Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-77/2023 06.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2107/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9529.53 manat əsas borc, 749.37 manat faiz borcu, 187.57 manat cərimə borcu olmaqla, cəmi 10466.47 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2107/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddiaın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit müqaviləsinin (razılaşmasının) ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit müqaviləsi (razılaşması) üzrə yaranmış 9529 manat 53 qəpik kredit borcu, 749 manat 37 qəpik məbləğində faiz borcu, 187 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 10466 manat 47 qəpik məbləğində borcunun və ödənilmiş 200 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 121 manat 40 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2107/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit müqaviləsi (razılaşması) üzrə yaranmış 9529 manat 53 qəpik kredit borcu, 749 manat 37 qəpik məbləğində faiz borcu, 187 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 10466 manat 47 qəpik məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh1 121 manat 40 qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi” hissəsində əsassız və qanunsuz olduğuna görə qətnamənin həmin hissədə ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 faizlə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyunun 10-dək Cavabdeh2nın Banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9529.53 manat əsas borc, 749.37 manat faiz borcu, 187.57 manat cərimə borcu olmaqla, ümumilikdə 10466.47 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasız və qanunsuzdur. O, kreditorun öhdəliklərinə görə zamin olsa da, kredit müqaviləsi üzrə borc və digər xərclər ondan tutula bilməz. Belə ki, o hal-hazırda işsizdir, Qarabağ müharibəsi veteranıdır. Digər tərəfdən isə iddia tələbi həqiqətə uyğun deyildir. Həmin məbləğ şişirdilmişdir. İş üzrə müvafiq ekspertizanın keçirilməsinə zərurət vardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Belə ki, iddia tələbi həqiqətə uyğun deyil və məhkəmə bunları nəzərə almamışdır. İddiaçı iddia tələbini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslı olmamasını, iddiaçı tərəfindən sübuta yetirilməməsini nəzərə almadan, iddiaçını bir tərəfl qaydada tərtib etdiyi arayışı sübut kimi qəbul edərək iddianı təmin etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit müqaviləsi (razılaşması) üzrə 9529 manat 53 qəpik kredit borcu, 749 manat 37 qəpik məbləğində faiz borcu, 187 manat 57 qəpik cərimə borcu iddiaçı tərəfindən düzgün hesablanmamışdır (həmin məbləğ daha az olmalıdır), həmin məbləğ həqiqətə uyğun deyil və məhkəmə müvafiq sübutlar olmadan həmin iddia tələbini tam təmin edərək həmin məbləğin digər cavabdehlə (kreditorla) yanaşı ondan da tutulması qət edilmişdir. Halbuki, müvafiq ekspertiza təyin edilməklə həqiqətə nail olmaq olardı. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlərdən Cavabdeh1 nümayəndə vasitəsilə təmsil olunsa da özü və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)- 2107/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddinın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı proses iştirakçılarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında Bank Xidmətlərini Göstərilməsi üzrə Standart Şərtlərə 4 nömrəli əlavə olaraq kredit limitinin arılmasına dair razılaşma bağlanmış, razılaşmaya əsasən aylıq faiz dərəcəsi 2,50% olmaqla 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında Bank Xidmətlərini Göstərilməsi üzrə Standart Şərtlərə 5 nömrəli əlavə olaraq kredit razılaşması bağlanmış, razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,92% оlmaqla 18 ay müddətinə hissəhissə qaytarmaq şərti ilə Cavabdeh2 biznes məqsədi ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Z/13506/21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 9529,53 manat məbləğində krеdit bоrcu, 749,37 manat məbləğində faiz bоrcu və 187,57 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10466,47 manat məbləğində bоrcunun olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASCdən illik 23 faizlə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il iyunun 10-dək Cavabdeh2nın Banka xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9529.53 manat əsas borc, 749.37 manat faiz borcu, 187.57 manat cərimə borcu olmaqla, ümumilikdə 10466.47 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında 14 dekabr 2021-ci il tarixdə Bank Xidmətlərini Göstərilməsi üzrə Standart Şərtlərə 4 nömrəli əlavə olaraq kredit limitinin ayılmasına dair kredit razılaşması bağlanmış, razılaşmaya əsasən aylıq faiz dərəcəsi 2,50% olmaqla 120 ay müddətinə 100000 manat kredit limiti ayrılmışdır. Həmin tarixdə tərəflər arasında Şərtlərə 5 nömrəli əlavə olaraq kredit razılaşması bağlanmış, razılaşmaya əsasən aylıq faiz dərəcəsi 1,92% оlmaqla 18 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə Cavabdeh2 biznes məqsədi ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçıya 9529 manat 53 qəpik kredit borcu, 749 manat 37 qəpik məbləğində faiz borcu, 187 manat 57 qəpik cərimə borcu vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti, kreditə hesablanmış faizləri və cərimə məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli 28-MCR-1-1295-21/1 saylı kredit müqaviləsi (razılaşması) ləğv edilməli, həmin kredit müqaviləsi (razılaşması) üzrə yaranmış 9529 manat 53 qəpik kredit borcu, 749 manat 37 qəpik məbləğində faiz borcu, 187 manat 57 qəpik cərimə borcu olmaqla, cəmi 10466 manat 47 qəpik məbləğində borc cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti borcalan tərəfindən yox, zamin tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, müqavilə şərtlərinə görə öhdəliyin icrası ilə bağlı zamin də əsas borclu ilə eyni dərəcədə, yəni müştərək məsuliyyət daşıyır. Ona görə də, məhkəmə iddia tələbini zaminə münasibətdə də təmin etməkdə haqlı olmuşdur. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməməsinə dair apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdən göründüyü kimi cavabdeh hansı ödənişinin nəzərə alınmaması, iddiaçı tərəfindən tələb olunan qalıq borcun hansı hissədə düzgün hesablanmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən cavabdeh borcalan birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etmiş və kredit borcunun məbləğini mübahisələndirməmişdir. Ona görə də kollegiya apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi, işə baxılmasının yubadılması üçün edilmiş cəhd kimi qiymətləndirir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-2107/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-77/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-77/2023
06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver