Məhkəmə qərarları › İş №2-2(104)-66/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-66/2024

24.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-66/2024 24.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı torpaq sahəsindən və onun üzərində olan tikilidən çıxarılma tələbinə dair qarşılıqlı iddiasına dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(115)-1309/2023 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(115)-1309/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Cavabdeh məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikintindən çıxarılması, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsi isə Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə vermiş olduğu 18.535 manatın, obyektə xərclədiyi 10.000 manatın, cavabdehin adından ödədiyi 2800 manat enerji pulunun, cəmi 31.335 manat pul vəsatinin, əlavə olaraq dondurma soyuducunun, elektrik qızdırıcısının və obyektin qarşısına qoydugu işıqverənin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək ona məxsus Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikinti obyektindən İddiaçı çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə Cavabdeh ona qarşı olan tələbə etiraz göndərərək bildirmişdir ki, Ağdam rayonu, Xındırıstan kəndində yerləşən obyekti gözəllik salonu kimi istifadə etməsi üçün İddiaçı icarəyə vermişdir. Aralarında olan razılığa əsasən 1 il müddətinə 18 000 manat ödəyəcəyi halda onun adına sənədləşdiriləcəyi qərara alınmışdır. İddiaçı bankdan kredit götürüb obyektin dəyərini ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmin vaxt gözəllik salonu üçün 5950 manatlıq avadanlıq alıb gözəllik salonunu istifadəyə yararlı vəziyyətə gətirmişdir. İddiaçı avadanlıqlar üçün aldığı 5950 manatı hissə-hissə ödəsə də obyektin dəyərini ödəməmiş və bu səbəbdən də alğı-satqı müqaviləsi baş tutmamışdır. İddiaçı aylıq kirayə haqqı tələb etməmişdir ki, sonda obyekti ona satacaqdır. Odur ki, ilkin iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 10.535 və obyektə xərclənmiş 10.000 manat olmaqla, cəmi 20.535 (iyirmi min beş yüz otuz beş) manat pulun tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilmərək, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məxsus Agdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş tikililərdən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı çıxarılması qət edilmişdir Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-248/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il il tarixli, 2(013)-1327/2022 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildə Ağdam rayonu, Xındırıstan kəndində Vaqif adlı şəxsin yerini icarəyə götürürərək gözəllik salonu işlədir. Cavabdeh həyətyanı torpaq sahəsi axtardığını və alıb salon tikdirəcəyini bildirmişdir. Vüqar isə Xındırıstan kəndində torpaq sahəsinin olduğunu bildirmiş və aralarında razılıq əldə etdikdən sonra cavabdehə 2000 manat pul vermişdir. Həmin obyektin təmirinə 10 000 manat məbləğində pul xərcləmişdir. Obyektə görə Cavabdeh müxtəlif vaxtlarda 18535 manata qədər pul ödəmişdir. Obyektin və obyektə bitişik digər obyektlərdə istifadə olunan elektrik enerjisinin pullarını cavabdeh ona ödətmişdir. 4 ildə 2880 manat ödəniş etmişdir. Daha sonra cavabdehdən obyekti adına keçirməsini xahiş etmiş, cavabdeh isə artıq fikrini dəyişdiyini, obyekti satmaq istəmədiyini bildirmişdir. Cavabdeh onun işığını kəsdirmiş, ona məxsus dondurma soyuducunu, elektrik sobasını və obyektin qarşısına qoyduğu işığı söküb aparmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdam rayonu, Xındırıstan kəndində özünə məxsus olan 0.015 ha torpaq sahəsində tikinti obyekti inşa etdirmişdir. Həmin obyekti gözəllik salonu kimi istifadə etməsi üçün cavabdeh İddiaçı vermişdir. Aralarında olan razılığa əsasən bir il ərzində obyektin dəyəri olan 18 000 manatı ödədikdən sonra torpaq sahəsini və obyekti onun adına sənədləşdirməyi qarşılıqlı olaraq öhdələrinə götürmüşlər. Cavabdeh İddiaçı 5 il ona məxsus tikinti obyektindən gözəllik salonu kimi istifadə etmiş, ancaq obyekti öz adına keçirmək üçün şərtləşdirdikləri 18 000 manat ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normalarının tələblərinə əməl edilməmişdir. Belə ki, tərəflər arasında olan razılaşma şifahi olduğundan birinci instansiyası məhkəməsi tərəflər arasında olan həqiqi münasibətləri müəyyən etməli, tərəflərin razılığının tapşırıq, yoxsa hər hansı bir müstəqil xidmət müqaviləsi olmasını müəyyən etməli, bundan sonra iddia tələbinin faktiki əsasına uyğun olan maddi hüquq normasını tətbiq edərək mübahisəni həll etməli, tərəflər arasında olan razılaşmaya əsasən cavabdehin öhdəliklərinin konkret olaraq nədə ifadə olmasını işin hallarına və tərəflərin izahatlarına əsasən müəyyən etməlidir. Bu zaman məhkəmə həmçinin iş materiallarına əlavə edilmiş yazılı qəbzdə göstərilən 10505 manat və 10 ədəd tikinti materiallarının alınmasına dair qaimələrdə 9.600 manat məbləğin muzdun məbləği olub-olmamasına da qiymət verməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya instansiya məhkəməsində verdiyi izahatla Kommersiya Məhkəməsinin məhkəmə iclasında verdiyi ziddiyyətli ifadələrə hüquqi qiymət verməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, yazılı qəbzləri və qaimələri sübut kimi qəbul etməyərək və iddiaçı tərəfindən dəvət edilmiş Ağdam rayon Məhkəməsində məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslərin ifadələrini və işdə olan ekspert rəyini nəzərə almayaraq, ilkin iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, hazırkı işə Gəncə Apellyasiya Məhkəməsində baxılarkən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ilkin iddiaçı ona indiyə kimi 6.000 manat pul vermişdir. Lakin hazırki işə Gəncə Komersiya Məhkəməsində baxılarkən Vuqar Ağayev məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəfdən 2017-ci ildə təxmini 2000-3000 manat pul almışdır ki, həmin pulların 18000 manata heç bir aidiyyəti yoxdur. İddiaçıdan obyektin satılmasına görə ondan pul almamışdır. Aldığı pullar İddiaçı ona olan digər borcları olmuşdur. Bundan başqa işə Ağdam Rayon Məhkəməsində baxılarkən X3 və X2 şahid qismində ifadə verərək, gözəllik salonunda təmir-tikinti işlərinin apardıqlarını və bunun müqabilində İddiaçı 2000 manat haqq aldıqlarını bildirmişlər. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 10/192 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən qeyd edilmişdir ki, Ağdam rayonu Xındırıstan kəndində Cavabdeh məxsus qeyri yaşayış sahəsində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4982 manat məbləğində olduğu müəyyən edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) əvvəlki məhkəmə iclasında iştirak etmiş olsa da, xx.xx.2024cü il tarixə saat 14:15-ə təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə ilk iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ilk iddia üzrə iddiaçını (qarşılıqlı iddia üzrə cavabdehi) dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh mülkiyyətində Ağdam rayonu, Xındırıstan kəndində 0.015 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin torpaq sahəsinin xx.xx.2022-ci il tarixli kadastr planının surətindən görünür ki, Cavabdeh Ağdam rayonu, Xındırıstan kəndində 0.015 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/192 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən qeyd edilmişdir ki, Ağdam rayonu Xındırıstan kəndində Cavabdeh məxsus qeyri-yaşayış sahəsində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (tikinti materilları və xidmət haqqı daxil olmaqla) dəyəri bazar qiymətlərinə uyğun olaraq 4982 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 may 2024-cü il tarixli 4/612 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: 1.1. Ekspertizaya təqdim edilmiş, göy üzlüklü qeyd kitabçasında “3 Mart” yazılan vərəqdə “aprel 250 m”, “may 250”, “iyun 250”, “iyul 250”-1-ci imza, “Avqust 250”, “sentiyabr 250”, “oktyabr 250”, “noyabr 250”, “dekabr 250”, “yanvar 250”, “fevral 250” yazılarının qarşılarındakı imzalar; “14 Mart” yazılan vərəqdə “Aprel 250”, “may 250”, “iyun 250” yazılarının qarşılarındakı 2-ci imzalar öz aralarında -EYNİ ŞƏXS - Cavabdeh ALİ oğlu tərəfindən icra olunmuşdur. 1.2. Ekspertizaya təqdim edilmiş, göy üzlüklü qeyd kitabçasında “1 Mart” yazılan vərəqdə “675 m +Aldım.”, “aprel 30 verdim 500”, “may +400 m”, “iyun 400 m”, “iyul 400”, “avqust 400” yazılarının qarşılarındakı imzalar; “2 Mart” yazılan vərəqdə “5245 man”, “avqust 3 yüz” yazılarının qarşılarındakı imzalar - EYNİ ŞƏXS tərəfindən tərəfindən icra olunmuşdur. 2.1. Ekspertizaya təqdim edilmiş, göy üzlüklü qeyd kitabçasında “1 Mart” yazılan vərəqdə “675 m+Aldım.”, “aprel 30 verdim 500”, “may+400 m”, “iyun 400 m”, “iyul 400 m”, “avqust 400” yazılarının qarşılarındakı imzalar; “2 Mart” yazılan vərəqdə “5245 man”, “avqust 3 yüz” yazılarının qarşılarındakı imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, göy üzlüklü qeyd kitabçasında “3 Mart” yazılan vərəqdə “aprel 250 m”, “may 250”, “iyun 250”, “iyul 250”- 1-ci imza, “Avqust 250”, “sentiyabr 250”, “oktyabr 250”, “noyabr 250”, “dekabr 250”, “yanvar 250”, “fevral 250” yazılarının qarşılarındakı imzalar; “14 Mart” yazılan vərəqdə “Aprel 250”, “may 250”, “iyun 250” yazılarının qarşılarındakı 2-ci imzalar ilə göy üzlüklü qeyd kitabçasında “1 Mart” yazılan vərəqdə “675 m +Aldım.”, “aprel 30 verdim 500”, “may +400 m”, “iyun 400 m”, “iyul 400” “avqust 400” yazılarının qarşılarındakı imzalar; “2 Mart” yazılan vərəqdə “5245 man”, “avqust 3 yüz” yazılarının qarşılarındakı imzalar - öz aralarında müxtəlif şəxs tərəfindən icra olunmuşdur.

3. Ekspertizaya təqdim edilmiş, “3 Mart” yazılan vərəqdə “yanvar 250”, “fevral 250 m”, “mart 250+335” yazılarının qarşılarındakı imzaların - Cavabdeh tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olumamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

4. Ekspertizaya təqdim edilmiş, göy üzlüklü qeyd kitabçasında “1 Mart” yazılan vərəqdə “675 m +Aldım.”, “aprel 30 verdim 500”, “may +400 m”, “iyun 400 m”, “iyul 400”, “avqust 400” yazılarının qarşılarındakı imzalar; “2 Mart” yazılan vərəqdə “5245man”, “avqust 3 yüz” yazılarının qarşılarındakı imzalarda - imzaların oxşadılmaqla icra olunması əlamətləri müşahidə olundu. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia tələbinin 18.535 manat pulun qaytarılmasına dair qeyd edir ki, tələbin bu hissəsi əsassız varlanmadan irəli gələn tələblərə aiddir. Belə ki, ilkin iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 18.535 manat pulu daşınmaz əmlak obyektinin alması üçün ödəmiş olduğunu bildirir və əmlakı ona vermədiyindən həmin məbləğin qaytarılmasını cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, məcburi forma şərti olan əqdlər bu şərtə uğun bağlanmalıdır. Tərəflər arasında əmlakın satılması ilə bağlı müqavilə olmamışdır və tərəflərdən birinin digəri qarşısında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmamışdır. Onlar sadəcə olaraq tikililiyə dair alqı-satqı müqaviləsini gələcəkdə 18.000 manata bağlayacaqları barədə öz məramlarını bildirmişlər. Əqdin əvvəlcədən əhəmiyyətsiz olduğu hallarda da mövcud olmayan əsasa görə əsassız varlanma baş verir. İddiaçı Alı qızının yazılı sübut kimi təqdim etdiyi qeydlərdə pulun kim tərəfindən kimə və nə məqsədlə verilmiş olması göstərilməmişdir, yəni yazıların məzmunu yoxdur. Məhkəməyə sübut kimi təqdim edilən hər bir sənəd və ya yazışma lazımı hüquqi qüvvəyə malik olmalı və onun əks etdirdiyi məlumat məhkəmə araşdırılmasında oxunulan zaman anlaşılan tərzdə olmalıdır. Yazının məzmunu bəlli olmalıdır ki, imza edən şəxsin iradə ifadəsini nəyə münasibətdə bildirmiş olması aşkar şəkildə görünmüş olsun. Belə olan halda, həmin yazılara faktı təsdiq edən sübut kimi istinad edilə bilər. Hazırkı mübahisədə Cavabdeh İddiaçı tikilini ona satmaq məqsədilə pul alması faktını etiraf etmir. Belə olan vəziyyətdə tikilini almaq məqsədilə pul verilmiş olması faktı digər sübutlarla təsdiqıni tapmalıdır. Bu kimi sübutlar məhkəməyə təqdim olunmamışdır. İşin hallarından göründüyü kimi İddiaçı təmir işlərini obyekt sahibinin mənafeyinə və ehtimal olunan istəyinə əsasən deyil, öz maraqlarına uyğun aparmaqla obyektdən kommersiya məqsədləri ilə, qazanc əldə etmək üçün isifadə etmişdir. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar tərəfindən bəyənilməsi halı da mövcud deyildir, obyekt sahibi onu hazır vəziyyətdə istifadəyə verdiyini bildirir. İşin belə bir halı da mövcuddur ki, şifahi razılaşmaya əsasən İddiaçı Cavabdeh aid obyektdən beş il ərzində əvəzsiz olaraq istifadə etmişdir. İddiaçı tikintinin təmirinə çəkmiş olduğu xərcləri təsdiq edən sənəd kimi 2017-2018-ci illərə aid qaimələr təqdim etmişdir. Həmin qaimələrdə malları təhvil verən və təhvil alan şəxslərin imzası mövcud deyildir. Bundan başqa iddiaçı həmin işlərə 2017-2018-ci illərdə çəkdiyi xərcləri tələb etmək hüququnu altı aydan sonra itirmişdir. Məhkəmə qeyd edir ki, tikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, onun üzərindəki tikili qeydiyyata alınmamışdır. Lakin işin bu halı iddiaçının həmin tikilinin istifadəsinə qaytarılmasını tələb etmək hüququnun olmasını istisna etmir. Belə ki, işin mübahisəsiz halıdır ki, həmin bina Cavabdeh tərəfindən inşa etdirilmişdir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi Cavabdeh müddəti müəyyənləşdirilmədən obyekti İddiaçı əvəzsiz istifadəsinə vermişdir. Odur ki, qarşılıqlı iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1087.2-ci maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Həmin Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci oinstansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, daşınmaz əmlak obyektlərinin alğı-satqısı ilə bağlı qanunvericilik məcburi şərtlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İşin hallarından göründüyü kimi tərəflər arasında bu kimi müqavilə bağlanmamışdır. İlk iddia üzrə cavabdeh də aralarında bu kimi müqavilənin bağlandığını inkar edir. İlk iddia üzrə iddiaçı iddia tələbini təsdiq edən sübut kimi məhkəməyə qeyd kitabçasını təqdim edərək cavabdehin aldığı pullara görə həmin kitabçada imza etdiyini, ümumilikdə cavabdehə 18535 manat pul ödədiyini bildirmişdir. Məhkəmə iclasında araşdırılmış məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə müəyyən olundu ki, ilk iddia üzrə iddiaçı 2017-ci ildən başlayaraq 2022-ci ilədək Ağdam rayonunun Xındırıstan kəndində ilk iddia üzrə Cavabdeh məxsus torpaq sahəsində yerləşən tikilidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və iddiaçının iddia ərizəsinə əlavə etdiyi qeydlərdən görünür ki, imza edilməklə ümumilikdə 11820 manat məbləğində pul verildiyi qeyd edilmiş, həmin məbləğdən 3500 manat pula dair 14 qeydin qarşısında imza ilk iddia üzrə cavabdeh tərəfindən edilmiş, 8020 manat miqdarında pulun alınması ilə bağlı 8 qeydin qarşısında imza ilk iddia üzrə cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən, lakin ilk iddia üzrə cavabdehin imzasına oxşadılmaqla icra edilmişdir. Beləliklə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı cavabdehə 18535 manat pul verdiyinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və məhkəmə iclasında həmin halı sübut edə bilməmişdir. İlk iddianın obyektə xərclənmiş 10.000 manatın geri qaytarılması hissəsi və cavabdehin adından ödədiyi 2800 manat enerji pulu ilə bağlı qeyd edilməlidir ki, İddiaçı ilk iddia üzrə cavabdehin əmlakında öz təşəbbüsü ilə təmir işləri aparmış, ondan istifadə etmiş və 5 il ərzində icarə haqqı verməmişdir. İddiaçı tərəfindən Cavabdeh ödənilmiş məbləğə gəldikdə kollegiya qeyd edir ki, qarşılıqlı iddia ərizəsindən göründüyü kimi obyektə avadanlıqların alınması üçün qarşılıqlı iddia üzrə cavabdehə (ilk iddia üzrə iddiaçıya) 5950 manat pul vermiş, ilk iddia üzrə iddiaçının ona imza etdirməklə ödədiyi məbləğlər məhz ilk iddia üzrə iddiaçının qaytardığı həmin pullardır. Odur ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Qaşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin hallarından göründüyü kimi Ağdam rayonu, Xındırıstan kəndində yerləşən 0.015 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh mülkiyyəti kimi qeydə alınmışdır. Ttikilinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış olsa da, onun üzərindəki tikili qeydiyyata alınmamışdır. Həmin bina Cavabdeh tərəfindən inşa etdirildiyindən onun həmin əmlakın istifadəsinə qaytarılmasınıl tələb etmək hüququ olduğundan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İlk iddia üzrə iddiaçının şikayətinin dəlillərindən biri budur ki, iş materiallarına əlavə edilmiş yazılı qəbzdə göstərilən 10505 manat və 10 ədəd tikinti materiallarının alınmasına dair qaimələrdə 9.600 manat məbləğin muzdun məbləği olub-olmamasına da qiymət verməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının təqdim etdiyi qaimələri mötəbər sübut hesab etmir. Ona görə ki, qaimə mallar təqdim edilərkən və ya da müəyyən hallarda malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim edərək iş materiallarının 9-18-ci vərəqələrinə əlavə edilmiş qaimələrdən aydın şəkildə görünür ki, həmin qaimələr mallar təqdim edilərkən yox, sonrakı dövrlərdə tərtib edilmiş və 2017-2018-ci illərdə satılmış mallara aid olduğu göstərilmiş, iddiaçı tərəfindən isə məhkəməyə həmin mallara görə ödənişin edildiyini təsdiq edən sənəd təqdim edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Vergi Məcəlləsinin 34.7-ci maddəsinin tələbinə görə vergi ödəyiciləri maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarətkassa aparatlarının çeklərində, məktublarda, habelə gömrük, bank və bütün digər ödəniş sənədlərində VÖEN-i mütləq göstərməlidirlər. İlk iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi qaimələrdə isə vergi ödəyicisinin VÖEN-i də göstərilməli olduğu halda həmin qaimələrin kim tərəfindən verildiyi aydın deyil. Apellyasiya şikayətinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ilkin iddiaçı ona indiyə kimi 6.000 manat pul vermişdir. Lakin hazırki işə Gəncə Komersiya Məhkəməsində baxılarkən Vuqar Ağayev məhkəmə iclasında bildirmişdir ki, qarşı tərəfdən 2017-ci ildə təxmini 2000-3000 manat pul almışdır ki, həmin pulların 18000 manata heç bir aidiyyəti yoxdur. Lakin məhkəmə tərəfindən həmin xüsusata qiymət verilməmişdir. Kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdeh izahatında və qarşılıqlı iddia ərizəsində ilk iddia üzrə iddiaçıya avadanlığın alınması üçün 5950 manat miqdarında pul verdiyini, iddiaçının ona ödədiyi pulların da məhz həmin 5950 manat pul üzrə ödənişlər olduğunu bildirmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(115)-1309/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e2-2(115)-1309/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə 125 (bir yüz iyirmi beş) manat ekspertiza xərci ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar