Məhkəmə qərarları › İş №2-2(104)-84/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-84/2023

28.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-84/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli,e- 2-2(115)-51/2022 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 326184 manat 60 qəpik borcun abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Dahah sonra iddiaçıiddia tələbinin həcminin artıraraq, cavabdeh tərəfindən hesablanmış 326.184 manat 60 qəpik borcun abunə hesabından silinməsi və cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 610000 manat məbləğində dəymiş maddi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-51/2022 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 610000 manat məbləğində dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi tələbi ayrı icraata ayrılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqı barədə müqaviləyə əsasən Şəmkir rayonu Keçili kəndi ərazəsində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qazla təhciz olunmuşdu. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq şişirdilməklə 326.184.60 manat borc hesablanmışdı. Bundan başqa onunla bağlanmış qazın alqı-satqı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişlər. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturaların ona təqdim etməmişlər. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməliydi. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübut təqdim etməliydi. Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli e-2-2(115)-51/2022 nömrəli qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir. İşdə olan sübutlar: xx.xx.2019-cu il tarixli AMX-6119/19 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, qaz paylayıcısı olaraq “Azəriqaz” İB istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı X2 abonent saldosundan görünür ki, abonentin 2021-ci il may ayına 326.184.60 manat debitor borcu qeyd edilmişdir. xx.xx.2019-cu il tarixinədək olan borc məbləği 113.952,20 manat təşkil etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(115)- 599/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 147716 manat 60 qəpik məbləğində borcun cavabdeh X1 iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(102)-441/2021 saylı qərarından görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdehlər Mirzəyev Əhməd Məhəmməd oğluna və X3 qarşı borcun tutulması tələbinə dair mlüki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 22(104)-96/20 saylı qətnaməsindən Mirzəyev Əhməd Məhəmməd oğlu tərəfindən verilımiş kassasiya şikayəti təmin edilməmiş, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilərək, Gəncə Apelyasiya Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli 22(104)-96/20 saylı qətnaməsi ləğv edilmiş, müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manat, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc, ümumilikdə 113.952,20 manat vəsait cavabdehdən tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(102)-441/2021 saylı icra vərəqindən görünür ki, 113.952,20 manat vəsaitin Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulmasına dair icra vərəqi verilmişdir. İddiaçı X2 abonent saldosundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı tarixə 144398,05 manat təşkil etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli e-2-2(115)-51/2022 nömrəli qətnaməsindən narazı qalan iddiaçı X4 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ondan ibarədir ki, xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu Keçili kəndi ərazisində yerləşən istixana Şəmkir rayonu Qİİ tərəfindən təbii qazla təhciz olunmuşdur. Sonradan isə qeyd edilən istixanaya əlavə olaraq şişirdilməklə 326184.60 manat borc hesablanmışdır. Bundan başqa onunla bağlanmış qazın alqı-satqısı barədə müqaviləyə istinad edərək borcun bir hissəsini həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişlər. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən eden hesab fakturaları ona təqdim etməmişlər. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. Cavabdeh təbii qazdan istifadəyə görə debitor borcu oldugu halda, hər bir ay üzrə yaranmış və ödənilən məbləğ qeyd edilməklə qalıq borc göstərilməliydi. Lakin, cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu oldugu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, həmin aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya qazın dəyəri barədə sübutetməliydi. Məhkəməprosesində qeyd olunan halların təsdiq olunması üçün eksperiza barədə vəsatət verilmişdir. Lakin iş üzrə ekspertizatəyin olunsada məhkəmə tərəfindən rəy alına bilməmişdir. Buna görə də iddia tələbində qeyd olunan halları təsdiq olunmamışdır. Hesab edir ki, məhkəməyə verdiyi vəsatətlər təmin olunsaydıiddiatələbinin əsaslığımüəyyən olunardı. İş materiallarında olan sübutlar düzgün qiymətləndiriliməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülkiməhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Tərəflərin izaahtları və iştirakçılıaqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili məhkmə iclasına teleqram ünvanlayaraq, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əvvəllər iddiaçının istixanasının qaz tənzimləyicisi sayğacdan sonraya qoyulmuş, sonradan isə iddiaçının tələbi ilə sayğac tənzimləyicisinin yeri dəyişmiş və sərfiyyat azamışdır. Hesab edir ki, sayğac tənzimləyicisi əvvəllər sayğacdan sonra quraşdırıldığından borc məbləği də çox olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, iddiaçının abonent hesabı əvvəl Əhməd Mirzəyevin adına olmuş, sonradan hazırkı iddiaçı ilə müqavilə bağlanması səbəbindən abonent hesabı onun adına qeydə alınmışdır. 01 oktyabr 2019-cu il tarixinədək yaranmış borc məbləğini iddiaçı qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2022 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2022 nömrəli qətnaməsi ləğv edilərək, 147716,6 manat borc məbləğinin silinməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmalı, digər hissədə isə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddianı rədd edən birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əsassız hesab etdiyi 326184.60 manat debitor borcun 261.668.80 manat hissəsinin əsaslı olmasını müəyyən edən qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Qalan hissənin isə əsassız hesablanması sübutlarla təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlu və X3 qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi və borcun qaytarılması tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun Ruslan Məmmədov və Əhməd Mirzəyev tərəfindən İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli, 2-2(083)-584/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2- 2(104)- 96/2020 saylı qətnaməsi ilə Əhməd Mirzəyevin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 02 oktyabr tarixli, e-2-2(083)-584/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə ilə iddia qismən təmin edilərək, Ə.Mirzəyevdən dəymiş ziyan və debitor borcun ödənilməmiş hissəsi olaraq 63.259,28 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən “Azəriqaz” İB və Əhməd Mirzəyev kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-441/2021 saylı qərarı ilə cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin kassasiya şikayəti təmin edilərək Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 28 oktyabr tarixli 2- 2(104)-96/20 saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Şəmkir RQİİ-yə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 5.066,40 manatın, eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 108.885,80 manat debitor borc olmaqla, ümumilikdə 113.952,20 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin müvafiq bank hesabına ödənilməsi qərara alınmış və qərar üzrə müvafiq icra sənədi verilmişdir. Həmin qərarla da müəyyən edilir ki, 113.952,20 manat borc məbləğinin hazırkı iş üzrə iddiaçıdan deyil, Ə.Mirzəyevdən tutulması qət edilmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi iddiaçı R.Məmmədovun hazırkı abonent hesabının əvvəl Əhməd Mirzəyevin adına olduğunu, R.Məmmədovla müqavilə bağlanması səbəbindən abonent hesabının da onun adına qeydə alındığını və 01 oktyabr 2019-cu il tarixinədək yaranmış borc məbləğinin də onun tərəfindən qəbul edildiyini iddia etsə də, məhkəmə kollegiyası cavadbehin qeyd olunan etirazını əsassız hesab etmişdir. Belə ki, işdə olan sübutlardan göründüyü kimi iddiaçı ilə cavabdeh arasında qazın alğı-satqısı barədə müqavilə xx.xx.2019-cu il tarixdə bağlanmışdır ki, iddiaçının onun abonent hesabından silinməsini tələb etdiyi borc məbləğinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Mirzəyev Əhməd Məhəmməd oğlundan tutulması qərara alınan 113.952,20 manat borc məbləğ də daxil olmuş, həmin borc məbləği də xx.xx.2019-cu il tarixinədək yaranmış borc məbləği olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinin tələbi baxımından öhdəlyin iddiaçıya verilməsinə dair hər hansı bir müqavilənin olması müəyyən edilməməklə, cavabdeh tərəfindən həmin borcun R.Məmmədov tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, belə bir sübut iddiaçı tərəfindən həmin məbləğin R.Məmmədovdan və Ə.Mirzəyevdən tələb edilməsi ilə bağlı daha əvvəl mövcud olmuş məhkəmə mübahisəsi zamanı da təqdim edilməmişdir ki, belə bir hal mövcud olmuş olsa idi, o zaman həmin borc məbləğinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh R.Məmmədovdan tutulması qət edilərdi. Hərçəndki, iddiaçı hazırkı tələblə 18 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir ki, həmin məbləğin R.Məmmədovdan və Ə.Mirzəyevdən tələb edilməsi ilə bağlı yekun məhkəmə aktı 12 oktyabr 2021-ci il tarixdə çıxarılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 113952,20 manat borc məbləğinin silinməsi hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf əvvəllər istixanasının qaz tənzimləyicisinin sayğacdan sonraya qoyulduğunu buna görə də aparılmış hesabatın düzgün olmadığını iddia etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi 147716,6 manat borc məbləğinin iddiaçıdan tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, həmin hissədə iş üzrə icraata xitam verilməsi qırara alınmışdır. İddia tələbinin qalan 64515,8 manat hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2009-cu il tarixli, 17 №-li əmri ilə təsdiq edilmiş və xx.xx.2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları AzDTN 2.13-1 Qaz təchizatı. Layihələndirmə normaları 7.1-ci bəndinə əsasən qazın təzyiqinin aşağı salınması və tələb olunan səviyyədə saxlanılması üçün qaz təchizatı sistemlərində QTM (Qaztənzimləyici məntəqə) və ya QTQ (Qaztənzimləyici qurğu) nəzərdə tutulmalıdır. Həmin Normaların 7.1-ci bəndin əsasən qaztənzimləyici qurğularda aşağıdakıların qoyulması nəzərdə tutulmalıdır: süzgəclərin, qoruyucu-bağlayıcı klapanların (QBK), qoruyucu-atqı klapanların (QAK), qaz təzyiq tənzimləyicilərinin, bağlayıcı armaturların, nəzarət-ölçü cihazlarının (NÖC), lazım gəldikdə qaz sərfini ölçmək üçün cihazların, həmçinin dövrələmə (baypas) qaz kəmərlərinin. Göründüyü kimi tikinti normalarında qeyd olunan qaztənzimləyici qurğularda qaz təzyiq tənzimləyicilərinin ölçü cihazlarından əvvəl quraşdırılması müəyyən edilmişdir. Lakin, iddiaçı istixananın qazlaşdırma layihəsi, qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir ki, bununla da 64515,8 manatlıq qaz sərfiyyatının sayğac tərəfindən qaz tənzimləyicisinin yerinin düzgün quraşdırılmaması ilə əlaqədar düzgün qeyd-edib etməməsini də müəyyən etmək mümkün olmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2023 saylı qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, 113952,20 (yüz on üç min doqquz yüz əlli iki manat, 20 qəpik) manat borc məbləğinin X2 **********00100 saylı abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2023 saylı qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(115)-51/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 113952,20 (yüz on üç min doqquz yüz əlli iki manat, 20 qəpik) manat borc məbləği X2 **********00100 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar