Məhkəmə qərarları › İş №2-2(104)-51/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-51/2025

05.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-51/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2-2(115)-1191/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 ABŞ dolları məbləğində pulun, 3 il ərzində əldən çıxmış faydaya görə illik 5% olmaqla 3000 ABŞ dolları zərərin, ümumilikdə 23000 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu hesabına ödədiyi 208 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2-2(115)-1191/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc olaraq 15000 ABŞ dolları, çəkilmiş xərcin əvəzi olaraq 5000 ABŞ dolları, illk beş faizlə əsas borca hesablanmış 2250 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 22250 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə pul və ödənilmiş 203 manat 48 qəpik dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə Cavabdeh 19 dekabr 2024-cü il tarixdə Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2-2(115)-1191/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizəsində qeyd etmişdir ki, xəstə olduğu üçün elektron kabinetə nəzarət edə bilməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2-2(115)-1191/2024 saylı qərardadı ilə (hakim G.Quliyeva) Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2-2(115)-1191/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh şikayət verərək X1 08 yanvar 2025-cü il tarixli 2- 2(115)-1191/2024 saylı qərardadının ləğv edilməsi müddətin bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, apellyasiya şikayəti üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməyinin səbəbi kimi göstərmişdir ki, onkoloji xəstədir, əməliyyat olunmuş və mütəmadi olaraq müalicə alır. Bununla bağlı sənədləri məhkəməyə təqdim edəcəkdi. Məhkəmə isə onun məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edildiyini, buna baxmayaraq məhkəmə iclasına gəlmədiyini və gəlməməyinin səbəbini isə məhkəməyə bildirmədiyini əsas gətirərək onun iştirakı olmadan işə baxılmasını mümükün hesab edərək onun ərizəsinin təmin olunmamasına dair qərardad qəbul etmişdir. Halbuki, o, həmin vaxt məhkəməyə gəlmiş amma sözügedən qətnamə icraya yönəldiyindən Tovuz İcra və Probasiya Şöbəsi barəsində məcburi gətrilmə vermiş və Tovuz RPŞ-nin əməkdaşları da onu X2 inzibati binasından tutub aparmışlar. Bütün bunlar məhkəmənin inzibati binasında quraşdırılmış nəzarət kameraları tərəfindən qeydə alınmış və hakim də bundan məlumatlı olmuşdur. Məhkəmə onun məhkəmə iclasına gəldiyini, amma polislər tərəfindən aparıldığını bildiyi halda məhkəmə iclasını təxirə salmamaqla qarşı tıərəfin məhkəmə iclasında çıxış etməsinə və sairəyə şərait yaratmaqla məhkəmənin çəkişmə prinsipini pozmuşdur. Məhkəmə işə onun iştirakı olmadan və onun xəstəliyi ilə bağlı sənədləri araşdrımadan baxmışdır. Apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötrülməsinə səbəb olan hallar araşdırılmamışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1191/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2- 2(115)-1191/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyib hesab edir ki, şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2-2(115)-1191/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh şikayətində xəstəliyi ilə bağlı sənədləri məhkəmə iclasında təqdim edə bilməməsinə əsaslanmışdır. Məhkəmə qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilir. Cavabdeh müddətin bərpasına dair ərizəni və qərardaddan şikayəti “Elektron məhkəmə informasiya sistemi vasitəsilə versə də, nə müddət bərpasına dair ərizəyə, nə də ki, qərardaddan verdiyi hazırkı şikayətə hər hansı bir sənəd əlavə etməmişdir. Bundan başqa cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmədə cavabdehin iştirakı olmadan işə baxmışdır. Cavabdeh şikayətində məhkəmə iclasında işirakına maneə olmasını qeyd etsə də bununla da bağlı hər hansı sübut əlavə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e2-2(115)-1191/2024 saylı qətnaməsi 22 oktyabr 2024-cü il tarixdə Cavabdeh şəxsi elektron kabinetinə yerləşdirilmişdir və cavabdehin qətnamədən şikayət vermə müddətini buraxması işin mübahisəsiz halıdır. Cavabdeh tərəfindən müddətin bərpa edilməsi ilə bağlı ərizəsində xəstə olması ilə əlaqədar müddətin ötürüldüyünü göstərsə də bu barədə hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətinin bərpasından imtina etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya instansiyası məhkəməsinə göndərmiş olduğu tibbi müayinədə olmasına dair sənəddən onun tibbi müayinədə xx.xx.2024-cü il tarixdə olduğu görünür. Göründüyü kimi Cavabdeh şikayəti əsassız olmaqla Gəncə Kommersiya Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli e-2-2(115)-1191/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzrsüz səbəbdən buraxmışdır. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin şikayətini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli e-2-2(115)-1191/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar