Məhkəmə qərarları › İş №2-2(104)-83/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-83/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-83/2024 22.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1289/2023 saylı qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1289/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh3 (miras payı həcmində) 6000 manat əsas borc, 1087,22 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 7287,22 manat borc və 110 manat mediasiya xərcinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh3 92.87 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1289/2023 saylı qətnaməsinin qismən – iddia tələbinin zaminlər Cavabdeh1 Adışırın oğluna və Cavabdeh2 qarşı təmin edilməməsinə dair hissədə ləğv edilərək həmin hissədə də tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 6000 manat məbləğində kredit bоrcu, 1087.22 manat məbləğində faiz bоrcu və 885.6 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 7972,82 manat məbləğində bоrcun və ödənilmiş 110 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağayev Rəşid Məhəmməd oğlu İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 6000 manat məbləğində kredit bоrcu qalmışdır. xx.xx.2023-cü il tarixə 418 gün üçün hesablanmış faiz borcu 1087.22 manat, cərimə isə 885.6 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Ağayev Rəşid Məhəmməd oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. İş materiallarına əlavə edilmiş MAPS arayışından borclu Ağayev Rəşid Məhəmməd oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********51 saylı məktubuna əsasən, Bərdə rayonu, Cumalar kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.08 ha həyətyanı torpaq sahəsi Ağayev Rəşid Məhəmməd oğlunun adına qeydiyyata alınmışdır. Bununla bağlı, Bərdə rayon İcra Hakimiyyətinə sorğu verilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-ci il tarixli 3/211 saylı məktubuna əsasən məlum olmuşdur ki, X4 Məhəmməd oğlunun mülkiyyətində olan Bərdə rayonu, Cumalar kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.08 ha həyətyanı torpaq sahəsi halhazırda oğlu Cavabdeh3 tərəfindən istifadə edilir. Belə ki, adları qeyd edilən şəxslər sözügedən torpaq sahələrindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən Ağayev Rəşid Məhəmməd oğlu X4 Məhəmməd oğlunun faktiki vərəsələri hesab edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassızdır. Belə ki, hazırkı mülki işin hallarından məlum olduğu kimi, Cavabdeh1 Adışırınoğlu və Cavabdeh2ilə İddiaçı QSC arasında zaminlik müqavilələri xx.xx.2021-ci ildə bağlanmışvə həmin müqavilə üzrə zaminlik öhdəliyinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixinəkimi müəyyən edilmişdir. Belə ki, istinad olunan zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və Kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir”. İş materiallarına əlavə edilmiş kredit müqaviləsindən göründüyü kimi, İddiaçı QSC ilə cavabdeh Ağayev Rəşid Məhəmməd oğlu arasında xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə son icra tarixi xx.xx.2022-ci il tarixi müəyyən edilmişdir. Zaminlik müqaviləsinin 4.1-ci maddəsi ilə zaminlik öhdəliyinin qüvvədə olma tarixi xx.xx.2025-ci il tarixinə kimi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2021-ci il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə son icra tarixi xx.xx.2022-ci il tarixinə kimi müəyyən edilmişdir. Həmin müddət ərzində isə zaminlik öhdəliyi qüvvədə olmuşdur və zaminlik müqaviləsinin 4.1-ci bəndi ilə razılaşdırılmış müddət çərçivəsində idi. Yəni Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş zaminlərə qarşı iddia müddətinin ötürülməsi halları baş verməmişdir Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasınımn iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Zaminə münasibətdə iddianı təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə zaminlər Cavabdeh1 Adışırın oğluna və Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, zaminlik müqavilələrinə əsasən onlar, 19 aprel 2021-ci il tarixli, 025A********** nömrəli kredit müqaviləsi üzrə borclu Ağayev Rəşid Məhəmməd oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra edilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər və zaminlik müqavilələrində kreditin qaytarılması müddəti 12 ay qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin müddətin son günü 19 aprel 2022-ci il tarixə təsadüf edir. İddiaçı 30 avqust 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi verən vaxt artıq onun zaminlərə qarşı tələb irəli sürmək hüququ olmamışdır. Buna görə mülki qanunvericiliyin tələblərinə əsasən zaminliyə xitam verilmiş və ona görə də zaminə qarşı yönəlmiş iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 025A********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Ağayev Rəşid Məhəmməd oğluna aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 12 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağayev Rəşid Məhəmməd oğlunun adına Bərdə rayonu, Cumalar kəndində 3 nəfər ailə üvü ilə birlikdə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ********** nömrəli qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə və Bərdə rayonu, Cumalar kəndində 3 nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı torpaq sahəsi JN-18 A torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeydiyyata alınmışdır. X4 Məhəmməd oğlunun adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak (digər daşınmaz əmlak) aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 Məhəmməd oğlunun adına olan Bərdə rayonu, Cumalar kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Bərdə rayonu, Cumalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi hal-hazırda faktiki olaraq oğlu Cavabdeh3 istifadəsindədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər yaranmış borcla bağlı xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 110 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Ağayev Rəşid Məhəmməd oğlunun xx.xx.2021-ci il tarixli 025A********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka olan borcu 6000 manat əsas borc, 1087,22 manat faiz borcu, 885,6 manat cərimə borcu təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağayev Rəşid Məhəmməd oğlu İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 6000 manat məbləğində kredit bоrcu qalmışdır. xx.xx.2023-cü il tarixə 418 gün üçün hesablanmış faiz borcu 1087.22 manat, cərimə isə 885.6 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Ağayev Rəşid Məhəmməd oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Ağayev Rəşid Məhəmməd oğlu 24 may 2021-ci il tarixdə öldüyünə görə onun qanun üzrə vərəsələri prosessual hüquq varisliyi qaydasında işə cəlb edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********51 saylı məktubuna əsasən, Bərdə rayonu, Cumalar kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.08 ha həyətyanı torpaq sahəsi Ağayev Rəşid Məhəmməd oğlunun adına qeydiyyata alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2023-ci il tarixli 3/211 saylı məktubuna əsasən X4 Məhəmməd oğlunun mülkiyyətində olan Bərdə rayonu, Cumalar kəndində 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.08 ha həyətyanı torpaq sahəsi hal-hazırda oğlu Cavabdeh3 tərəfindən istifadə edilir, yəni Ağayev Rəşid Məhəmməd oğlunun ölümündən sonra qalmış mirası faktiki qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qanunvericilyin qeyd olunan tələbindən də göründüyü kimi zaminlər də kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsas borc və əsas borca hesablanmış cərimə hissəsində əsas borclu ilə yanaşı zaminlərə münasibətdə də tam təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminlik müqaviləsi ilə bağlı qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. və 477.0.4. maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Birinci instansiya məhkəməsinin iddia tələbinin zaminə aid hissədə təmin edilməli olmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, 19 aprel 2021-ci il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İşdən göründüyü kimi iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə 30 avqust 2023-cü il tarixdə, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2022-ci il tarixdən 01 il 04 ay 11 gün sonra müraciət etmişdir ki, bu da müddətin ötürülməsi hesab edilə bilməz. Ona görə ki, iddia müddətinin axımı müqavilə müddəti bitdikdən sonra 3 il müddətində qüvvədədir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlərin öhdəliyinə xitam verilmiş hesab edilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, kollegiya apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, qeyd olunan kredit müqaviləsi üzrə yaranmış kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1289/2023 saylı qətnaməsi qismən – iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6000 manat əsas borc, 1087,22 manat faiz borcu və 200 manat cərimə olmaqla, cəmi 7287,22 manat borc və 110 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar