Məhkəmə qərarları › İş №2-2(104)-71/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-71/2024

28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-71/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyanın ödənilməsi, cavabdehin mağazadan çıxarılması və mağazanın iddiaçının istifadəsinə qaytarılması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1589/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1589/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1589/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun icarəsində olan mağazanı ondan xəbərsiz zəbt etməsi, mağazanı dağıdılması ilə ona dəymiş 15800 manatın və keçən müddət ərzində əldən çıxmış fayda kimi 5000 manatın alınması, icarə müqaviləsi ilə istifadəsinə verilmiş mağazadan cavabdehin çıxarılması və mağazanın istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildə “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində mağaza tikdirmək üçün yer almış və orada bir mağaza inşa etdirmişdir. Lakin ona mülkiyyət hüququnu təsdiq edən sənədlər verilməmişdir. Ona hər bir halda həmin mağazanın onun mülkiyyətimdə olduğunu və sənədləşdirmə çətin olduğundan onunla icarə müqaviləsi bağlanacağını demişlər. İddiaçı həmin mağazanın tikintisi üçün cavabdehin ailəsindən yer almaq üçün onlara 8000 ABŞ dolları pul ödəmişdir. Mağazada anası Kərimova Xoşqədəm işləmişdir. X.Kərimova 2021-ci ilin sentyabr ayından Covid-19 virusuna yoluxmuş və bir müddət işə gedə bilməmişdir. İşə qayıdanda isə mağazanın cavadeh tərəfindən zəbt edildiyini və bütün malların, o cümlədən xəzinədə olan 2000 manat pulun cavabdeh tərəfindən mənimsədildiyini bilmişdir. Bununla bağlı dəfələrlə müxtəlif orqanlara şikayətlər ünvanlanmışdır. Hazırda cavabdeh onu mağazadan istifadə etməyə imkan vermir, ona dəymiş ziyanı ödəmir. Mağazanın ərsəyə gəlməsi üçün o, 2005ci ildə 20000 ABŞ dollar məbləğində pul xərcləmişdir. Vaxtaşırı olaraq mağazanı cari təmir etdirmişdir. Onun əlindən çıxmış 400 manatlıq kassa aparatının, otaqda olan 400 manat stol-stul dəstinin, 3000 manatlıq video kameranın, 10.000 manat satış üçün nəzərdə tutulmuş malların və kassadakı 2000 manat pulun cəmi 15800 manatdır. Həmçinin işsiz qaldığına görə 5000 manat ziyan çəkmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, işin halları ondan ibarətdir ki, iddaçı 01 oktyabr 2018-ci ildə cavabdehin qardaşı olan həmin dövrdə “Gəncə Abad” istehsalat Ticarət Mərkəzinin direktoru X9 ilə icarə müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən “X11 Ticarət Mərkəzində uzunluğu 6,0 metr, eni 4.0 metr, ölçüsü 24.0 kv.m olan mağazanı öz şəxsi vəsaiti hesabına tikmişdir. İstismar səlahiyyəti iddiaçının özünə verilmişdir. Müqavilə müddəti 01 oktyabr 2018-ci ildən 01 oktyabr 2023-cü il tarixə kimi qüvvədə olması nəzərdə tutulmuşdur. Bildirir ki, iddiaçının icarəyə götürdüyü mağazada anası işləmişdir. Anası 2021-ci ildə sentyabr ayında COVİD- 19 xəstəliyinə tutulmuş, buna görə mağaza işləməmişdir. Anası işə gedə bilmədiyi üçün müqavilə bağlanandan bir müddət sonra bazarın sahibi olmuş Cavabdeh mağazanı onların xəbəri olmadan zəbt etmiş və bütün malları və mağazada kassada olan 2000 manat pulu götürmüşlər. Onlar dəfələrlə çalışmışlar ki, mağazaya daxil olub işlərini bərpa etsinlər, ancaq cavabdeh buna imkan verməmişdir. Həmin vaxtı Kəpəz rayon Polis idarəsinə müraciət etmişlər. Cavabdeh onun öz vəsaiti hesabına tikdirdiyi 8000 ABŞ dolları xərclədiyi mağazaya buraxmamışdır. Halbuki icarə müqaviləsinin bitməsinə 2 il yarım vaxt qalmışdır. Mağazanın ətrafından ona məxsus olan 3000 manat dəyərində olan videokamera da götürülmüşdür. İcarə müqaviləsinin vaxtı 04 oktyabr 2023-cü ildə bitsə də, icarə müqaviləsinin 5/2-ci bəndinə əsasən ona rəsmi qaydada müqavilənin xitam edilməsi ilə bağlı rəsmi müraciət olunmadığı üçün icarə müqaviləsinə xitam verilə bilməz. İşə baxan məhkəmə bütün bunlara düzgün hüquqi qiymət verməmiş, işdə olan çoxsaylı sübutları sübut kimi qiymətləndirməmişdir. Mağaza cavabdeh tərəfindən zəbt ediləkən mağazada olan əşyalar oradan götürülərkən heç bir rəsmi akt tərtib edilməmişdir. Cavabdeh mağazaya daxil olarkən ona qabaqcadan rəsmi xəbərdarlıq etməmişdir. O, əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etmir. İcarə müqaviləsindən irəli gələn öhdəliklərin pozulması ilə bağlı ona dəyən ziyanın ödənilməsini, icarəsinə verilmiş obyektinin icarəsinə qaytarılması tələb edir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verib şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1589/2023 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı izahatında həmçinin bildirdi ki, mağazada işləməsinə “Gəncə Abad” İTM-nin rəhbəri olan Cavabdeh imkan vermədiyinə görə hesab edir ki, hazırkı iddiasını Cavabdeh qarşı irəli sürməkdə haqlıdır. İcarə müqaviləsi ilə ona məxsus olmuş mağazanı digər şəxsə Cavabdeh vermişdir. Ona görə də hesab edir ki, iddiası üzrə cavabdeh şəxs Cavabdehdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Vəkil həmçinin göstərdi ki, iddiaçının qeyd etdikləri həqiqətə uyğun deyil. İddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahəsində hər hansı tikinti aparılmamışdır. Mübahisəli torpaq sahəsi və üzərində yerləşən tikililər “Gəncə Abad” İTMnin mülkiyyətindədir. İddiaçı ilə yalnız icarə müqaviləsi bağlanmışdır. Həm də müqavilə cavabdehlə yox, “Gəncə Abad” İTM ilə bağlanmışdır. Həmin müqaviləyə də vaxtından əvvəl xitam verilmişdir. Cavabdeh əlavə olaraq izah etdi ki, “Gəncə Abad” İTM ona məxsusdur. İddiaçı uzun müddət icarə haqqını ödəmədiyinə görə onunlabağlanmış icarə müqaviləsi ləğv edilmiş, mağaza başqa şəxsə icarəyə verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və tərəfləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən - “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzində olan uzunluğu 6 metr, eni 4 metr, ölçüsü 24 m2 mağazanı icarəçi- İddiaçı 5 il müddətinə icarəyə vermişdir. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsinə əsasən, satıcı X3 “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində (100 %) payını alıcı X1. Gəncə “ASAN xidmət” mərkəzinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli nizamnamə kapitalındakı payın alğı-satqı müqaviləsinə əsasən, satıcı X7 “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində (100 %) payını alıcı Cavabdeh satmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət reyestrindən çıxarışdan görünür ki, “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin nizamnamə kapitalındakı 46.000.00 manat məbləğində pay Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********87-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışın surətindən görünür ki, əmlak kompleksi kimi “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi dövlət mülkiyyətində olan 4.0 ha icarə torpaq sahəsində yerləşən 7826,5 kv.m daşınmaz əmlakın mülkiyyətçisidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tələbində mağaza binasının onun öz vəsaiti hesabına əldə etmiş olmasını bidirsə də, bu hal sübutlarla təsdiqini tapmamışdır. “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi ilə onun arasında bağlanmış icarə müqaviləsinin 1.2-ci bəndindinin məzmununda mağazanın İddiaçı aid olması və mağazanın sahibinin şəxsi vəsaiti hesabına tikilməsi barədə ifadələr yer almışdır. Məhkəmə bu ifadələrlə bağlı qeyd edir ki, yalnız hərfi mənaya əsaslanan təfsir hüquqi təfsir deyildir. Həmin söz və ifadələr müqavilənin bütövlükdə olan mənası ilə müqayisə olunmalıdır. Müqavilənin məzmunundan göründüyü kimi mağazanı icarəyə verən “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzidir, İddiaçı müqavilədə icarəyə götürən tərəfdir və eyni zamanda müqavilənin 4.2-ci bəndinə əsasən əsasən İddiaçı hər ay üçün 60 manat icarə haqqı ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin müqavilədə 5 il müddət müəyyən olunmuşdur. Müqavilənin ümumi məzmunu İddiaçı mağazanın sahibi deyil, icarəçisi olmasını aşkara çıxarır. İcarə müqaviləsi yalnız icarə hüququnun yaranması üçün əsas sayılır, qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların yaranmasının mühüm əsasları müəyyən edilmişdir. Qanunvericilikdə göstərilən əsasların hər hansı biri İddiaçı münasibətdə mövcud deyildir. İddia tələbinin mağazanın zəbt edilməsi, dağıdılması və iddaiaçının mağazada olan daşınar əyşyalardan məhrum olması nəticəsində və ordan istifadə edə bilmədiyindən zərərə məruz qalması hissəsi ilə bağlı qeyd olunur ki, bu hallar sübutlarla təsdiqini tapmamışdır. Cavabdehin mağazadan çıxarılması hissəsinə minasibət olaraq bildirir ki, “Gəncə Abad” İstehsalat Ticarət Mərkəzi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, bu müqavilə 5 il müddətinə bağlanmış və icarə müddəti 01 oktyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. Hazırkı vəziyyətdə müqavilənin qüvvədə olması müddəti bitmişdir. Müqavilənin qüvvədə olduğu müddət bitdiyindən və müqavilə tərəfləri arasında icarə hüquq münasibətləri davam etdirilmədiyindən, müqavilə üzrə hüquqlara xitam verildiyindən, iddiaçı hazırda həmin binada fəaliyyət göstərən şəxsin çıxarılmasını tələb etmək hüququna malik deyildir. Digər tərəfdən zəbt olunma faktının sübutlarla təsdiqinin tapmaması çıxarılma tələbinin də əsassızlığına gətirib çıxarır. İddia tələbinin mağaza binasının iddiaçının istifadəsinə qaytarılması hissəsinə barədə belə məhkəmə qənaətə gəlmişdir ki, iddiaçı tələbində Cavabdeh tərəfindən obyektin zəbt olunduğunu və həmin şəxsin hərəkətləri nəticəsində mağazanın istifadəsindən çıxdığını bildirir və həmin şəxsi obyektdən çıxarmaqla, yəni yaranmış maneəni aradan qaldırmaqla mağazanı istifadəsinə qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən obyektin zəbt olunması və həmin şəxsin hərəkətləri nəticəsində obyetin istifadədən çıxması sübutlarlarla təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşaraq qeyd edir ki, məhkəmə qətnaməni tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İşdən göründüyü kimi iddiaçı icarə müqaviləsi cavabdeh kimi qeyd etdiyi X10 ilə yox, “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi ilə bağlanmışdır, yəni müqavilə tərəfləri İddiaçı ilə cavabdeh “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi olmuşdur. Fərdi sahibkar olan X10 isə “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzinin təsisçisidir. İddiaçı iddia ərizəsində işləməsinə X10 tərəfindən şərait yaradılmadığını qeyd edir və tələbini də ona qarşı yönəltmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mötəbər sübutlarla təsdiq olundu ki, İddiaçı ilə cavabdeh “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi arasında 2018-ci ilin oktyabr ayında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi mülkiyyətində olan ümumi sahəsi 24 kv.m olan mağaza İddiaçı istifadəsinə vermiş və aylıq 60.0 manat məbləğində icarə haqqı müəyyənləşdirilmişdir. Müqavilənin müddəti 5 il, yəni 2023-cü ilin oktyabr ayına qədər müəyyənləşdirilmiş, lakin müqavilə cavabdeh “Gəncə-Abad” İstehsalat Ticarət Mərkəzi tərəfindən vaxtından əvvəl ləğv edilmişdir. Hazırda müqavilənin müddəti də artıq başa çatmışdır. İddiaçının qeyd olunan mağazanın sahibinin özü olması və həmin mağazanın onun vəsaiti hesabına inşa edilməsi, həmçinin cavabdeh tərəfindən mağazanın zəbt edilməsi, dağıdılması və iddaiaçının mağazada olan daşınar əyşyalardan məhrum olmasını irəli sürməsinə baxmayaraq həmin halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə sasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 1589/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1589/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar