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə İddiaçı ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 33% оlmaqla 24 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 5100 ABŞ dolları kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2015-ci il tarixli və xx.xx.2017-ci il tarixli sazişlərlə kredit müqaviləsi və zaminlik müqaviləsinə dəyişiklik edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. İddiaçı iddia tələbində cavabdehdən 2045,22 ABŞ dolları əsas, 118,21 ABŞ dolları faiz borcu və müqavilə müddəti bitəndən sonra hesablanmış 287,84 ABŞ faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə isə Cavabdeh2 kredit müqaviləsi üzrə banka müqavilənin müddətinin bitmə tarixinə, xx.xx.2021-ci il tarixə 1169,18 ABŞ dolları əsas borc, 2551,51 ABŞ dolları faiz borcu, maliyyə arayışında qeyd edilən tarixə, xx.xx.2024-cü il tarixə 164,34 ABŞ dolları 5%-lə faiz borcunun olması müəyyən olunmuşdur. Bu səbəbdən də, ekspertiza rəyi ilə müəyyən edilmiş məbləğdə əsas borc və müqavilə müddətindən sonra hesablanmış faiz borcu, iddia tələbində qeyd edilən məbləğdə müqavilə müddətinə hesablanmış faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki 1872.74 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cəriməl azaldılaraq 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan başqa tərəflər arasında kredit müqaviləsi və zaminlik müqaviləsi xx.xx.2014cü il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixli 02 nömrəli sazişlə uzadılaraq 36 ay, yəni xx.xx.2021-ci il tarixə kimi müəyyən edilmişdir. Müqavilə üzrə öhdəliyin icra müddətindən və son icra tarixindən bir ildən artıq vaxt keçdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən məhkəmə hesab etmişdir ki, digər Cavabdeh1 kredit borcunun tutulması qanuni və əsaslı sayıla bilməz. Birinci instansiyası məhəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1,386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 460.1, 462.1, 467, 477, 739.1,739.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-825/2024 nömrəli qətnaməsinin qismən – əsas, cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu hissələrində ləğv edilməsi və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddia tələbi üzrə əsas borc 2.045,22 ABŞ dolları olduğu halda 1.169,18 ABŞ dolları, iddia tələbi üzrə cərimə borcu 1.872,74 ABŞ dolları olduğu halda 50 ABŞ dolları, iddia tələbi üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 287,84 ABŞ dolları olduğu halda 164,34 ABŞ dolları borc tutulmuşdur. Cərimə borcunun məbləği və ödənilməsi qanunvericiliyin tələbinə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən olunmuşdur. Məhkəmə isə cərimə məbləğini qismən, yəni 50 ABŞ dolları məbləğində müəyyən etməklə əsassız qətnamə qəbul etmişdir. Mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi əsas və gecikdirilmiş vaxt üçün illik beş faiz borcunu azaldarkən xx.xx.2024-cü il tarixli 9/5141 nömrəli ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi özünün bu istinadını əsaslandırmamışdır. Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1-ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçünməcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olur. Birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, nümayəndəsi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçrilməsini xahiş etmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni qismən, yəni əsas, cərimə və illik 5 faizlə hesablanmış məbləğin azaldılması hissəsində mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-825/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı ilə əsas borclu olan cavabdeh arasında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit nüqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsinə əsasən 5100 ABŞ dolları məbləğində krediti müqavilə üzrə öhdəliyini icra edərək cavabdehə vermiş, cavabdeh isə kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirmədindən iddiaçıya borcu qalmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müaviləsi etibarsız olmamış və həqiqi hüquqi nəticələr yaratmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçı kredit müqaviləsinin şərtlərini yerinə yetirərək cavabdehə müqavilə ilə müəyyən olunmuş pul məbləğini cavabdehə vermiş, cavabdeh isə öhdəliyini lazımınca icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı müqavilə olmuş və tərəflərin arzu etdikləri həqiqi niyyətlərini əks etdirmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri formalaşmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırki iş üzrə borcun məbləğinin hesablanması məhkəmənin xüsusi biliyindən kənara çıxdığından birinci instansiyası məhkəməsi tərəfindən haqlı olaraq məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İddiaçı özünün tərtib və təqdim etdiyi maliyyə arayışında müəyyən olunmuş borcun məbləğinin hesablanmasının həqiqiliyinə dair hər hansı sübut təqdim etməmişdir ki, iddiaçının özü tərəfindən tərtib edilmiş maliyyə arayışının məhkəmə üçün faktı təsdiq edən sübuti əhəmiyyəti yoxdur. Qeyd olunduğu kimi borcun hesablanması məhkəmənin xüsusi biliyindən kənar çıxdığından iş üzrə müstəqil ekspert rəyinə zərurət vardır ki, qanunvericiliyin tələbinə əsasən isə ekspert rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırki iş üzrə ekspert rəyi birinci instansiyası məhkəməsi tərəfindən digər sübutlarla yanaşı qiymətləndirilmiş və iş materiallarında ekspert tərəfindən aparılmış ekspertizanın nəticələrinin sübhə altına alacaq alternativ hesablamaya dair rəy olmadığından düzgün olaraq mühasibatlıq ekspertizasının rəyini sübut qismində qəbul edərək yekun məhkəmə aktı qəbul etmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş maliyyə arayışının sübuti əhəmiyyəti ilə bağlı isə məhkəmə mövqeyini yuxarıda bildirmiş və məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsinin əsas və illik 5 faizlə hesablanmış məbləğin ekspert rəyinə uyğun cavabdehdən tutulmasına dair mövqeyi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də apellyasiya şikayətinin qiymət verilən hissədə dəlilləri əsassızdır. Cərimə borcunun azaldılmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Cərimənin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, cərimənin hesablanması tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 2.5-ci bəndində nəzərdə tutulmuşdur. Lakin cərimənin məbləği, istər iddiaçı tərəfindən hesablanmış 2045.22 ABŞ dolları əsas borca, istərsə də ekspert tərəfindən müəyyən edilmiş 1169,18 ABŞ dolları əsas borca münasibətdə iddiaçı tərəfindən hesablanmış 1872.74 ABŞ dolları cərimə borcu tənasübsüz yüksəkdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Eyni zaanda iddiaçı tərəfindən müəyyən vaxtlarda ödənilmiş vəsaitdən cərimə borcuna silinmələr həyata keçirilmişdir. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən əsas borc məbləğinin 5 %-i həddində hesablanmış cərimə borcu tutulması qanuni və əsaslı olar. Bu səbəbdən də məhkəmə hesab edir ki, cərimə borcuna münasibtədə də məhkəmənin mövqeyi qanuni və əsaslı olduğundan apelyasiya şikayəti qiymət verilən hissədə də təmin edilə bilməz. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissələrdə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-825/2024 nömrəli qətnaməsi apellyasiya baxışının predmeti olan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar