Məhkəmə qərarları › İş №2-2(104)-64/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-64/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-64/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2- 2(115)-382/2022 saylı qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2019-cu il tarixli 019 saylı Kredit müqaviləsi üzrə əsas borc üzrə 48516.09 manat, faiz borcu üzrə 4220.27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53401.27 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 41.42 manat dövlət rüsumu və xidmət haqqının, 400 manat mediasiya xərcinin tutulması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid qiyməti) müəyyən edilməklə açıq hərracdan satılması, əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, ipotekaya qoyulmuş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğın Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-382/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 019 saylı kredit müqaviləsi üzrə 48516.09 (qırx səkkiz min beş yüz on altı manat doqquz qəpik) manat əsas borc, 4220.27 (dörd min iki yüz iyirmi manat iyirmi yeddi qəpik) manat faiz borcu, 269.53 (iki yüz altmış doqquz manat əlli üç qəpik) manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz ilə hesablanmış faiz borcu, 95.38 (doxsan beş manat otuz səkkiz qəpik) manat cərimə borcu, olmaqla, cəmi 53101.27 (əlli üç min yüz on bir manat iyirmi yeddi qəpik) manat borc, 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbinin likvid dəyəri 83540 manat olan Cavabdeh1 məxsus 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən ünvan 2 ünvanında yerləşən 179.8 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər çıxarılmaqla fərdi yaşayış evinin boşaldılması, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC, "xxxx" ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB******************** saylı hesaba ödənilməsi, iş üzrə 200 (iki yüz) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq "xxxx" MMC, Yevlax şəhəri, VÖEN **********, "xxxx" ASC Yevlax filalı, Kod: 509299, VÖEN **********, H/h AZ61BRES003803944 **********1, M/h AZ80NABZ********************, SWİFT BRESAZ7722 saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Əjdərov Ramiz Əjdər oğlu və Cavabdeh1 həm birlikdə, həm də ayrı-ayrılıqda apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-382/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbi üzrə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 7 faiz olmaqla 36 ay müddətinə 60 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus (xx.xx.2019-cu il tarixli, **********21-10301 reyester nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə İpoteka ilə yüklü edilmişdir və yüklülük xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi çıxarışa əsasən qeydiyyata alınmışdır. Bununla yanaşı cavabdeh, tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini 90 (doxsan) gündən çox müddətdə gecikdirmiş, nəticədə Bankın kredit tranşı üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və hesablanan dəbbə pulunun ödənilməsini Borcalandan tələb hüququ yaranmışdır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Bankın Şəmkir filialı tərəfindən təqdim edilmiş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışlarına əsasən, 20 dekabr 2021-ci il tarixə cavabdehin yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu 48.516.09 manat, faiz borcu 3621.60 manat, cərimə faizi üzrə 1849.52 manat olmaqla, cəmi 53987.21 manat təşkil edir. Cavabdeh kredit üzrə əsas borc qalığının bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılması və hesablanan dəbbə pulunun ödənilməsi barədə bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq borcun tam şəkildə ödənilməsi üçün tədbir görülməmiş, müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişlər ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi əsassızdır, qanunsuzdur, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə, də qətnamə ləğv edilməli, iddia tələbi isə rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh2 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 019 saylı Təminatlı Kredit müqaviləsində 36 ay müddətinə, illik 7% dərəcəsi olmaqla 60000 manat məbləğində kredit verilməsi qeyd edilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin müqavilə üzrə 90 gündən artıq gecikmə olmuş və bu barədə dəfələrlə Cavabdeh2 oğluna xəbərdarlıq bildirişləri göndərilsə də, lakin heç bir nəticəsi olmamışdır. Belə olan halda kredit müqaviləsi üzrə faizlər dayandırılmalı idi. Lakin iddiaçı faizləri dayandırmamış, əksinə Cavabdeh2 oğluna əlavə cərimələr hesablamışdır. Onun bu hərəkəti isə Milli Bankın “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”ın 2.2-ci bəndinə ziddir. Belə ki, qaydaların həmin bəndinə görə kreditlərin qaytarılma müddətindən asılı olmayaraq faizlərin və yaxud əsas məbləğin ödənişi kredit müqaviləsi ilə nəzərdə tutulmuş vaxtdan 90 gün və daha çox gecikdirilərsə kredit təşkilatları kreditlərə “faizləri hesablanmayan” kreditlər statusu verərək, faizlərin hesablanmasını dayandırmalıdır. İddiaçı bu qərarın tələblərinə əhəmiyyət verməyərək, qanunsuz olaraq onlara şişirdilmiş faiz və cərimə hesablamışdır. Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş səbəblərlə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin məhkəmə həmin ekspertizanı təyin etməmişdir. Bundan başqa məhkəmə, məhkəmə gedişatında tərəflərindən iddiaçının hesabına hər biri 1000 manat olmaqla, cəmi 2000 manat vəsait keçirmələri barədə mədaxil qəbzlərinə qiymət verməmiş, həmin məbləğ əsas borcdan çıxılmamış və bu barədə qətnamədə heç nə göstərilməmişdir. Məhkəmə tərəfindən MPM-nin 220.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən bu işə baxılarkən, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Belə ki, 90 gündən artıq faiz borcu ödənilmədiyi halda iddiaçı tərəfindən Cavabdeh2 oğluna şişirdilmiş faiz və cərimə məbləği hesablanmışdır. Ona görə də hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılarkən bu iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Məhkəmə tərəfindən iddia qismən də olsa təmin edilərkən, hakim Cavabdeh2 oğlundan tutulacaq pul vəsaitini hansı mühasibat sənədlərinə əsasən müəyyən etdiyini açıqlamamış, yalnız iddiaçının iddia ərizəsində göstərdiyi mülahizəyə və kredit müqaviləsinə əsaslanmışdır. Bu da iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə nəticələnmişdir. Belə ki, hakim mühasibat üzrə ekspert deyil və o, heç bir mühasibatlıq sənədlərinə əsaslanmadan və bununla bağlı ekspert təyin etmədən hər hansı bir nəticəyə gələ bilməzdi. İddiaçı özü də iddia tələbində şişirdilmiş faiz və cərimələrı hansı riyazi hesablamalara əsasən müəyyən etdiyini göstərməmişdir. İşə baxan məhkəmə tərəfindən Cavabdeh2 oğlundan iddiaçının xeyrinə pul tutarkən bu məbləğləri hansı mühasibat sənədləri əsasında sübut etdiyini dəqiq göstərə bilməmişdir. Məhkəmə yalnız iddiaçının iddia ərizəsində göstərdiyi söz yığınağından ibarət mülahizələrinə və kredit müqaviləsinə əsaslanmaqla kifayətlənmişdir ki, bu da sübut kimi qiymətləndirilə bilməz. İddiaçı iddia tələbində 90 gün müddətində aylıq kredit borcunun ödənilmədiyini təsdiq etsə də, lakin məhkəmə buna əhəmiyyət verməmiş və qətnamədə bununla bağlı faizləri rədd etməmişdir. Ona görə də məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına qəti uyğun gəlmir. Prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən - "xxxx" ASC tərəfindən borcalan Cavabdeh2 60 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh2 isə 36 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür İş materiallarında olan xx.xx.2019-cu il tarixli 024 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, borc məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə banka əsas borc üzrə 48516.09 manat, faiz borcu üzrə 4220.27 manat, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 269.53 manat, cərimə borcu üzrə 395.38 manat olmaqla, cəmi 53401.27 manat məbləğində borcu vardır. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02- 56/22 nömrəli rəydə "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 82 000 manat, likvid dəyəri isə 70 000 manat qeyd edilmişdir. İş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, ƏQ211/2022 nömrəli ekpertiza rəyində "xxxx" MMC tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə bazar dəyəri 95 650 manat, likvid dəyəri isə 83 540 manat qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Şəmkir filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019 saylı Təminatlı Kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 7 faiz olmaqla 36 ay müddətinə 60 000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə əsasən sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi, 0.07 ha torpaq sahəsi ilə birlikdə İpoteka ilə yüklü edilmişdir və yüklülük xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəsi çıxarışa əsasən qeydiyyata alınmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli üzrə ona verilmiş kredit üzrə əsas borc hissəsini və onun faizinin ödənilməsini gecikdirmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər isə heç bir müsbət nəticə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019 nömrəli kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 60.000 manat məbləğində kredit verilmişdir. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıqlar göndərilsə də, cavabdehlər tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət olaraq qeyd edir ki, cavabdehdən ümumilikdə nə qədər pulun tutulmalı olması iddia tələbində və qətnamədə göstərilibdir. Tələbin bu hissəsi əvvəlki hissəni təkrarlayır. Odur ki, tələbin həmin hissəsi əsaslı sayılmır. Cavabdeh2 395,38 manat cərimə hesablamış, lakin birinci instansiya məhkəməsi cərimə məbləğinin azaldaraq 95,38 manat müəyyən etmişdir. İddiaçı qətnaməni mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası qətnamə ilə həmin hissədə də razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və əsas borca hesablanmış faiz borcu hissəsində yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi dəlili ilə bağlı bildirir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddia tələbinin qismən qəbul etdiklərini və əmlakın hərraca çıxarılması hissəsində iddianı qəbul etmədiklərini bildirmişdilər. İddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kini apellyasiya şikayətinin həmin dəlili də əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-382/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar