Məhkəmə qərarları › İş №2-2(104)-70/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-70/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-70/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-69/2025 nömrəli qətnaməsindən iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli, 40 saylı sərəncamına əsasən Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh ərizəsi nəzərə alınaraq, ona Çaylı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları əkilməsi məqsədi üçün 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi üçün örüş sahəsindən 215 hektar, cəmi 265 hektar torpaq sahəsinin 25 il müddətinə ayrılıb verilməsi, İddiaçı ilə sakini Cavabdeh arasında bağlanmış torpaq icarəsi haqqında müqavilənin təsdiq edilməsi qərara alınmışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinə əsasən İddiaçı 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı əsasında 265 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları əkibbecərmək, heyvandarlığın inkişafı üçün istifadə etmək məqsədi ilə icarəçinin istifadəsinə verilmişdir. 16 may 2016-cı il tarixli İddiaçı əməkdaşları tərəfindən tərtib edilən aktda Çaylı kənd ərazisində dövlət mülkiyyətində olan torpaq sahələrini icarəyə götürən vətəndaşların torpaqdan istifadə vəziyyətinə baxış keçirərkən icarəçi Cavabdeh icarəsinə verilmiş torpaq sahəsini özü və ya ailə üzvləri tərəfindən deyil, ayrı-ayrı vətəndaşlar tərəfindən istifadə etdikləri qeyd edilmişdir. İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamının ləğv edilmiş və sərəncamdan çıxarışın aidiyyəti üzrə göndərilməsinin təmin edilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(114)- 2304/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı sərəncamın ləğvi tələbinə dair iddiası təmin edilmiş və İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ləğv edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2- 1(104)-123/2023 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(114)- 2304/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2023cü il tarixli 2-1(102)-1478/23 saylı qərarına əsasən ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2-1(104)-123/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2013-cü il tarixli qəbzə əsasən 177 manat, xx.xx.2014-cü il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2015-ci il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 265 manat məbləğində vəsait Cavabdeh adından dövlət büdcəsinə ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, Tərtər Rayonu, Çaylı ərazi dairəsində yerləşən 40 ha, 85 ha, 175 ha torpaq sahələrinə dair xx.xx.2022-xx.xx.2068-ci il müddətinə xx.xx.2022-ci il tarixli İ/M № -3M-157 saylı icarə müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə hüquqları dövlət qeydiyyatına alınmış, torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh İddiaçınə 2013-cü il tarixdə ərizə ilə müraciət edərək Çaylı kəndi ərazisindən kənd təsərrüfatı bitkilərinin əkilməsi məqsədi ilə 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi ilə örüş sahəsindən isə 215 hektar olmaqla, cəmi 265 hektar torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ərizəsi nəzərə alınmış, onunla 16 aprel 2013-cü il tarixli 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən 265 hektar torpaq sahəsi 25 il müddətinə vətəndaş Cavabdeh icarəsinə verilmişdir. Cavabdeh İddiaçı məlumatlandırmadan icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə uyğun istifadə etməmiş, torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Dəfələrlə həmin şəxsin icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilərkən sahənin təyinatı üzrə istifadə edilmədiyi, əkin üçün yararlı olan 50 hektar torpaq sahəsinin əkilib-becərilmədiyi və sahədə icarəçinin deyil, ayrıayrı şəxslərin heyvan otardıqları müşahidə edilmiş və bununla bağlı müvafiq olaraq akt tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 42 nömrəli əmri ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrindən istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi haqqında qərarın İİİ bölməsinin 13-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan yay, qış otlaq sahələri hüquqi və fiziki şəxslərə qısa müddətə bir qayda olaraq 10 ildən 15 ilədək verildiyi və 14-cü maddədə davarların baş sayı azaldıqda, yaxud sürü tamamilə sıradan çıxdıqda və ya onların mülkiyyətçisi dəyişdikdə istifadəsiz qalmış otlaq sahələrindən (yaxud onun bir hissəsindən) istifadə hüququna xitam verilir. Tərtər Rayon Hacıqərvənd kənd İnzibati Ərazi Dairəsi nümayədəliyinin təsərrüfatbaşına uçot kitabında Cavabdeh mülkiyyətində iri və xırda buynuzlu heyvanları - 2015-ci ildə 5 baş iri buynuzlu heyvan olmuş, 2016-2019-cu illərdə olmamış, 2020-ci ildə 104 baş xırda buynuzlu heyvan olmuş, 2021-2023-cü illərdə olmamışdır. Qeyd edilənlərlə yanaşı kənd təsərrüfatı məhsulu istehsalı məqsədi ilə icarəyə götürdüyü 50 hektar əkinə yararlı torpaq sahəsindən tam və səmərəli istifadə etməmişlər. Belə ki, kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsinə görə dövlət büdcəsindən aldığı subsidiya – 2013-cü ildə 50 hektar, 2014-cü ildə 14 hektar, 2016-cı ildə 13 hektar, 2017- 2023-cü illərdə istifadə edilməmişdir. İş üzrə cavabdehin nümayəndəsi (vəkil) iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı təşkilatın əsas dəlili ondan ibarətdir ki, iddiaçı həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmir. Cavabdehin həmin ərazidən istifadə edə bilməməsi məhz iddiaçının üçbatından olmuşdur. Belə ki, İddiaçı qanunsuz olaraq torpaq sahəsinə öz əməkdaşlarını göndərərək, torpaq sahəsini zor gücü ilə cavabdehin əlindən almışdır. Bundan cavabdeh sonra müxtəlif dövlət qurumlarına dəfələrlə şikayət ərizələri ünvanlamışdır. Sonradan Tərtər Rayon Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etmiş və proseslər zamanı İddiaçı başçısının xx.xx.2013-cü il tarixli 40 saylı sərəncamının ləğv edildiyini bilmiş və İcra hakimiyyətinə müraciət edərək xx.xx.2016-cı il tarixli 69 saylı sərəncamı əldə etmişdir. İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ilə qanunvericiliyin tələbləri kobud surətdə pozulduğundan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-1(114)-2304/2022 saylı qərarı ilə ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Eyni zamanda Cavabdeh hazırda Tərtər Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpaq sahəsinə dair "xxxx" MMC-nin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi, çıxarışın verilməsi üçün İddiaçı qərarının ləgv edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işin icraatı hazırki işə görə dayandırılmışdır. Göründüyü kimi cavabdeh həmin torpaq sahəsindən məhz iddiaçı təşkilatın ücbatından istifadə edə bilməmiş və eyni qaydada çıxarış ala bilməmişdir. İddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-69/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında icarə müqaviləsi 16 aprel 2013-cü il tarixdə bağlanmışdır. Həmin tarixdən 30 iyun 2016-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş həm əkin sahəsindən, həm də örüş sahəsindən istifadə etməsi iddia tələbindən, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçı iddia tələbində cavabdehin 2013-2016-cı illər ərzində 50 hektar əkinə yararlı torpaq sahəsində əkin əkməsi və bununla bağlı dövlət büdcəsindən subsidiya almasını qeyd etmişdir. Həmçinin, cavabdehin 2015-ci ildə mülkiyyətində iribuynuzlu heyvanın olması qeyd edilmişdir. Cavabdehin nümayəndəsi də izahatında 2013-2016-cı illər ərzində torpaq sahəsindən icarəçinin təyinatı üzrə istifadə etdiyini, lakin 2016-cı ildən sonra istifadə edə bilməməsini qeyd etmişdir. İddiaçı məhz cavabdehin icarə müqaviləsi bağlandığı andan 2016-cı ilədək torpaqdan təyinatına uyğun istifadə etməməsi, ümumiyyətlə istifadə etməməsi və ya digər şəxslərə verərək gəlir əldə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdehin 2016-cı ildən sonra torpaq sahəsindən təyinatına uyğun istifadə etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmiş, sərəncam qəbul edilərkən icarəçiyə məlumat verilməmiş, onun iştirakı ilə araşdırma aparılmamış, icarəçinin məsələyə münasibəti öyrənilməmişdir. Məhz icarəyəverən torpağın icarəyə verilməsi ilə bağlı sərəncamı ləğv etməklə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Sərəncam isə icarəçi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən ləğv edilmişdir. İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamının ləğv edilməsinə dair məhkəmə qərarı isə xx.xx.2023-cü il tarixdə qüvvəsini almış, bundan sonra isə İddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.12-ci bəndində icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ nəzərdə tutulmuşdur. İcarəçinin icarəyə götürdüyü torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirmək niyyətinin olması iş materialları və cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, icarə müqaviləsi əsasında icarəçiyə qanunvericiliklə nəzərdə tutulan qaydada subyektiv hüququndan istifadə etməsinə icarəyəverən tərəfindən maneə yaradılmışdır və bu maneə davam etməkdədir. Bundan başqa tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndindən görünür ki, tərəflərdən hər hansı biri müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunla əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Düzəlməsi mümkün olan qayda pozğunluğu, müqavilənin pozulmasına əsas vermir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da icarəyəverən tərəfindən iddia tələbində göstərilən nöqsanlar (torpaq sahəsinin istifadəsiz qalması və s) barədə, habelə nöqsanlar varsa onun aradan qaldırılması ilə bağlı heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Mübahisələndirilən bir hal isə ondan ibraətdir ki, cavabdeh icarə hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin icarə hüquqlarını dövlət qeydiyyatına aldırmaması icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Həmin əsasla icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, iddia tələbi məhz icarə müqaviləsinin ləğvi ilə bağlıdır. Bundan başqa iddia tələbində icarəçi tərəfindən icarə haqqının ödənilməməsi ilə bağlı hər hansı bir əsaslandırma olmasa da iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdeh tərəfindən icarə haqqının ödənilməməsini də qeyd etmişdir. Məhkəmə icarə haqqının ödənilməsi ilə bağlı bildirir ki, cavabdeh tərəfindən iş materiallarına bank vasitəsilə ödəniş qəbzləri əlavə edilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli qəbzə əsasən 177 manat, xx.xx.2014-cü il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2015-ci il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 265 manat məbləğində vəsait Cavabdeh adından dövlət büdcəsinə ödənilmişdir. Həmin qəbzlərdə məhz icarə müqaviləsinin tarixi və nömrəsi göstərilməsə də ödənişin təyinatı dövlət büdcəsinə nağd ödəmə kimi qeyd edilmişdir. Həmin ödənişlərin tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənişlər olmasını istisna edən hər hansı hal mövcud deyildir. Göründüyü kimi icarəyə verilmiş torpaq sahəsindən icarəçi ona icarəyəverən tərəfindən mane yaradılana kimi təyinatına uyğun istifadə etmiş, icarə haqlarını ödəmişdir. Ona icarəyəverən tərəfindən maneə yaradılandan sonra həmin torpaq sahəsindən istifadə edilməməsi, icarə haqlarının ödənilməməsi, torpaq sahələsinin tam və ya qismən digər şəxslərin istifadə və ya icarəsinə verilməsi icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700, 706, 719-cu maddələrinə, Torpaq Məcəlləsinin 73-cü maddəsinə, “Torpaq icarəsi haqqında” Qanunun 18,19,22-ci maddələri və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220-ci maddələrinə istinad etmişdir. İddiaçı və üçüncü şəxs birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaqlar icarəyə verilərkən torpaqların təyinatı üzrə istifadə edilməsi, kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin və münbitliyinin qorunması, bərpası və yaxşılaşdırılmasının təmin edilməsi şərtinə əməl edilir. Lakin məhkəməyə təqdim olunan sübutlardan da müəyyən olunur ki, cavabdeh uzun illər ərzində təyinatı üzrə ümumiyyətlə istifadə olunmamış, mühafizəsi və münbitliyinin qorunması məsələsindən isə ümumiyyətlə söhbət belə gedə bilməzdi. İcarəyə verənin icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarə müqaviləsinin dəyişdirilməsi, vaxtından əvvəl ləğv edilməsi, dayandırılması və (bələdiyyə torpaqlarına dair müqavilə istisna olmaqla) uzadılması barədə təkliflər vermək hüququ məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, İcarəyəverənin uzun müddət istifadəsiz və baxımsız qalan kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliklə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinə xitam verilməsi hüququ məhkəmə tərəfindən tanınmamışdır. Maddədə qeyd olunduğu kimi Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh təqdim olunan sübutlardan da göründüyü kimi müqavilə və qanunvericiliklə üzərinə qoyulmuş öhdəlikləri qəsdən icra etməmiş, torpağın yaxşılaşdırılması istiqamətində addımlar atmamış, torpağı təyinatı üzrə istifadə etməmiş, uzun müddət ərzində icarə haqlarını ödəməmişdir. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Cavabdehin, torpaq sahəsini İcarəyə verənin xəbəri olmadan digər şəxslərə əvəzli surətdə istifadəyə verməsini, icarə haqqını 5 il ərzində ödəməməsini, torpağın yaxşılaşdırması istiqamətində öz öhdəliklərini kobud şəkildə pozmasını nəzərə alaraq hesab edilir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə nəzərə almamışdır ki, vətəndaş Cavabdeh yaşadığı Hacıqərvənd kənd İƏD üzrə nümayəndəliyinin 4 nömrəli Təsərrüfat başına uçot kitabının 15-ci səhifəsində Cavabdeh adına 2015-ci ildə cəmi 5 baş iri buynuzlu mal-qara, 2016-2019-cu illərdə isə heç bir iri və xırda buynuzlu heyvan yoxdur. Göründüyü kimi vətəndaş Cavabdehnin icarəsinə verilmiş torpaq sahəsini özü istifadə etməmişdir. Beləki, icarəçi Cavabdeh İddiaçı məlumatlandırmadan, icarə predmetini vətəndaş X1 aralarında olan şifahi razılaşmaya əsasən ondan 2014-cü ildən 2016-cı ilədək hər il üçün 4000 manat alaraq onun istifadəsinə verməklə müqavilə şərtlərinə əməl etməmişdir. Bundan başqa digər şəxslərlə də eyni şifahi razılaşmaların olmasına dair məlumatlar var. Bu fakt torpaq icarəsi haqqında qanunun tələblərini pozmaqla yanaşı müqavilə üzrə də tərəflər arasında razılaşdırılmış mühüm şərtdir. İcarəçi məhkəmədə özünün torpaqdan istifadə etməmək məsələsini müharibənin başlanması ilə əsaslandırmışdır: “Cavabdeh torpaq sahəsindən 2016-ci ilə kimi istifadə etmiş, lakin aparılan hərbi əməliyyatlarla əlaqədar 2016-cı ildə həmin torpaq sahələrinə gedişə icazə verilməmişdir. 2016-cı ildə aprel döyüşlərindən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmamışdır, yalnız 2020-ci ildən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmuşdur”. Məhkəmə isə öz qətnaməsində “icarəyəverən torpağın icarəyə verilməsi ilə bağlı sərəncamı ləğv etməklə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır” fikri ilə əsaslandırmışdır. Göründüyü kimi məhkəmə ilə cavabdeh arasında torpaqda 5 il ərzində istifadə olunmamanın səbəbləri hissəsində fikir ayrılığı mövcuddur. Bununla yanaşı cavabdeh 2016-cı ildən sonra ödənişin edilməməsini icra hakimiyyətinin məhdudiyyətləri səbəbindən torpaqdan istifadə edə bilməməsi ilə əlaqələndirsə də, yenə də yuxarıda qeyd olunan digər ifadəsində əsas kimi hərbi əməliyyatları qeyd etmişdir. İcarəçinin verdiyi ifadənin və məhkəmənin gəldiyi nəticənin həqiqəti əks etdirmədiyini sübut edən başqa məqam ondan ibarətdir ki, onun istifadəsində mübahisəli ərazidən kənarda yerləşən böyük torpaq sahələri mövcuddur. Heç bir maneənin mövcud olmamasına baxmayaraq cavabdeh bu günədək həmin torpaq səhələrindən də istifadə etməyərək torpağın yaxşılaşdırılması istiqamətində heç bir addım atmır. Bu məsələ ilə əlaqədar məhkəmədə verdiyi suala isə cavabdeh əsaslı cavab verə bilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi qəbzlərdən görünür ki, müqaviləyə uyğun olaraq 265 ha torpaq sahəsinə görə illik 265 manat məbləğində vəsaiti 2016-cı ilədək həyata keçirmişdir. Həmin torpaq sahəsinin 175 ha hissəsi hazırda mübahisəlidir və bildirdiyinə görə istifadəsinə maneə yaradılmışdır. Sual yaranır ki, onda digər torpaq sahələrinə görə icarə haqların ödənilməsinə maneə yaradan nə olmuşdur? Bu fakt öz özlüyündə sübut edir ki, cavabdeh torpaq sahəsinə görə icarə haqlarını ödəməkdən qəsdən yayınmış və müqavilə öhdəliklərini kobud şəkildə pozmuşdur. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçınə 2013-cü il tarixdə ərizə ilə müraciət edərək Çaylı kəndi ərazisindən kənd təsərrüfatı bitkilərinin əkilməsi məqsədi ilə 50 hektar, xırda buynuzlu davarları otarmaq məqsədi ilə örüş sahəsindən isə 215 hektar olmaqla, cəmi 265 hektar torpaq sahəsinin onun icarəsinə verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ərizəsi nəzərə alınmış, onunla xx.xx.2013-cü il tarixli, 07 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən 265 hektar torpaq sahəsi 25 il müddətinə vətəndaş Cavabdeh icarəsinə verilmişdir. Lakin qeyd edilir ki, iş materiallarına əsasən Cavabdeh İddiaçı məlumatlandırmadan icarəyə götürdüyü torpaq sahəsindən təyinatı üzrə uyğun istifadə etməmiş, torpaq sahəsini ayrıayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Həmin şəxsin icarəyə götürdüyü torpaq sahəsinə baxış keçirilərkən sahənin təyinatı üzrə istifadə edilmədiyi və sahədə icarəçinin deyil, ayrı-ayrı şəxslərin heyvan otardıqları müşahidə edilmiş və bununla bağlı müvafiq olaraq akt tərtib edilmişdir. Qeyd edilir ki, iş materiallarına görə torpaq sahələri 2013-ci ildən etibarən həmin şəxsin istifadəsində olmamışdır. Müqavilə bağlandıqdan bir neçə ay sonra cavabdeh torpaq sahəsindən istifadə etməmişdir. Torpaq sahəsi "xxxx" MMC-yə verilmişdir. Cavabdeh icarə müqaviləsi bağladıqdan sonra öz hüququnu daşınmaz əmlakın reyestrində qeydiyyata aldırmamış, bunun üçün hər hansı müraciət etməmişdir. Lakin "xxxx" MMC öz hüquqlarını dövlət qeydiyyatına aldırmış, 2019-cu ildən həmin torpaq sahəsinə sərmayə qoymuşdur. Nəzərinizə çatdırmaq istəyir ki, Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Tərtər rayonu, Çaylı ərazi dairəsində yerləşən 40 ha, 85 ha, 175 ha torpaq sahələrinə dair xx.xx.2022-xx.xx.2068-ci il müddətinə xx.xx.2022-ci il tarixli İ/M №-3M-157 saylı icarə müqaviləsinə əsasən "xxxx" MMC-nin icarə hüquqları dövlət qeydiyyatına alınmış, torpaq sahələrinin plan və ölçüləri tərtib edilmişdir. Lakin nəticə olaraq Gəncə Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2-2(115)-69/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiasını təmin etməmişdir. Maddənin mətnindən də göründüyü kimi, torpaq sahəsi üzərində 11 aydan yuxarı olan icarə hüquqları dövlət qeydiyyatına alınır. Qanunverici bu tələbi, təbii ki, xoş sözəxatir qanunvericilikdə əks etdirməyib. Bizə torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin göstərdiyi kimi ilk olaraq torpaq sahəsinin hər hansı hüquqla yüklü olub olmamasını yoxlamışlar. Torpaq sahəsinə icarə hüququ rəsmiləşdirənə və dövlət qeydiyyatına alınanadək 2-3 il ərzində o, həmin torpaqda hazırlıq işləri, müvafiq analizlər, infrastrukturun qurulması ilə məşğul olmuşlar. Bu müddət ərzində cavabdehin heç bir nümayəndəsi yaxud özü onlra yaxınlaşaraq torpağın onlara məxsus olmasına dair hər hansı bir irad yaxud bildiriş verməyiblər. Maddəyə əsasən Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hazırki iş üzrə göründüyü kimi vicdanlı əldə edəndir. Həmin torpaq sahəsinə milyonlarla vəsait sərf edərək dövlətin xahişi ilə bağ sahələri salmışlar. Cavabdeh uzun müddət torpaq sahələrindən bixəbər olsada onlar bağlar saldıqdan sonra torpağa iddiasını irəli sürmüşdür. Göründüyü kimi cavabdehin əsl fikri onları saldığı bağları ələ keçirməkdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi (vəkil) məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, sonradan cavabdehə məlum olmuşdur ki, torpaq sahəsi cavabdehin icarəsində ola-ola başqa şəxsə verilmişdir. Tərəflərindən həmin sərəncam mübahisələndirilmiş və məhkəmə tərəfindən sərəncam ləğv edilmişdir. Cavabdehin icarəsində olan torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Torpaq sahəsi başqa şəxsə verildiyinə görə 2016-cı ildən icarə haqqı ödənilməmişdir. Həmçinin həmin torpaq sahəsi başqa şəxsin istifadəsində olduğuna görə çıxarış da ala bilmirlər. Cavabdeh torpaq sahəsindən 2016-ci ilə kimi istifadə etmiş, lakin aparılan hərbi əməliyyatlarla əlaqədar 2016-cı ildə həmin torpaq sahələrinə gedişə icazə verilməmişdir. 2016-cı ildə aprel döyüşlərindən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmamışdır, yalnız 2020-ci ildən sonra həmin torpaq sahələrindən istifadə etmək mümkün olmuşdur. Torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunduğu dövrdə icarə haqqı ödənilmişdir. Həmiçinin sözü gedən torpaq sahəsi Ağdərə rayonunun tərkibinə verildiyi üçün İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Məhkəməyə təqdim edilən qəbzlərdə olan 265 manat məbləğ icarə müqaviləsində olan məbləğdir. İddia ərizəsində isə heç 2016-ci ilədək ödənişin edilməməsi qeyd edilməmişdir, həmin hal mübahisələndirilməmişdir. Hazırda bunu nümayəndə bildirir. Lakin onlar müqavilə bağlanandan 2016-cı il daxil olmaqla icarə müqaviləsi üzrə ödənişləri etmişlər. İş materillarında olan 30 may 2016-cı il tarixli sərəncam məhkəmə qərarı ilə ləğv edilmişdir. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin birinci bəndindən görünür ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10- cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin maddənin 4-cü bəndinə əsasən qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.

“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 18. Azərbaycan Respublikasında torpağı icarəyə vermək hüququ mülkiyyətçilərə, onların vəkil etdiyi orqanlara, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsusdur. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə torpaqlarını isə bələdiyyələr həyata keçirirlər. Xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilər həyata keçirirlər. Maddə 19. İcarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüquqlarına aid edilmişdir. Maddə 22. Torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək icarəçinin hüquqdur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı və üçüncü şəxs qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı əsasında cavabdehə dövlət mülkiyyətində olan torpaq sahələrindən 365 ha torpaq sahəsi icarəyə verilmiş və bununla bağlı tərəflər arasında 16 aprel 2013-cü il tarixli 07 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. İddiaçı 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamının ləğv etmiş və iddiaçının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı mübahisələndirilmişdir. Gəncə İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(114)-2304/2022 saylı qərarı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı sərəncamın ləğvi tələbinə dair iddiası təmin edilmiş və İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 nömrəli sərəncamı ləğv edilmiş, qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri isə təmin edilməmişdir. Göründüyü kimi Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə icra hakimiyyət orqanının özünün 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamının ləğv edilməsinə dair 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilmişdir və iddiaçının bununl bağlı hərəkətləri qanunsuzluğu tanınmışdır. Hazırki iddia ilə iddiaçı orqan torpaq sahəsinin təyinatına uyğun istifadə edilməməsi, icarə haqqının ödənilməməsi və torpaq sahəsinin korlanması əsası ilə icarə müqaviləsinin ləğvi tələbini irəli sürmüşdür.. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin birinci bəndindən görünür ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10- cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Həmin maddənin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). İddiaçının məhkəməyə müraciət etmə dəlillərindən biri icarə haqqının ödənilməməsidir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinə əsasən cavabdeh tərəfindən icarə haqları ödənilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixli qəbzə əsasən 177 manat, xx.xx.2014-cü il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2015-ci il tarixli qəbzə əsasən 265 manat, xx.xx.2016-cı il tarixli qəbzə əsasən 265 manat məbləğində vəsait Cavabdeh adından dövlət büdcəsinə ödənilmişdir. Həmin qəbzlərdə məhz icarə müqaviləsinin tarixi və nömrəsi göstərilməsə də ödənişin təyinatı dövlət büdcəsinə nağd ödəmə kimi qeyd edilmişdir. Həmin ödənişlərin tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə ödənişlər olmasını istisna edən hər hansı hal mövcud deyildir. Göründüyü kimi icarəyə verilmiş torpaq sahəsindən icarəçi ona icarəyəverən tərəfindən mane yaradılana kimi təyinatına uyğun istifadə etmiş, icarə haqlarını ödəmişdir. Ona icarəyəverən tərəfindən maneə yaradılandan sonra həmin torpaq sahəsindən istifadə edilməməsi, icarə haqlarının ödənilməməsi, torpaq sahələsinin tam və ya qismən digər şəxslərin istifadə və ya icarəsinə verilməsi icarə müqaviləsinin ləğvi üçün əsas deyildir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə torpaq sahəsinin icarəyə verilməsinə dair sərəncam iddiaçı tərəfindən 30 iyun 2016-cı il tarixdə ləğv edildikdən sonra iddiaçı həmin torpaq sahəsinin iş üzrə üçünçü şəxsə vermişdir. Belə olan halda cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadəsi mümkün olmamış və həmin tarixdən etibarən cavabdehə torpaq istifadəyə maneələrin yaradılması aşkardır. Mübahisələndirilən digər bir hal ondan ibarətdir ki, icarəçi icarəsinə verilmiş torpaq sahələrindən təyinatına uyğun istifadə etməmiş, torpaq sahəsini ayrı-ayrı şəxslərə icarəyə verərək ondan gəlir mənbəyi kimi istifadə etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsi 16 aprel 2013-cü il tarixdə bağlanmışdır. Həmin tarixdən 30 iyun 2016-cı il tarixədək icarəçinin istifadəsinə verilmiş həm əkin sahəsindən, həm də örüş sahəsindən istifadə etməsi iddia tələbindən, tərəflərin izahatları və iş materialları ilə təsdiq edilir. Bu halın əksini təsdiq edən hər hansı sübut mövcud deyildir və bu halların təsdiqi kimi iddiaçı yalnız özü tərəfindən tərtib edilmiş aktları təqdim etmişdir ki, iddiaçının özü və ya tabeliyindən olan nümayəndəliyin tərtib etdiyi aktlar iş üzrə sübut qismində qiymətləndirilə bilməz. İddiaçı məhz cavabdehin icarə müqaviləsi bağlandığı andan 2016-cı ilədək torpaqdan təyinatına uyğun istifadə etməməsi, ümumiyyətlə istifadə etməməsi və ya digər şəxslərə verərək gəlir əldə etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin 2016-cı ildən sonra torpaq sahəsindən təyinatına uyğun istifadə etməməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamı ilə Tərtər Rayon Hacıqərvənd kənd sakini Cavabdeh heyvandarlığın inkişafı və əkin məqsədi üçün 25 il müdətinə icarəyə verilmiş 265 hektar torpaq sahəsi barədə İddiaçı başçısının 16 aprel 2013-cü il tarixli 40 saylı sərəncamı ləğv edilmiş, sərəncam qəbul edilərkən icarəçiyə məlumat verilməmiş, onun iştirakı ilə araşdırma aparılmamış, icarəçinin məsələyə münasibəti öyrənilməmişdir. Məhz icarəyəverən torpağın icarəyə verilməsi ilə bağlı sərəncamı ləğv etməklə cavabdehin icarəsinə verilmiş torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır. Sərəncam isə icarəçi tərəfindən mübahisələndirilmiş və məhkəmə tərəfindən ləğv edilmişdir. İddiaçı başçısının 30 iyun 2016-cı il tarixli 69 saylı sərəncamının ləğv edilməsinə dair məhkəmə qərarı isə xx.xx.2023-cü il tarixdə qüvvəsini almış, bundan sonra isə İddiaçı icarə müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.12-ci bəndində icarəçinin torpaq sahələrindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə sərbəst istifadə etmək hüququ nəzərdə tutulmuşdur. İcarəçinin icarəyə götürdüyü torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirmək niyyətinin olması iş materialları və cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulsa da icarəyəverən tərəfindən iddia tələbində göstərilən nöqsanlar (torpaq sahəsinin istifadəsiz qalması və s) barədə, habelə nöqsanlar varsa onun aradan qaldırılması ilə bağlı heç bir xəbərdaredici bildiriş göndərilməmişdir. Mübahisələndirilən bir hal isə ondan ibraətdir ki, cavabdeh icarə hüquqlarını dövlət qeydiyyatına aldırmamışdır. Məhkəmə qeyd edir ki, cavabdehin icarə hüquqlarını dövlət qeydiyyatına aldırmaması icarə müqaviləsinin ləğvi üçün əsas deyildir. Belə ki, xx.xx.2007-ci il tarixdə qüvvədən olan Torpaq icarəsi haqqında Qanunun 12-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Göründüyü kimi qanunvericiliyin müddəti 11 aydan artıq olan müqavilənin qeydiyyata alınmalı olmasına dair göstərişi mövcud olsa, bu şərtə əməl olunmamasının nəticələrini müqavilənin etibarsız olması kimi müəyyən etməmiş və qanunvericilikdə bu halın icarəyə götürənin ziyanına şərh edilməsini göstərən maddi hüquq norması yoxdur. Eyni zamanda iddia dəlillərindən biridə cavabdehin mülkiyyətində iri və xırda buynuzlu heyvanları - 2015-ci ildə 5 baş iri buynuzlu heyvan olmuş, 2016-2019-cu illərdə olmamış, 2020-ci ildə 104 baş xırda buynuzlu heyvanı olmuş, 2021-2023-cü illərdə olmamışdır. Göründüyü kimi cavabdeh heyvandalıqla məşğul olan sahibkardır və heyvandarlıqla məşğul olur. İddiaçının dəlilləri ilə bu hal təsdiq olunur və cavabdeh heyvandarlıq fəaliyyətini həyata keçirməyə başladığı dövrdə torpaqdan istifadəsinə maneələr yaradılmış, o 2016-cı ildən torpaqdan istifadə edə bilməsə də 2020-ci ildə 104 baş xırda buynuzlu heyvanları olmuşdur. İddiaçının cavabdehə törətdiyi maneələri nəzərə alaraq məhkəmə hesab edir ki, bu hal belə müqavinin vaxtından əvvəl ləğv edilməsi üçün əsas deyildir. İddiaçının iddia dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etdiyindən məhkəmə apellyasiya şikayətinin dəlillərinə də əlavə qiymət verilməsini zəruri hesab etmir. İş üzrə üçüncü şəxsin apellyasiya şikayətiin dəlillərindən biri 11 aydan artıq olan icarə müqaviləs üzrə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlıdır ki, məhkəmə tərəfindən bu hala yuxarıda olan əsaslandırmasında hüquqi qiymət vermişdir. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, torpaq sahəsi onların icarəsinə verilmiş, onlar tərəfindən torpağa sərmaye qoyulmuş və icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı qeyd edilməlidir ki, torpaq sahəsinin başqa şəxs icarəyə verilməsi ilkin icarəcinin hüquqlarına təsir etmir. Sonuncu icarəçi torpaq sahəsi sahibliyindən çıxdığı təqdirdə zərərin ödənilmə tələbinə dair iddia ərizəsi ilə zərər vurana qarşı iddia qaldırmaq hüququna malikdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehlə bağlanmış icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsinə dair qanuni əsaslar mövcud olmadığından apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı və üçüncü şəxs tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-69/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı və üçüncü şəxs tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar