Məhkəmə qərarları › İş №2-2(104)-60/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-60/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-60/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-833/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-833/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh əsas borc üzrə 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat kredit borcu, 200 manat mediasiya xərci və 24.76 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş likvid dəyəri 146.000 manat olan Cavabdeh xüsusi mülkiyyətindəki Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh çıxarılmaqla həmin qeyri-yaşayış sahəsinin boşaldılması, iş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin Cavabdeh tutularaq "xxxx" MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ**********0000001944, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilməsi, Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(115)-833/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi və yeni faktların araşdırılması nəzərə alınmaqla, ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 46.45 manat dövlət rüsumu və xidmət haqqının, 200 manat mediasiya xərcinin, 24.76 manat iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun, 0.40 qəpik xidmət haqqının tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh xüsusi mülkiyyətində olan Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binasının ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binasından Cavabdeh istifadə hüququna xitam verilməklə çıxarılması və qeyri yaşayış binasının boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0057/ƏKM №-li kredit xətti müqaviləsinə (bundan sonra “Əsas Kredit xətti müqaviləsi”) əsasən sonuncuya 60 ay müddətində, illik 30 % faizdən artıq olmamaq şərti ilə 60000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 0090/İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus xx.xx.2016-cı il tarixli **********75-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli, RX seriyal ******* nömrəli Çıxarışa əsasən) Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir və müvafiq olaraq yüklülük xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Daha sonra "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2205-KQ saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh illik 17 faiz olmaqla 36 ay müddətinə 45.660 manat məbləğində kredit verilmişdir. Bankın Ağtafa filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən, xx.xx.2023-cü-ci il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Аpellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyil, qanunsuz və əsassızdır. Qəbul edilmiş qətnamə qismən ləğv edilməli, iddia tam araşdırma aparıldıqdan sonra ədalətli qərar qəbul edilməlidi. Belə ki, məhkəmə zamanı banka borcunun olduğunu bildirmişdir. Lakin ticarətin dövriyyəsinin aşağı olması, gələn gəlirin kifayət qədər olmaması səbəbindən kredit üzrə aylıq ödənişlərdə çətinlik yarandığını bildirmişdir. Əvvəlcə 3 ay 1620 manatdan aylıq ödənişlər etmiş, sonra çətinlik yarandığından aylıq ödəniş azalmağa başlamışdır. Vəziyyətin çətin olduğunu bilib banka şifahi müraciət edib, ona bir müddət möhlət verilməsini, yeni ödəniş cədvəli tərtib edilməsini xahiş etmişdir. Qanunvericiliyə əsasən də banklar öz daxili imkanları hesabına kredit alana müəyyən güzəştlər etməyi, aylıq ödənişlər barədə yeni razılaşma əldə olunmasına razılıq verə, aylıq ödənişlərə bir müddət möhlət verə bilər. Lakin iddiaçı bank bunların heç birini nəzərə almamış, bu işdə heç bir güzəştə getməmiş, ona hər hansı möhlət verilməmişdir. O, banka da, məhkəmə zamanı məhkəmədə də banka borcunun olduğunu, amma hal-hazırda ödənişlər etməkdə çətinlik çəkdiyini bildirmişdir. Bankla bərabər bu işi öz aralarında həll edə biləcəyini də bildirmişdir. Amma, nə bank, nə də ki, məhkəmə bunları nəzərə almamışdır. Bundan başqa məhkəmə qət etdi hissəsində bildirmişdir ki, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutma yönəldikdən və satıldıqdan sonra cavabdeh çıxarılmaqla həmin qeyriyaşayış binası boşaldılsın. Hesab edir ki, məhkəmənin bu qənaəti düzgün deyil. Çünki adı çəkilən qeyri-yaşayış sahəsi birgə nikah dövründə əldə edilmiş əmlakdır və ona görə də belə bir qərar bu əmlakda payı olan şəxsə qarşı haqsızlıqdır. Onu da qeyd etmişdir ki, iddiaçı məhkəməyə maliyyə arayışı təqdim edərək onun hal-hazırda banka olan borcunu qeyd etsə də (44.787.09 manat), onun kredit götürən vaxtdan məhkəmə olan vaxta qədər banka kredit borcundan nə qədər ödədiyi, ödədiyi pullardan nə qədərinin əsas borc üzrə, nə qədərinin faiz borcu üzrə ödəndiyini bildirən sənəd təqdim etməmişdir. Məhkəmədə bunu iddiaçıdan tələb etməmiş, maliyyə arayışında göstərilən faktların araşdırılmasına təşəbbüs belə göstərməmişdir. O, kredit götürəndən sonra 10.000(on min) manatdan çox banka pul ödəmişdir. Bu ödənişlər bankdan aldığı hesabdan çıxarışda da görünür. Eyni zamanda onun veteran kartından da bir il ərzində hər ay 80 manat pul tutulmuşdur. Halhazırdada veteran kartından tutulma gedir. Amma, qətnaməyə baxarkən bunların heç biri görünmür. 45.660 manat kreditdən 44.787.09 manat tələb edilir ki, onun ödədiyi 10.000 manat civarında ödəniş burada görünmür. Belə çıxır ki, o cəmi 873 manat pul ödəmişdir. Onun ödədiyi pulların aqibəti necə olub, məhkəmə bunları araşdırmamışdır. O, əvvəldən məhkəmənin mövqeyini bilmədiyindən və məhkəmənin bu işi araşdıracağını güvənib ekspertiza tələb etməmişdir. Məhkəmə bu hissə üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini təmin etməklə ədaləti bərpa edə bilərdi. Məhkəmə isə buna təşəbbüs belə göstərməmişdir. Məhkəməninbu mövqeyi ədalətsizdir, qanunsuzdur və iddia qismən rədd edilməli, qeyd etdiyi faktların araşdırılmasından, borc məbləğinin tam müəyyən edilməsindən sonrayeni ədalətli qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 0057/ƏKM №-li əsas kredit xətti müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətində, illik 30% faizdən artıq olmamaq şərti ilə 60000 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2205-KQ əlavə kredit müqaviləsindən görünür ki, borc verən - "xxxx" ASC borc alan - Cavabdeh 36 ay müddətində (xx.xx.2025ci il tarixədək) 45 660 manat məbləğində, kreditdən istifadəyə görə illik 17 % ödəmək şərtilə kredit verməyi, borc alan-Cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faziləri borcverənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 0090/İ saylı ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh məxsus Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binası ipoteka predmeti kimi yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binası "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 0257 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı "xxxx" ASC tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan borcu əsas borc 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə 29.65 manat olmaqla, cəmi 44787.09 manat borc təşkil edir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair 31 avqust 2023-cü il tarixli 02- 139/23 saylı ekspertiza rəyindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh məxsus Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri-yaşayış binasının bazar dəyəri 162 000 manat, likvid dəyəri isə 146000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0057/ƏKM №-li kredit xətti müqaviləsinə əsasən sonuncuya 60 ay müddətində, illik 30 % faizdən artıq olmamaq şərti ilə 60000 manat məbləğində bərpa olunan kredit xətti açılmış, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə "xxxx" ASC ilə arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 0090/İ saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus xx.xx.2016-cı il tarixli **********75-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyal ******* nömrəli Çıxarışa əsasən) Ağstafa rayonu, Vurğun yolunun 1-ci km-də yerləşən sahibkarlıq təyinatlı 0.02 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 325.76 kv.m olan qeyri yaşayış binası ipoteka ilə yüklü edilmişdir və müvafiq olaraq yüklülük xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. Daha sonra "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2205-KQ saylı Əlavə Kredit Müqaviləsinə əsasən Cavabdeh illik 17 faiz olmaqla 36 ay müddətinə 45.660 manat məbləğində kredit verilmiş, beləliklə də iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş olsa da, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərı yerinə yetirməmiş və nəticədə kredit müqaviləsinin şərtləri pozulmuş, xx.xx.2023-cü il tarixli maliyyə arayışlarına əsasən, xx.xx.2023-cü il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu 43285.57 manat, faiz borcu 1471.87 manat, cərimə faizi üzrə 29.65 manat olmaqla, cəmi 44787.09 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, cavabdehin mülkiyyətində olan ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 146000 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələblərini nəzərə alaraq iddia tələbini əsas borc və əsas borca hesablanmış faizlərin tutulması hissəsində tam təmin etməkdə haqlı olmuşdur. İddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindəm tələb olunan cərimə (dəbbə pulu) əsas borca münasibətdə o qədər də yüksək məbləğ deyildir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələb olunan cərimə məbləğini tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin borcun düzgün hesablanmaması, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olmasına dair dəlili də razılaşmır. Ona görə ki, birincisi, cavabdeh məhkəməyə həmin dəlili, yəni apellyasiya şikayətində göstərdiyi kimi 10 000 manat civarında ödəniş etdiyini təsdiq edən sübut təqdim etməmişdir. İşdəki maliyyə arayışından göründüyü kimi cavabdeh ümumilikdə 7454,95 manat ödəniş etmişdir ki, həmin məbləğdən 2374.43 manat əsas borca, 1471,87 manat faiz borcuna, 360,01 manat isə cəriməyə silinmişdir. İkincisi, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya şikayətinin digər ipoteka predmetinin birgə nikah dövründə əldə olunması dəlili ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə işə verilmiş tələb həddində baxmışdır. Kollegiya qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 146.000 manat müəyyən edilmiş, həmin məbləği nə iddiaçı, nə də cavabdeh tərəf mübahisələndirməmişdir. Odur kollegiya həmin hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-833/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar