Məhkəmə qərarları › İş №2-2(104)-68/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-68/2023

15.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-68/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, vəkili Vəkil4 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-704/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ******* (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(043)- 2738/2021 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçının vəkili apellyasiya şikayəti vermiş və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(104)-639/2022 saylı qərardadı ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(043)-2738/2021 saylı qətnaməsindən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(043)-2738/2021 saylı qətnaməsi tamamilə ləğv edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-704/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-2(115)-704/2022 nömrəli qətnaməsini ləğv edərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh mebel satışı ilə məşğul olublar. Tərəflər şərik biznes fəaliyyəti ilə məşğul olublar. Onlar birlikdə bir neçə mebel mağazası açaraq fəaliyyət göstərmişlər. Mebel mağazalarının yerləşdiyi obyektlər İddiaçı1 tərəfindən seçilmiş və həmin mağazalara Türkiyə və digər xarici ölkələrdən mebellər İddiaçı1 tərəfindən alınaraq gətirilmişdir. Mağazalara rəhbərlik İddiaçı1 tərəfindən həyata keçirilmişdir. Tərəflər şərikli işlədikləri müddətdə cavabdeh tərəfindən iddiaçıya məxsus mebel mağazasından ümumilikdə 2 167 128 manat pul götürülmüş və geri qaytarılmamışdır. Cavabdeh tərəfindən götürülmüş həmin məbləğdə pullar geri qaytarılmadığı üçün iddiaçının biznes fəaliyyətinə xeyli miqdarda ziyan dəymişdir. Həmin pulların götürülməsi tərəflərin şərik işlədikləri müddətdə mühasibatlıq kitabında qeyd edilmiş və hər iki tərəfin iştirakı ilə maddi ziyanın üzləşdirilməsi aparılaraq hər ikisinin imzası ilə öz təsdiqini tapmışdır. İddiaçı1 hal-hazırda cəzaçəkmə müəsisəndədir. Məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Natiq onun doğma xalası oğlu, Rəşad isə yoldaşının xalası oğludur. Natiqin illər öncə şəxsi mebel mağazaları olubdur. Rəşadla bir araya gəlib ortaq iş qurublar. Natiq və Rəşad Bakı şəhərində işləyiblər və onların bir neçə dükanları olubdur. Onları bir-birləri ilə o tanış edib ki, Natiqin bu sahədə həm potensialı, həm də təcrübəsi var. Onların dövriyyəsi ilə bağlı onun heç bir məlumatı yoxdur. Lakin onu bilir ki, münasibət tərəflər arasında pul üstündə pozulubdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfındən məsələ doğru araşdırılmamış, bir çox nüansa diqqət yetirilməmiş və nəticədə düzgün olunmayan nəticəyə gəlinmişdir. Belə ki, iddia ərizəsində göstəriimişdir ki, iddaçı İddiaçı1 ilə Cavabdeh mebel satışı ilə məşğul olublar. Onlar şərikli olaraq biznes fəaliyyəti ilə məşğul olmuş, birlikdə bir neçə mebel mağazası açaraq fəaliyyət göstərmişlər. Mebel mağazalarının yerləri İddiaçı1 tərəfındən seçilmiş və həmin mağazalara Türkiyə və digər ölkələrdən mebellər İddiaçı1 tərəfındən alınaraq gətirilmişdir. Mağazalar rəhbərlik İddiaçı1 tərəfindən edilmişdir. Cavabdeh sonrada İddiaçı1 qoşulub onunla şərik olmuşdur. Cavabdeh İddiaçı1 məxsus mağazalardan ümumilikdə 2.167.128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pul götürmüş və geri qaytarmamışdır. Bununla da Cavabdeh ona böyük miqdarda ziyan vurmuşdur. Pulların götürülməsi mühasibatlıq kitabında qeyd edilmiş və hər iki tərəf bu kitabı imzalamışdır. Məhkəmə iclasında dindirilmiş İddiaçı2 bu halı təsdiqləmiş və olduğu kimi iddianı müdafıə etmişdir. Şahid X1 onun doğma xalası oğlu, Rəşad isə yoldaşının xalasıoğlu olduğunu bildirmiş, onları özünün tanış etdiyini və əlaqəni özünün yaratdığını göstərmişdir. Natiqin illər öncə şəxsi mağazalarının olduğunu Rəşadın sonradan ona qoşulduğunu göstərmişdir. Təqdim edilən kitabçadakı imzaları cavabdeh tərəf də qəbul etmiş və göstərmişdir ki, doğrudur, pulları Rəşad götürmüşdür, lakin bu pullar onun haqqına düşən məbləğdir. Bu isə tamamilə absurddur. Bütün pullar kassadan borc kimi götürülmüş və geri qaytarılmamışdır. İddiaçı1 qoşulana qədər heç bir şeyi olmayan Cavabdeh sonradan birdən birə zəngin həyatı yaşaması bunu sübut edir. Sadəcə İddiaçı1 Cavabdeh uzaqdan qohum olduğundan çox güvənmiş və bunun mənfı təzahürləri ilə üzləmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 14:10-a təyin edilmiş iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən iddiaçı və cavabdeh nümayəndə vasitəsilə təmsil olunsalar da özləri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, 1991-ci ildən mebel alğı-satqısı ilə məşğul olmuş, Rəşad da mebel işi ilə məşğul olmuşdur. O, əvvəllər özü tək işləsə də 2010-cu ildən Rəşadla birgə işləməyə başladığını, 2016-cı ildə isə münasibətlərinin pozulduğunu bildirdi. Həmçinin göstərdi ki, əvvəllər bütün əməliyyatlarla bağlı, yəni alınan və satılan mebellərlə bağlı qeydlər kitabçada aparılmışdır. Hansı ki, həmin kitabçadakı qeyddən də görünür ki, qarşılıqlı hesablaşma zamanı cavabdehin ona 2167128,0 manat borclu qaldığı müəyyən edilmişdir. Belə ki, həmin məbləğ cavabdehin şəxsi məqsədi üçün müxtəlif vaxtlarda kassadan götürərək geri qaytarmadığı məbləğlər hesabına yaranmışdır. Həmin borc məbləği xx.xx.2012-ci ilədək yaranmış, lakin cavabdehlə birlikdə işlədiklərinə görə 2016-cı ildə münasibətləri pozulana qədər həmin pulları ciddi olaraq tələb etməmişdir. Kitabça onu göstərir ki, pullar qaytarmaq şərti ilə verilmişdir. Həmin pulların dövriyyə ilə bağlılığı yoxdur. Aralarında olan mübahisənin yaranmasının səbəbi isə Rəşadın pulları öz məqsədləri üçün götürməsi olubdur. İddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, əri İddiaçı1 cavabdehdən öz pulunu istəyir. Onlar şərik olublar və onun əri cavabdehin işçisi olmamışdır. Həyat yoldaşı Rəşadı çağıranda ki, işləmək istəmir, onda aralarında mübahisə yaranıbdır. Pulları 2011-ci ildən 2012-ci ilə qədər götürübdür. Hətta bəzi auido yazılar da var ki, cavabdeh özü yoldaşına rəhbər kimi müraciət edir. İddiaçının vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh özü mebel işi ilə məşğul olmuş və İddiaçı1 cavabdehin işçisi olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş kitabçada göstərilmiş məbləğ dövriyyə ilə bağlı olan məbləğdir. Cavabdehin iddiaçıya hansısa məbləğdə borcu yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ya etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)-388/2018 saylı hökmünün surətindən görünür ki, İddiaçı1 qabaqcadan əlbir olan bir qurp şəxslə razılaşaraq Cavabdeh yaxın qohumlarını öldürəcəkləri hədəsi ilə 85100 manat məzənnəsi ilə 50000 ABŞ dollarını nəğd şəkildə və 85100 manat məzənnəsi ilə 50000 ABŞ dolları dəyərində mebel əşyalarını tələb etməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-in 182.3.2-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuş kitabçadan aydın olmuşdur ki, kitabçanın müxtəlif səhifələrində ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə Cavabdeh tərəfindən pulun götürülməsi qeyd olunmuş, xx.xx.2012-ci il tarixdə müqayisə edildikdə (yoxlandıqda) məbləğin 2.167.128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat təşkil etməklə,115 manat artıq olduğu qeyd edilmişdir. İddiaçı tərəf məhz kitabçadakı həmin qeydı istinad edərək cavabdehin iddiaçıya 2.167.128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat borclu olduğunu iddia edir. Cavabdeh tərəf isə həmin rəqəmləri müəyyən dövr üzrə dövriyyənin yoxlanılmasının nəticəsi kimi izah edir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində (mülki hüquq pozuntusu nədicəsində) ona ziyan vurulduğunu iddia edərək 2.167.128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat pulun alınaraq ona ödənilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən həmin zərərin ona vurulmasının nədə ifadə olunmasına dair öz tələbini əsaslandırmamış və həmin pulun cavabdeh tərəfindən iddiaçıya ziyan vurmaqla götürülməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Tərəflər uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarıq fəailiyyəti ilə məşğul olsalar da, iddiaçı cavabdehlə bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlarla, həmçinin şahid ifadələri ilə cavabdehin iddiaçıya ******* manat məbləğində ziyan vurması təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcələsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə cavabdehin iddiaçıya zərər vurması müəyyən edilməmişdir. İddiaçı dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyini göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən işdən göründüyü kimi iddiaçının birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları müddətdə cavabdehin ona ziyan vurduğunu təsdiq edən yeganə dəlil istinad olunan kitabçadakı xx.xx.2012-ci il tarixdə aparılmış qeyddir. Həmin qeyddən isə cavabdehin göstərilən məbləği, yəni ümumilikdə 2.167.128 (iki milyon yüz altmış yeddi min yüz iyirmi səkkiz) manat miqdarında pulu götürdükdən sonra qaytarmaması mübahisəsiz qaydada təsdiq olunmur. Çünki birincisi, həmin qeyddə cəmi məbləğin 2.167.128 manat təşkil etməklə 115 manat artıq olduğu qeyd edilmişdir ki, bu da cavabdehin iddiaçıya ziyan vurduğunu və ya da onun iddiaçıya borclu qaldığını təsdiq etmir. İkincisi, əgər həmin məbləğ əskiklik (ziyan, cavabdehin kassadan götürüb qaytarmadığı məbləğ) kimi müəyyən olunurdusa, birgə fəaliyyət göstərdikləri 2016-cı ilin noyabr ayınadək, habelə münasibətlərinin pozulduğu 2016-cı ilin noyabr ayından iddiaçının barəsində cinayət təqibinin başlandığı 2017-ci ilin iyul ayınadək iddiaçının həmin məbləği cavabdehdən tələb etməməsi inandırıcı deyildir. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin qeyd olunan normalarının tələblərindən də göründüyü kimi hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri iddiaçnın formal mülahizəsi hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçının nümayəndəsi İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli, e-2-2(115)-704/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar