Məhkəmə qərarları › İş №2-2(104)-62/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-62/2023

01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-62/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1982/2022 saylı qətnaməsindən İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onlara vurduqları zərərin əvəzi olaraq 300000 manat məbləğində pul, 400 manat mediasiya sessiyasının keçirilməsi üçün ödədikləri rüsum və iddia ərizəsi üçün ödədikləri 590 manat dövlət rüsumu olmaqla, ümumilikdə 300990 manat məbləğində pulun müştərək qaydada alınaraq onlar qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1982/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1982/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar ərizəsini onunla əsaslandırmışlar ki, Əliyev X3 rayonu ərazisində kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə istilikxana inşa etdirmişdir. Həmin 3 ha yaxın torpaq sahəsində pomidor yetişdirmək üçün Şəmkir rayon Çaparlı kənd sakini İddiaçı1 ilə birlikdə fəaliyyət göstərərək 2021-ci il mövsümündə pomidor yetişdirmək qərarına gəliblər. Əkinləri aqrotexniki qaydalara uyğun becərmək üçün özünü aqronom kimi təqdim edən Cavabdeh2 ilə razılaşıblar və o, yüksək məhsuldarlıq əldə edəcəyi barədə öhdəlik götürmüşdür. Mütəxəssis kimi bildirmişdir ki, yüksək məhsuldarlıq əldə etmək üçün onun dediyi maddələrdən istifadə olunmalıdır. Onlar normal məhsuldarlıq əldə etmək naminə Cavabdeh2 təchizat məsələləri barədə bütün tapşırıqlarını yerinə yetiriblər. Həmçinin cavabdeh aqrotexniki tədbirlərin həyata keçirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasına dair göstərişləri özü şəxsən icra etmişdir. Eyni zamana Cavabdeh2 təkidlə digər Cavabdeh1 Fransa istehsalı olan bir litrlik plastik qablaşdırmada “Vydate” adlı insektisid məhlulu almışdır. Həmin məhlulun istehsal tarixi iyun 2017-ci il, son istifadə tarixi ilə iyun 2021-ci il tarixdir. Cavabdeh2 həmin məhlulu 2021-ci ilin noyabr ayında digər Cavabdeh1 alaraq istilikxanada əkilmiş pomidor bitkisinə istifadə etmişdir. Lakin cavabdehlər vəd etdikləri nəticəni ala bilməmişlər və məhsuldarlıq ümumiyyətlə olmamışdır. Normativə uyğun olaraq hər hektardan 60-80 ton məhsul əldə edilə bilməsinə baxmayaraq onlar bundan məhrum olmuşlar. Şəmkir X9 Mərkəzi tərəfindən müraciətlərinə cavab olaraq 03 fevral 2022-ci il tarixli cavab məktubundan da məlum olur ki, həqiqətən də istilikxanada əkilmiş pomidor bitkisinə aqrotexniki tədbirlər, xəstəliyə və zərərvericilərə qarşı vaxtında mübarizə aparılarsa yerli pomidordan hər hektar üzrə 60-80 ton məhsul əldə edilə bilər. Beləliklə 3 hektar torpaq sahəsindən ümumilikdə 180-240 ton civarında məhsul götürməli idilər. Yuxarıda da qeyd etdikləri kimi onlar nəzərdə tutulan məhsuldarlıqdan cavabdehlərin təqsiri ucbatından məhrum olaraq külli miqdarda ziyana düşüblər. Bu barədə cavabdehlərə onlara dəymiş ziyanın ödənilməsini tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Həmin vaxtlar və ondan xeyli əvvəl o, uzun müddət xəstəlikdən əziyyət çəkmiş və stasionar müalicə qəbul etmişdir. Gözlənilən məhsuldarlığın olmaması onu narahat etdiyi üçün araşdırma aparmağa başlamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, əkin işlərinin iyul ayının 10-dək yekunlaşmalı olduğu halda, əkin bir ay gecikdirilərək avqust ayının ortalarında həyata keçirilmişdir. Əkinin bir ay gecikməsi hava şəraiti baxımından əlverişli vaxt deyildir. İstilərin daha şiddətli vaxtında əkin işlərinin həyata keçirilməsi qəti yolverilməzdir. Beləliklə, əvvəla əkin zamanı mövcud iqlim şəraiti nəzərə alınmamışdır. Avqust ayında əkin işlərinin həyata keçirilməsi nəticəsində bitkinin çiçəkləri steril (yəni mayalanmamış) olmuşdur. Eyni zamanda cavabdeh tərəfindən istixanada torpağın laborator test analizi olmadan əkin aparılmışdır. (məsələn: torpağın tərkibində azot, fosfor, kalium, kalsium, maqnezium elementlərinin normaya uyğunluğu barədə analiz göstəriciləri müəyyən edilmədən). Həmçinin havanın nisbi rütubəti aqrotexniki qaydalara uyğun olmamışdır. Belə ki, nisbi rütubəti tənzimləmək üçün sisləmə qurğusu istixanada mövcud olmamışdır. Yuxarıda qeyd etdikləri hallara əsasən, bitkinin fiziologiyası tam pozularaq məhsuldarlığın olmaması ilə nəticələnmişdir. Cavabdehlərin aqrotexniki qaydaları nəzərə almadan, yalnız əsas məqsəd kimi cavabdehə məxsus mağazadan toxumların, dərman preparatlarının onlara satılması olmuşdur. Ona görə də cavabdehlərin işə laqeyd münasibətlərinə əsasən onlara külli miqdarda ziyan dəymişdir. Ona görə də cavabdehlər onlara dəymiş ziyanı tam ödəməlidirlər. Cavabdehlərin əkin sahəsində istifadə etdikləri pestisidin analizi barədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və X8 Tədqiqat İnstitutunun laboratoriyası tərəfindən onlara təqdim olunmuş Pestisid Analizinin hesabatına əsasən “Vydate” L insektisidinin əsas təsiredici maddəsi olan oksalimin miqdarı qablaşdırmada göstərilən qatılıqdan 6 % aşağı olmaqla keyfiyyətinin 25 % itirilməsi müəyyən edilmişdir. X7 X5 müraciətləri əsasında istixana şəraitində yetişdirilən pomidor bitkisinin aqrotexniki qaydalara riayət edildiyi, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparıldığı təqdirdə hər hektardan 60-80 ton məhsul toplanılmasının mümkünlüyü bildirilmişdir. 2021-ci ildə pomidorun hər kiloqramı orta hesabla 2-3 manat olmuşdur. 3 hektar torpaq sahəsindən orta hesabla 200 ton pomidor toplayacaqları halda, hər kiloqram üçün 2,5 manata sata bilsəydilər, 500.000 manat miqdarında pul əldə edə bilərdilər. Lakin məhsuldarlığın zəif olduğunu, bitki kollarında xəstəlik müşahidə olunduğundan məcburiyyət qarşısında məhsulları tam yetişməmiş çox aşağı qiymətə satmalı olmuşlar. Normal şəraitdə satışdan 500.000 manat əldə edəcəkləri halda, cəmi 200.000 manat miqdarında məhsul satmışlar ki, bu da istilikxanada çalışan işçilərin əmək haqqı, kommunal xərclər və digər nəzərdə tutulmayan xərclərə sərf olunmuşdur. Həmin məbləğ də xərclərini tam ödəməyə imkan verməmişdir. Cavabdehlərin təqsiri ucbatından faktiki olaraq 300.000 manat miqdarında ziyan çəkiblər. Hazırkı iş üzrə cavabdehlər istehsalçı kimi əkin prosesinin nəticəsi olaraq normaya uyğun məhsul istehsal etməli idilər. Lakin onlar öhdəliklərini yerinə yetirməyərək külli miqdarda ziyan vurmuşlar. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçıların ona və digər cavabdehə qarşı tələbləri tam əsassızdır və iddia tələbləri təmamilə rədd olunmalıdır. Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçılar azad sahibkarlıqla sərbəst və öz iradələrinə uyğun olaraq məşğul olurlar. Lakin özlərinin birgə sahibkarlıq fəaliyyətinin yüksək gəlir gətirə bilməsini cavabdeh kimi onlardan gözləyirlər. Öz işlərini qurub, rəhbərlik edib öz gəlir və xərclərinə özləri məsuliyyət daşımaq əvəzinə xəyallarında nəzərdə tutduqları gəliri ala bilmədikləri üçün onları cavabdeh təyin edirlər. Sahibkarlığın əsas prinsiplərindən biri sahibkarın öz riski əsasında iş görməsidir. Yəni digəri sübut olunmadığı təqdirdə, zərər və ya gəlir tamamilə sahibkarın özünə aiddir. İddiaçılar istixana qurublar, lakin dəlillərindən belə çıxır ki, məşğul olduqları işdən başları çıxmır və guya iddiaçıların yerinə onlar işləməlidirlər, iddiaçılar isə yüksək gəlirlər əldə etməlidirlər. İddia tələbləri tam fərziyyə olunan dəlillər əsasında qurulub. İddiaçılarla onların münasibəti yalnız, onlara toxum və almaq istədikləri dərmanların satılması ilə bağlı olmuşdur. O, Şəmkir rayonu ərazisində mağazadan dərman satışı ilə məşğul olur və heç kimin sahəsini əkib-becərmir ki, məhsuldarlığa da cavabdeh olsun. Hər kəs öz işinin üsulunu öz bildiyi kimi qurur və iddiaçıların aldıqları dərmanlarla bağlı iradları əsassızdır. O, iddiaçıların qarşısında heç bir öhdəlik götürməmiş və gəlirlərinə dair məsuliyyəti haqda deyilənlər əsassızdır. Lakin iddia ərizəsində yazılan bəzi dəlillərə dair öz fikrini bildirmək istəyir. İddiaçılar 3 ha pomidor sahəsi üçün nematodlara qarşı 3 dəfə olmaqla cəmi 105 litr Vydate dərmanı alıblar. Vydatenin nematoda qarşı istifadə norması 2 ml/ha-dır və 1 hektarda 25000 bitki əkildiyi üçün iddiaçılar 1 hektara 50 litr Vydate, 3 hektara isə 150 litr Vydate istifadə etməli idilər. Nematoda qarşı mübarizə isə minimum 10 gün fasilə ilə 3 dəfə aparılmalıdır ki, bu da o anlama gəlir ki, həmin 3 ha pomidor sahəsini nematoddan qorumaq üçün ən azı 450 litr Vydate istifadə edilməli idi. İddiaçılar isə hər dəfə 3 hektara cəmi 25 litr dərman vurublar ki, bu da normadan 6,66 dəfə aşağıdır. 25 000 ml. : 75000 bitki =0,33 ml. ( hər bitkiyə isə 2 ml. olmalıdır), Vydate iyun 2017-ci il istehsalıdır (şəkil əlavə edilir) və istifadə müddəti 5 ildir (DuPontun təsdiq məktubu əlavə edilir). Yəni iddiaçılar iyul-avqust 2021-ci ildə Vydate alanda həmin dərmanın son istifadə tarixinə hələ 1 il qalırdı. Hal-hazırda Vydateni idxal edən firmanın anbarında 50 litrə qədər həmin dərmandan var və bütün idxal olunan malların (dərman, gübrə, toxum və s.) müəyyən bir miqdarı həmişə son istifadə müddəti çıxana qədər anbarda saxlanılır. İddia ərizəsində Bitki mühafizə İnstitutundan Vydatenin tərkibi haqda analiz nəticəsindən danışılır. Lakin Vydatenin analiz üçün tələb olunan standart maddə olmadan analizin düzgün aparılması mümkün deyildir. Adı çəkilən İnstitutda isə bu standart maddə yoxdur. Standart maddə idxalçı şirkət tərəfindən idxal olunub AQTA-ya verilir və miqdarı adətən 1 və ya 2 qram olur. Deməli, istinad olunan analiz nəticəsi tamamilə uydurmadır və sübut kimi qəbul oluna bilməz. Pomidorun nematoddan başqa 30-40-a qədər xəstəlik və zərərvericiləri var və məhsuldarlıq təkcə bir həşaratdan (nematodla mübarizədən) asılı deyildir. Pomidorun becərmə texnologiyasına görə tam bitki mühafizəsi tədbirlərinə uyğun 7-8 dəfə xəstəliklərə qarşı, 7-8 dəfə isə həşaratlara qarşı dərmanlama aparılmalıdır ki, bunun da təxmini dəyəri 12-15 min manat təşkil edir. İddiaçılar dəyəri 105 litr Vydate ilə bütün mühafizə tədbirinə cəmi 2625 manat vəsait xərcləyib 500000 manat pul qazanmaq istəyiblər. İddiaçılar əkin vaxtının 1 ay gecikməsini və istiyə görə pomidorun tozlanmasının mümkün olmadığını iddia edirlər ki, bu da o deməkdir ki, tozlanmayan bitkidən məhsul gözləmək əbəsdir. Deyilənlərdən başqa, iddia ərizəsindən məlum olur ki, iddiaçılar 2021-ci ilin mövsüm vaxtı əkdikləri pomidor haqda yazırlar. Həmin vaxtdan bir il keçib. Lakin iddiaçılar istinad etdikləri dəlilləri yalnız məhsulları sahələrdə olduğu vaxt əldə etdikləri rəylərlə sübut edə bilərdilər. Deməli, məhsulu yığıb salıblar və az pul qazandıqlarını görüb təzədən günahkar axtarırlar. Onlar onların dərmandan narazı olduqlarını həmin vaxtın məhsulu istixanada olduğu vaxt onların iştirakı ilə ekspert dəvət etməli idilər və rəy almalı idilər. Həmin vaxt becərmə texnologiyasına əməl olunmadığını çox asanlıqla müəyyən etmək olardı. Bir il sonra isə belə bir dəlillərin irəli sürülməsi söz toplusundan başqa bir şey deyil. Onların mağazada satılan bütün dərmanların sənədləri qaydasındadır və bu etirazla birlikdə sənədləri də təqdim edir. İddia ərizəsindən məlum olur ki, o və digər cavabdeh iddiaçılara guya zərər vurublar. Lakin heç bir real zərər haqda iddia ərizəsində deyilmir. İddiaçılar əldə eləmək istədikləri gəliri ala bilmədikləri üçün əldən çıxmış faydanı nəzərdə tutaraq 300000 manat onlardan tələb edirlər. Əldən çıxmış gəlir tələb olunursa da, onda əvvəla əldə olunmayan gəlirin miqdarı sübut olunmalıdır. Sübut olunmalıdır ki, həmin cəmi sübut olunmuş mümkün gəlir cavabdeh kimi onlar öhdəliklərini pozduğu səbəbdən əldə olunmamışdır. Bundan başqa isə, onlar “pozduğu” öhdəliklərində əldə olunmayan gəlir arasında səbəbli əlaqənin olması sübut olunmalıdır. Bunların heç biri iddiaçılar tərəfindən sübut olunmur. Bundan başqa, əldə olunmayan gəliri hesablayanda ən əsası odur ki, belə gəlirin doğruluğunu, mötəbərliyini və reallığını müəyyən etmək mümkün olsun. İş materiallarından isə məlum olur ki, iddiaçıların sahələrində yetişdirilmiş məhsulda itkilərə yol verilməyib və əldə olunan məhsulun hamısı satılıb. Yəni iddiaçıların sözləri yalnız fərziyələr əsasında qurulub və ondan ibarətdir ki, onların gümanı ilə düzgün əkin işləri aparılsa idi, hər bir əməliyyat ideal olsa idi, onda pomidor çox yetişərdi. Sonra isə onlar olmayan bu məhsulu satardılar və əlavə 300000 manat qazanardılar. Əldə olunmayan gəlir belə hesablanmır. Məhsulun iddiaçılar istədikləri qədər olmadığı o deməkdir ki, faktiki baxımdan məhsulun mütləq çox olacağını onlar sübut etməlidirlər. Bunu isə əvvəldən heç kim bilə bilməz. Yalnız ehtimal etmək olar. Ehtimallar əsasında isə əldə oluna bilməsi dəqiq olmayan gəliri tələb etmək yol verilməzdir. Bundan başqa, heç məhsulun çox olması da arzu edilən gəlirin əldə olunacağının təminatı deyil. Gəlir qiymətlərdən asılıdır, qiymətlər isə bazardan asılıdır. Yəni sahələr əkiləndə, məhsul götürüləndə bilinmir ki, salmaq olacaq ya yox və hansı qiymətə. Adi dövriyyə şərtlərini də nəzərə almaq olmur, ona görə ki, hər il sərhədlərin açılıb - bağlanmasından asılı olur qiymətlər. İddiaçılar isə, 2022-ci ildə 2021-ci ilin şərtlərini bilib təzədən qazanc hesablayırlar. Bundan başqa, iddiaçılar nəyə əsasən hesab edirlər ki, onun və digər cavabdehin onlar qarşısında böyük gəlir əldə edəcəkləri haqda öhdəlikləri olub. Harada yazılıb bu öhdəlik? Onun öhdəliyi yalnız ona ödənilən pul həddində dərman satmaq olub ki, oda dərman satılıb ödənilən pula uyğun dərmanı qarşı tərəfə vermək. Nə qədər alınmalı idi və necə istifadə olunmalı idisə də, bunu iddiaçıların özləri həll etməli idilər. O əvvəldən bilsəydi ki, kim nə qədər gəlir əldə edəcək, onda elə dərman satdığı fermerlərə yüksək gəlir söz verib onlara şərik olardı. Hesab edir ki, iddiaçıların hüquqi əsasları, faktlar haqqında dəlilləri yersizdir, ona görə də tələbləri rədd olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda bunu etməyərək iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qərar qəbul etmişdir. Belə ki, işin faktiki halı ondan ibarətdir ki, Şəmkir rayonu ərazisində kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə istilikxana inşa edilmiş, həmin 3 ha yaxın torpaq sahəsində pomidor yetişdirmək üçün əkinin aqrotexniki qaydalara uyğun becərmək üçün özünü aqronom kimi təqdim edən Cavabdeh2 ilə razılıq əldə olunmuş və o, yüksək məhsuldarlıq əldə edəcəyi barədə öhdəlik götürmüşdür. Mütəxəssis kimi bildirdi ki, yüksək məhsuldarlıq əldə etmək üçün onun dediyi maddələrdən istifadə olunmalıdır. Normal məhsuldarlıq əldə etmək naminə Cavabdeh2 təchizat məsələləri barədə bütün tapşırıqları yerinə yetirılmışdir Həmçinin cavabdeh aqrotexniki tədbirlərin həyata keçirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasına dair göstərişləri özü şəxsən icra etmişdir. Eyni zamanda Cavabdeh2 təkidlə digər Cavabdeh1 Fransa istehsalı olan bir litrlik plastik qablaşdırmada “Vydate” adlı insektisid məhlulu almışdır. Bir sözlə deyilsə Cavabdeh2 yarıtmaz iş görməsi və onun təkidlə dediyi yerdən dərman alınaraq istixanaya səpilməsi nəticəsində ziyan yaranmış, bu ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edilsə də ziyanına qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Vydate L məhsulunun Cavabdeh1 tərəfindən iddiaçılara satılması etiraf edilmiş, digər Cavabdeh2 sözügedən istixanada işləməsi faktı da öz təsdiqini tapmışdır. Hər iki cavabdehə münasibətdə onların təqsirli məsuliyyəti müəyyən edilir, belə ki, Cavabdeh2 ilə şifahi podrat müqaviləsi bağlanmışdır ki, həmin müqaviləyə əsasən Cavabdeh2 sözügedən məhsulun bəhər şəkilində iddiaçılara verməyi öhdəsinə götürmüşdür. Lakin podrat müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməməklə iddiaçılara ziyan vurmuşdur. Bundan başqa Cavabdeh1 da təqsirinin olması verdiyi malın qüsurlu olması ilə əlaqədardır ki, həmin hal üzrə də satıçı qüsurlu mal verməyə görə məsuliyyət daşıyır. İddiaçılarla Cavabdeh2 arasında istixanada məhsulun yetişdirilib təhvil verilməsinə dair şifahi podrat müqaviləsi olsa da Cavabdeh2 tərəfindən həmin öhdəlik yerinə yetirilməmiş, Cavabdeh2 tərəfindən əvvəlcədən razılaşdırılmış bəhər ortaya çıxarılmamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı2 nümayəndə vasitəsilə təmsil olunsa da özü və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, təsərrüfata şərikdir. Mütəxəssis kimi Cavabdeh2 hər ay 1500 manat pul ödəyiblər. O, dərman vasitələrindən istifadə qaydalarını izah edirdi. Cavabdehlərlə heç bir sənədləşmə aparmamışlar. Məhsul xarab olandan sonra dərmanın keyfiyyətsiz oplmasını bilmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etmiş, iddiaçıya satdığı dəmanların sertifikatlaşdırılmış dərmanlar olduğunu və həmin dərmanlardan təkcə iddiaçıya yox, digər şəxslərə də satdığını, iddiaçıdan başqa hər hansı şəxs tərəfindən etiraz daxil olmadığını, ona görə də iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X9 Mərkəzi tərəfindən İddiaçı2 ünvanlanan 04 fevral 2022-ci il tarixli məktubdan görünür ki, istilikxanada əkilmiş pomidor bitkisində aqrotexniki tədbir, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılarsa yerli pomidordan hər hektarında 60-80 ton məhsul əldə edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər X1 təyini və alaqlarla mübarizə laboratoriyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli pestisid analizinin hesabatından görünür ki, plastik qablaşdırmada 1L-lik Vydate L (24L) insektisidinin 0.5L məhlulu qablaşdırmada göstərilən qatılıqdan 6 faiz azdır. Keyfiyyətinin 25 faiz itirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidmətinin 246/P nömrəli toksikoloji rəyindən görünür ki, Kənd Təsərrüfatı Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2017-ci il tarixli 1347/17 nömrəli rəyinə əsasən petisidlər: Vydate 10 G-5000 kg üzərində toksikoloji analiz aparılmışdır. Analizin nəticəsi texniki şərtə uyğundur, hektara düşən norma miqdarında istifadə etmək məsləhət görülür. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçılar cavabdehlərin təqsiri nəticəsində onlara 300000 manat məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hazırki iş üzrə iddiaçılar tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçılara dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçıların yetişdirdiyi məhsullara aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması nəticəsində məhsulldarlığın yüksək olması ehtimalı, məhkəməyə təqdim edilən video görüntülərdə təqdim olunan məhsulun xarab olması və məhsulların vaxtından əvvəl aşağı qiyməti satılması ona dəlalət etmir ki, iddiaçılar 300000 manat məbləğində əldən çıxmış faydadan məhrum olmuşdur. İddiaçı tərəf isə 300000 manat məbləğində gördüyü tədbirlər və apardığı hazırlıq işlərinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçıların 300000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin ödənilməsi tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatlar idxal və ixrac olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. Həmin Məcəllənin 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. Həmin Məcəllənin 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Həmin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələblərindən də göründüyü kimi iddiaçı aldığı petisidlərin lazımi keyfiyyətdə olmadığını müəyyən etdikdən sonra o barədə cavabdehi məlumatlandırmalı olduğu halda bunu etməmişdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2- ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehlərin iddiaçılara birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehlərin iddiaçıya zərər vurması müəyyən edilməmişdir. İddiaçı dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçılar işdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizə və Texniki Bitkilər X1 təyini və alaqlarla mübarizə laboratoriyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli pestisid analizinin hesabatına istinad edərək Vydate pestisidinin keyfiyyətsiz olduğunu, bu səbəbdən də lazımi məhsuldarlığın olmadığını göstərir. Halbuki, həmin sənədə görə Vydate pestisidinin keyfiyyətini 25 faiz itirdiyi məlum olmuşdur. Nəzərə alınsa ki, həmin dərman vasitəsi bir hissəsi istifadə olunmuş, yəni tamlığı (qablaşdırması) bir il əvvəldən pozulmuşdur, qablaşdırması pozulmuş bir hissəsi artıq istifadə olunmuş, açıq vəziyyətdə olan dərman vasitəsinin keyfiyyətinin dəyişəcəyi mübahisəsizdir. Digər tərəfdən həmin dərman vasitəsinin 25 faiz keyfiyyətini itirdiyi qəbul edilsə belə iddiaçıların əldə edəcəyi məhsul 200000 manatdan çox olmalı idi. İddiaçılar yüksək məhsuldarlıqla bağlı cavabdehin üzərinə öhdəlik götürdüyünü qeyd etmiş olsalar da məhkəməyə həmin dəlili təsdiq edən sübut təqdim etməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh isə iddiaçılara məhsuldarlıqla bağlı hər hansı vəd verilmədiyini, satılmış dərman vasitəsinin isə müvafiq tələblərə uyğun olduğunu və bunun uyğunluq sertifikatı ilə təsdiq olunduğunu bildirmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri iddiaçının formal mülahizəsi hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1982/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar