Məhkəmə qərarları › İş №2-2(104)-39/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-39/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-39/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı mağazaların istifadəyə qaytarılması, bu mümkün olmadıqda pul əvəzinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-977/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh İstehsalat Ticarət Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Gəncə Abad” İTM ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin şərtlərinə əməl edərək ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaları onun istifadəsinə qaytarılması, bu mümkün olmadıqda isə 50000 ABŞ dollarının və mediasiya xərci üçün ödədiyi 55 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-977/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-977/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Gəncə Abad” İTM-də ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağazaları öz vəsaiti hesabına tikmişdir və bundan sonra icarəyə götürmüşdür. Aralarında sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 05 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Cavabdehlə aralarında icarə müqaviləsi olmasına və müqavilənin müddətinin xx.xx.2023-cü ildə bitməsinə baxmayaraq həmin mağazalar 2022ci ilin iyun ayından ondan alınaraq başqa şəxslərə vermişdir. O, mağazaların ona qaytarılmasını tələb etsə də cavabdeh müqavilənin şərtlərinə əməl etmir. O, fərdi sahibkar kimi toxum alqı-satqısı ilə məşğul olur, cavabdehin günahı üzündən 2022-ci ilin iyun ayından işləyə bilmir və onun təqsiri üzündən ona 50000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, tərəflər icarə müqaviləsini 2018-ci ildə bağlamışdılar, həmin müqavilə hər iki tərəf üçün məcburidir və şərtlərinə əməl etməlidirlər. Lakin cavabdeh onu aldatmış, onunla formal müqavilə bağlamışdır. Ona 50000 ABŞ dolları məbləğində ziyan dəymişdir. Lakin məhkəmə buna heç bir qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixə saat 09:50-yə təyin edilmiş iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərdən İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Göstərdi ki, iddiaçının qeyd etdikləri həqiqətə uyğun deyil. İddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahəsində hər hansı tikinti aparılmamışdır. İddiaçı özü də qeyd etdi ki, həmin tikililər 2011-ci ildə inşa edilmişdir. Mübahisəli torpaq sahəsi “Gəncə Abad” İTM-nin sahibliyində, üzərində yerləşən tikililər isə mülkiyyətindədir. İddiaçı ilə yalnız icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə də vaxtından əvvəl xitam verilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Göstərdi ki, “Gəncə Abad” İTM ilə aralarında sonuncuya məxsus torpaq sahəsi ilə bağlı 5 il müddətinə, yəni 2018 oktyabr ayından 2023-cü ilin oktyabr ayına qədər olan icarə müqaviləsi bağlamışlar. Qeyd olunan torpaq sahəsində 2 obyekti öz vəsaiti hesabına tikmişdir. Həmin obyektlərdə o, toxum alğısatqısı ilə məşğul olmuşdur. Qeyd olunan icarə müqaviləsindən əvvəl də cavabdehlə aralarında icarə müqaviləsi bağlanmışdır. Obyektlər 2011-ci il tarixdə tikilmişdir. Cavabdehlə aralarında olan razılığa görə müqavilə müddəti bitdikdə həmin tikililər və ya tiklilərin dəyəri ona qaytarılmalı idi. Lakin cavabdeh müqavilənin müddəti bitməmiş onu həmin obyektlərdən çıxarmış və ona heç nə qaytarmamışdır. Nəticədə ona maddi ziyan dəymişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini və apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən - “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində olan uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24 m2 mağazanı icarəçi - İddiaçı 5 il müddətinə icarəyə vermişdir. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsinə əsasən, satıcı X3 Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində (100 %) payını alıcı X1. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsinə əsasən, satıcı X6 Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində (100 %) payını alıcı X2. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində pay X7 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********87-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışın surətindən görünür ki, əmlak kompleksi kimi Cavabdeh İstehsalat Ticarət Mərkəzi dövlət mülkiyyətində olan 4.0 ha icarə torpaq sahəsində yerləşən 7826,5 kv.m daşınmaz əmlakın mülkiyyətçisidir. Məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli (dörd nəfərin iştirakı olan) aktda “1.icarəçi Mirzəyev Namiq” yazıları qarşısındakı imzanın, xx.xx.2022-ci il tarixli(dörd nəfərin iştirakı olan) aktda “Mirzəyev Namiq” yazıları önündəki imzanın İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının özünün mağaza binasının onun vəsaiti hesabına inşa edilməsini göstərməsinə baxmayaraq bu hal sübutlarla təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndindinin məzmununda mağazanın İddiaçı aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr bağlı məhkəmə qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir deyildir. Həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır. Müqavilənin məzmunundan göründüyü kimi mağazanı icarəyə verən Cavabdeh İstehsalat Ticarət Mərkəzidir, İddiaçı müqavilədə icarəyə götürən tərəfdir və eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən əsasən İddiaçı hər ay üçün 65 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin müqavilədə 5 il müddət müəyyən olunmuşdur. Müqavilənin ümumi məzmunu İddiaçı mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarır. İcarə müqaviləsi yalnız icarə hüququnun yaranması üçün əsas sayılır. Qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların yaranmasının mühüm əsasları müəyyən edilmişdir. Lakin qanunvericilikdə göstərilən əsasların hər hansı biri İddiaçı münasibətdə mövcud deyildir. Hazırda tərəflər arasında bağlanmış müqavilənin qüvvədə olması müddəti bitmişdir, tərəflər arasında müqavilə münasibətləri müqavilə müddəti bitənə qədər pozulmuşdur, belə olan halda mağazanın yenidən istifadəyə verilməsi müqavilə azadlığlı prinsipinə əsasən hüquq sahibinin iradəsindən asılı olan məsələdir. Onun üzərinə belə bir öhdəliyin qoyulması qanunla yolverilməz sayılır. Məhkəmə zərərin ödənilməsi ilə bağlı onu qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən mağazanın iddiaçıya məxsus olmaması halı aşkara çıxır. Bir halda ki, əmlak iddiaçıya məxsus deyildir, onun həmin əmlakla bağlı zərərə uğraması halı istisna olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddia ərizəsindən görünür ki, iddiaçı 2022-ci ilin iyun ayından işləyə bilmədiyini göstərmiş olsa da, işdən göründüyü kimi o, məhkəməyə hazırkı iddia ərizəsi ilə bir ildən sonra, yəni 2023-cü ilin iyun ayında müraciət etmişdir ki, bunun özü də iddiaçının icarə obyektindən qarşılıqlı razılaşma əsasında çıxdığını təsdiq edir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdehlə ümumi sahəsi 24 kv.m və 18 kv.m olan 2 ədəd mağaza ilə bağlı icarə müqaviləsi bağladığını iddia etsə də, məhkəməyə yalnız xx.xx.2018-ci il tarixli 24 kv.m qeyri-yaşayış sahəsinin 05(beş) il müddətə icarəyə verilməsinə dair müqavilənin 3 nüsxədə surətini təqdim etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mötəbər sübutlarla təsdiq olundu ki, İddiaçı ilə Cavabdeh İstehsalat Ticarət Mərkəzi arasında 2018-ci ilin oktyabr ayında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İstehsalat Ticarət Mərkəzi mülkiyyətində olan ümumi sahəsi 24 kv.m olan 1 ədəd mağaza İddiaçı istifadəsinə vermiş və aylıq 65.0 manat məbləğində icarə haqqı müəyyənləşdirilmişdir. Müqavilənin müddəti 5 il, yəni 2023-cü ilin oktyabr ayına qədər müəyyənləşdirilmiş, lakin müqavilə Cavabdeh İstehsalat Ticarət Mərkəzi tərəfindən qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv edilmişdir. Hazırda müqavilənin müddəti də artıq başa çatmışdır. İddiaçının qeyd olunan 2 mağazanın sahibinin özü olması və həmin mağazaların onun vəsaiti hesabına inşa edilməsi, həmçinin iddiaçı ilə bağlanmış icarə müqaviləsinə xitam verilməsi ilə iddiaçıya ziyan vurulması heç bir təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 977/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-977/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar