Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-82/2023 10.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, vəkili Vəkil, Cavabdeh nümayəndələri X3 və X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsinin müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə Bozdağ ərazisində 21,23,24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsinə dair onunla 15 il müddətinə icarə müqaviləsini bağlamaq öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi veteranı olan həyat yoldaşı, hərbi polkovnik-leytenant X2 ordudan tərxis olunandan sonra Samux rayonunun «Bozdağ» ərazisində 400 hektar qış otlaq sahəsini icarəyə götürüb, qoyunçuluqla məşğul olurdu. Onun xx.xx.2003-cü il tarixdə baş vermiş ölümündən sonra Cavabdeh qoyunçuluq təsərrüfatının rəhbəri kimi onunla 400 ha torpaq sahəsinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2007-ci il tarixli 66 nömrəli sərəncam vermişdir. Həmin qış otlaq sahəsinə icarə hüququ Daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş hüquqların daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixli ********** nömrə ilə və xx.xx.2015-ci il tarixli ********** № ilə qeydiyyata alınmışdır. Hazırda onun həmin sahələrdə 393,6 kvm sahəli iri ferması vardır. Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə 15 il müddətinə bağladığı icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitir. Ona görə də hələ 2021-ci ilin dekabr ayında, yəni müqavilənin müddəti bitməmiş o Cavabdeh başçısına icarə müqaviləsini təzələmək barədə rəsmi ərizə vermişdir. Başçının müavini xx.xx.2022-ci il tarixli 66 nömrəli məktubla ərizəsinə baxılacağını bildirsə də müqavilə müddəti bitməsinə baxmayaraq icarə müqaviləsini təzələmək istəmirlər. Ona verilən rəsmi cavablar faktiki olaraq müqaviləni təzələməkdən imtina etməkdir. Belə ki, xx.xx.2022-ci il tarixli, 409 nömrəli məktubda İcra Hakimiyyəti başçısının müavini bildirir ki, respublika prezidenti cənab İlham Əliyev ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. Halbuki respublika prezidentinin fərman və sərəncamları konkret olur, cənab İlham Əliyev “Bozdağ” massivindəki qış otlaq sahəsinin əkin yerinə çevriləsinə dair dair fərman və ya sərəncam versəydi, əvvəla, bunu hamı bilərdi, ikincisi, Azərbaycan Respublikası Baş Naziri səlahiyyətinə uyğun olaraq mütləq müvafiq qərarla torpağın kateqoriyasını dəyişdirərdi. İcra hakimiyyəti başçısının müavininin cavabını qənaətbəxş saymayıb, o, yenidən Cavabdehnə müraciət etmişdir. Aldığı xx.xx.2022-ci il tarixli 505 №-li cavabda yenə konkret olmayan sözlərlə bildirilmişdir ki, “...heyvandarlıqla məşğul olmaq üçün ona rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur”. Belə cavab ya cavabsızlıqdır, ya da yeni müqavilə bağlamaqdan imtinadır. Belə cavablar ona bu iddia ilə ona məhkəməyə müraciət etmək hüququ verir, ələlxüsus ona görə ki, icarəsində olan qış otlaq sahəsi boşdur, necə istifadə edirdisə, eləcə də istifadə edir, sahənin təyinatı dəyişdirilməmiş və həmin sahədə böyük ferması var. Əgər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlarda onun icarədə olan qış otlaq sahəsinə dair nə isə bildirsəydi, torpağın təyinatı dəyişdirilsəydi, etirazı olmazdı. Bu məsələ Azərbaycan Respublikası Baş Nazirinin səlahiyyətində olan məsələdir. Torpağın təyinatı dəyişdirilməyibsə torpaq geri alınmayıbsa, sahibkarı başdan etmək üçün yalandan ölkə prezidentinin vermədliyi, yəni mövcud olmayan fərman və sərəncamlara istinad etmək, sahibkarı başdan etməkdir. Onun qoyunçuluq məşğuliyyəti dövlətə və xalqa xeyir verən məşğuliyyətdir. Həm dövlətə vergi ödəyir, həm ət və süd məhsulları istehsal edib, bolluq yaradır, həm də işsizlik mühitində xeyli ailəni işlə, dolanışıqla təmin edir. Bir başqası gəlib həmin qış otlaq sahəsində həmin fəaliyyətlə məşğul olarsa, xalqa ondan çox xeyir verəsi deyil. Digər tərəfdən onun həmin ərazidəki mülkiyyəti, yəni iri ferması var. Ərazidən gedəsi olsa qanuna görə onun fermanın dəyərini icarəyəverən, yəni dövlət ödəməyə borcludur. O zaman dövlət boş yerdən ziyana düşməlidir. Odur ki, yeni icarə müqaviləsini onunla bağlamaq (müqaviləni təzələmək) həm dövlətə xeyirdir, həm də qanunidir, onun icarəçi hüququnun təmin edlilməsidir. İcarə müqaviləsinin müddətinin bitməsindən 1 aydan artıq vaxt keçir. “İcarə haqqında” qanunun 13.4 və 13.5-ci maddələrinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. “Torpaq icarəsi haqqında” qanunun 17- ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların məqsədli təyinatı torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. İcarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Qeyd edir ki, cavabdeh nə onu müqavilənin pozulması haqqında xəbərdar etmiş, nə də müqaviləni pozmamışdır. Verdiyi cavablar isə başdan edən olmaqla, qanuna ziddir. Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi rədd edilmişdir. İşdə olan sübutlar: İş materiallarında olan tərəflər arasında bağlanmış 27 aprel 2007-ci il tarixli, 06 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh Bozdağ ərazisində 21, 23, 24 və 25ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsini qoyunçuluqla məşğul olmaq üçün 15 il müddətinə icarəçi İddiaçı icarəyə vermişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 409 №-li məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin taxıl idxalından asılılığını və eyni zamanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair imzaladığı fərman və sərəncamlara uyğun olaraq rayonun “Bozdağ” massivindəki qış otlaq sahələrindən 2000 ha torpaq sahəsi iri taxılçılıq təsərrüfatının və heyvandarlıq kompleksinin yaradılması üçün nəzərdə tutulmuşdur. Buna görə də “Bozdağ” massivindəki qış otlaq sahələrindən heyvandarlıqla məşğul olmaq üçün digər torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh Başçısının 25 aprel 2019-cu il tarixli 47 nömrəli Sərəncamından çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ii 6 dekabr tarixli 1138 saylı Fərmanı ilə edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair "X12"sinə uyğun olaraq, taxıl sahələrinin genişləndirilməsi və bitkiçiliyin inkişafı ilə əlaqədar, "Boz dağ" massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən "xxxx" MMCyə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılmasının məqsədə müvafiq hesab edilməsi ilə əlaqədar olaraq "Boz dağ" massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış-otlaq sahələrindən ‘VEST MİLK" MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1979,51 hektar örüş sahəsindən 1979,51 hektarının təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetindən xahiş edilməsi, X9 kateqoriyasına keçirilməsi nəzərdə tutulan 1979,51 hektar torpaq sahəsinin suvarılması, mütərəqqi irriqasiya sistemləri və suvarma şəbəkəsi yaradılmaqla, qabaqcıl aqrotexniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulması, hazırlanmış layihə smeta sənədlərinə uyğun olaraq, sözü gedən ərazilərə aidiyyəti nazirliklərdən rəylərin alınması təmin edilməsi, Sərəncamın icrasına nəzarət İcra Hakimiyyəti başçısının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Q. Əliyevə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və X13 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 oktyabr 2016-cı il tarixli 537s nömrəli sərəncamın icrası olaraq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış «Samux rayonunda əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulan torpaq sahəsinə suvarma suyunun verilməsi» işçi layihəsinə əsasən su mənbəyi Şəmkir maşın kanalı müəyyən edilmişdir. Suqəbul edici qurğu vasitəsi ilə 0,65 kbm/san miqdarda su öz axını ilə dametri 800 mm olan şüşə lifli «Azkompozit» boru kəməri vasitəsi ilə layihədə nəzərdə tutulan həcmi 1000 kbm olan hovuza verilir. Mütəxəssislərin hesablamalarına görə boru kəməri axını ilə hovuza nəql etdirilməsində və qeyd olunan edilməsində hər hansı bir çətinlik olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Ekplogiya və Təbii Sərvətlər Nazirliyi, qeyd olunan 1979,51 ha torpaq sahəsinin əkin üçün əlverişli relyef-iqlim şəraitinə malik olmasını və suvarma suyu ilə təminatı imkanlarının mövcudluğunu, həmçinin, əkin məqsədilə istifadəsinin kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, aqrar sektorun inkişafına xidmət edəcəyini nəzərə alaraq, həmin 1979,51 ha örüş sahəsinin təyinatı və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə ekoloji baxımdan etirazı olmadığını bildirir. Eyni zamanda bildirilir ki, torpaq sahəsi təyinatı üzrə istifadə olunmalı, torpağın münbitliyinin itirilməsinə səbəb olan hallara yol verilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bır kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 3.1-d və 3.2-ci bəndlərinə əsasən təyinatının və kateqoriyasının dəyişdirilməsi nəzərdə tutulan torpaq sahələrinə aid zəruri məlumatların və sənədlərin təqdim olunduğunu, o cümlədən sözügedən ərazilərin əkinə yararlılığını və suvarma şəbəkəsi ilə təmin edildiyini, habelə qeyd olunan məsələnin “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair X6 əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsinə dair məsələlərin icrasına xidmət edəcəyini nəzərə alaraq “Boz Dağ” massivində yerləşən 15h, 18h, 22h, 23h, 24h və 25h saylı qış otlağı sahələrinin (ümumilikdə 1979,51 hektar torpaq (örüş) sahəsi) heyvandarlığın inkişaf etdirilməsi, yem bazasının təmin edilməsində istifadə edilməsi şərti İlə təyinatının və kateqoriyasının dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsinə etiraz edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Agentliyi tərəfindən Cavabdehnə ünvanlanan məktubun surətindən görünür ki, təyinatının dəyişdirilməsi təklif olunan 1979,51 ha torpaq sahəsində nəzərdə tutulmuş əkin fəaliyyəti X4sının obyektinə aid edilmədiyindən, həmin sahənin qeyd olunan məqsədlə istifadəsinə dair X4sı rəyinin bildirilməsi imkan xaricindədir. Sözügedən 1979,51 ha torpaq sahəsinin bitkiçiliyin inkişafı, taxıl əkinlərinin genişləndirilməsi məqsədilə təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsinə X4sı rəyinin əlavə olunması zərurətinin olmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanlanan 25 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, Samux rayonunda iri taxılçılıq, yemçilik və heyvandarlıq komplekslərinin yaradılması üçün "Boz dağ" massivində yerləşən qış-otlaq sahələrindən 1979,51 hektar örüş sahəsinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Apellyasiya məhkəməsində icraat: Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mərhum həyat yoldaşına “Bozdağ” ərazisində 400 ha icarəyə qış otlaq sahəsi verilmiş və qoyunçuluqla məşğul olmuşdur. Onun vəfatından sonra İH xx.xx.2007-ci il tarixli 66 nömrəli sərəncamla qoyunçuluq təsərrüfatının rəhbəri kimi onunla icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsinə onunla icarə müqaviləsi bağlanmış, onun icarə hüququ dövlət reyetrində xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli çıxarışla qeydə alınmışdır. Hazırda həmin sahələrdə 393.6 kvm sahəli iri ferması vardır. İcarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixli bitmişdir. 2021-ci il in dekabrindan isə o Cavabdehnə müraciət edərək müqavilənini yenidən bağlanması barədə müarciət etmiş, lakin bundan imtina edilmişdir. “Bozdağ” ərazisi böyük olmaqla orada çox sayda icarəçi vardır. Sözügedən 1979.51 ha torpaq sahəsinin harada olması, hansı icarəçinin torpağına düşməsi bilinməsə də, köhnə icarəçilərdən azad olmaq üçün harada olması bilinməyən 1979,51 ha torpaq sahəsinin təyinatının dəyişdiriləcəyi manipulyasiya edilir. Məhkəmənin qətanməsini əsaslandırdığı sübutların məzmunundan görünür ki, “Bozdağ” qış otlaq sahəsinin 1979,51 ha hektarında heyvandarlıq kompleksi yaratmaq üçün torpağın təyinatının dəyişdirilməsini istəyir. Cavabdeh bu barədə xx.xx.2019-cu il tarixli 47 nömrəli sərancamından 5 ilə yaxın vaxt keçir. Əgər sərəncam süni olmasaydı bu müddətdə hansı icarəçinin sahəsinə düşməsi müəyyən edilərdi. Məhkəmə qətnaməsində istinad etdiyi normaların heç bir əsası yoxdur. Belə ki, işə aidiyyəti olmayan maddi hüquq normalarına istinad etmişdir. Belə ki, məhkəmənin istinad etdiyi Mülki Məcəllənini 39.3-cu maddəsinə istinad etməsi əsassızdır. Belə ki, onun tələbi yalnız iradədən deyil, qanundan irəli gəlir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, “torpaq icarə müqaviləsinin müddəti bitdiyindən və icarəyə verən tərəfindən yenidən qəbul edilmədiyindən icarə müqaviləsinin müddətinin uzadılması barədə iddiası təmin edilə bilməz” Bu sözlərdən sonra məhkəmə cavabdehin haqlı olmasını təsdiq edən bir dənə də sübut təqdim etməmişdir. Təqdim edilmiş sübutlar tam əsassızdır. Məhkəmə həmuin yalan yazıları sübut kimi qiymətləndirmişdir. Apellyasiya şikayətinə etiraz: Cavavbdeh Cavabdeh iddiaçının apellyasiya şikayətinə etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2021/2022 nömrəli qətnaməsi ədalətlidir, iş hər tərəfli araşdırılaraq düzgün qərar çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.3-cü maddəsində əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 720.1-ci maddəsinə əsasən icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda yəni, müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə və torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə tələb edə bilər. Mülki Məcəllənin 720.3 və 720.3.4-cü maddələrinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda, icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Torpaq icarəsi müqaviləsinin müddəti bitdiyindən və icarə müqaviləsinin müddətinin uzadılmasi barədə icarəçinin təklifi icarəyə verən tərəfindən qəbul edilmədiyindən məhkəmə icarə muqaviləsinin uzadilması barədə icarəcinin tələbini təmin etməməkdə haqlıdır. İşə əlavə olunan sənədlərdən də göründüyü kimi mübahisə olunan torpaq sahəsinin yerləşdiyi həmin ərazidə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ve emalına dair taxıl sahələrinin genişləndirilməsi məqsədilə 1919.51 ha otlaq sahəsinin təyinatının dəyişdirilərək əkin dövriyyəsinə qatılması üçün Nazirlər Kabineti və mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmişdir. Torpaq sahəsinin təyinatı dəyişdirildiyi zaman həmin ərazilər əkin dövriyyəsinə qatılacaqdır. Hazırda müvafiq sənədləşmə işləri aparılır. İddiaçı tərəfindən qanunvericilikdə tələb olunan sənədlər təqdim edilərsə aidiyyəti dövlət qurumları qarşısında digər təklif olunan ərazidə onunla icarə muqaviləsinin bağanılması üçün müvafiq rəylərin alınması müraciət edilə bilər. Yuxarida qeyd olunanlari nəzərə alaraq apellyasiya sikayətinin təmin edilməməsini xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayəti müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 etirazın məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin əsassız olduğunu, buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. 720.3. İcarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilməz: 720.3.3. müəssisənin icarəsi, müəssisə yaradılmasına kömək göstərən əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi haqqında müqavilə azı 18 il müddətinə, digər torpaq sahələrinin icarəsi haqqında müqavilə azı 12 il müddətinə bağlandıqda; 720.3.4. icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 719.1 və 720.3.4-cü maddəsini tətbiq etməklə iddianı rədd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 27 aprel 2007-ci il tarixli, 06 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh Bozdağ ərazisində 21, 23, 24 və 25-ci sahələrdə yerləşən 400 ha qış otlaq sahəsini qoyunçuluqla məşğul olmaq üçün 15 il müddətinə icarəçi İddiaçı icarəyə vermiş və icarə müqaviləsinin müddəti 27 aprel 2022-ci il tarixdə bitmişdir. İcarəyə verən Cavabdeh icarə müqaviləsinin bağlanmasından imtina etmişdir ki, imtinasını, dövlət vəzifələrinin icrası ilə əlaqədar icarəyə verilmiş ərazinin təyinatının dəyişdirilərək əkin məqsədilə istifadə edilməsi niyyəti ilə əsaslandırmışdır. Cavabdeh bu niyyətinin real olması iş materialları ilə sübut olunmuşdur. Belə ki, cavadbeh bu məqsədlə aidiyyəti dövlət orqanlarını və təşkilatlara müraciət edərək, müvafiq rəylər əldə etmiş və 25 avqust 2020-ci il tarixli məktubla örüş sahəsinin təyinatının dəyişdirilərək əkinçilik üçün istifadə edilməsi məqsədilə müvafiq qərarın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir. Cavabdehin müqavilənin müddətinin uzadılmasından bu əsasla imtinası Mülki Məcəllənin 720.3.4-cü maddəsinin tələbinə uyğun olmaqla, qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 720.3.4-cü maddəsinin tələbinə əsasən icarəyə verən müvəqqəti icarəyə verdiyi torpağı yenidən öz istifadəsinə almaq və ya ondan qanunla müəyyənləşdirilmiş və ya digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün istifadə etmək niyyətində olduqda icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 720.3.3-cü maddəsinin tələbinə görə isə müəssisənin icarəsi, müəssisə yaradılmasına kömək göstərən əlavə torpaq sahələrinin icarəsi və ya icarəçinin becərdiyi bataqlıq torpaqlarının və xam yerlərin icarəsi haqqında müqavilə azı 18 il müddətinə, digər torpaq sahələrinin icarəsi haqqında müqavilə azı 12 il müddətinə bağlandıqda icarəçi torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilməz. Hazırkı işin hallarına görə isə icarə müqaviləsi 15 il müddətinə bağlanmışdır ki, Mülki Məcəllənin 720.3.3-cü maddəsinin ikinci cümləsinin tələbinə əsasən icarəçi ilə bağlanmış müqavilənin müddəti 12 ildən artıq olduğundan və icarəyə verən müqavilənin uzadılmasından imtina etdiyindən iddiaçı olan icarəçinin müqavilənin müddətinin uzadılmasını tələb etmək hüququ da istisna olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli və Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2021/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2021/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-82/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-82/2023
10.03.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver