Məhkəmə qərarları › İş №2-2(104)-65/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-65/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-65/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “, 7587,76 manat əsas kredit borcu, 503,05 manat faiz borcu, 137,18 manat penya olmaqla, cəmi 8227,99 manat borcun və ödənilmiş 102,28 manat dövlət rüsumunun tutulması” tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2-2(115)- 2249/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 avqust 2023-cü il tarixdə dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 18% olmaqla, 18 fevral 2025-ci il tarixədək 10000 manat məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq 26 fevral 2024-cü il tarixdə Cavabdeh3 ilə bank arasında 28FİZAM202211101 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin kredit verilməsinə dair razılaşma üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onun banka 7587,76 manat əsas borcu, 503,05 manat faiz borcu və 137,18 manat cərimə borcu olmaqla, cəmi 8227,99 manat borcu yaranmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərdarlıq və pretnziya məktubaları ilə cavabdehlərə müraciət edərək kredit müqaviləsi üzrə 7587,76 manat əsas borc, 503,05 manat faiz borc və 137,18 manat cərimə borcun olduğunu, öhdəliklər icra edilmədiyindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini bildirmiş və əks təqdirdə borcun qaytarılması ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2023-cü il tarixli razılaşmaya əsasən Cavabdeh2 18 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında kreditverən tərəfindən borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi, Cavabdeh3 ilə xx.xx.2024cü il tarixli zaminlik müqaviləsi bağlanmış, onlar kredit üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 7587,76 manat əsas kredit borcu, 503,05 manat faiz borcu, 137,18 manat məbləğində penya olmaqla, cəmi 8227,99 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tаrixli, e-2-2(115)-2249/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlərdən “7587 manat 76 qəpik əsas borc, 503 manat 05 qəpik faiz borcu və 137 manat 18 qəpik cərimə borcu olmaqla, cəmi 8227 (səkkiz min iki yüz iyirmi yeddi) manat 99 (doxsan doqquz) qəpik məbləğində borc və ödənilmiş 102 (bir yüz iki) manat 28 (iyirmi səkkiz) qəpik dövlət rüsumu müştərək qaydada tutulması” tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşma bağlanmış, razılaşmaya əsasən ona dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 18% olmaqla, 18 fevral 2025-ci il tarixədək 10000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İddiaçı kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 7587,76 manat əsas borcu, 503,05 manat faiz borcu və 137,18 manat cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizi və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Bundan başqa Cavabdeh2 zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, Cavabdeh3 onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 470.1, 472.2, 739.1, 739.2 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Onun məhkəməyə çağrılmağı üçün məhkəmə hər-hansı bildiriş göndərməmiş, göndərmişsə belə həmin bildiriş ona çatdırılmamışdır. O, cümlədən məhkəmə qətnaməsində belə onun məhkəməyə çağrılmağı barədə məlumat verilməmişdir. İşə baxan məhkəmə iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışı sayəsində şişirdilmiş borca dair iddia tələbini tam təmin etmişdir. Hansı ki, o, borcundan xeyli miqdarda ödəniş etməyinə baxmayaraq işə baxan məhkəmə bu kimi hallara nəzər yetirmədən eləcə də iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli olduğu halda məhkəmə bunu etməmişdir. Bu səbəbdən də məhkəmə mühasibatlıq ekspertizaı keçirilməli və əsas borcunun nə qədər olması müəyyən edilməlidir. Hesab edirəm ki, iş üzrə mühasibatlıq ekspertizası təyin edilməli, borcumun əsl məbləği müəyyən edilməli və sözügedən qətnamə ləğv edilməlidir. Qeyd olunanlara əsasən və istinad olunan hüquq normalarından göründüyü kimi, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgüb nəticəyə gələrək iddia tələbini təmin etmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildiyi kimi, İddiaçı ASC ilə Cavabdeh2 arasında 18 avqust 2023-cü il tarixdə dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə illik faiz dərəcəsi 18% olmaqla, 18 fevral 2025-ci il tarixədək 10000 manat məbləğində kreditin verilməsinə dair müqavilə bağlanmışdır. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq 26 fevral 2024-cü il tarixdə Cavabdeh3 ilə bank arasında 28FİZAM202211101 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin kredit verilməsinə dair razılaşma üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən onun banka 7587,76 manat əsas borcu, 503,05 manat faiz borcu və 137,18 manat cərimə borcu olmaqla, cəmi 8227,99 manat borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, borcundan xeyli ödəmiş lakin iddiaçı borcu artıq göstərmiş və məhkəmə ekspertiza təyin etməmişdir. Cavabdeh borcundan ödəniş etsə də ödədiyi vəsaitin nə qədər olmasını açıqlamamış və ödənişləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbu ki, iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin bank hesabından çıxarışda ödənilən vəsait və borcun məbləğini müəyyən etmək mümkündür. Bundan başqa birinci instasiyası məhkəməsi tərəfindən mühasibatlıq ekspertizasının təyin edilməməsi ilə bağlı şikayət dəlillərinə münasibətdə qeyd edilməlidir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki iş üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatları ilə borcun məbləğini müəyyən etmək mümkündür və cavabdeh ekspertizanın keçirilməsini tələb etsə də borcunun nə qədər təşkil etməsini əsaslandırmamış və borcun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdehin şikayət dəlillərinin biridə onun məhkəmə icraatı ilə bağlı məlumatlandırılmamasıdır. Cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayan məhkəmə qeyd edir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (MPM maddə - 284-1, 284- 5.1, 284-5.2, 284-5.3). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş birinci instansiyası məhkəməsinə sadələşdirilmiş iş kimi daxil olmuş, işə baxan məhkəmə tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehlərə poçt vasitəsi ilə göndərilmiş, Cavabdeh2 xx.xx.2024 və Cavabdeh3 isə xx.xx.2024-cü il tarixlərdə şəxsən poçt vasitəsi ilə təqdim olunmuşdur. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığından tərəflərin dinlənilməsi üçün çağırılması nəzərdə tutulmamışdır ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsasızdır. Beləlilklə şərh olunanla əsasən məhkəmə hesab edir ki, borclu bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etmədiyindən, zamin əsas borclu ilə birgə kredit münasibətlərindən irəli gələn öhdəliklərin icrası üçün birgə məsuliyyət daşıdığından və zaminliyə xitam verilməsi ilə bağlı müddətlər ötürülmədiyindən borcun cavabdehlərdən tutulmasına dair birinci instansiyası məhkəməsinin mövqeyi əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün yetərli deyildir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2-2(115)-2249/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar