Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-63/2024 15.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə “borcun silinməsi” tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-2(115)- 51/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 1 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən qaz paylayıcısı olaraq “Azəriqaz” İstehsalat Birliyi istehlakçı-X1 qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. X3 abonent saldosunda abonentin 2021-ci il may ayına 326.184.60 manat debitor borcu qeyd olunmuşdur. 2019-cu il 1 sentyabr tarixinədək olan borc məbləği 113.952,20 manat təşkil etmişdir.
3. Gəncə Kommersiya Məhkəməsinin 2020-ci il 15 sentyabr tarixli, e-2-2(115)- 599/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 147.716,60 manat məbləğində borcun X2 “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarından görünür ki, “Azəriqaz” X4 Əhməd Məhəmməd oğluna və X6 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsindən Mirzəyev Əhməd Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsi ləğv edilmiş, müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat, eləcə də istehlak olunmuş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsaitin cavabdehdən tutulması qərara alınmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı icra vərəqindən görünür ki, 113.952,20 manat vəsaitin Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulmasına dair icra vərəqi verilmişdir. 6.Şəmkir rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1764/24 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarı əsasında verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin (sabiq böyük icra məmuru Şamil Hacıyevin, xx.xx.2023-cü il tarixdən isə böyük cra məmuru Zaur Aslanovun) icraatına daxil olmuşdur. Sözügedən icra sənədi icraatda olduğu müddət ərzində kifayət qədər zəruri icra tədbiri görülməmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə borclu Mirzəyev Əhməd Məhəmməd oğlunun Abşeron rayonu Masazır kənd Dünyamalıyev küçəsində qeydiyyatda olduğu müəyyən edilmiş və ona görə də həmin icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Abşeron rayon icra şöbəsinə göndərilmşdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X7 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 326.184,60 manat borcun abunə hesabından silinməsi və cavabdehdən 610.000 manat məbləğində dəymiş maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 1 oktyabr tarixli təbii qazın alqı-satqı barədə müqaviləyə əsasən, Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qazla təchiz olunmuşdur. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq 326.184.60 manat borc hesablanmışdır. Bundan başqa onunla bağlanmış qazın alqı-satqı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğu bildirilmişdir. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturaların ona təqdim edilməmişdir. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməli idi. Lakin cavabdeh iddiaçının ona təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda borcun hansı sayğaca və tarixə hesablandığı, aylıq sərfiyyatın nə qədər olduğu, borcun hansı abonent koduna hesablandığı və həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübut təqdim etməli idi.
9. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1, 560.2 və 560.3.5.2-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2.1, 2.2, 2.3 və 3.1-ci maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1, 2.1, 3.1, 13.1 və 13.3-cü maddələrinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4, 1.5 və 5.2-ci bəndlərinə istinad olunmuşdur.
10. Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 51/2022 nömrəli qərardadı ilə (hakim K.Vəliyev) iddiaçının cavabdehdən 610.000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbi ayrı icraata ayrılmışdır.
11. Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 51/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əsassız hesab etdiyi 326.184,60 manat debitor borcun 261.668,80 manat hissəsinin əsaslı olmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcud olmuş, qalan hissənin isə əsassız hesablanması sübutlarla təsdiqini tapmamışdır. Eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunmuş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən olunmuş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-ci il 23 fevral tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 82.3 və 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 aprel 2023cü il tarixli, 2-2(104)-84/2023 saylı qərardadı ilə (sədrlik edən hakim – A.Hüseynzadə, hakimlər – Ş.Rzaquliyev və İ.Həsənov) 147.716,60 manat borc məbləğinin silinməsi tələbi hissəsində işin icraatına xitam verilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 aprel 2023cü il tarixli, 2-2(104)-84/2023 saylı qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim A.Hüseynzadə, hakimlər Ş.Rzaquliyev və İ.Həsənov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin olunmuş, 113.952,20 manat borc məbləğinin iddiaçının **********00100 saylı abonent hesabından silinməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmşdir ki, “Azəriqaz” İB Mirzəyev Əhməd Məhəmməd oğlu və R.Məmmədova qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı və Əhməd Mirzəyev tərəfindən “Azəriqaz” İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli, 2-2(083)-584/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli, 2-2(104)-96/2020 saylı qətnaməsi ilə Əhməd Mirzəyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 2 oktyabr tarixli, e-2-2(083)-584/2020 saylı qətnaməsi ləğv olunmuş, yeni qətnamə ilə iddia qismən təmin edilərək, Əhməd Mirzəyevdən dəymiş ziyan və debitor borcun ödənilməmiş hissəsi olaraq 63.259,28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
Kassasiya instansiyası məhkəməsində icraat: Kassasiya şikayətinin və ona etirazın dəlilləri.
15. Həmin qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-507/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 28 aprel 2023-cü il tarixli, 2-2(104)-84/2023 saylı qətnaməsi qismən 113.952,20 manat borc məbləğinin X3 **********00100 abonent hesabından silinməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
17. Həmin qərarla da müəyyən olunur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən MPM-in 82.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası nəzərə almamışdır ki, abonent hesabı üzrə ad dəyişsə də, 2021-ci il 12 oktyabr tarixli 2-2(104)-441/2021 nömrəli qərarına əsasən verilmiş icra sənədi üzrə borclu dəyişməmiş, borclu şəxs R.Məmmədov deyil, həmin abonent hesabının əvvəlki istifadəçisi Ə.Mirzəyevdir və sonuncu tərəfindən həmin icra sənədinin icrası təmin edilməlidir. Belə olan halda həmin borcun hazırkı iş üzrə iddiaçının tələbi üzrə silinməsinin mümkünlüyünə, eləcə də iddiaçı tərəfindən mübahisələndirilməsi üçün subyektiv hüququn olubolmamasına qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qazla təhciz olunmuşdur. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq şişirdilməklə 326184.60 manat borc hesablanmışdır. Bundan başqa onunla bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişlər. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən eden hesab fakturaları ona təqdim etməmişlər. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu oldugu halda, hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməliydi. Lakin, cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu oldugu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, həmin aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübutetməliydi. Məhkəmə prosesində qeyd olunan halların təsdiq olunması üçün eksperiza barədə vəsatət verilmişdir. Lakin iş üzrə ekspertiza təyin olunsada məhkəmə tərəfindən rəy alına bilməmişdir. Buna görə də iddia tələbində qeyd olunan halları təsdiq olunmamışdır. Hesab edir ki, məhkəməyə verdiyi vəsatətlər təmin olunsaydı iddia tələbinin əsaslığı müəyyən olunardı. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İş üzrə tərəflərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (2023cü il 25 iyun tarixli 218 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndin birinci abzası yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.)
22. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, iddiaçının apellyasiya şikayətində göstərdiyi xüsusatları araşdırıb, aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, “Azəriqaz” İB cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlu və X6 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun Ruslan Məmmədov və Əhməd Mirzəyev tərəfindən İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-2(083)-584/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2- 2(104)-96/2020 saylı qətnaməsi ilə Əhməd Mirzəyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 02 oktyabr tarixli, e-2-2(083)-584/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddia qismən təmin edilərək, Ə.Mirzəyevdən dəymiş ziyan və debitor borcun ödənilməmiş hissəsi olaraq 63.259,28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Həmin qətnamədən “Azəriqaz” İB və Əhməd Mirzəyev kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 2(102)-441/2021 saylı qərarı ilə cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2- 2(104)-96/20 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Şəmkir RQİİ-yə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manatın, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc olmaqla, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin müvafiq bank hesabına ödənilməsi qərara alınmış və qərar üzrə müvafiq icra sənədi verilmişdir. Həmin qərarla da müəyyən edilir ki, 113.952,20 manat borc məbləğinin hazırkı iş üzrə iddiaçıdan deyil, Ə.Mirzəyevdən tutulması qət edilmişdir.
26. İş materiallarında olan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin izahatlarında iddiaçı R.Məmmədovun hazırkı abonent hesabının əvvəl Əhməd Mirzəyevin adına olduğunu, R.Məmmədovla müqavilə bağlanması səbəbindən abonent hesabının da onun adına qeydə alındığını və 01 oktyabr 2019-cu il tarixinədək yaranmış borc məbləğinin də onun tərəfindən qəbul edildiyini bildirmişdir.
27. Belə ki, iş materiallarından görünür ki, 2019-cu il 1 oktyabr tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcısı olaraq “Azəriqaz” İstehsalat Birliyi istehlakçı-X1 qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
28. X3 abonent saldosunda abonentin 2021-ci il may ayına 326.184.60 manat debitor borcu qeyd olunmuşdur. 2019-cu il 1 sentyabr tarixinədək olan borc məbləği 113.952,20 manat təşkil etmişdir.
29. Şəmkir rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 1764/24 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarı əsasında verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixdə şöbənin (sabiq böyük icra məmuru Şamil Hacıyevin, xx.xx.2023-cü il tarixdən isə böyük cra məmuru Zaur Aslanovun) icraatına daxil olmuşdur. Sözügedən icra sənədi icraatda olduğu müddət ərzində kifayət qədər zəruri icra tədbiri görülməmişdir. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə borclu Mirzəyev Əhməd Məhəmməd oğlunun Abşeron rayonu Masazır kənd Dünyamalıyev küçəsində qeydiyyatda olduğu müəyyən edilmiş və ona görə də həmin icra sənədi «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Abşeron rayon icra şöbəsinə göndərilmşdir.
30. Məhkəmə tərkibi qeyd edir ki, hazırda mübahisələndirilən borcun tutulmasına dair məhkəmə qərarları qüvvədədir və həmin qərarların icrası borcun silinməsinə əsas olacaqdır. Əlavə olaraq hazırki iş üzrə borcun silinməsinə dair iddia tələbi üzrə R.Məmmədovun subyektiv hüqununu olması müəyyən edilmir.
31. Belə ki, icra mərhələsində olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 2021-ci il 12 oktyabr tarixli, 2-2(102)-441/2021 saylı qərarı ilə Əhməd Mirzəyevdən tutulmalı məbləğin hazırki iddia ilə mübahisələndirilməsi həmin qərarın icrasını mümkünsüz edir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-ci il qərarın əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
34. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, R.Məmmədovun hazırki abonent kodu əvvəl Ə.Mirzəyevin adına olduğundan və “Azəriqaz” İB ilə R.Məmmədov arasında “qazın alqı-satqısına dair” müqavilə bağlanarkən abonent kodu borcla birlikdə R.Məmmədovun adına dəyişdirildiyindən iddia tələbinin təmin olunmasına üçün heç bir əsas yoxdur. Bundan başqa iddiaçı özü abonent saldosunun hazırki borcla adına dəyişdirilməsinə razılıq vermişdir.
35. Odur ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə gəldiyi nəticə qanunidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 83, 86-87, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)- 51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Azər Bayramov