Məhkəmə qərarları › İş №2-2(104)-88/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-88/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-88/2024 21.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-61/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 11.123,4 manat əsas borc, 200 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0.5 %-i həcmində 11.123,4 manat məbləğində cərimə borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 22.276,80 manat məbləğində pulun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2443/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11234,4 manat əsas borc, 556 manat məbləğində cərimə borcu olmaqla cəmi 11679,4 manat məbləğində pulun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat pulun alınıb cavabdehin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-234/22 saylı, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov-sədrlik edən və məruzəçi, A.Hüseynzadə və İ.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1389/2023 saylı qərarı ilə (hakimlər V.Həsənov-sədlik edən, İ.Şəfiyev və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(104)-234/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 1625/2023 saylı qərardadı ilə (hakimlər R.Mamedov-sədrlik edən və məruzəçi, A.Bayramov və A.İsgəndərova) apellyasiya şikayəti qismən təmin edilmiş, Tovuz rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(062)-2443/2020 saylı qətnaməsi ləğv edilmiş və iş baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-61/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11123,4 (on bir min yüz iyirmi üç manat qırx qəpik) manat əsas borc, 556 (beş yüz əlli altı) manat cərimə olmaqla, cəmi 11679.4(on bir min altı yüz yetmiş doqquz manat qırx qəpik) məbləğində borc və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, iş üzrə 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcinin Cavabdeh tutularaq “Məhkəmə Ekspertizası Mərkəzi”, X1, büdcə təsnifat kodu 142595, büdcə səviyyə kodu 3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT kod CTREAZ22, VÖEN **********, hesab AZ34CTRE******************** saylı hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnaməilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-2(115)-61/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 165/17 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə, iddiaçının istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla 01 avqust 2019-cu il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması haqqında aktı” tərtib edilərkən, razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, 11.123,4 borc qalığını ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, işə baxılan zaman məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyi və məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqram göndərsə də məhkəmə guya onun məhkəmə iclasını qəsdən yubatdığını aşkar etmiş, qəbul etdiyi qətnamənin çəkişmə şəraitində qəbul edilmiş qənaətinə gəlmişdir. Halbuki onun əlində həmin gün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi barədə sübutu var və həmin sübutu apellyasiya instansiyasında işə baxılan zaman məhkəməyə təqdim edəcəkdir. O, ümumiyyətlə heç bir məhkəmə prosesində iştirak etməmiş və məhkəmənin gedişindən məlumatlı olmamışdır. Gəncə Kommersiya Məhkəməsi İddiaçı tərəfindən Cavabdeh göndərilən malların qaimə-fakturasını, nə qədər mal göndərildiyi, nə qədər mal qəbul edildiyi, qəbul edilən malın nə qədər dəyərini ödənildiyini tam hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, işdəki iddiaçı ilə bağlanmış müqavilə, habelə öhdəliklərin qarşılıqlı tanınması aktı onun tərəfindən imzalanmış olsa da, o. qəbul etdiyi malları özü üçün almamış, həmin malları başqa şəxsə vermişdir. Ona görə də həmin müqavilə üzrə yaranmış borc ondan tələb oluna bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək mal alqısatqısına görə müqavilənin iş üzrə cavabdehlə bağlandığını, qarşılıqlı öhdəliklərin tanınması aktlarının cavabdehin özünün iştirakı ilə tərtib edilərək, mövcud borcun cavabdeh tərəfindən etiraf edildiyini bildirdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, 165/17 saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı qismində İddiaçı, alıcı qismində Cavabdeh iştirak etmiş, satıcı malları alıcıya verməyi, alıcı isə malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bü müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5 %-i həcmində dəbbə pulu ödəməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Öhdəliklərin qarşılıqlı tanınması” aktına əsasən Cavabdeh İddiaçınə olan borcu 11734,32 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçınə olan borcu 11123,4 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına dair “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 165/17 saylı alğı-satqı müqaviləsində alıcı qrafalarındakı imzalar, öhdəliklərin qarşılıqlı tanınmasına dair xx.xx.2019-cu il tarixli 5483 saylı, xx.xx.2019-cu il tarixli 12952 saylı, xx.xx.2019-cu il tarixli 15787 saylı və 17781 saylı, xx.xx.2020-ci il tarixli 639 saylı, xx.xx.2020-ci il tarixli 5267 saylı aktlarında alıcı Cavabdeh qrafalarında olan imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh 11123,4 manat yaranmış borc məbləği ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 165/17 saylı, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə görə iddiaçı razılaşma protokolunda və ya qaimə-fakturada göstərilən malları cavabdehə verməyi, cavabdeh isə aldığı malların dəyərini 30 gündən gec olmayaraq ödəməyi öhdəsinə götürmüş, alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. İddiaçı müqavilə öhdəliyini yerinə yetirmiş olsa da, cavabdeh özərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə görə onunla 01 avqust 2019-cu il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması haqqında aktı”na əsasən aldığı malların dəyərindən 11.123,4 manat hissəsi ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirib müqavilədə nəzərdə tutulan malları cavabdehə vermiş, sonuncu isə müqavilə öhdəliklərinə lazımi qaydada əməl etməmişdir. Odur ki, iddiaçı cavabdehdən 11.123,4 manat əsas borcunu tələb etməkdə, birinci instansiya məhkəməsi isə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı “Mətanət A” şirkəti Cavabdeh 11.123,4 manat məbləğində cərimənin onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini də xahiş etmiş, birinci instansiya məhkəməsi həmin məbləğin azaldılmasını məqsədəuyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsi məhkəmələrə işin konkret hallarını nəzərə almaqla tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Maddənin tələbinə görə tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Birinci instansiya məhkəməsi qanunvericiliyin qeyd olunan göstərişlərini nəzərə alaraq iddiaçı tərəfindən tələb olunan dəbbə pulunun məbləğini azaltmışdır ki, məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəmə işə birtərəfli və qeyri obyektiv baxaraq qanunun tələblərini pozmuşdur, Cavabdeh işə birtərəfli və qeyri obyektiv baxıldığını göstərmiş olsa da, lakin bunun nədə ifadə olunduğunu əsaslandırmamışdır. Halbuki, işdən görünür ki, məhkəmə işə sübutları hərtərəfli araşdırmaqla obyektiv baxmışdır. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onlarln iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində ona məxsus kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, məhkəmə iddiaçı tərəfindən ona göndərilən malların qaimə-fakturasını, nə qədər mal göndərildiyi, nə qədər mal qəbul edildiyi, qəbul edilən malın nə qədər dəyərini ödənildiyini tam hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 165/17 saylı alğı-satql müqaviləsinin 1.3-cü bəndində göstərilir ki, alıcı və satıcı arasında mal dövriyyəsi və yaranmış borc qalıqları, mütəmadi olaraq tərəflər arasında bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” ilə müəyyən edilir. Kollegiya həmçinin vurğulayır ki, cavabdeh əvvəlki məhkəmə iclaslarında ümumiyyətlə iddiaçı ilə müqavilə bağlamadığını, işdəki “Öhdəliklərin qarşılıqlı tanınması aktları”ndakı imzaların ona məxsus olmadığını bildirmiş, həmin imzaların onun tərəfindən icra edildiyi ekspertiza rəyi ilə müəyyən edildikdən sonra işin hallarının natamam araşdırılmasına istinad etməyə başlamışdır. Beləliklə də məhkəmə kollegiyası iş üzrə araşdırılmış sübutlar əsasında belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun olaraq çıxarılmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, mübahisələndirilən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar