Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-85/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommesiya Məhkəməsinə müraciət edərək, cəmi 22.952,92 (iyirmi iki min doqquz yüz əlli iki manat 92 qəpik) manat - bundan 14.499,49 (on dörd min dörd yüz doxsan doqquz manat 49 qəpik) manat əsas, 2.041,65 (iki min qırx bir manat 65 qəpik) manat faiz, 2.827,95 (iki min səkkiz yüz iyirmi yeddi manat 95 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 (üç min səkkiz yüz səksən üç manat 83 qəpik) manat faiz borcu, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 30 (otuz) manat, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 200 (yüz) manat məbləğində xərcin Cavabdeh1 MMC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddiaçı - Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 250 (iki yüz əlli) manat ekspertiza xərcinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC, “Kapital Bank“ ASC Qara Qarayev filalı, Kod: 200145, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN**********, AZ90AİİB******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2006-cı il tarixli MH seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 07 aprel 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********590 saylı xx.xx.2021-ci il tarixli, **********982 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehə xx.xx.2014-cü il tarixli, 101/15 saylı kredit müqaviləsi üzrə borcu üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 MMC-nin kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil edir. Bundan 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, Bank iddia tələbini təsdiq edən subutları məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə həmin sübutlar üzrə tam araşdırma aparmadan, yalnız cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini rəhbər tutaraq iddia müddətinin keçməsinə dair qənaətə qəlmişdir. Belə ki, məhkəmə həmin hissədə araşdırma aparacağı halda müəyyən edə bilərdi ki, Cavabdeh2 kredit müqaviləsi imzalanan dövr, Bankın kredit verən Kəpəz filialının rəhbəri vəzifəsində çalışmışdır. Belə olan təqdirdə Cavabdeh2 kredit müqaviləsi üzrə iddia müddətinin bilərəkdən və qəsdən ötürülməsində bilavasitə rolu barədə, digər tərəfdən Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kredit verən fillianın rəhbəri ola-ola şəxsi əmlakının ipoteka predmeti qismində kredit müqaviləsi üzrə təminat kimi Bank qarşısında ipoteka ilə yüklü etməsi əsaslı şübhənin olmasını nəzərə alar və bu hallara hüquqi qiymət verərək iddia müddətinin tədbiqi məsələsində daha geniş araşdırma aparmaqla tərəfdən bu halların olmaması ilə bağlı müvafiq sübutları tələb edərdi. Məhkəmə Bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artması, habelə mediasiya prosesinin Azərbaycan Respublikası hüquq müstəvisində yeni bir institutun olmasını və bununla da bu institutun spesifikası və praktikası baxımından tətbiqini nəzərə alınmamışdır. Məlum olduğu kimi, 1 saylı Bakı İnzibati-İqdisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3620/2016 saylı Qərarı ilə İddiaçı ASC məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Məhkəmə Bankın hazırda ləğv prosesində olmasını və iş yükünün kəskin artmasını nəzərə almamışdır. Bankın sabiq vəzifəli şəxslərinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi və onların əməllərinə qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi vardır. Hazırki iş üzrə göstərilmiş halar üzrə cinayət faktının olması ilə bağlı əsaslı şübhələrin olması ilə əlaqədar xüsusi qərardad çıxarılmaqla müvafiq prokurora xəbər verilməlidir. Birinci instansiya Məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, məhkəmə qətnaməsinə münasibət bildirərkən prosessual baxımdan da səhvə yol vermişdir. Hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə Bankın ləğv prosesində olması ilə əlaqədar iş yükünün kəskin artması, habelə Bankın kredit verən Kəpəz fillialının rəhbərinin şəxsiyyəti ilə bağlı olan fakta qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Cavabdehlər Cavabdeh1 Firmasına və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsindən görünür ki, borcverən – İddiaçı ASC borcalan Cavabdeh1 Firmasına 200 000 manat məbləğində illik 7 faiz ödəmək şərti ilə kredit verməyi, borcalan – Cavabdeh1 Firması isə 60 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizlərini ödəməyi öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2011-ci il tarixli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi ipoteka predmeti kimi yüklü edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-nin banka olan borcu 14.499,49 manat əsas, 2.041,65 manat faiz, 2.827,95 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3.583,83 manat faiz borcu olmaqla, kredit üzrə cəmi borcu 22.952,92 manat təşkil edir. İş materiallarında olan **********590 saylı xx.xx.2021-ci il tarixli, **********982 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadına əsasən təyin edilərək alınmış əmlakın qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli, 02- 98/22 nömrəli ekpertiza rəyində “Məhkəmə Ekspertzası Xidmətləri“ MMC tərəfindən ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami rayonu, Şəhriyar küçəsində yerləşən 74 saylı fərdi yaşayış evinin bazar dəyəri 83 000 manat, likvid dəyəri isə 74 000 manat kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, o, birinci instansiya məhkəməsinə yazılı ərizə ilə müraciət edərək mülki iş üzrə iddiaçının iddia irəli sürərkən müddəti ötürdüyünü göstərmişdir. Odur ki, müddətin keçməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasənəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasənBorclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan və istinad olunan maddi hüquq normalarından göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İmişli filialı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 24 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nə 60 ay müddətinə illik 7 faiz dərəcəsi ilə 200.000 manat məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı kimi Bank ilə Cavabdeh2 arasında 07 aprel 2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliyini yerinə yetirib razılaşdırılmış pul məbləğini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə qaytarılması şərti ilə cavabdehə vermiş olsa da, sonuncu müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və onun yuxarıda göstərilən məbləğdə borcu ödənilməmiş qalmışdır. Yəni cavabdehin həmin kredit müqaviləsi üzrə müqavilə şərtlərini pozub götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi və yuxarıda qeyd olunan məbləğdə borcunun olması mübahisəsizdir. Cavabdehin kredit öhdəliyinin təminatı kimi daşınmaz əmlak olan fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyinə görə iddiaçının tələbin ipoteka predmetinə yönəldiləsinə dair tələb irəli sürmək hüququ da qanunla təsbit olunmuşdur və iddiaçı bu kimi tələblə müraciət etmişdir. Lakin qeyd olunmalıdır ki, qanunvericilik mülki hüquq və vəzifələrin yaranması, dəyişməsi və xitamını məhz müddətlərin başlanması və ya xitamı ilə əlaqələndirir və pozulmuş hüquqların bərpa edilməsi üçün müddətlər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarının nəticə hissəsində qeyd edilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. Yenə həmin qərarda qeyd edilmişdir ki, kredit təşkilatı ilə müştəri arasında olan münasibətlərin müqavilədən irəli gələn münasibətlər olması və onlara iddia müddətinin şamil edilməməsi müqavilə üzrə müəyyən edilmiş müddətlərin əhəmiyyətsizliyinə gətirib çıxara bilər. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə cavabdeh tərəfindən müəyyən müddət ödənişlər edilmişdir. Müqavilənin müddəti, yəni müqavilə üzrə öhdəliyin icra müddəti 07 aprel 2016cı il tarixdə bitmişdir. Odur ki, iddia müddətinin axımı 08 aprel 2016-cı il tarixdən başlanmış hesab edilir və 07 aprel 2019-cu il tarixdə bitmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC ilə cavabdehlər arasında olan xx.xx.2011-ci il tarixli, 24 nömrəli kredit müqaviləsi üzrə müqavilənin müddəti xx.xx.2016-cı il tarixdə başa çatmışdır. İddiaçı ASC “Kredit müqaviləsi” üzrə hüquqlarının pozulduğunu ən geci müqavilənin bitdiyi xx.xx.2016-cı il tarixdə bildiyindən və heç bir üzürlü səbəb olmadan qanunla müəyyən olunmuş 3 illik iddia müddətini keçirdiyindən məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, İddiaçı ASC 22 iyul 2016-cı ildə ləğv edildiyinə və iş yükü kəskin artdığına, həmçinin yeni Mediasiya institutu yarandığına görə məhkəməyə gec müraciət edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Çünki qeyd edildiyi kimi İddiaçı ASC 22 iyul 2010-cı il tarixdə məcburi ləğv edilmiş olsa da, iddiaçı mediasiyanın tətbiqi ilə bağlı 2022-ci ilin aprel ayında, yəni müqavilə üzrə icra müddəti keçdikdən altı il sonra, iddia müddəti isə keçdikdən üç il sonra müraciət etmiş, iddia müddətinin üzrlü səbəbdən keçməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya qeyd edir ki, işdən göründüyü kimi kredit vəsaiti “Qalxan R” firmasına verilmiş, sonuncu götürdüyü 200 000 manat kreditin əsas hissəsini ödəmiş, əsas borc üzrə 15 000 manata yaxın borcu qalmışdır. Həmin bank 2016-cı ilin iyul ayında ləğv edilmiş, ipoteka qoyan Cavabdeh2 xx.xx.2018-ci il tarixdə tutduğu vəzifədən, yəni Ləğv prosesində olan İddiaçı ASC-nin Kəpəz filialının müdiri vəzifəsindən azad olunmuş, 23 iyul 2018-ci il tarixli təhvil-təslim aktından göründüyü kimi 150 adda kredit dosyesi, o cümlədən “Qalxan R” firmasının kredit dosyesi iddiaçıya təhvil verilmişdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikasы MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tərəf apellyasiya şikayətində göstərdiyi hallarla əlaqədar heç bir sübut təqdim edə bilməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qərtnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-1141/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-85/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-85/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver