Məhkəmə qərarları › İş №2-2(104)-87/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-87/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-87/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-23/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-23/2024 saylı qətnaməsi ilə (G.Quliyeva) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə yaranmış 14989 manat 33 qəpik əsas kredit borcu, 1026 manat 04 qəpik faiz borcu, 300 manat cərimə borcu olmaqla cəmi 16315 manat 37 qəpik pul, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə yaranmış 8279 manat 20 qəpik əsas kredit borcu, 185 manat 36 qəpik faiz borcu, 150 manat cərimə borcu olmaqla cəmi 8614 manat 56 qəpik pul, hər iki müqavilə üzrə ümumilikdə 24929 (iyirmi dörd min doqquz yüz iyirmi doqquz) manat 93 (doxsan üç) qəpik pul vəsaiti, ödənilmiş 46 (qırx altı) manat 20 (iyirmi) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və torpaq sahəsinin ilkin satış qiymətinin 36000 (otuz altı min) manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 250 (iki yüz əlli) manat ekspertiza xərcinin Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC-nin Qara Qarayev filialı, kod: 200145, VÖEN: **********, SWİFT kod:AİİBAZ2X, M/h: AZ37NABZ013501 ********** 1944, VÖEN: **********, hesab: AZ90AİİB********************) ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X3, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi, Cavabdeh 118 (yüz on səkkiz) manat 59 (əlli doqquz) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli e-2-2(115)-23/2024 saylı qətnaməsini ləğv edib, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla, cəmi 21295,81 manatın, 256,20 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və X1 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 141 kv.m ümumi, 55.3 kv.m yaşayış, 85.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 78 nömrəli fərdi yaşayış evi və onun tərkibinə daxil olan 143.5 kv.m həyətyanı tikililəri və qurğularına yönəldilməsi, torpaq sahəsinin 36000 manat, fərdi yaşayış evinin dəyərinin isə 24000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, fərdi yaşayış evində yaşayanların - Cavabdeh və X1 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin məcburi boşaldılaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqavilələri imzalanmış, 1007/14 saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə 26 faizlə 15000 manat və 1006/14 saylı kredit müqaviləsi üzrə isə 24 ay müddətinə illik 6 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı ipoteka müqavilələri bağlanmışdır. 1007/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh özünə məxsus olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 1006/14 saylı ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 141 kv.m ümumi, 55.3 kv.m yaşayış, 85.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 78 nömrəli fərdi yaşayış evi və onun tərkibinə daxil olan 143.5 kv.m həyətyanı tikililəri və qurğuları ipoteka ilə yüklü etmişdir. Cavabdeh kredit müqavilələri üzrə iddiaçıya borcu vardır. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Birinci instansiya məhkəməsində İddiaçı BOKT ASC iddia tələbinin azaldılmasına dair ərizə verərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı BOKT ASC iddia ərizəsinə düzəliş edilməsinə dair ərizə təqdim edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, tələbin Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC sonuncu dəfə 13 dekabr 2023-cü il tarixdə iddia ərizəsinə düzəlişə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 14989,33 manat əsas borc, 3404,77 manat faiz borcu, 15678,84 manat dəbbə pulu olmaqla cəmi 34072,94 manatın və xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə isə 9143,15 manat əsas borc, 2588,93 manat faiz borcu, 9563,73 manat dəbbə pulu olmaqla cəmi 21295,81 manat pulun və 256,20 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, xx.xx.2014-cü il tarixli 1007/14 saylı və xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqavilələri üzrə tələbin xx.xx.2014-cü il tarixli 1007/14 saylı ipoteka müqavilələri üzrə tipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Şəmkir şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsinə və torpaq sahəsinin 36000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasının təklif edilməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi nəzərdə tutulmuş olsa da, onunla bağlanmış kredit müqaviləsi üzrə borc da Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü halda onunla iddiaçı Bank arasında olan kredit müqaviləsi üzrə borcu restrukturizasiya olunmamış, borc və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən işə baxılarkən qeyd olunan hallar nəzərə alınmamışdır. Bundan başqa hesab edir ki, onun kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu iltarixli Fərmanının təsir dairəsinə düşməsə də, ona hesablanmış faiz və əsas borc çox hesablanmışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək, 12 iyun 2014-cü il tarixli, 1006/14 saylı kredit müqaviləsi üzrə əsas borc 14989 manat 33 qəpik, faiz borcu 1026 manat 04 qəpik, 12 iyun 2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc 8279 manat 20 qəpik, faiz borcu 185 manat 36 qəpik hesablanmışdır. O, həmin borc məbləği ilə razı deyil. Hesab edir ki, ekspertiza rəyi ilə ona kredit müqavilələri üzrə əsas borc çox hesablanmışdır. Həmçinin, ona məxsus Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri "xxxx" MMC tərəfindən çox aşağı dəyərlə qiymətləndirilmişdir. Ona görə də hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin hazırki iş üzrə qətnaməsi ləğv edilib mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq və təkrar məhkəmə-mühasibatşünaslıq ekspertizası təyin edilərək, iddia tələbinin rədd edilməsi üzrə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-23/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən cavabdehi dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsindən görünür ki, ona 24 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 1007/14 saylı krеdit müqaviləsindən görünür ki, ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 12 iyun 2014-cü il tarixli 1007/14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqavilələri üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şəmkir şəhərində xüsusi mülkiyyətində olan 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müstəqil qiymətləndiricinin rəyinə əsasən ipoteka predmetinin dəyəri 36000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Şəmkir şəhərində yerləşən 2.1383 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan bildirişin surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 12 iyun 2014-cü il tarixli 1006/14 saylı krеdit müqaviləsi üzrə banka 14989,33 manat, əsas, 3404,77 manat faiz, 15678,84 manat cərimə borcu olmaqla, cəmi 34072,94 manat məbləğində, 12 iyun 2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə isə banka 9143,15 manat əsas, 2588,93 manat faiz, 9563,73 manat cərimə borcu olmaqla, cəmi 21295,81 manat məbləğində bоrcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin 23 oktyabr 2023-cü il tarixli 02-153/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 41000 manat, likvid dəyəri 36000 manat təşkil edir. Tədqiqatın dəyəri isə 250 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2023-cü il tarixli 9/6720 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə 8279,20 manat əsas, 185,36 manat faiz borcu, xx.xx.2014-cü il tarixli, 1006/14 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2015-ci il tarixə 14989,34 manat əsas, 1026,04 manat faiz borcu hesablanmışdır. Tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12 iyun 2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən ona 24 ay müddətinə, illik faiz dərəcəsi 6% olmaqla, 15000 manat məbləğində kredit verilmiş, həmiçinin Cavabdeh ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 12 iyun 2014-cü il tarixli 1007/14 saylı krеdit müqaviləsi bağlanmış, müqaviləyə əsasən ona illik faiz dərəcəsi 26% olmaqla, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin təminatı kimi Cavabdeh mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 2.1383 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh isə kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə iddiaçı hazırkı iddia ilə müraciət etməkdə, məhkəmə isə iddia tələbini yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmuşdur. Qətnamədən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu və faiz borcu hissəsində ekspert rəyinə uyğun olaraq qismən təmin etmiş, iddiaçı qətnaməni iddianın təmin edilməmiş hissəsində mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə həmin hissədə tam razılaşır. Kredit borcu vaxtında ödənilmədiyinə görə hesablanmış cəriməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı cavabdehdən xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 15678,84 manat, xx.xx.2014-cü il tarixli 1007/14 saylı kredit müqaviləsi üzrə 9563,73 manat məbləğində dəbbə pulunun (cərimə) tutulmasını xahiş etmiş olsa da, məhkəmə qanunvericiliyin yuxarıda istinad olunan normasına əsaslanaraq və işin hallarını nəzərə alaraq həmin məbləği azaldaraq ödənilməsi üçün cavabdehin üzəridə xx.xx.2014-cü il tarixli 1006/14 saylı kredit müqaviləsi üzrə 300 manat və xx.xx.2014-cü il tarixli, 1007/14 saylı kredit müqaviləsi üzrə isə 150 manat məbləğində cərimə saxlamışdır ki, iddiaçı da həmin xüsusatı da mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, o, iş üzrə keçirilmiş ekspertizalarla razılaşmır və iş üzrə təkrar məhkəmə-mühasibatlıq və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Çünki birinci instansiya məhkəməsi tərəfidnən zəruri ekspertizalar keçirilmiş və müvafiq rəylər alınmış, birinci instansiya məhkəməsində işə baxılarkən həmin rəylər mübahisələndirilməmişdir. Odur ki, həmin rəyləri məhkəmə kollegiyası mötəbər sübut sayır. Eni zamanda hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, Cavabdeh iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına, həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin dəyərindən az hesablanmasına dəlalət edən hər hansı sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlillərini əsassız sayır. Odur ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və həmin dəlilləri qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi və ya da dəyişdirilməsi üçün əsas saymır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-23/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-23/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar