Məhkəmə qərarları › İş №2-2(104)-86/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-86/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-86/2023 24.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı ASCnin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadebhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14611,23 manat əsas borc, 1639,48 manat faiz borcu və 224,88 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16475,59 manat borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 24 ay müddətinə 30000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 ilə 10 sentyabr 2020-ci il tarixli zaminlik müqavilələri bağlanmış və zaminlər kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il mayın 25-dək Cavabdeh1 banka 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 14611.23 manat əsas borc, 1639.48 manat faiz borcu və 899.52 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17150.23 manat borcu vardır. Ümumi cərimə borcu 899.52 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdimolunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%- i miqdarında olmaqla, yəni 224.88 manat məbləğində tələb olunur. Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 24-MZ4-2-0-237-20 saylı kredit müqaviləsi üzrə yaranmış 14611 manat 23 qəpik kredit borcu, 1639 manat 48 qəpik məbləğində faiz borcu, 224 manat 88 qəpik cərimə borcu olmaqla, cəmi 16475 manat 59 qəpik məbləğində borcun və ödənilmiş 200 manat mediasiya xərcinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada 139 manat 43 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 10 sentyabr 2020-ci il tarixli 24-MZ4-2-0-237-20 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 22% оlmaqla 24 ay müddətinə xx.xx.2022-ci il tarixədək hissə-hissə qaytarmaq şərti ilə biznes məqsədi ilə 30000 manat məbləğində kredit verilmişdir. 10 sentyabr 2020-ci il tarixli 24-MZ4-2-0-237-20 (Z1), 24-MZ4-2-0-237-20 (Z2), 24-MZ4- 2-0-237-20 (Z3) və 24-MZ4-2-0-237-20 (Z4) saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3, Cavabdeh4,Cavabdeh5, Cavabdeh2 borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 14611,23 manat məbləğində krеdit bоrcu, 1639,48 manat məbləğində faiz bоrcu və 899,52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17150,23 manat məbləğində bоrcunun olması göstərilmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Apellyasiya məhkəməsində icraat: Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar tərəfindən təqdim edilmiş ödənişlər nəzərə alınmamışdır. Həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməklə əsas və faiz borcu düzgün müəyyən edilməli idi. Belə ki, o, bankdan götürdüyü kredit borcunun əsas hissəsini tam ödəmişdir. İddiaçı bank tərəfindən bank qarşısında olan borcuna dair məlumatlar təhrif edilmiş şəkildə təqdim edilmişdir. Hazırda onun bank qarşısında öhdəliyi iddia tələbində qeyd edildiyindən dəfələrlə azdır. Ona görə də, birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 izahat verib bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində əsas borc məbləğini tam ödədiyini qeyd etsə bununla bağlı heç bir sübut təqdim etməmişdir. İş üzrə ekspertiza təyin edilməsinə isə heç bir əsas olmamaqla, cavadeh buna dair də hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya baxışının hədləri: Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsindən yalnız Cavabdeh1 tərəfinfən apellyasiya şikayəti verilmişdir ki, məhkəmə kollegiyası tərəfindən qətnamənin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə yoxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh, tərəfindən edilmiş ödənişlərin nəzərə alınmadığını iddia etsə də konkret olaraq hansı ödənişinin nəzərə alınmadığını şikayətində göstərə bilməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda cavabdeh tərəfindən edilmiş ödənişlərin tarixi və məbləği görünməkdədir. Cavabdeh konkret olaraq hansı ödənişinin nəzərə alınmadığını şikayətində göstərməməklə yanaşı nə birinci, nə də ki, apellyasiya instansiyasında keçirilən məhkəmə iclasılarına gəlməyərək bu etirazına aydınlıq gətirməmişdir. Cavabdeh apelyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən elspertiza təyin edilməməsi ilə bağlı olmuşdur ki, cavabdeh hansı əsasla ekspertiza təyin edilməli olmasını da əsaslandıra bilməmişdir. Cavabdehdən tələb edilən borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar isə hər hansı bir şübhə olmamamaqla yanaşı, cavabdeh də buna dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 10 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 30000 manat borc pul götürmüş və həmin müqavilə üzrə ümumilikdə 21399,62 manat ödəniş etmiş, həmin məbləğin 15388,77 manatı əsas borc məbləğinə, 6010,85 manatı isə hesablanmış faiz məbləğlərinə silinmişdir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixə cavadbehin banka qalıq əsas borcu 5950,5 manat olmalı olduğu halda, 14611,23 manat təşkil etmişdir ki, bununla da cavadbehin müqavilə üzrə öhdəliyini lazımı qaydada icra etməməsi təsdiq olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, cavabdeh ödəniş cədvəli üzrə 2021-ci ilin noyabr ayına kimi ödənişləri etsə də, 2021-ci ilin noyabr ayından etibarən ödəniş etməmiş, yalnız 2022-ci ilin fevral ayında natamam şəkildə, 1320 manat ödəniş etmiş, daha sonra isə yenidən iddia qaldırılan tarixədək ödəniş etməmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2021-ci ilin noyabr ayına qalıq əsas borcunun 15377,19 manat olması və həmin məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin 281,92 manat olması nəzərə alındıqda 2021-ci ilin noyabr ayından maliyyə arayışının verildiyi tarixə, yəni xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hesablanmış faiz məbləğinin 1639,48 manat məbləğində olması da real olmaqla, hər hansı bir şübhə yaratmamışdır. Buna görə də məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Beləliklə, Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2286/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2286/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2286/2022 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar