Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-35/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 679/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-679/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19095,53 manat əsas borc, 1050,13 manat faiz borcu və 25,59 manat cərimə borcu olmaqla, cəmi 20171,25 manat borc, 150,52 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş 0,78 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, 100 manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 28.10. 2024-cü il, e-2-2(115)-679/2024 №-li qətnaməsinin ləğv edilməsini xahiş xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19095,53 manat əsas borc, 1312,16 manat faiz borcu və 25,59 manat cərimə borcu olmaqla, cəmi 20433.28 manat borcun, 151,30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə ” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə, xx.xx.2022-ci ildə Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-ci il tarixli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 22374,31 manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır. 2024-cü ilin fevralın 23-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19095.53 manat əsas borc, 1312.16 manat faiz borcu və 102.34 manat cərimə borcu olmaqla cəmi 20510.03 manat borcu vardır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 102.34 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 25.59 manat məbləğində tələb olunur Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından əsassız və qanunsuzdur. Belə ki, o nümayəndəsi ilə birlikdə səhhətilə bağlı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu iş üzrə verilmiş ekspert rəyinin iş materiallarını tam əhatə etmədiyini, bu kredit müqaviləsi ilə bağlı onun adına rəsmiləşdirilmiş bank kartının ona verilməməsi, həmin bank kartından, yəni hesabdan çıxarışdan göründüyü kimi onun borcunun olmaması, kassa məxaric orderlərinin işə əlavə olunmaması, bank kartında yalnız 15000- manat pulun verilməsi və işin obyektiv həll olunması üçün bu cür ziddiyyətlərin araşdırılması üçün məhkəmə iclasında iştiraklarının zəruri olmasını nəzərə alaraq məhkəmə iclasının təxirə salınması və işin baxılmasını başqa vaxta təyin edilməsi barədə müraciət etsələr də, məhkəmə onların iştirakı olmadan işə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə məhkəmə-mühasibatlıq ekspertlıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 9/5142 saylı rəyini mötəbər sübut kimi qəbul etmişdir. Ekspert rəyində göstərilir ki, iş materiallarında olan hesabdan çıxarış materiallarından göründüyü kimi onun qətnamədə qeyd olunan məbləğdə borcu yaranmışdır. Ekspertin istinad etdiyi materialları o, iş materiallarında görməmiş və onlara təqdim olunmamışdır. Eyni zamanda ekspert işin bütün materiallarını, yəni bank tərəfindən ona limit açılmasından və ilkin müqavilədən və sonrakı vəziyyətlər, eyni zamanda onun tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışa istinad etməmiş və onu tədqiq etməmişdir. İş materiallarına hərtərəfli tədqiq edib obyektiv rəy verməmişdir. Məhkəmə də işin hərtərəfli və obyektiv araşdırılmasında maraqlı olmamış, yalnız iddiaçının iddiasını təmin etmişdir. Məhkəmə iddiaçıda ola biləcək sübut əhəmiyyətli sənədləri tələb etməmiş, ekspert də buna görə obyektiv rəy verməmişdir. Bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, məhkəmədə onun iştirakı təmin olunmamışdır. Məhkəmə bu iş üzrə hesabdan çıxarışda göstərilən faktları, yəni 30000 manat kreditə görə kartda 50058,29 manat dövriyyənin əmələ gəlmə səbəblərini, onun və iddiaçının qarşılıqlı dindirilməsi ilə aydınlaşdırmamışdır. Məhkəmə tərəfindən iddiaçının ona verdiyi kreditlə bağlı kredit müqaviləsinin tərtib olunmaması və kredit şərtlərinin ona obyektiv izah edilməməsini və onun bu qədər borcunun olması sübut edilməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini obyektiv və hərtərəfli araşdırmadığı üçün səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Cavabdeh1 bundan əvvəl götürmüş olduğu krediti ödəyə bilmədiyinə görə kreditin müddətinin uzadılmasını xahiş etmiş, ona görə də onunla yenidən kredit müqaviləsi bağlanmış, ayrılan vəsaitin bir hissəsi əvvəlki kredit borcunun silinməsinə yönəldilmiş, vəsaitin qalan hissəsi isə onun kart hesabına köçürülmüşdür. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-MCR-1-121-22 saylı kredit limitinin ayrılmasına dair razılaşmadan görünür ki, 120 ay müddətinə, aylıq faiz dərəcəsi 2,50% olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC “arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6-MCR-1-121-22/1 saylı kredit verilməsinə dair razılaşmadan görünür ki, Cavabdeh1 biznes məqsədi ilə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% olmaqla 30000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Z/02428/22 saylı, xx.xx.2022-ci il tarixli Z/02539/22 və Z/02540/22 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 “kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka 19095,53 manat əsas, 1312,16 manat faiz, 102,34 manat cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 9/5142 saylı rəyindən görünür ki, Cavabdeh1 23 fevral 2024-cü il tarixə əsas borcu 19095,53 manat, faiz borcu 1050,13 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmış, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh2 ilə, xx.xx.2022-ci ildə Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-ci il tarixli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə Sazişə əsasən kredit üzrə qalıq borc məbləği (əsas borc, faiz borcu və gecikdirilmiş faiz borcu və cərimə) kapitallaşdırılmaqla 22374,31 manat təşkil etmiş, müqavilə üzrə kreditin müddəti xx.xx.2025-cü il tarixədək uzadılmışdır. İddiaçı öhdəliyini yerinə yetirərək razılaşdıqları kredit məbləğini Cavabdeh1 vermiş olsa da, sonuncu müqavilə şərtlərinə lazımi qaydada əməl etmədiyinə görəonun digər cavabdehlərlə birlikdə iddiaçıya yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş sübutlarla borc alan Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 19095,53 manat əsas borcu təsdiq edilir. Eyni zamanda zaminlik müqavilələri üzrə zaminlər borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüklərindən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdıqlarından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 9/5142 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 23 fevral 2024-cü il tarixə əsas borcu 19095,53 manat, faiz borcu 1050,13 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Mötəbərliyi şübhə doğurmayan məhkəməmühasibatlıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 9/5142 saylı rəyinə əsasən Cavabdeh1 23 fevral 2024-cü il tarixə faiz borcu 1050,13 manat məbləğində müəyyən olunduğundan, iddia tələbinin faiz borcuna dair qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu və cərimə hissəsində qismən - yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, müqavilə şərtlərinə görə öhdəliyin icrası ilə bağlı zamin də əsas borclu ilə eyni dərəcədə, yəni müştərək məsuliyyət daşıyır. Ona görə də məhkəmə iddia tələbini zaminlərə münasibətdə də təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh1 məhkəmə bildirişi göndərmiş (o cümlədən SMS xəbərdarlığı edilmiş), cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmənin heç bir iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilində işə onların iştirakı olmadan baxıldığını, beləliklə də çəkişmə prinsipinin pozulduğunu vurğulasa da, lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına da gəlməmişdir. Apellyasiya şikayətinin digər dəlili məhkəmənin iddiaçıda ola biləcək sübut əhəmiyyətli sənədləri tələb etməməsidir ki, cavabdeh hansı sənədləri nəzərdə tutduğunu göstərməmişdir. Halbuki, iş materiallarından göründüyü kimi iddiaçı hazırkı tələblə bağlı zəruri hesab etdiyi sənədləri məhkəməyə təqdim etmişdir. Apellyasiya şikayətinin növbəti dəlili 30000 manat kreditə görə kartda 50058,29 manat dövriyyənin əmələ gəlmə səbəblərinin araşdırılmaması ilə bağlıdır ki, həmin dövriyyə işə əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə təsdiqini tapır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-679/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-35/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-35/2025
05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver