Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-80/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24503,40 manat əsas borcun, 3250,66 manat faiz borcunun, 899,58 manat cərimə borcu olmaqla, cəmi 28653,64 manat borcun və 200 manat ödənilmiş mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 1 may 2023-cü il tarixli MK/40989/91/29 saylı kredit sazişi üzrə yaranmış 24503 manat 40 qəpik kredit borcu, 3250 manat 66 qəpik faiz borcu və 899 manat 58 qəpik cərimə borcu olmaqla, cəmi 28653 (iyirmi səkkiz min altı yüz əlli üç) manat 64 (altmış dörd) qəpik məbləğində pul və ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcinin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada 175 (bir yüz yetmiş beş) manat 96 (doxsan alt) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, qətnamə isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-2(102)-106/2025 nömrəli qərardadı ilə (sədrlik edən R.Qurbanov, hakimlər Ə.Xıdırov, B.Məmmədli) Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 2(104)-161/2024 nömrəli qərardadı ilə (sədrlik edən-məruzəçi hakim Ş.Rzaquliyev, hakimlər L.Süleymanov və İ.Həsənov) Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 4 sentyabr tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iş üzrə digər Cavabdeh1 tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, qətnamənin ləğv olunması və iddianın rədd olunmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildirişdə (pretenziya məktubunda) Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən kredit müqaviləsinin ləğv edildiyi göstərilmişdir. Müqavilə ləğv olunduğundan sonra faiz hesablanması qanunsuz və əsassızdır. Hesab edirəm ki, faiz borcu xx.xx.2023-cü il tarixə hesablanmalıdır. Məhkəmə tərəfindən zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Ən azından xətşünaslıq ekspertizası təyin olunaraq rəy alınmalı idi. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi zəruridir. Ekspertiza qarşısında xx.xx.2023-cü il tarixə nə qədər əsas, faiz və cərimə borcunun olması ba arədə suallar qoyularaq hesablanmalıdır. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) apellyasiya şikayətini yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 403.1-ci maddəsinə əsasən Bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020 ci il tarixli Qərardadı: Bənd 25. Apelyasiya və kassasiyanın hədlərini tənzimləyən yuxarıda istinad edilən mülki prosessual hüquq normalarından və Konstitusiya Məhkəməsi Plenumunun apelyasiyanın və kassasiyanın hədləri ilə bağlı müəyyən etdiyi hüquqi mövqelərdən göründüyü kimi, prosessual doktrina məhkəmələrin qətnamənin yoxlanılmasını şikayəti verən şəxsə (in personum) münasibətdə deyil, mübahisələndirilən hissədə (in rem) həyata keçirilməsini müəyyən etmişdir. Bənd 26. Beləliklə, məhkəmə tərkibi həm prosessual qanunvericiliyin tələblərini, həm də həmin tələblərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, məhkəmə aktları şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissəyə münasibətdə yoxlanılmalıdır. Bənd 28. Məhkəmələr tərəfindən bu şəkildə təkrar yoxlamanın həyata keçirilməsi iş üzrə tərəflərin məhkəmə qərarlarından şikayət vermək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi ilə əsaslandırılır. Bənd 29. Məhkəmə tərkibi istinad edilən əsaslandırma ilə razılaşmayaraq, hesab edir ki qeyd edilən məsələ üzrə düzgün hüquqi yanaşmanın müəyyən edilməsi üçün ilk növbədə tərəflərin şikayət vermə hüquqları ilə hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsiplərinə və onların qarşılıqlı təsirinə aydınlıq gətirilməlidir. Bənd 41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Bənd 42. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Bənd 43. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Bənd 44. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Bənd 45. Nəzərə alınmalıdır ki, qeyri-mümkünlük haqqında qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət nəzərdə tutulduğundan, sonuncunun apelyasiya şikayətinin qeyri-mümkünlüyünün qanuniliyinə qiymət vermək imkanı olacaqdır. Belə ki, MPM-in 366.4 və 402-ci maddələrinə əsasən apelyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Qeyd olunanlardan müəyyən edilir ki, hazırki halda Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri artıq digər şikayət dəlilləri çərçivəsində yoxlanmış və Gəncə Apellyasiya Məhkəməsinin 4 sentyabr 2024-cü il tarixli, 2-2(104)-161/2024 nömrəli qətnaməsi ilə qiymət verilmişdir. Belə ki, ilkin apellyasiya icraatı zamanı əsas borclu olan cavabdehin şikayət dəlilləri hazırki cavabdehin şikayət dəlili kimi əsas borcun, faiz və cərimənin məbləği olmuş və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh3 adına olan hesabdan çıxarışdan görünür ki, o, 01 may 2023-cü il tarixli MK/40989/91/29 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə cəmi bir dəfə 955 manat miqdarında ödəniş etmiş, həmin vəsaitin 496,60 manat hissəsi əsas borcdan, 458,40 manat hissəi isə faiz borcuna silinmiş, bundan sonra cavabdeh tərəfindən hər hansı məbləğdə ödəniş edilməmişdir. Cavabdeh3 isə iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlili əsaslı sayıla bilməz. Hazırki şikayətdə olduğu kimi, ilkin şikayət üzrə apellyator mühasibatlıq ekspertizasının keçirilməsini arzu etsə də apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə borc məbləğinin dəqiqləşdirilməsi və nəticədə obyektiv qərar qəbul edilməsi üçün zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Belə ki, MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki iş üzrə apellyatorun şikayət dəlillərindən biridə “zaminlik müqaviləsinin etibarsızlığı ilə bağlı hər hansı araşdırmanın aparılmadığı və ən azından xətşünaslıq ekspertizası təyin olunaraq rəyin alına bilməsi olmuşdur. Apellyator zaminlik müqaviləsinin hansı səbəbdən etibarsız olmasını və hansı səbəbdən xətşünaslıq ekspertizasının tələb olunduğunu əısaslandırmamış və yalnız qeyd edilən ifadələri şikayətində qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, birinci apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 472 və 475-ci maddələrinə istinad edərək zaminliyə münasibət bildirmişdir. Bundan başqa iş materiallarından müəyyən edildiyi kimi, hazırki apellyator Cavabdeh1 və digər cavabdehlər apellyatorun qardaşı (əsas borclu) Cavabdeh3 və qardaşı arvadı (zamin) Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar və birinci instansiyasının məhkəmə aktı həmin ünvan üzrə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Eyni zamanda birinci instansiyası məhkəməsinin apellyatora ünvanladığı xx.xx.2024cü il tarixli müraciətindən müəyyən olunur ki, apellyatorun özünün bildirməsinə görə Bakı şəhərində yaşayır və qeydiyyat ünvanı üzrə məhkəmə sənədlərini qardaşının arvadı Cavabdeh2 almış və 1 ildir ki onunla münasibətləri pisdir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi hər bir şəxs yaşayış yeri üzrə qeydiyyata alınmalıdır ki, apellyastorun hansı tarixdən etibarən qeydiyyat ünvanı üzrə yaşamadığını müəyən etmək mümkün deyildir. Bundan başqa Mülki Prosessual Məcəllənin: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
140. Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilmiş və məhkəmənin rəsmi qaydada verilməli olan sənədləri o, cümlədən yekun məhkəmə aktı apellyatorun qeydiyyat ünvanı üzrə təqdim olunmuş və qanunvericiliyin tələblərinə əsasən rəsmi qaydada verilmiş hesab edilir. Apellyatorun qeydiyyat ünvanı üzrə yaşamaması və məhkəmə sənədlərini əldə edə bilməməsi ilə bağlı Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qeyd edilməlidir ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Şəxsin qeydiyyat ünvanı üzrə yaşamasının hüquqi nəticəsi isə eyni zamanda qeydiyyat ünvanı üzrə təqdim olunmuş məhkəmə aktından şikayət verilməsi müddətlərinin ötürülməsidir. Apellyatorun hazırki apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2024-ci il tarixdə bitmiş və cavabdeh apellyasiya şikayəti ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, prosessual müddətin bərpasına dair ərizə verməmiş və birinci instansiyası məhkəməsi apellyasiya şikayətini apellyasiya instansiyası məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh1 Gəncə Kommersiya Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti həm apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi, həm də artıq eyni dəlillərlə məhkəmə aktının qanuniliyinin yoxlanılması əsası ilə qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 403.1 və 408-ci və maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 aprel tarixli, e-2-2(115)-303/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.