Məhkəmə qərarları › İş №2-2(104)-67/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-67/2023

20.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-67/2023 20.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(115)-2057/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 19356,70 manat borcun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli e-2-2(115)-2057/2022 nömrəli (hakim: Rəşad Məmmədov) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı (abonent kodu: **********00060) hesablanmış 19356 manat 70 qəpik məbləğində dəymiş ziyanın əvəzi olaraq borcun Cavabdeh tərəfindən silinməsi, ödənilməli olan 148 manat 07 qəpik məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsində 3 ha ölçüdə istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarını istehsal edir və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin may ayında qaz sayğacı cavabdeh idarənin əməkdaşları tərəfindən sökülərək yoxlanılması üçün götürülmüşdür. Bundan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu X1 İstismar İdarəsinə çağıraraq bildiriblər ki, guya sayğacın impuls ötrücüsündə nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görə də yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb ediblər. Cavabdeh İstahsalat Birliyinin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və Cavabdeh İB-yə borcu yoxdur. Sonra cavabdehin nümayəndələri 31 may 2022-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı ona təqdim edərək imzalamağını tələb ediblər. Aktla razılaşmadığı üçün imza etməkdən imtina etmişdir. Həmin akt əsasında hesabına 19356,70 manat borc hesablanmışdır. İstifadə etdiyi təbii qazın sayğacı sahibkarlıq fəaliyyət göstərdiyi ərazidə deyil, cavabdeh idarənin mühafizəsində olan qaz paylayıcı stansiyasında yerləşir və həmin stansiya cavabdeh idarənin əməkdaşları tərəfindən təyin edilmiş mühafizəçi tərəfindən gecə-gündüz nəzarət olunur. Qaz sayğacına müdaxilə etməmişdir. Əgər aktda qeyd olunan nöqsanlar mövcud olsaydı, bu barədə ay ərzində iki dəfə sərf olunan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı qaz sayğacını standartlara uyğun saxlamadığına görə sayğac sərfiyyatı düzgün hesablanmamış, məsrəf olunmuş qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və abonentin hesabına işlənilmişdir. Bundan əlavə, müayinə zamanı sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən göstəricilər arasında kəskin fərq yaranmış və nəticədə elektron göstəricinin mexaniki göstəricidən 52372 kub az olduğu, eləcə də 273 kub korreksiya olunmamış qaz həcmi aşkar edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, sayğac üzərində aparılan ekspertiza metrologiya institunun mütəxəssislərinin iştirakı ilə aparılmışdır. Həmçinin borcun hesablanmasına əsas olan akt iddiaçının nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmuna uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 08 oktyabr 2019-cu il tarixli AMX-6209/19 nömrəli qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, fiziki şəxs olan istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir; Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 16 may 2022-ci il tarixli, SS-29/1640-00938 nömrəli aktdan görünür ki, “Azəriqaz" İB-nin SOCAR**********31791640X00938 saylı 15 aprel 2022-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Şəmkir rayon Xidmət Sahəsinin fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G400 markalı 80102135 nömrəli turbin tipli "ELSTER" qaz sayğacı 21 aprel 2022-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9029139), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. İlkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmiş, impuls ötürücüsü normal olmuşdur. Sayğaca hava vurulmuşdur, hesablayıcı mexanizm işlək olmuşdur. Ekranda A işarəsi var. Göstəricilər arasında fərq var. Korrektor tərəflərindən açılmış yapışqan (0032342) plomb və daxili impuls xətləri normaldır. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2021 xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, korreksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. Şteyker yenisi ilə əvəz edilməlidir. Təzyiq borusu yoxlanıldı, sızma var. Xətalar normaya uyğundur. Batareya, impuls ötürücüsü və təzyiq borusu tələb olunur; X1 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞnin Cavabdeh İB-dən daxil olmuş 16 may 2022-ci il tarixli, SS-29/1640-00938 nömrəli akta əsasən xx.xx.2021-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3.09 bar, komeksiya olunmuş maksimal qaz həcmi: 476 m3 korreksiya olunmamış qaz həcmi 273 m3 qeydə alınmışdır. Alarm zamanı sərfiyyat qeydə alınmamışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Batareyanın istismar müddətinin sonuna 15 ay qalıb. Temperatur və təzyiq çeviriciləri normaldır. Pbaza = 1.01325 bar, Tbaza=20°C. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 52372 m3 azdır. İtirilmiş qazın bərpası üçün hesabat aparılmalı və dəymiş ziyan ödənilməlidir. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair 31 may 2022-ci il tarixli tələbnamədən görünür ki, PR 50.2.019-2006 turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına uyğun olaraq mexaniki hissədən keçən qaz həcminin 52372 m3, əmsal 1.68 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (52372x1.68=87985 m3 x 0.22 manat =19356 manat 70 qəpik); Abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən fiziki şəxs İddiaçı abonent hesabına 2022-ci ilin may ayında qalıq və aktlar üzrə 19356 manat 70 qəpik məbləğində borc daxil edilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 30 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödəmişdir. Birinci instansiya məhkəməsi “Qazdan istifadə qaydaları”-nın 4.8-ci və 5.5-ci bəndlərinə əsasən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1. maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindəki 3 ha ölçüdə istixanaya Cavabdeh əməkdaşları tərəfindən yoxlama keçirilmiş və yoxlama zamanı impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin Vt mexaniki göstəricidən 52372 m3 az olması müəyyən edilmişdir. Bu barədə qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş və akt əsasında istifadə edilmiş qaz dəyərinin əvəzi olaraq 19356,70 manat borc hesablanaraq abonent İddiaçı hesabına işlənilmişdir. İddiaçı hesablanmış borcun silinməsi barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən göründüyü kimi İddiaçı məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində yerləşən torpaq sahəsindəki istixanaya quraşdırılmış sayğacın impuls ötürücünün nasazlığı səbəbindən abonentin hesabına 19356,70 manat borc hesablanmışdır. Kollegiya qeyd edir ki, “Qazdan istifadə Qaydaları”-nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Belə olan halda kollegiya hesab edir ki, qaz sayğacının nasazlığına görə fiziki şəxs olan abonent İddiaçı heç bir təqsiri olmadığı halda barəsində tərtib edilmiş akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda kollegiya gəlmiş olduğu qənaətini onunla da əsaslandırır ki, abonentin istifadəsində olan sayğaca məhz sonuncu tərəfindən müdaxilə olunması, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində sayğaca hər hansı bir müdaxilə edilməsi iş materialları ilə, o cümlədən apellyasiya icraatı zamanı cavabdeh tərəfindən təqdim olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 21 aprel 2022-ci tarixli ******* nömrəli aktla təsdiq olunmur. Cavabdehin nümayəndəsi də məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin olmadığını bildirmişdir. Məhz işin bu halları baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, e-2-2(115)-2057/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar