Məhkəmə qərarları › İş №2-2(104)-86/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-86/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-86/2025 16.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-198/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-198/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsi üzrə 24912,39 manat əsas borc, 1607,41 manat faiz borcu və 957,88 manat cərimə borcu olmaqla, ümumilikdə 27.477,68 (iyirmi yeddi min dörd yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borcun cavabdеhlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 172 (bir yüz yetmiş iki) manat pulun cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 7,15 (yeddi manat on beş qəpik) manat pulun iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, X1 xx.xx.2025-ci il tarixli 2-2(115) 198\2025 saylı qətnaməsini ona, yəni zaminə münasibətdə ləğv edib, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə X2 müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 24912,39 AZN əsas, 3712,61 AZN faiz, 957,88 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 29582,88 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 179,15 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat miqdarında 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023 il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 AZN məbləğində kredit verilmişdir. (kredit müqaviləsinin 1-ci maddəsi). Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bağlanmış zaminlik müqaviləsinə əsasən müştərək qaydada kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüblər. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdirlər. Nəticədə cavabdehin kredit müqaviləsiüzrə 6 sentyabr 2024-cü il tarixinə "xxxx" KB ASC-yə 24912,39 AZN əsas, 3712,61AZN faiz, 957,88 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 29582,88 AZN borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tam, dəqiq araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsi qəbul edilərkən ondan da müştərək qaydada pulun tutulması qeyd edilmişdir. Halbuki, tələb əvvəl əsas borcluya yönəlməli idi, əsas borclu borcu ödəyə bilmədikdə həmin borc ondan tutula bilər. Məhkəmə isə qətmanəsində onu birbaşa müştərək qaydada borclu kimi göstərmişdir. Məhkəmə bu xüsusatı nəzərə almayaraq iş üzrə tam, dəqiq araşdırma aparmadan ədalətsiz qətnamə qəbul etmişdir. Həmçinin qeyd edilməli digər bir məqam ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən cərimə məbləğinə toxunmamış, cərimə məbləğini silə biləcəyi təqdirdə bunu etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu təqdirdə yalnız iddiaçının təqdim etdiyi sənədləri mötəbər qəbul etmişdir Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdehlərdən Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə kollegiyasın apellyasiya şikayətinə qarşı etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək qətnamə cərimə borcu və ümumi borc hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23-EM №-li əsas kredit müqaviləsindən görünür ki, Cavabdeh5 120 ay müddətinə 300.000 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsindən görümnür ki, Cavabdeh5 36 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsinin ödəniş planından görünür ki, ilk ödəniş 30 mart 2023-cü il, son ödəniş tarixi isə 28 fevral 2026-cı il olmaqla 25000 manat kredit məbləği və 7834,4 manat faiz məbləğinin iddiaçıya hissələrlə ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan iddiaçı "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə borclunun öhdəliklərin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh5nın "xxxx" KB ASC-yə 24.912,39 manat əsas, 3712,61 manat faiz borcu, 957,88 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 29.582,88 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişindən müəyyən olunur ki, Cavabdeh5 banka olan borcun (24.912,39 manat əsas, 1607,41 manat faiz, 51,08 manat cərimə olmaqla, cəmi 26.570,88 manat) 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh5 məxsus AZ15UBAZ**********1040AZN001 nömrəli bank hesabından xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmiş, lakin xx.xx.2024-cü il tarixdən sonra (iddia irəli sürülərkən istinad olunan maliyyə arayışının tarixi) ödəniş olmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ddiaçı "xxxx" KB ASC ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 300000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və xx.xx.2023 il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 36 ay müddətinə illik 20% ödəmək şərtilə 30000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit xətti Müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 bağlanmış zaminlik müqaviləsinə əsasən müştərək qaydada kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüblər. Lakin cavabdehlər müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduqları kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən hesabdan çıxarış məlumatları kredit razılaşması üzrə ödəniş qrafikinin məlumatları ilə müqayisəli şəkildə təhlil edildikdə aydın olur ki, edilən ödənişlər müqavilənin şərtlərinə və ödəniş qrafikində razılaşdırılmış qaydaya uyğun silinmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 28 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı əsas borc 24912,39 manat, faiz borcu isə 1607,41 manat müəyyən edilməlidir. Məhkəmə zaminlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, onlar kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin ödənilməsi üçün məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsi üzrə 24912,39 manat əsas borc və 1607,41 manat məbləğində faiz bоrcu cavabdеhlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Birinci instansiya məhkəməsnin mövqeyi ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasənborc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun ) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qaydada nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinin müddəaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Ona görə də iddiaçının əsas borca münasibətdə tələbi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdeh isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə, habelə müqavilə öhdəliklərini lazımi qaydada icra etməməyə görə kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Faiz borcu ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.

3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İşin hallarından göründüyü kimi iddiaçı "xxxx" KB ASC xx.xx.2024-cü il tarixli bildirişlə Cavabdeh5 həmin tarixə 24912,39 manat əsas borc, 1607,41 manat faiz borcu, 51,08 manat cərimə cəmi 26570,88 manat borcunun olması barədə xəbərdarlıq göndərmiş, bununla da tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23 saylı kredit müqaviləsinə xitam verilmiş sayılmış və bundan sonra iddiaçı yalnız gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malik olmuşdur. Buna baxmayaraq iddiaçı iddia ərizəsində faizi borcunu maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixə 3712,61 manat, cərimə borcunu 957,88 manat təşkil etdiyini göstərmiş, iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi faiz borcunu bildirişdə göstərilən qaydada nəzərə alsa da, cərimə borcunun isə 51,08 manat olması xüsusatını nəzərə almamışdır. Apellyasiya şikayətinin dəlillərində biri də borcun əsas borcludan tutulmalı olmasıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, müqavilə şərtlərinə görə öhdəliyin icrası ilə bağlı zamin də əsas borclu ilə eyni dərəcədə, yəni müştərək məsuliyyət daşıyır. Ona görə də birinci instansiya məhkəməsi borc tələbini zaminlərə münasibətdə də təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-198/2025 saylı qətnaməsi cərimə və ümumi borc hissəsində dəyişdirilməli, cavabdehlərdən iddiaçının xeyrinə tutulan cərimə borcunun məbləği 51,08 manat, cəmi 26570,88 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.3, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-198/2025 saylı qətnaməsi - iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsi üzrə 957,88 manat cərimə borcu, ümumilikdə 27.477,68 (iyirmi yeddi min dörd yüz yetmiş yeddi manat altmış səkkiz qəpik) manat borcun cavabdеhlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2023cü il tarixli 945micKPZ/23 №-li əlavə kredit müqaviləsi üzrə 51,08 manat cərimə borcu, ümumilikdə 26570,88 (iyirmi altı min beş yüz yetmiş manat səksən səkkiz qəpik) manat borc cavabdеhlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar