Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-76/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mahmudov Mahir Şahin oğluna qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “31819 manat pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1439/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları İddiaçı ilə Cavabdeh arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış, nəticədə ümumi dəyəri 96160 manat olan bir sıra tibbi avadanlıq və materiallar alıcıya təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə tərəflər qarşılıqlı borcların üzləşdoirilməsi barədə akt tərtib edərək imzalamışlar. Akta əsasən verilən malların dəyəri 96160 manat, ödənilən vəsait 60341 manat və borc məbləğinin isə 35819 manat təşkil etməsini tərəflər qəbul etmişdir. İddiaçının iddia ərizəsində əsaslandırmasına əsasən üzləşmə aktının bağlanmasında sonra cabandeh tərəfindən 4000 manat ödənilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi icra etsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmiş və nəticədə iddiaçıya ödəniməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəliyi icra etməyən Cavabdeh ödənilməyən 31819 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ümumi dəyəri 96160 manat olan bir sıra avadanlıq və materialları Cavabdeh təhvil vermişdir. Cavabdeh isə yuxarıda qeyd olunan məbləğin bir qismini, yəni 60341 manat pul məbləğini iddiaçıya ödəmişdir. Beləliklə cavabdehin iddiaçıya 35819 manat məbləğində pul borcu yaranmışdır. Bütün bu faktlar isə tərəflər arasında imzalanmış 29 fevral 2024-cü il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi barədə” Üzləşmə Aktında öz əksini tapmışdır. X2 imzalanması tarixindən sonra isə cavabdeh iddiaçıya borc məbləği üzrə sadəcə 4000 manat ödəniş həyata keçirmişdir. Nəticə etibarilə, cavabdehin iddiaçıya hələ də 31819 manat borcu qalmaqdadır. Qeyd olunan borc məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq,cavabdeh tərəf borcun ödənilməsindən boyun qaçırmağa davam etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1439/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia təmin edilmiş, Cavabdeh 31819 manat borc tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən bir sıra avadanlıq və materiallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh tərəfindən həmin malların dəyəri iddiaçıya ödənilməmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçındən 96160 manat məbləğində mal aldığını, hal-hazırda 35819 manat borcunun olduğunu qəbul etmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış üzləşdirmə aktı ilə öz təsdiqini tapır. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında öz izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında qarşılıqlı üzləşmə aktı imzalandıqdan sonra 4000 manat yox, daha çox ödəniş etmişdir. Müvafiq sübutların təqdim edilməsi üçün cavabdehə vaxt verilərək iki dəfə məhkəmə hazırlıq iclasları təxirə salınmış, lakin cavabdeh ödənişlərlə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə cavabdehin daha çox ödəniş etməsi ilə bağlı izahatında bildirdiklərini əsassız hesab edir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1,567, 600-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Onunla iddiaçı arasında hər hansı bir müqavilə imzalanmamışdır. Müqavilə ilə öhdəliyi olmadığı halda, ona qarşı belə bir iddia tələbi ilə çıxış edən iddiaçının iddiasının əsaslı hesab edilməsi barədə qətnamə çıxarılması mülki qanunverciliyin tələblərinin pozuntusudur. Real olaraq iddiaçı onun dostu Ariz adlı şəxslə müqavilə bağlamışdır. Məhkəmənin ilkin hazırlıq iclasında iştirak edərkən Ariz bu məsələni məhkəməyə iqrar etmiş olsa da təssüf ki, məhkəmə Arizin müqavilə öhdəliyinə imza etmiş şəxs olaraq bu borca görə cavabdehlik məsələsinə hüquqi qiymət verməmişdir. İddiaçının ona qarşı irəli sürdüyü borc tələbi ilə bağlı məhkəməyə verdiyi sübut qismində məhkəmə tərəfindən qəbul olunan sənəd müqavilə deyil, aktdır. Akt ilə isə heç bir öhdəlik əmələ gəlməsi mülki qanunvercilikdə nəzərdə tutulmamışdır. Müqavilə öhdəliklərinin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən; məzmundan; formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. İddiaçı tərəfin onunla heç bir müqavilə razılaşması olmadığı halda birinci instansiya məhkəməsi yalnız hansısa akt əsasında ona qarşı borc öhdəliyinin təmin olunmasına dair özünün mübahisəli qətnaməsini çıxardıbdır. Məhkəmənin özü qətnaməsinin əsaslandırma hissəsində istinad etdiyi maddi hüquq normaları bu iş üzrə tətbiq edilməli deyildi. Çünki məhkəmə qətnaməsində işin halları ilə bağlı məhkəmənin gəldiyi yanlış nəticənin hüquqi əsasını göstərən normalar olaraq verilmiş Mülki Məcəllənin 385-386, 442-445 və 600-cü maddələri müqavilə ilə yaranan münasibətlərə aiddir və bu maddi hüquq normalarının ona qarşı irəli sürülən iddia tələbinin əsasını təşkil edən akt adlı sənədlə heç bir əlaqəsi yoxdur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Məhkəmə prosesi zamanı tərəflərin prosessual hüquqlarının pozulmasına yol verilib ki, bu da qərarın ədalətinə təsir edib. Müdafiə və sübut hüquqları düzgün nəzərə alınmadı, bu da ədalətsiz qərara səbəb oldu. İddiaçı kreditor onu əvvəlcədən xəbərdar etmədiyi üçün və razılaşma üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddiaçı borcun şişirdilmiş məbləğini təsdiqləyici hesablamalar təqdim etmədən göstərib. Həmçinin, o, ödənişləri gecikdirməyi ilə bağlı iddiaçının mülahizələri iddiaçının nöqtəyi nəzərindən məhkəməyə təqdim olunan ümumi mülahizələr olmuşdur. Məhkəmə öz qətnaməsində hətta qeyd edir ki, “Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki,” Məhkəmənin son iclasları haqqında heç bir sms və rəsmi poçt bildirişi əldə etməmişdir. Hansı ki, onun iştirakı ilə olan ilkin məhkəmə iclasında iddiaçı tərəflə müqavilə öhdəliyi imzalamış Ariz də iştirak edib iddiaya öz münasibətini bildirmişdir. Məhkəmə sonrakı iclaslarda da onun iştirakını təmin etməli idi ki, iddiaçının müqaviləyə dair tərəf olaraq razılaşdığı Ariz də yenidən məhkəmədə öz ifadəsini açıq bəyan edə bilsin. Məhkəmə iclası barədə xəbəri olmayıbdır. Məhkəmə prosesi zamanı onun hüquqları, o cümlədən sübutların təqdim olunması, məhkəmə iclaslarında olmaq hüququ və adekvat nümayəndəlik hüquqları tam hüquqlu müdafiəsi təmin edilməmişdir. Şəxsən o, heç bir məhkəmə bildirşi almamışdır. Məhkəmə öz qətnaməsində qeyd edir ki. guya o, rəsmi bildiriş almışdır. Amma bunu təsdiq edən sübutu məhkəmə öz qətnaməsində göstərə bilmir. Məhkəmənin çəkişmə prinsipini təmin etməməsi həmin sübutların məhkəməyə təqdim etməkdən onu məhrum buraxmışdır. Habelə, iddiaçı aralarında müqavilə münasibətlərinin olduğuna dair heç bir dəlil təqdim etməyib. Borc müqaviləsi, qəbz və ya vəsaitin köçürülməsini təsdiq edən digər sənədlər yoxdur. İddiaçı vəsaitin köçürülməsi faktına dair lazımi sübutlar təqdim etməyib. Buna görə də iddiaçı mövcud olmayan borcları geri almağa çalışaraq yalann məlumat verir. Belə ki, iddiaçı borcun sövdələşmə nəticəsində yarandığını iddia edir, lakin onun hərəkətləri və onun tələbləri arasında səbəb-nəticə əlaqəsinin sübutlarını təqdim etmir. Yəni müqavilə yoxdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili məhkəmə iclasında izahatında bildirmişdir ki, cavabdeh qarşılıqlı üzləşmə aktını imzalasa da bildirməsinə görə aktı Arizin üzərinə düşən öhdəliyini icra etməsi üçün imzalamışdır. Cavabdeh bir məhkəmə iclasında iştirak etsə də digər məhkəmə iclasları barədə ona məlumat verilməmişdir. Tərəflər arasında hər hansı alğısatqı müqaviləsi bağlanmadığından tərəflər arasında öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh məhkəmə iclasında borcun ona məxsus olmasına dair izahat verməmişdir. İddiaçı tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına nükayəndəsi gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Alğı-satqı müqaviləsinin yazılı qaydada bağlanmalı olmasına dair mülki qanunvericilikdə hər hansı göstəriş mövcud olmamaqla yanaşı Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Tərəflər arasında şifahi qaydada bağlanmış alğı-satqı müqaviləsi tərəflərin iradə ifadəsinə uyğun olmuş və həqiqi hüquqi nəticələr yaratmışdır ki, tərəflərin iradə ifadəsi və onun əsasında aralarında bağlanmış şifahi alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri etibarsız olmamışdır. İddiaçı, tərəflər arasında yaranmış nisyə alğı-satqı müqaviləsindən irəli gələb öhdəliyini yerinə yetirmiş və ümumi dəyəri 96160 manat olan tibbi avadanlıq və materialları cavabdeh olan alıcıya təhvil vermiş, cavabdeh isə öhdəliyini lazımınca icra etmədiyindən tələb olunan məbləğdə borcu qalmışdır. Belə ki, məhkəmə araşdırması zamanı sübut qismində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə aktına əsasən iddiaçı cavabdehə ümumi dəyəri 96160 manat olan tibbi avadanlıq və materialları təhvil verməsi, cavabdeh tərəfindən 60341 manat pul vəsaitin ödənilməsi və qalıq borcun 35819 manat təşkil etməsini öz təsdiqini tapmışdır. Tərəflər üzləşmə aktını imzalamış və cavabdeh tərəfindən üzləşmə aktında olan imzanın ona məxsus olmaması mübahisələndirilməyərək istər birinci instansiyası məhkəməsində şəxsən özü, apellyasiya instansiyası məhkəməsində isə vəkili üzləşmə aktının cavabdeh tərəfindən imzalanması təsdiq etmişlər. Cavabdeh apellyasiya şikayətində, vəkili isə məhkəmə iclasında cavabdehin Ariz adlı şəxsin öhdəliyini icra etməsi məqsədi ilə üzləşmə aktını imzaladığını və müqavilənin məhz Ariz adlı şəxslə bağlandığını iddia etsə də bu halı təsdiq edəcək sübutlar mövcud deyildir. Eyni zamanda cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı məhkəmə iclasının protokoluna qeyd edilmiş və məhkəmə iclasının audio-video yazısında öz əksini tapmışdır. Cavabdeh birinci instansiyası məhkəməsində izahatında iddiaçıdan stomatoloji avadanlıqlar aldıqlarını, borcu hissə-hissə ödədiklərini, sonradan işlərinin pis getməsi səbəbindən borcun qalan hissəsini ödəyə bilmədiklərini, üzləşmə aktını imzaladığını və onlardan ayda 5-6 min ödənilməsi tələb edildiyindən borcu ödəyə bilmədiklərini etiraf etmişdir. Bundan başqa cavabdeh üzləşmə aktının imzalanmasından sonra 7 min pul ödədiyini bildirmiş, sübutların təqdim edilməsi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və bu məqsədlə məhkəmə iclası təxirə salınsa da cavabdeh tərəfindən ödənişləri təsdiq edən sübutlar birinci instansiyası məhkəməsinə təqdim edilməmişdir. İddiaçı isə üzləşmə aktının imzalanmasından sonra cavabdeh tərəfindən 4000 manat ödənildiyi etiraf edildiyindən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq üzləşmə aktında qalıq borc kimi göstərilmiş 35819 manatdan 4000 manat ödənilməsini qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir ki, iddiaçı tələbinin əsasını sübut etdiyi hada cavabdeh istinad etdiyi halları sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Bundan başqa apellyasiya şikayətinin dəlili kimi işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin bir məhkəmə iclasından başqa məhkəmə iclasında iştirak etmədiyi qeyd edilmişdir. Cavabdehin vəkili isə cavabdehin cəmi bir iclsda iştirak etdiyini bildirir və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmədiyi iddia olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə həm rəsmi məhkəmə bildirişi göndərilmiş, həm də “sms xəbərdarlıq” edilmiş və o, 14 avqust 2024, 02 sentyabr 2024-cü il tarixli məhkəmə iclaslarında iştirak etmiş, iştirakı həmin tarixli protokollarla rəsmiləşdirilmiş və məhkəmə iclaslarının audio-video yazısında əks olunmuşdur. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiyası məhkəməsinin mövqeyi isə əsaslı olmuş və birinci instansiyası məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında şifahi bağlanmış nisyə alğı-satqı müqaviləsindən yaranan öhdəlik münasibətləri formalaşmış, iddiaçı üzərinə düşən öhdəliyi icra etsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçıya 31819 manat borcu yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxarılmış qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1439/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-76/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-76/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver