Məhkəmə qərarları › İş №2-2(104)-35/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-35/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-35/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2- 2(115)-441/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində birinci icraat: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında imzalanmış 7 fevral 2022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 4.209,67 manat əsas borc, 236,47 manat cərimə olmaqla, ümumilikdə 4.446,14 manat borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində haqqın və 4,47 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 07 fevral 2022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsin sirkə sexini (avadanlıqları ilə birgə 11 ay müddətinə icarəyə götürməyi və aylıq 1.500 (bir min beş yüz) manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə öhdəliklələri icra edilmədiyi üçün ödənilməyən icarə haqqı borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, cavabdehə 11 oktyabr 2022-ci il tarixli 01-05- 2022-00479 nömrəli pretenziya məktubu ünvanlanaraq müqaviləyə 1 sentyabr 2022-ci il tarixindən xitam verilmiş, müqavilə üzrə 06 oktyabr 2022-ci il tarixinə qədər yaranmış 4.209,67 icarə haqqı borcu və ödənilməyən icarə haqqı günlərinə görə 236,47 manat cərimə olmaqla, ümumilikdə 4.446,14 manat məbləğin ödənilməsi tələb olunmuş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 24 fevral 2023-cü il tarixə olan 4.209,67 (dörd min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc və 236,47 (iki yüz otuz altı manat qırx yeddi qəpik) manat cərimə olmaqla, ümumilikdə 4.446,14 (dörd min dörd yüz qırx altı manat on dörd qəpik) manat məbləğin ödənilməsi tələb olunur. Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-2(115)-441/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsi üzrə yaranmış 4209,67(dörd min iki yüz doqquz manat altmış yeddi qəpik) manat əsas borc, 50(əlli) manat cərimə olmaqla, ümumilikdə 4259,67(dörd min iki yüz əlli doqquz manat altmış yeddi qəpik) manat məbləğində borc, 60 (altmış) manat mediasiya xərci və 2,59 (iki manat əlli doqquz qəpik) dövlət rüsumunun Cavabdehndən tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdehndən 60 (altmış) manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2022-ci il tarixli 01/22 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən- "xxxx" ASC icarə obyektini - ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyriyaşayış sahəsini - sirkə sexinini icarəçiyə icarəyə verməyi, icarəçi-Cavabdeh MMC isə müqavilədə göstərilən müddət ərzində icarə obyektindən təyinatına uyğun olaraq və zərər vurmadan istifadə etməyi və bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə icarə obyektinin aylıq icarə haqqının məbləği 1 aylıq güzəşt müddəti tətbiq edilməklə 1500 manat təşkil edir. İcarə haqqına Azərbaycan Respublikası qanunvericiliyi ilə tətbiq olunan vergilər və digər məcburi ödənişlər daxildir. İcarəçi ƏDV ödəyicisi qeydiyyatında deyildir. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəf onu imzaladığı vaxtdan hüquqi qüvvəyə minir və 11 ay müddətində hüquqi qüvvədə qalır. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, icarəyə verən-"xxxx" ASC icarə obyektini-ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsi sirkə sexini icarəçiyə təhvil verir, icarəçi isə həmin obyekti icarəyə qəbul edir. xx.xx.2022-ci il tarixli EBBU 520669 nömrəli elektron qaimədən görünür ki, 1209.67 manat, xx.xx.2022-ci il tarixli EBCB 776381 nömrəli elektron qaiməyə əsasən 1500 manat, 2022-ci ilin iyun ayı üzrə icarə haqqı isə elektron qaiməyə əsasən 1500 manat təşkil edir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 08 aprel 2022-ci il tarixli qərarından görünür ki,müəssisdə sirkə istehsalı üçün nəzərdə tutulmuşdur. Həmçinin istehsalda istifadə olunan xətlərdə və çənlərdə sirkə xammalı mövcud olduğundan ünvan 2 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-yə məxsus “Samoto” spirtli və sipirtsiz içkilərin istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyata alınmaması qərara alınmışdır. Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 06 iyun 2022-ci il tarixli, 3 nömrəli müraciətində qeyd olunmuşdur ki, "xxxx" MMC olaraq icarəyə götürülmüş "Sirkə sexin’’-də yerləşən çənlərin bir neçəsində sirkə məhsulu mövcuddur. İcarə haqqını aybaay ödənilsə də istehsala başlamaq uçun müqavilədə də razılaşdırıldığı kimi bütün sənədlər və icazələr alınmalıdır. Ləkin, sexdə sirkə məhsulu olduğu üçün Azərbaycan Respublikası Qıda Təhlükəsizliyi Agentiyindən sənəd ala bilməmişlər. Sexə daxıl olarkən həmin sirkənin qoxusu hiss olunur. Həmin sirkələrin çənlərdən boşaldılmasına köməklik edilməsi xahiş olunmuşdur. Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 29 iyun 2022-ci il tarixli, 04/22 nömrəli müraciətində qeyd olunmuşdur ki, Cavabdeh MMC-ilə “ASK'’ASC arasında xx.xx.2022 ci il tarixdə 01/22 nömrəli 370.5 kv.m “Sirkə sexi” ( avadanlıqları ilə birgə) üçün icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci maddəsinin şərtlərinə tərəflərindən əməl olunsa da, Sexdə heç bir istehsala başlamaq mümkün olmamışdır. Buna səbəb müqavilənin 4.2.2 maddəsnin (istehsal prosesinə yalnız müvafiq icazələr alındıqdan sonra başlamaq) icra edilməsi üçün ilkin olaraq tərəfinizdən çəndəki sirkələr boşalmalı idi. Öncədən sizə məktubla müraciət edərək bildirilmişdir ki, AQTİ tərəfindən bizə bildirilir ki, sexdə yerləşən çənlərdəki sirkələrin boşaldılması icazə sənədlərinin alınması üçün əsas şərtdir. Lakin sizin tərəfinizdən heç bir cavab olmadı. Sənədləşmələri bitirib işə başlamaq üçün bu avadanlıqlara uyğun olaraq avadanlıqların əsasında çatışmayan əlavə avadanlıqlar sifariş edilmişdir. Lakin indidə məlum olur ki, avadanlıqlarla birgə icarəyə verilən Sirkə sexdə yerləşən avadanlıqlar Sizə məxuxsus deyildir. Beləliklə, tərəflərindən ödənilən icarə haqqlarını və bütün çəkilmiş zərərlərin hamısını geri ödənilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-2(115)-441/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-2(115)-441/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, icarə müqaviləsinə əsasən (Maddə 1.3) icarəçi icarə obyekti üçün özünün zəruri və ya münasib hesab etdiyi ayrıla bilən bütün avadanlıq və qurğuları öz hesabina icarə obyektinə zərər vurmadan quraşdıra və onlardan istifadə edə bilər. Müqavilənin 3.2.2-ci maddəsinə əsasən icarəyə verən icarə obyektini bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada icarəciyə təhvil verməlidir. Lakin onlar işə başlamaq istəyəndə aydın olmuşdur ki, təhvil verilmiş çənlərin bəzisində sirkə qalmışdır. İddiaçı iki gün ərzində sirkəni boşaltmağa söz vermişdir. Müqaviləyə uyğun olaraq “Samoto”spirtli və spirtsiz içkilərin istehsalı üçün müəssisəsini qeydiyyata aldırmaq üçün Azərbaycan Respublikasının Qida X1 Regional Bölməsinə müraciət edilmişdir. Lakin oradan aldıqları qərarda göstərilmişdir ki, sexdə olan çənlərdə sirkə olduğu üçün müəssisəni qeydiyyata almaq mümkün deyildir. Bundan başqa onlar iddiaçıya bildirmişlər ki, istehsalata başlamaq üçün Qazaxstan Respublikasından zəruri avadanlıqlar gətizdirəcəklər. İcarəyə götürülmüş 370.5 kv.m yeri vergi qeydiyyatına aldırmaq üçün 12 saylı Ərazi vergilər idasəsinə müraciət olunan zaman məlum olmuşdur ki, icarəyə verilən yerdə 370.5 kv.m-lik boş yer yoxdur. Bu səbəbdən icarəyə verilən obyekt vergidə qeydiyyata alınmadığı üçün avadanlıqlarını gətirə bilməmişlər. Bu barədə iddiaçı tərəfə xx.xx.2022-ci ildə məktub yazıb Qazaxstandan avadanlıqların gətirilməsinə görə onlara icarə haqqı ödənişində verilmiş bir aylıq möhlətin yenidən bir aylıq (xx.xx.2022-tarixədək) uzadılaraq müqaviləyə əlavə edilməsini onlardan xahiş etdilər. Bütün bunlar barədə iddiaçı ilə dəfələrlə telefon danışıqları olmuşdur. Lakin heç bir nəticə əldə edə bilməmişlər. xx.xx.2022-ci il tarixdə yenidən məktub ilə iddiaçıya müraciət etdilər ki, onlar icarə haqqını aybaay ödəyirlər, lakin sexdə sirkə məhsulu olduğu üçün QTA-dən sənəd ala bilmirlər. Həmin sirkə çənlərinin boşaldılmasında onlara köməklik etmələrini xahiş etdilər. Lakin müraciətlərinin hamısı nəticəsiz qalmışıdır. xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub yazıb bildirdilər ki, bu vaxta qədər sexdə heç bir istehsalat başlamaq mümkün olmamışdır. Buna səbəb müqavilənin 4.2.2-ci maddəsinin icra edilməsi üçün ilkin olaraq tərəflərindən çənlərdəki sirkənin boşaldılması idi. Bu icazə sənədlərinin alınması üçün əsas şərtdir. Lakin onlardan etdikləri müraciətə heç bir cavab olmamışdır. Eyni zamanda sənədləşməni bitirib işə başlamaq üçün bu avadanlıqlara uyğun olaraq çatışmayan əlavə avadanlıqlar şifariş etmişdirlər. Lakin hazırda məlum olmuşdur ki, sirkə sexi ilə birlikdə onlara icarəyə verilən avadanlıqlar onlara məxsus deyildir. Bütün bu səbəblərdən iddiaçıdan xahış etmişlər ki, tərəflərindən ödənilən icarə haqqlarını və onların bütün çəkdikləri zərərlərin hamısını geri qaytarsın. Bu müraciətlərinə də iddiaçı cavab vermədi. xx.xx.2022-ci il tarixdə iddiaçıya məktub yazıb xahiş etdilər ki, onlara icarəyə verdikləri sirkə sexi ilə bağlı məlum mübahisələr öz həllini tapanadək onlara icarə haqqı ödənişindən müvəqqəti olaraq azad etsinlər. İddiaçının bu vaxta qədər etdikləri təkliflərlə əlaqədar heç bir tədbir görmədiyi üçün ona xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi üzrə yaranmış mübahisənin sülh yolu ilə həll edilməsi və Cəmiyyətə dəymiş ziyanın ödənilməsini tələb edən məktub göndərdilər. Onların bütün iradlarına cavab olaraq iddiaçı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, guya o, Müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda Cəmiyyətin sahibkarlıq fəaliyyətini digər səbəblərdən həyata keçirə bilmədiyinə görə dəymiş hər hansı maddi və mənəvi zərərlə bağlı onlara münasibətdə heç bir hüquqi məsuliyyət yaratmır. Eyni zamanda iddiaçı yenə də 3 aylıq icarə haqqını və cəriməni tələb etmişdir. İddiaçı “digər səbəblər”deyəndə nəyi nəzərdə tutduğunu açıqlamamışdır. İddiaçı bundan başqa pretenziya məktubu göndərərək onlardan ödənilməmiş icarə haqqını tələb etmiş, əks təqdirdə işi məhkəməyə verəcəyini bildirmişdir. O iddiaçı ilə telefonla bu barədə danışanda demişdir ki, bunun bir əhəmiyyəti yoxdur. Formal olaraq sənədlərdə məktub olmalıdır, onları məhkəməyə vermək fikrləri yoxdur. Hər dəfə onunla danışanda bildirib ki, məsələni öz aralarında həll edərlər. İddiaçının mübahisə barədə iddia verdiyini onlar bilməmişlər. Nə də məhkəmə onlara bildiriş göndərməmişdir. Hazırda icarəyə verilmiş obyektin əsl sahibi iddiaçıya qarşı Gəncə Kommersiya Məhkəməsində iddia qaldırmışlar. İddia təmin olunmuşdur. Əsl sahib qanuni yolla obyektə sahib çıxaraq oradan istifadə edir. Onlar çənlərdən bir neçəsində spirtli içki hazırlamaq üçün məhsul yerləşdirsələr də onu geri ala bilməmişlər. "xxxx" ASC obyektdə olan avadanlıqların özlərinə məxsus olması barədə məhkəməyə sənəd təqdim etməmişdir. İddiaçı məhkəmədə iddia qaldırarkən onların yazışmalarını yəqin ki, məhkəməyə təqdim etməmişdir. Məhkəmə onların məhkəmə iclasında iştiraklarını təmin etməmiş bir tərəfli olaraq işə baxıb düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, icarəyə götürülmüş yerdə yerləşən avadanlıqlar iddiaçıya məxsus olmamış və 2022-ci il iyun-iyul ayında əsl sahib Cavabdeh icarəyə götürdüyü obyektdən çıxarmışdır ki, bununla da icarə müqaviləsinə artıq 2022-ci ilin iyun ayından xitam verilmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, çənlərin bir neçəsində sirkə xammalı olmuş, digər çənlərdə isə olmamışdır. Cavabdeh çənlərin bir neçəsindən istifadə etmiş, hətta onun qıcqırdılması üçün çənlərə doldurulmuş məhsullar obyektdən çıxarkən orada qalmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahat verib bildirmişdir ki, icarə obyekti təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən hər hansı bir narazılıq olmadan qəbul edilmişdir. Cavabdeh tərəfindən 3 aylıq icarə haqqı ödənilmişdir. Hər hansı bir narazılıq olsa idi icarə haqqı ödənilməzdi. Cavabdehin şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əmlak tələbinə dair qaldırılmış iddianın cavabdehə verilmiş sirkə sexin heç bir aidiyyəti olmamışdır. Həmçinin, cavabdehlə müqavilə 01 sentyabr 2002-ci il tarixdə xitam verilmişdir. Cavabdehin 2022-ci ilin iyul ayından icarə obyektindən çıxması ilə bağlı göstərdikləri isə düzgün olmamaqla, yalnız sözdən ibarətdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi vəkil Nümayəndə2 yazılı izahatı: Kommersiya işinin məhkəmə baxışı zamanı iddiaçı sübut kimi xx.xx.2021-ci il tarixli 2-2(103)-927/2021 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini və 25 aprel 2019-cu il tarixli təhvil-təslim aktını göndərmişdir. Bildirilir ki, həmin məhkəmə qətnaməsində qeyd edimişdir ki, "xxxx" ASC ilə ilə borcalan “NAA Universal “MMC və ipoteka qoyan "xxxx"MMC arasında bağlanmış ipoteka müqaviləsində ipotekaya qoyulan əmlak təsvir edilmişdir. Hansı kı, həmin əmlak sonradan iddiaçı "xxxx"ASC-nin sahibliyinə keçmişdir. Müqavilədə yalnız ünvan 3 ünvanda yerləşən həmin əmlak kompleksinin yalnız tikililəri təsvir olunmuşdur. Orada olan tikililərin avadanlıqları və digər daşınar əmlaklar təsvir edilməmişdir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsinin icrası zamanı əmlakın qiymətləndirilməsi barədə hesabatda orada olan avadanlıqların və daşmar əmlakların qiymətləndirilməsi aparılmamışdır. Məhkəmə müəyyən etmişdir ki, həmin əmlakların təhvil-təslimi barədə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli akt isə (hansı ki hazırkı məhkəmə iclasına iddiaçı tərəfindən göndərilmişdir) buna səlahiyyətli olmayan və əmlakların mülkiyyətçisi olan iddiaçının, yəni "xxxx"MMC-nin iştirakı olmadan qanunsuz tərtib edilmişdir. Məhkəmə həmin əmlakların "xxxx"ASC-nin qanunsuz sahibliyindən geri qaytarılmasını qət etmişdir. İddiaçı "xxxx"ASC cavabdeh "xxxx"MMC-yə icarəyə verdiyi əmlakların özünün balansında olması barədə heç bir sənəd təqdim edə bilmədiyindən bu sənədləri gözə kül üfürmək üçün göndərmişdir. Bundan başqa o, bağladığı icarə müqaviləsi üzrə Mülki Məcəllədə göstərilən əmlak kirayə müqaviləsində kreditorun öhdəsinə düşən heç bir vəzifəni yerinə yetirməmişdir. Belə ki, həmin məcəllənin 387.2, 700, 676, 677-ci maddələrinin tələblərinə əməl etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 yazılı izahatı: “Azərbaycan Sənaye Korporasiyası" ASC ilə “Az-Eko Produkt" MMC arasında bağlanmış 07 fevral 2022-ci il tarixli, 01/22 nömrəli icarə müqaviləsinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsini - sirkə sexini (avadanlıqları ilə birgə) Müqavilədə göstərilən müddət ərzində təyinatına uyğun olaraq və zərər vurmadan istifadə etməyi və Müqavilə ilə müəyyən edilmiş icarə haqqını (aylıq 1.500 manat) İcarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilənin 1 nömrəli əlavəsinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalanmış və cavabdeh icarə obyektini avadanlıqlarla birgə təhvil almışdır. Bundan sonra müqaviləyə uyğun olaraq, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə göndərilən müvafiq elektron qaimə-fakturalar əsasında 3 (üç) ay (fevral ayı güzəşt edilməklə, aprel, may, iyun ayları) üzrə ümumilikdə 4,500 (dörd min beş yüz) icarə haqqı ödənilmişdir ki, bu da "xxxx" ASC-yə olan öhdəliklərin icra etməsinin qəbul edilməsi kimi qiymətlədirilir. Bundan başqa apellyasiya şikayətində "xxxx" ASC-nin öhdəliklərini icra etməməsi səbəbindən cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirə bilməməsini vurğulasa da icarə münasibətləri dövründə tərəflər arasında olan müqaviləyə xitam veriməsi təklifi ilə iddiaçıya müraciət etməmiş, əksinə 3 (üç) ay müddətində icarə haqqı ödəmişdir. Tərəflər arasında olan müqaviləyə isə cavabdehin qalıq icarə haqqı borcunu ödəməməsi səbəbindən "xxxx" ASC-nin təşəbbüsü ilə 01 sentyabr 2022-ci il tarixində xitam verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsi - sirkə sexi (avadanlıqları ilə birgə) guya "xxxx"ASC-nin mülkiyyətində deyil və həmin qeyri-yaşayış sahəsində olan avadanlıqlar Bakı Apeilyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2-2103)- 927/2021 tarixli qətnaməsinə əsasən "xxxx" ASC-nin sahibliyindən alınmışdır. Bununla əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 04 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 29 may 2019-cu il tarixli, 22 nömrəii qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX seriyalı ******* nömrəli Çıxarışı ilə "xxxx" QSC BOKT-nın mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən və təyinatı anbar olan əmlak kompleksinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Bu qərarın icrasını təmin etmək məqsədilə 24 aprel 2019-cu il tarixində əmlak kompleksinin və digər əsas vəsaitlərin, o cümlədən avadanlıqların inventarizasiyası və təhvil-təslim işləri həyata keçirilmiş, 25 aprel 2019-cu il tarixli aktla əmlak kompleksi və avadanlıqlar siyahıya alınmış, fotoşəkilləri çəkilmiş və “ASK" ASC-yə təhvil verilmişdir. Daha sonra 22 iyul 2019-cu il tarixli çıxarışla "xxxx" ASC-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır (müvafiq sənədlər əlavə olunur). Həmçinin, cavadehin qeyd etdiyi sirkə sexi ilə bağlı avadanlıqlar sözügedən məhkəmənin predmeti olmamış və Bakı Apeilyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2103)-927/2021 nömrəli qətnaməsində sirkə sexi və onunla bağlı avadanlıqlar qeyd olunmamışdır (qətnamə əlavə olunur). Odur ki, yuxanda qeyd olunanları nəzərə alaraq, 09 fevral 2024-cü il tarixinə saat 15:00-a təyin edilmiş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini, Cavabdeh MMC tərəfindən verilmiş apeilyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-2(115)- 441/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 690.1. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 691.1. Torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, bağlanmış icarə müqaviləsinə əsasən icarəyə verən-"xxxx" ASC icarə obyekti olan ünvan 1 ünvanında yerləşən sahəsi 370,5 kv.m. olan qeyri-yaşayış sahəsindəki sirkə sexini, orada yerləşən 7 ədəd çəni icarəçiyə təhvil vermiş, icarəçi isə həmin obyekti çənlərlə birlikdə təhvil almışdır. Cavabdeh Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin 08 aprel 2022-ci il tarixli qərarını, yəni istehsalda istifadə olunan xətlərdə və çənlərdə sirkə xammalının mövcud olması ilə əlaqədar qeydiyyata alınmamasını əsas gətirərək icarə obyektinin müqaviləyə uyğun gəlməməsi dəlilini irəli sürmüşdür ki, məhkəmə kollegiyası cavabdehin həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, cavabdehin icarə obyektini təhvil aldıqdan sonra icarə obyektinin müqaviləyə uyğun gəlməməsi ilə bağlı icarəyə verənə qarşı hər hansı bir etirazı olmamış və sonrakı dövrlərdə 3 aylıq icarə haqqını ödəmişdir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin qərarı 08 aprel 2022-ci il tarixli olsa da Cavabdeh MMC "xxxx" Açıq Səhmdar Cəmiyyətinə iki ay sonra, yəni 06 iyun 2022-ci il tarixdə müraciət etmişdir. Həmçinin, həmin müraciətdə icarə obyektinin müqaviləyə uyğun gəlməməsi ilə bağlı hər hansı bir etiraz qeyd olunmamaqla, çənlərdə olan sirkənin boşaldılmasına köməklik edilməsi xahiş olunmuşdur. İddiaçıya ünvanlanmış 29 iyun 2022-ci il tarixli, 04/22 nömrəli müraciətdə isə sənədləşmələrin bitdiyi, əlavə avadanlıqların sifariş edildiyi bildirilmişdir ki, bu da artıq həmin halın mövcud olmamasını təsdiq etmişdir. Qeyd edilən hallar cavabdehin icarə obyektini təhvil alarkən müqaviləyə uyğun gəlməsini qəbul etməsi kimi qiymətləndirilir. Məhkəmə kollegiyası icarə obyektində olan avadanlığın icarəçiyə məxsus olmaması və əsl sahibin 2022-ci ilin iyun ayından onu icarə obyektindən çıxarmaqla icrarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı cavabdehin şikayətinin dəlilini də əsassız hesab etmidir. Belə ki, iş materiallarında olan sənədlərlə obyektin iddiaçıya məxsus olması sübut olunmaqla, orada olan çənlərin isə başqa şəxsə məxsus olması, o cümlədən cavabdehin həmin şəxs tərəfindən obyketdən çıxarılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apeilyasiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2103)-927/2021 nömrəli qətnaməsində isə cavabdehin icarəyə götürdüyü sirkə sexi və həmin sexdə olan avadanlıqlarla bağlı mübahisənin olması isə müəyyən edilməməkdədir. Cavabdeh tərəfindən məhkəməyə yalnız iddiaçıya ünvanlanmış 29 iyun 2022-ci il tarixli, 04/22 nömrəli müraciət isə artıq müvafiq sənədləşmələrin bitdiyi, əlavə avadanlıqların sifariş edildiyi, lakin avadanlıqların iddiaçıya məxsus olmaması qeyd olunmuş və ödənilmiş icarə haqqının geri tələb edilməsi qeyd olunsa da, cavabdeh icarə müqaviləsinə xitam verilməsini təklifini irəli sürməmişdir. Hərçənd ki, həmin müraciət müqavilənin ləğvinə dair bildiriş kimi qəbul edildiyi halda belə Mülki Məcəllənin 691.1.3-cü maddəsinin tələbinə əsasən 29 avqust 2022-ci il tarixdə qüvvəyə minmiş hesab olunacaqdı ki, bu da cavabdehin icarə haqqını ödəmək öhdəliyindən azad etməyəcəkdi. Bundan başqa cavabdeh icarə obyektindən 01 sentyabr 2022-ci il tarixdən bir neçə ay əvvəl çıxdığını iddia etsə də buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, cavabdeh təhvil-təslim aktına əsasən icarə obyektini qəbul etmişdir ki, icarə obyektindən çıxdığı halda icarə obyektini təhvil verilməsinin rəsmiləşdirilməsində də maraqlı olmalı idi. Nəzərə alınmalıdır ki, cavabdehin özü icarə obyektindən çıxdığını və ona məxsus məhsulların icarəyə götürülmüş çənlərdə qaldığını iddia etməkdədir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2-2(115)-441/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2-2(115)-441/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlansın Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar