Məhkəmə qərarları › İş №2-2(104)-74/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-74/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-74/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi və iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2019-cu il tarixinə olan 146159 manat 85 qəpik əsas borc, 18586 manat 67 qəpik faiz borcu, 4856 manat 95 qəpik dəbbə borcu, cəmi 169603 manat 47 qəpik pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpik pulun, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyirinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə ktedit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə biznes məqsədilə 60 ay müddətinə illik 21% ödəmək şərti ilə 146200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 146159.85 (bir yüz qırx altı min bir yüz əlli doqquz manat səksən beş qəpik) manat, faiz borcu 18586.67 (on səkkiz min beş yüz səksən altı manat altmış yeddi qəpik) manat, dəbbə borcu 4856.95 (dörd min səkkiz yüz əlli altı manat doxsan beş qəpik) manat, cəmi borc 169603.47 (bir yüz altmış doqquz min altı yüz üç manat qırx yeddi qəpik) manat təşkil edir. İddiaçı Bank "xxxx" ASC iddia tələbinin həcminin atrırılması ilə bağlı ərizə təqdim edərək Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli RH00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə olan 146159 manat 85 qəpik əsas borc, 18586 manat 67 qəpik faiz borcu, 36293 manat 03 qəpik dəbbə borcu, cəmi 201039 manat 55 qəpik pulun, dövlət rüsumu kimi ödənilmiş 30 manat 40 qəpik pulun, 30 manat ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh1 iddiaçının xeyirinə tutulması, tutmanın tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, qeyri-yaşayış binasının açıq hərracda satılması, kredit borcunun satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əmlak satıldıqdan sonra əldə edilən vəsait borcu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin qeyri-yaşayış binasının boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia qismən təmin edilərək, bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2018-ci il tarixli, RH- 00007-06/18A saylı kredit müqaviləsinin ləğv edilməsi, bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2018-ci il tarixli RH-00007- 06/18A saylı kredit müqaviləsi üzrə yaranmış 146103 manat kredit borcu, 18579 manat 43 qəpik faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 165182 (bir yüz altmış beş min yüz səksən iki) manat 43 (qırx üç) qəpik pulun və ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın Cavabdeh1 tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, qeyri-yaşayış binasının ilkin satış qiymətinin 225000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh1 qaytarılması, qeyri-yaşayış binasının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra Cavabdeh1 qeyri-yaşayış binasından çıxarılması və qeyri-yaşayış binasının boşaldılması, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 150 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab: AZ34CTRE********************, SAP (XİİS) hesabı X2, Kod: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 300 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (H/h:AZ52İBAZ********************, Azərbaycan Beynəlxalq Bankı ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T. BİC:İBAZAZ2X, M/h: AZ03NABZ013501**********2944) ödənilməsi və iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2019-ci il tarixli RH-00007-06/18A saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 60 ay müddətinə 146200 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli RHMG-00007-06/18A (iki tərəfli) sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Bank "xxxx" ASC-nin Gəncə filialı tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış binası ipoteka qoyulmuşdur. xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Bank "xxxx" ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası Cavabdeh1 adına qeyd edilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış və 2 saylı notarial qaydada təsdiq edilmiş ərizədə, əri Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının Bank "xxxx" ASC-nə sonrakı ipotekaya qoyulmasına razılıq vermişdir. xx.xx.2019-cu il tarixdə Bank "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə olan əsas borc 146159.85 manat, faiz borcu 18586.67 manat, dəbbə 4856.95 manat, cəmi 169603.47 manat təşkil edir. 10 fevral 2020-ci il tarixli ƏQ-35/2020 "xxxx" MMC-nin daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 kv.mdən ibarət, qeyri yaşayış binasının xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 220000 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 283/BTB/21 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən, 0.009 ha torpaq sahəsinin üzərində inşa edilmiş, 2 mərtəbəli, ümumi sahəsi 199.2 kv.m-dən ibarət, qeyri yaşayış binasının bazar qiyməti ilə likvid dəyəri 225000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/2986 saylı rəyinə əsasən xx.xx.2018-ci il tarixli RH-00007- 06/18A saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2019-cu il tarixə Bank "xxxx" ASC-yə olan borcu 164.682,43 manat məbləğində, əsas borc 146103 manat, faiz borcu 18579 manat 43 qəpik müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi, əmlakın qiymətləndirilməsi, mühasibatlıq ekspertizalarının təyin edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor tərəfindən kredit verilməmişdən öncə failiyyəti ətraflı öyrənilmiş və Bank "BTB” ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ayrılan kreditin vaxtında qaytarmaq imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində sosial vəziyyətində və ailəsində gözləmədiyi geriləmələr olmuşdur. Belə ki, bu halın tək onun yox Respublika üzrə bütün sahələrdə geriləmə olduğu Pandemiyanın bütün dünyanın başına bəla olması hamıya məlumdur. Bu səbəblərdən meydana gələn müəyyən vaxtlardakı gecikdirmələr baş vermişdir ki, bu səbəbdən Bank məhkəməyə müraciət etmişdir. Gəlirlərimnn azalması və səhhətində olan problemlər ödənişləri vaxtında aparmağına da təsir etmiş və müqavilədə nəzərdə tutulmasa da bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qətnamə qəbul edərkən faiz və cəriminin məbləğini cox yüksək yazmışdır. Qətnamənin əmlakın qiymətləndirilməsi və faiz hissəsi ilı razı deyildir. Gəncə Kommersiya Məhkəməsi xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə rəy və xx.xx.2021-ci il tarixli mühasibatlıq spertizası ilə bağlı rəylər ona göndərilməmiş və rəylərlə tanış edilməmişdir. Ekspertiza rəylərinin mövcudluğu barədə qətnamənin əsaslandırılma hissəsini oxuyayarkən tanış olmuşdur. Bidirir ki, ona məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası yenidən qiymətləndirilməlidir. Belə ki, əmlak qiymətləndirlərkən bankın mənafeyi nəzərə alınmışdır. Hesab edirəm ki, qiymətləndirilmə yenidən keçirilməlidir. Qiymətlədirilmə keçirilmək üçün “AB Consalting" MMC-yə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilərək likvid dəyərinin və bazar dəyərinin yenidən müəyyən edilməsi təmin edilməlidir. Həmçinin kreditin məbləği ilə bağlı mühasibatlıq ekspertizası təyin edilməmişdir. Mühasibatlıq ekspertizası keçirlmiş lakin kredit məbləğinin əsas məbləği bir manat da olsun azaldımamışdır. Kredit götürdükdən Pandemiya başlayanadək 13 ay müddətinə hər ay 2500 manat məbləğində ödəniş etmişdir. Məhkəmənin iş materiallarına baxarkən məlum otur ki, bank mühasibatlıq ekspertizası keçirirərkən hesabdan çıxarış tələb etməmiş, ancaq bankın verdiyi maliyyə arayışı ilə kifayətlənmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, kredit müqaviləsi məhkəməyə verilənədək tərəfindən 32.000 manatdan cox ödəniş edilmişdir. Ancaq ekspertiza rəyində bununla bağlı heç bir hesablama öz əksini tapmamışdır. Məhkəmənin əsas məbləğdən araq 146103 manat pul tutulmasını qət edilmişdir. Məhkəmnin gəldiyi nəticən görünür ki, ödədiyi 32000 manat kreditdən yalnız 97 manatı əsas borcdan silinmişdir. Bu səbəbdən əmlakın yenidən qiymətlandirilməsinə dair ekspertiza və xx.xx.2018-ci il tarixli, RH-00007-06/18A saylı kredit müqaviləsi üzrə əsas borc, faiz borcunun hesablanmasına dair mühasibatlıq ekspertizası keçirlməsi zəruridir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, cavadbehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, hazırkı kredit müqaviləsi ilə tələb edilən borc məbləği restrutruzasiya olunmuş məbləğ olunmuşdur. Güman edir ki, cavadbeh apellyasiya şikayətində əvvəlki kredit müqaviləsi üzrə olan ödənişlərini nəzərdə tutmuşdur. Hazırkı müqavilə üzrə isə cavadbeh tərəfidnən heç bir məbləğ ödənilməmişidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə ktedit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə biznes məqsədilə 60 ay müddətinə illik 21% ödəmək şərti ilə 146200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində tərəflər arasında sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və ipoteka predmetinin yenidən qiymətləndirilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi hazırkı iddia tələbinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsində, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə isə apellyasiya instansiyasında baxılmış, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış, Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərardadı ilə isə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin və əvvəlki apellyasiya icraatında olan zaman mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş, həmçinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi həyata keçirilmişdir ki, ekspert rəyi ilə tələb olunan borc məbləğinin əsaslı olması müəyyən edilmişdir. Həmçinin, ipoteka predmetinin dəyəri iki müxtəlif qiymətləndirici tərəfindən müəyyən edilmişdir ki, həmin rəylər arasında da hər hansı bir ziddiyyət olmamış, ipoteka müqaviləsində göstərilən dəyərə də uyğun olmuşdur. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmiş və ya müvafiq sübut məhkəməyə təqdim etməmidşir. İpoteka predmetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən deyil, başqa müstəqil qiymətləndiricilər tərəfindən qiymətləndirilməsi ilə “İpotek haqqında” qanunun 39.3.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Buna görə də məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin yenidən qiymətləndirilməli olması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin borcundan ödənilmiş 32000 manatın nəzərə alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi cavadbeh tərəfindən ödəniş etmədiyini bildirməklə yanaşı, məhkəməyə təqdim edilmiş Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə hesabından çıxarışda da hazırkı kredit müqaviləsi bağlandıqdan sonra yəni, xx.xx.2018-ci il tarixdən sonra ödənişlərin olması müəyyən edilməməkdədir. Cavabdeh isə müqavilə bağlandıqdan sonra 32000 manat ödədiyini iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi üzrə hesabından çıxarışdan isə görünür ki, cavabdeh tərəfindən edilmiş ödənişlər 04 sentyabr 2018-ci il tarixdən əvvəlki dövrə aid olmuşdur ki, həmin tarixədək təxminən iddiaçının iddia etdiyi məbləğdə ödənişlərin olması müəyyən edilir. Həmin məbləğlər BKN-A0010-06/17A saylı kredit müqaviləsi üzrə silinmiş məbləğlər olmaqla, RH-00007-06/18A saylı hazırkı kredit (restruktruzasiya edilmiş) müqaviləsi edilmiş ödənişlər olmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini də əsassız hesab etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-2(115)-2293/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar