Məhkəmə qərarları › İş №2-2(104)-79/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-79/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-79/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-33/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 168229,17 manat əsas borc, 7545,55 manat faiz və 23,33 manat cərimə borcu olmaqla, ümumilikdə 175798,05 manat məbləğində borcun və 465,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351,8 m2 olan qeyri-yaşayış binasının və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binasının hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından illik 29%-lə 120 ay müddətinə 500000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2021-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Gəncə” filialından illik 15,5%-ə 36 ay müddətinə 230000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 2 saylı əlavəyə əsasən kreditin illik faiz dərəcəsi 14,5% dən 15,5%-ə qaldırılmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavə saziş 1ə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Borcun təminatı olaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binası 10-BİZ-1-0-06-21(İ) saylı, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binası 10-BİZ- 1-0-06-21(İ2) saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 6 dekabr 2023-cü il tarixədək Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka 168229,17 manat əsas, 7545,55 manat faiz və 233,26 manat cərimə borcu olmaqla ümumilikdə 176007,98 manat borcu vardır. Cavabdeh1 kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 233,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10%-i miqdarında olmaqla, yəni 23,33 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə sonuncu dəfə 24 dekabr 2024-cü il tarixdə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 168229,17 manat əsas borc, 33902,09 manat faiz və 21122,08 manat cərimə, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 4811,80 manat məblığində əldən çıxmış fayda olmaqla, ümumilikdə 228065,14 manat məbləğində borcun və 465,8 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351,8 m2 olan qeyri-yaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan, 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-33/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli 10-BİZ-1-0-05-21 (K) saylı kredit verilməsinə dair müqaviləyə əsasən yaranmış 168229 manat 17 qəpik əsas krеdit bоrcu, müqavilə müddətinə hesablanmış 7545 manat 55 qəpik faiz borcu, 5000 manat cərimə borcu, müqavilə müddəti bitdikdən sonra hesablanmış 4811 manat 80 qəpik faiz borcu olmaqla cəmi 185586 manat 52 qəpik borc, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 240 (iki yüz qırx) manat xidmət haqqı, ödənilmiş 465 (dörd yüz altmış beş) manat 80 (səksən) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasına və Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyriyaşayış binalarının açıq hərracdan satılması, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 351.8 m2 olan qeyri-yaşayış binasının ilkin satış qiymətinin 140000 (bir yüz qırx min) manat, Cavabdeh3 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 65,8 m2 olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 76000 (yetmiş altı min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlaklar satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, həmin qeyri-yaşayış binalarının satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 600 (altı yüz) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (M/h:AZ03NABZ********************, "xxxx" ASC-nin Abşeron filialı, Kod:805539, VÖEN: **********, S.W.İ.F.T.BİC:İBAZAZ2X, H/h: AZ52İBAZ********************) ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 9 (doqquz) manat 79 (yetmiş doqquz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 43 (qırx üç) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2115)-33/20255-saylı qətnaməsinin bütövlükdə ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq borc tam ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini bildirib apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdehin məhkəməyə ünvanlandığı ərizədən görünür ki, mübahisə üzrə pulu tam ödənildiyindən apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2115)-33/20255-saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikası MPM-in 369.1, 369.2 və 369.4-cü maddələrinə əsasən qəbul edilməli və apellyasiya icraatına apellyasiya şikayəti üzrə xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 369, 384, 400 və 404- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2115)-33/20255-saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına Cavabdeh1 apellyasiya şikayəti üzrə xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar