Məhkəmə qərarları › İş №2-2(104)-83/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-83/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-83/2025 21.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2-2(115)-913/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 017L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2021-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə iddiaçıya 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. xx.xx.2021-ci il tarixli 017S**********01 saylı zaminlik müqaviləsinə əsasən, borclunun redit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün zamin Cavabdeh2 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazmınca icra etmədiyindən iddiaçı xx.xx.2024cü il tarixli məktubla cavabdehlərə müraciət edərək krdit müqaviləsinin ləğv edilməsini təklif etmiş və 21552.03 manat məbləğində krеdit bоrcu, 4074.95 manat məbləğində faiz bоrcu və 1625.04 manat məbləğində cərimə borcunun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 9/5143 saylı rəyinə əsasən, Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 21582,13 manat, faiz borcu 4910,12 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada iddiaçının - 017R********** saylı krеdit razılaşması üzrə 21552.03 manat məbləğində krеdit bоrcu, 4074.95 manat məbləğində faiz bоrcu və 1625.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27252.02 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 171.76 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 8447.97 manat ödəmiş, onun 21552.03 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 407 gün üçün hesablanmış faiz borcu 4074.95 manat təşkil edir. xx.xx.2024-cü il tarixə 407 gün üçün hеsablanmış cərimə 1625.04 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2-2(115)-913/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 21552,03 manat məbləğində krеdit bоrcu, 4074,95 manat məbləğində faiz bоrcu və 100 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 25726,98 manat məbləğində bоrc və 167,18 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi, ödənilmiş 4,58 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə aid edilməsi, 100 manat ekspertiza xərci cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, borc alan Cavabdeh1 21552,03 manat məbləğində krеdit bоrcu, 4074,95 manat məbləğində faiz bоrcunun olduğu təsdiq edilir. Eyni zamanda zamin Cavabdeh2 borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyündən və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığından iddiaçı həmin məbləğdə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilərək alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2024-cü il tarixli 9/5143 saylı rəyində göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 21582,13 manat, faiz borcu 4910,12 manat təşkil edir. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin müəyyən olunan əsas borcu və faiz borcunun məbləği iddia tələbi üzrə əsas borc və faiz borcundan daha çoxdur. Bununla belə iddiaçı iddia tələbinin artırılması ilə bağlı məhkəməyə ərizə vermədiyindən və tələb olduğu kimi qaldığından məhkəmə hesab edir ki, iddia ərizəsində tələb olunan əsas borc və faiz borcu cavabdehlərdən tutulmalıdır. Birinci instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 442, 443.1, 445.1 və 449-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iclasından xəbəri olmamış, bildiriş və qətnamə ona gəlməmişdir. Bundan sonra icra məmuru ona zəng etdikdə məlum olmuşdur ki, məhkəmə qətnaməsi çıxarılmışdır. xx.xx.2025-ci il tarixdə asan imzanı aktivləşdirdi və həmin qətnaməni asan imza vasitəsi ilə əldə olunmuşdur. Qeyd edir ki, ümumiyyətlə qətnamə ona rəsmi qaydada catmamış və asan-imza da, qətnamə yerləşdirildiyi məlum deyil. Məhkəmənin nəzərinə çatdırır ki, o, hazırda banka 2000 manat pul vəsaiti ödəyib, bank çıxarışında həmin vəsaiti məhkəməyə bilərək təqdim etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri İddiaçının nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksya). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirsə də əslində o, tutulan məbləği mübahisələndirir və qətnamə ilə rdd olunan hissədə qətnamə onun xeyrinə olduğundan mübahsiələndirilə biılməz. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı maddi və prosessual hüquq normalarına düzgün istinad etsə də cavabdehlərdən tutulacaq əsas borca münasibətdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017L**********76 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 017R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəniş planına əsasən aylıq ödənilməli kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Digər cavabdeh olan zamin xx.xx.2021-ci il tarixli 017S**********01 saylı zaminlik müqaviləsi ilə borclunun öhdəliyinin icra olunmaması vəziyyətinə dair öhdəliyi üzərinə götürdüyündən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi borcun cavabdehlərdən müştərək qaydada tutulmasına dair mövqeyi qanuni olmuşdur. Bundan başqa borcun məbləği ilə bağlı qeyd ediləməlidir ki, birinci instansiyası məhkəməsi iuş üzrə müvafiq ekspertiza təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 21582,13 manat, faiz borcu 4910,12 manat təşkil edir. Göründüyü kimi cavabdehin ekspert tərəfindən müəyyən edilmiş kredit borcu cavabdehin tələb etdiyi məbləğdən artıq olmuş və birinci instansiyası məhkəməsi tələb üzrə qətnamə qəbul etsə də əsas kredit borcuna münasibətdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı birinci instansiyası məhkəməsinin qətnaməsi qəbul edilməzdən öncə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək əsas borca münasibətdə iddia həcmini azaltmış və cavabdehlərdən 19388,04 manat əsas borcun tutulmasını xahiş etmiş və bunu təsdiq edən maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş qəbzlərdə müəyyən olunur ki, əsas borclu olan cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 1164 manat, xx.xx.2024-cü il tarixdə 514 manat, xx.xx.2024-cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 105 manat olmaqla ümimilikdə iddiaçıya 2183 manat borc ödənilmişdir. Cavabdeh apellyasiya şikayətinin digər dəlili kimi birinci instansiya məhkəməsi tərəfindən işə baxlarkən cavabdehin iştirakının təmin olunmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə sms xəbərdarlıq ünvanlanmış, habelə iş üzrə təyin olunan ekspertiza ilə bağlı qərardad da poçt ünvanına çatdırılmışdır. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş və izahatında ödənişlər etdiyini bildirdirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, apellyatorun məhkəmə icraatı barədə məlumatının olmamasına dair dəlilləri əsassız olmuş və o, qeyd olunan ödəniş qəbzlərini məhkəməyə təqdim etmək iqtidarında olsa da həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh ödəniş qəbzlərini məhkəməyə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərini sübut qismində qəbuıl etmiş və iddia həcminin azaldırılması barədə ərizəyə uyğun mübahisənin həll olunmasını düzgün hesab edir. Birinci instansiyası məhkəməsi iddia həcminin azaldılması barədə iddiaçının müraciətinə münasibət bildirməmiş və ilkin tələb üzrə əsas borcu cavabdehlərdən tutmaqda haqlı olmamışdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsinin mübahisə predmeti olan qətnaməsi cavabdehlərdən 21552,03 manat əsas borcun tutulması hissəsində düzgün nəticəyə gəlmədiyindən qətnamə həmin hissədə dəyidirilərək cavabdehlərdən müştərək qaydada 19388,04 manat tutulmalıdır. Dəbbə pulunun tutulması ilə bağlı qeyd edilməlidir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kredit müqaviləsinin bağlandığı 2021-ci ildə qüvvədə olan Mülki Məcəlləsinin 462-ci maddəsinin tələblərindən çıxış edən məhkəmə qeyd edir ki, tərəflər, aralarında bağlanmış kredit müqaviləsinin 4.2.2-ci bəndində kredit qalığının 0,1 faizi məbləğində dəbbə pulunun ödənilməsi ilə bağlı razılaşmışlar. Əsas kredit borcunun 19388,04 manat olması nəzərə alındıqda dəbbə pulunun məbləği birinci instansiyası məhkəməsi tərəfindən təmin edilən 100 manat dəbbə pulundan çox təşkil edir ki, cavabdehin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri əsasssızdır. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən qanuni, əsaslı və işin hallarına uyğun olmuş, apellyasiya şikayətinin dəlilləri isə qismən əsaslı olmuşdur. Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borc məbləği hissəsində dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, iddiaçı və digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş və iddiaçıya münasibətdə hazırki qətnamə ilə dəyişdirilən məbləğ 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-913/2024 saylı qətnaməsi tutulan əsas borc məbləğinə münasibətdə dəyişdirilərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19388,04 manat krеdit bоrcu, 4074,95 manat məbləğində faiz bоrcu və 100 manat məbləğində cərimə olmaqla, cəmi 23562,99 manat məbləğində bоrc tutularaq iddiaçıya ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh1 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar